Dövlət tarixi, milli adət-ənənələr, elm və mədəniyyətin təbliği hansı səviyyədədir? SORĞU

Məlumdur ki, istənilən məsələnin inkişafı üçün onun təbliğatı önəmlidir, hətta ilkin şərtidir və təbliğatsız mümkün deyildir.

Necə deyərlər, dünyada ən yaxşı nədirsə, onun belə ən azı bir dəfə təqdimata ehtiyacı var.

Məsələn, bu məsələlərdən biri də Azərbaycan dövlət tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği məsələləridir.

Maraqlıdır, bu gün xüsusi ilə bu məsələlər cəmiyyətimizdə necə təbliğ olunur?

Bu təbliğatlardan razıyıqmı?

Ümumiyyətlə, təbliğat necə aparılmalıdır?

Çünki bəzən cəmiyyətdə belə fikir də olur ki, bu məsələlər yetəri qədər təbliğ olunmur və buna əsas olaraq isə müxtəlif səbəblər gətirilir.

Bəs ictimai-siyasi simalarımız bu barədə necə düşünür?

Gununsesi.info -ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərovun fikrinə görə, təbliğat vasitələrindən biri də sənədli və bədii filmlərdir.

 

“Azərbaycan dünyanın qədim sivilizasiyalarından birinə, qədim tarixə, zəngin mədəniyyətə məxsus bir xalqdır. Bu gün dünya tarixinə, ölkələrin keçdiyi təkamül yoluna baxanda hal-hazırda inkişaf etmiş super güclər var ki, onların tarixi çox da uzağa getmir. Yəni, hər şeyi keçmişə, tarixə bağlamaqla müasir inkişaf yolu keçmək asan olmur. Tarixdə xalqlar, dillər, mədəniyyətlər var ki, onların hazırda daşıyıcıları yoxdur ya da kiçik bir toplum qalıb. Biz öz tariximizə, dövlətçilik ənənələrimizə baxanda imperiyadan tutmuş bir neçə xanlıqlara bölünmüşük. Burada yüksəliş mərhələsi də olub, enmə mərhələsi də. Kifayət qədər bununla bağlı kitablar yazılıb, bu gün də mövcuddur. İndi dünya çox sürətlə dəyişir, mədəniyyətlər daha çox inteqrasiya da olunur.

Bu sürətli dəyişim proseslərinə baxsaq, hansı xalq ki, özünün keçmişdəki dilini, mədəniyyətini, dəyərlərini, mətbəxini qoruyub saxlayırsa, kökünə bağlılıq normal səviyyədədirsə, o xalq, dövlət hal-hazırda dünya siyasət sistemində özünəməxsus rollardan birini oynayır. Hazırki proseslərdə baxış bucaqları da dəyişir. Biz Sovetlər dövründə imperiyanın içində çoxlu qadağalar mövcud idi, senzura ilə idarəetmə var idi, bütün məsələlər nəzarət altında idi. Cəmi bir-iki televiziyada görərək məlumat alırdılar. İndi isə dəyərlər toplusunda məsələ başqa cürdür. İnternet var, hər saniyə hansısa bir xəbər, məlumat dəyişir. Bu sürət, bu dəyişilmə xalqlara da öz təsirini göstərir. Düşünürəm ki, Azərbaycan dövlətçilik tarixi ənənələri araşdırılır. Arzum bununla bağlı sanballı filmlər çəkilməyidir. Təbii ki, ayrılan maliyyə, təşkilatçılıq yüksək olmalıdır ki, dünya auditoriyası da baxa bilsin. Bu gün Türkiyənin qədim imperiya tarixi ilə bağlı fimlərini bütün dünya izləyir. O serialların yeniləri ilə əvəz olunması insanları yormur. Burada iki məqam var. Həm Türk mədəniyyəti təbliğ olunur, həm də tarixi. Müasir dövlətçilik tariximizlə bağlı düşünürük ki, həm sənədli, həm də bədii filmlər çəkilməlidir.

Ulu Öndərin 1990-cı illərin əvvəllərindən hakimiyyətə gəlməsi ilə dəyişən və inkişaf edən Azərbaycan, az qala yox olmaq təhlükəsi ilə üzbəüz qalan ölkəmizdə proseslərin dəqiq öyrənilməsi və böyük kütləyə çatdırılması vacibdir. Təbii ki, bununla bağlı müəyyən qədər materiallar var, kitablar yazılır. Amma yenə lazımdır. Təbii olaraq, 2003-cü ildən Cənab Prezidentin seçilməsindən sonrakı dövr də o cümlədən daha çox çəkilməli, təbliğ edilməli, araşdırılmalıdır. Bu barədə də kitablar çoxdur. Yenə də tam dərin araşdırılmalı, gələcək nəsillərə çatdırılmalıdır. Sənədli, hətta bədii filmlərin də çəkilməyinə ehtiyac var. Buna həm də  təkcə təbliğat yox, tariximizə verilən qiymət kimi də baxılmalıdır. Bu gün televiziyanı, medianı tənqid edə bilərik, amma müasir izləyicinin özünün nəyə baxdığını seçdiyi məsələyə gəldikdə tənqidləri daha real etməliyik. Bir neçə televiziyamız var ki, orada musiqimiz, mətbəximiz, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, dəyərlərimiz təbliğ olunur.

Hətta müasir formalara uyğun təbliğ olunur. Amma buna kütləvi halda baxılırmı? Əlbəttə, yox. Burada başqa məsələlər meydana çıxır. Məsələn, təhsil, ailə tərbiyəsi, mühit. Bütün bunları bütün dünyanı narahat edən məsələlərdən biridir. Bir fərdin yetişməsi, inkişaf etməsi, uğur qazanması töhfəli olmalıdır. Mən Cənab Prezidentin həm and içmə mərasimində, həm də VII çağırış Parlamentin ilk iclasında çıxışını misal çəkib deyə bilərəm ki, ölkə başçımız çıxışlarında Azərbaycan gəncinin vətənpərvər , yad dəyərlərdən uzaq olmasını, ailə dəyərlərinə uyğun tərbiyə alması vurğulayırdı.

Bu, Azərbaycan insanının formalaşması deməkdir. Düşünürəm ki, həm qədim tarimizi, mədəniyyətimizi, adət-ənənələrimizi düzgün, doğru təbliğ etməklə yanaşı, onu müasir cəmiyyətə çatdırılması yollarında peşəkar münasibət ortaya qoymalıyıq. O cümlədən müasir dövlətçilik tariximizlə bağlı məsələləri gələcəyə çatdırmaqda gecikməmək lazımdır. Zaman dayanmır. Bu ölkə, dövlətçilik bizə əmanətdir. Biz də bu əmanəti gələcək nəsillərə olduğu kimi göstərməklə bərabər, bunun necə qazanılmasını, hansı çətinliklərdən keçdiyini də düzgün şəkildə göstərməliyik”-deyə deputat bildirib.

Mili Məclisin xanım deputatı Elnarə Akimova bildirib ki, dövlətçilik tarixi və mədəniyyət konsepsiyası prinsipial şəkildə hazırlanmalı, beynəlxalq səviyyədə və elmi əsasda təbliğ olunmalıdır:

 

“Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği bu gün xüsusilə böyük əhəmiyyət daşıyır və daşımalıdır. Artıq tam şəkildə ərazilərini bərpa etmiş, güclənmiş, suverenlik qazanmış ölkəyik və daha da güclənmək üçün onun dövlətçilik tarixi və mədəniyyət konsepsiyası prinsipial şəkildə hazırlanmalı, beynəlxalq səviyyədə və elmi əsasda təbliğ olunmalıdır. Çünki bir ölkənin beynəlxalq arenaya çıxışında, tanınmasında və dünyaya inteqrasiyasında elm və mədəniyyət faktorları mühüm rol oynayır. Bizdə bu istiqamətdə müəyyən addımlar atılıb. 2009-cu ildə Prezident yanında Elmin İnkişafı Fondunun yaradılması, ölkə başçısının ard-arda verdiyi sərəncamlarla mədəniyyət xadimlərinin irsinin, yaradıcı arsenalının təqdimatına stimul verməsi bu yöndə uğurlu addımları ifadə edir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında xarici ölkələrin institutları, alimləri ilə təmaslar qurulur, əlaqələr gücləndirilir, elmin və mədəniyyətin mübadiləsi baş tutur. Alimlərimiz xarici ölkələrin elmi konfranslarında iştirak edirlər, beynəlxalq, mötəbər elmi nəşrlərdə çap olunurlar. Mədəniyyətimizin cəmiyyətdə, eləcə də beynəlxalq miqyasda təbliği dövlət siyasətinin mühüm tərkib hissəsidir və dövlətin mədəniyyət konsepsiyası mədəni proseslərin başlıca istiqamət, məqsəd, vəzifə, üsul və mexanizmlərini müəyyənləşdirməklə bu prosesləri idarə etmək imkanı qazanır. Ölkəmizdə keçirilən bir çox festivalların – Beynəlxalq Muğam festivalı, Qəbələ Musiqi festivalı, Rostropoviç, Qara Qarayev, Üzeyir Hacıbəylinin adını daşıyan festivalların mədəniyyətimizin təbliğində əhəmiyyətli rol oynadığı danılmaz faktdır. Artıq dörd ildir ki, “XarıBülbül” Beynəlxalq Musiqi Festivalı da bərpa olunaraq bu sıranı genişləndirib. Bu festival nəinki Azərbaycan musiqisinin, həmçinin Azərbaycanda yaşayan xalqların folklor ansambllarının çıxışlarını da çevrələyir. Milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində bu gün Heydər Əliyev Fondunun rolu və dəstəyi böyükdür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycan muğam və aşıq sənəti, eləcə də xalçaçılıq və tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Televiziyalarımızda bu məsələ konseptual amala çevrilməyib. Müəyyən istisnalardan danışa bilərik. İctimai Televiziyanın bu yöndə hazırladığı bir çox verilişlərini qeyd etmək olar. Məsələn, “Ustad dərsi” verilişi var. Çox bəyənirəm. Yaxud Mədəniyyət TV-də ədəbiyyatımızın, mədəniyyətimizin, dəyərlərimizin təbliği ilə bağlı meydana qoyulan bir çox verilişlər var ki, səmərəli və effektiv fəaliyyət göstərirlər. Əslində, hər televiziya kanalında az sayda da olsa faydalı nəsə tapmaq mümkündür. Sadəcə ötən dəfə vurğuladığım bir məqamı təkrarlamağa ehtiyac duyuram. Bu gün televiziyada ağırlıq təşkil edən şou verilişləri, sosial yönümlü proqramlar o qədər bayağı, antiestet bir ruhla hazırlanır ki, nəticədə ağıllı, intellektual tamaşaçını da ekran qarşısından perik salır. Ona görə ilk növbədə, ağırlığı elmin, mədəniyyətin təbliği üstündə qurulan verilişlərə vermək, bu verilişlərin effektiv təsir göstərməsini təmin etmək üçün milli məfkurə xəttini, vahid dövlətçilik ideyalarını dominanta çevirmək lazımdır. Bir də televiziyalar arasında bu yöndə rəqabəti gücləndirməyə ehtiyac var. Təəssüf ki, bu gün televiziya kanalları arasında rəqabət ancaq şou proqramları, sosial yönümlü verilişlər arasında gedir. “Kto bolşe” – yarış dəyərlərin deyil, dəyərsizliyin təbliğini prioritetə çevirmək uğrundadır. Halbuki indi televiziyalar məhz mədəniyyətin, elm və tariximizin təbliğində rəqabətə təşəbbüskar olmalı, rəqabətdən yorulmamalıdırlar. Bu, mədəniyyətin cəmiyyətdə inkişafına ən böyük stimulu verər.”

Gununsesi.info -ya danışan Milli Məclisinin deputatı, Fazil Mustafa vurğulayıb ki, bu sahədə bilgisizlik, fəlsəfə və sosiologiya inkişaf etmir.

 

“Əslində, bu sahədə ciddi bir bilgisizlik özünü ifadə edir. Bu, birinci onunla bağlıdır ki, tariximizlə bağlı postulatlar dəyişmir. Müstəqillik dövründə tarixə baxışımız ondan əvvəlki dövrlərdəki baxışlarla ciddi şəkildə metadoloji baxımdan fərqlilik hiss olunmur. Çünki ölkədə sosiologiya və fəlsəfə inkişaf etməyib. Sosiologiya cəmiyyəti öyrənən elmdir. Bu sahədə yetkin mütəxəssislər yox səviyyəsindədir. O cümlədən fəlsəfədə də bir-iki yeni paradiqmaları anlayan insanlar var ki, onlar da fikirlərini ictimailəşdirə bilmirlər. Ona görə də tarixin təftiş olunması, mərhələlərinin düzgün müəyyən olunması gündəmə gəlmir. Maraqlıdır ki, Qərb filosofları xalqlar öləndən sonra ibtidai xalqlarla tarixi xalqları ayırırlar. Yəni, beş min il bəşər cəmiyyətində yaşayarsan, adın ola bilər, amma mədəniyyətə töhfən olmazsa, hansısa bir şəkildə digər xalqlardan fərqlənə bilməzsən. Tarixə daha çox mədəniyyət baxımından təsir edən xalqlardan bu gün Yunan-roma, Çin, Hindistan, müəyyən dərəcədə Yəhudi mədəniyyətinin nəticələrini ortaya qoyurlar. Bu da o deməkdir ki, biz ibtidai xalqdan tarixi xalqa çevrilmə prosesimizi doğru təyin edə bilmirik. Əslində, bizim mahiyyətcə tarixi xalqa çevrilmə prosesimiz 1918-ci il Cümhuriyyət quruculuğundan başlayır. Yəni, dövlət qurmaqdan. Biz daha çox qədim edən mifalogiyaya, mistik, folklora üstünlük verdiyimizə görə, keçmişimizin qüruru ilə fəxr edirik. Hələ də klassik ədəbiyyat bizim üçün ən böyük dəyərdir. Halbuki müasir dövrdə klassik ədəbiyyatın mədəni komponentlərə təsiri böyük deyil. Ancaq dil baxımından ola bilir, düşüncə, baxış baxımından yox. Çağdaş mədəniyyətə qoşula bilmir. Bəzən deyirlər ki, yeni çörək bişirməyənlər kisəsindəki çörəkdən yeməyə məhkum olurlar. Biz də boyat yeyirik. İndi bu cür təbliğatın nəticəsi də başqa cür ola bilməz. Televiziya, jurnalist, bir sözlə, hər kəs məlumatı mənbədən almalıdır, ortaya da ictimailəşən fikir çıxmalıdır. Mənbə yoxdursa, necə olsun? Yaxud, olan mənbə oxunmadığına, bəzən gözdən salındığa görə hamı eyni mənbələri ədəbiyyat kitabından bizə təkrarlamaqla məşğuldur. İndi adi bir fəlsəfədən araşdırmalara diqqət etsəniz görərsiniz ki, hamısı elə adi bir yazarın düşüncələridir. Halbuki bunlar filosof deyillər. Yazı yazıblar, mətn yazıblar, o da fəlsəfə deyil axı. Lakin bütün dissertasiyalar bunun üzərindədir. Fəlsəfə dilimiz yoxdur. Hətta Din dilimiz belə yoxdur. Dinimizin bütün terminləri farscadır. Bütün bunların dəyişməsinə maraqlı olan yanaşma hiss olunmur, hamı ətalətin qorunmasına tərəfdardır. Yenilikçilik cəmiyyətimizdə özünü biruzə verə bilmir. “

Son olaraq Milli Məclisin deputatu Razi Nurullayev də bu gün bu təbliğatların kifayət qədər aparıldığını bildirib:

 

“Mən deməzdim ki, Azərbaycanın mədəniyyəti, adət-ənənələri, musiqisi, o cümlədən digər mədəniyyət inciləri təbliğ olunmur. Qobustan daxil olmaqla İçərişəhər, Şəki xan sarayı və digər qədim yerləri, bir sözlə, çox şey. Bunlar həm də UNESCO-nun mədəni irsi siyahısına daxil olub. Bununla bərabər, adət-ənənələr, elmi yanaşmalar, rəssamlıq sənəti, teatr da hətta İngilis və Rus dilində çıxan jurnallarımızda təbliğ olunur. Bunlar adətən, hava limanlarında, səfirliklərdə ya satışdadır, ya da pulsuz paylanılır. Burada “Bakı”, “Nərgiz” jurnalını və.s aid edərdim. Digər bir tərəfdən isə Azərbaycanda hər il onlarla beynəlxaq tədbirlər keçirilir. Məsələn, keçən il keçirilən COP29-u demək olar. O cümlədən digər idman yarışları da. Buraya gələn adamlara da bunlar təbliğ olunur. Bununla bərabər mən elmi ayırmaq istəyərdim. Gərək elmimiz elə bir hadisə yarada bilsin ki, məsələn, nüfuzlu mükafat olsun, Nobel alsınlar, ixtiralar olsun və.s. Şair-yazıçılarımız da müxtəlif beynəlxaq mükafatlar alsın. Amma təəssüflər olsun ki, bu, barmaqla sayılacaq qədərdir. Bunlar bir az da yaradıcı şəxslərin özünə bağlıdır. Dövlət də o bacarıqlı şəxslərə kömək etməlidir ki, onların yolu xaricə açılsın. Elə bir dövrdür ki, hər bir şəxs öz bacarığını, biliyini özü satmalıdır. Sovet dövründə belə deyildi, məsələn. İndi dünyanın heç yerində belə şey yoxdur axı. Hələ də bizdə düşünürlər ki, hər şeyi məhz dövlət verməlidir. Dövlət sadəcə, təkan verə bilər. Bu, Sovet psixologiyasıdır. İndi bu işlər ayrı-ayrı şəxslərə olur. Dövlət ümumi olaraq bunu edir. Məsələn, muğamı dünyaya tanıtmaq üçün xüsusən Heydər Əliyev Fondu xeyli işlər görüb. Rəssamların tanıdılması üçün dünyada sərgidə qoyulması üçün müəyyən addımlar atılıb. Mədəniyyət Nazirliyi də xeyli iş görüb.”

 

 

Orxan Saffari Gununsesi.info

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!