"Həyat və xatiratım" Kitabından
Bakı
Yola çıxdıq. Bakıya çatdıq. Bizi hərbi mərasimlə qarşıladılar. Yaxşı bir evə yerləşdirdilər. Tiflisdə Qarsdakı kimi soyuq yoxdu. Bakı isə daha isti. Buraların iqlimi daha mülayim. Yayda isə çox isti olur. Şəhəri gəzdik. Avropa şəhərləri kimi. Ermənilər asudədir. Bir qisim türklər hərbi-ümuminin sonlarında və atəşkəsin əvvəllərində ingilis ordusunu çağırmışlar. Ermənilər türklərə hücum etmişlər. Burada hərb olmuş. Bizim ordu gəlib vuruşmuş. Bakını almış. Türkləri qurtarmış. Yusif İzzət Paşa komandasındakı bu ordu, Qafqaz dağlarına qədər irəliləmiş. Şəhər bu hərblərdən bir az mütəəssir olmuş. Xüsusən, ermənilər Türk cəmiyyəti-xeyriyyəsinin mühüm bir binasını yandırmışlar. Binanın skeleti durur. Neft ocaqlarını gəzdik. Buralar uzaqdan baxanda sərvilərdən ibarət bir ormana bənzəyir. Nefti quyulardan nasosla çəkirlər. Quyuların özü nadir hallarda fışqırır. Fabriklərini, xüsusən, Nobelin fabrikini gəzdik. Bir çox kranlar var. Palçıq kimi yerdən çıxan neft müxtəlif məhsullara (neft, qaz, benzin, vazelin və s...) ayrılıb müxtəlif kranlar vasitəsi ilə axır. Qazanın dibində mazut qalır. İlk torpaqdan çıxan palçıq rəngindədir. İlk baxışda buna maye qızıl demək istəyirsən.
Tağıyev
Neft zənginlərindən məşhur bir Tağıyev vardı. Çox zəngindi. Yaxşı adamdı. Məşhurdu. Sərvətini türklərə sərf edər, onlar üçün məktəblər, xəstəxanalar açar, qəzet çıxartdırardı. Bolşeviklər bütün malını əlindən almışlar. Zavallı bir az sonra kədərindən ölmüş. Dedilər ki, evini ziyarət edək. Çox münasib idi. Getdik. Bizim İstanbuldakı Səlimiyə qışlasının bir cəbhəsi qədər əzəmətli bir bina. Dedilər: "Evi bu idi". Ufaq qapıya yanaşmışdıq. Beş-altı pillə nərdivanla yer altına endik. Bir mənzildə bəsit əşya. Bir xanım. Təqdim etdilər. "Tağıyevin xanımıdır", dedilər. Böyük ibrət!.. Düşməz-qalxmaz bir Allahdır, - deyirlər. Dinsiz də bunu deməli. Nə imiş, nə olmuş?.. Allah görünən-görünməyən bəladan saxlasın, deyirlər. Çox yerində duadır. Bir gün bolşevik deyilən adamlar gələcək, qiyamət qoparacaq, hər kəsin malını əlindən alacaqlar. Bir pula, bir çuvala möhtac edəcəklər. Kimin ağlına gələrdi. Görünməz bir qəza... Zavallı xanıma çox acıdım. Öz evinin zirzəmisində yerləşdiriblər. Təsəlli verdik, fəqət quru sözdən nə çıxar? Nə çarə var ki... Ədalət yerini tapsın.
Azərilərin qonaqpərvərliyi
Azərbaycan hökuməti bizə hədsiz gözəl yeməklər verir. Səhərlər qırmızı kürü və həm bol, həm də gözəl kərə yağı verirlər, hamımız da acgöz kimi yeyirik. Nə edək. Yerindəyik. Təzə və xoşdur! Ömrümdə belə gözəl kürü yemədim. Bir daha da bu fürsət ələ keçərmi? Bəzən dönə-dönə, heç duz vurulmamış, büsbütün təzə kürü də gətirirlər. Qaşıqla yeyirəm. Çörəyə qalın bir təbəqə kərə yağı çəkib üstünə barmaq qalınlığında kürü qoyur və dişləyə-dişləyə yeyirəm. Əli Fuad da belə çox yedi; fəqət zavallı mədəsini pozdu və sonra yeyə bilmədi. Xəstələndi və əməlli-başlı sıxıntı çəkdi. Şükür, mənə bir şey olmadı. İstədiyim qədər yedim. Günorta və axşam süfrədə yenə kürü və kərə yağı vardı. Anberyo düyüsü kimi uzun bir düyü ilə xörək bişirirlər. Bu çox ləzzətli plovun yanına toyuq, ət, bir tərəfinə də üzümdən hazırlanmış şirni əlavə edirlər. Doğrusu, çox ləzzətlidir. Bu plovdan da çox yedim. Azərbaycan hökuməti müsafirpərvər insanlardan təşkil olunub. Bizə qaragül dərisi, hər birimizə də iki gözəl əcəm xalısı hədiyyə etdilər. Mən almadım. Hətta Moskvaya gedərkən qaragül dərilərini, (qırxa qədər) stansiyaya gətirmişdilər. Vaqona qoyub getmişdilər. Geri dönərkən komissarlardan Behbud Şahtaxtinskiyə qaytardım. Xalçalar da səfarətxanada qaldı.
Darülmüəllimini gəzdim. Əvvəlcə bizdən müəllim gətirmişlər. Tərəqqi olmuş, fəqət ruslar gəlincə məktəbə zərbə vurmağa başlamışlar. Türk millətini istəmirlər. Məktəb isə milliyyətpərvərliyi aşılamağa başlamış. Bir gözəl teatr var. Azərilər çox çalışırlar. Gənc türk qızlarından artist yetişdirirlər. "Leyli və Məcnun" kimi opera yaradıblar və bir türk bəstələmiş, oynayırlar. Bu halları çox xoşuma gəldi, fəqət hər şey ibtidai bir halda. Zərəri yox. Get-gedə tərəqqi edər. Zənn edirəm ki, vaxt gələcək, ən mühüm türk teatrı burada olacaq. "Leyli və Məcnun", "Arşın mal alan" və daha bir çox tamaşaya baxdım. Bu əsərlərdən toplaya bildiyim qədər topladım. Sinopda kitabxanadadır. Azəri hökuməti kommunist bir cümhuriyyət. Komissarlardan təşkil olunmuş bir hökumət, bunun başında komissar olaraq doktor Nəriman Nərimanov var. Bu zat ağlı başında bir adam. Məlumatlıdır, mühərrirdir... Roman və pyeslər də yazmış bir zatdır. Tez-tez və təkbətək görüşdük. Baxdım ki, iyi bir adam. Ona etimad təlqin etdim. Açıldı və dedi ki: "Bolşeviklik nə? Bu rəzalət bizə gəlməz. Biz türkük, milliyyət ilə yaşarız". Bir gün Nərimanov türkcə üçün latın hərfləri qəbul və tətbiq edəcəyini söylədi. Bunun tərəfdarıydı. Onu bu işdən vazkeçirmək üçün iki saata qədər söz söylədim. Və nəhayət, "Türk yalnız siz deyilsiniz, bu səbəblə bunu edə bilməzsiniz. Bu ümumi bir konqre ilə yapıla bilər. Həm də rusların, türklər arasına təfriqə salmaq üçün istədikləri şeydir", - dedim. Qane oldu. Vaz keçdi. Bu surətlə hərf dəyişikliyi üç dörd il geri qalmışdı. Nəriman mənə Moskva haqqında yaxşı məlumat verdi. Bunun sözləri də Stalinin hakimi-mütləq vəziyyətində olduğunu göstərirdi... Nərimanov çox xoşuma gəldi. Onu çox sevdim. Amma ruslardan yaman qorxur. Haqqı da var. Zarafat-filan bilməzlər. Dərhal insanı öldürürlər. Necə ki, bu zavallını da bir az sonra kənarlaşdırdılar və biçarə də öldü. Doktor Nərimanova Türkiyə və Azərbaycan arasında müqavilə imzalamağı təklif etdik. Məqsədimizin Azərbaycanın müstəqilliyini tanımaq olduğunu söylədik. Can atdı, harasa gedib, gəldi. Mümkün olmayacağını söylədi. Bizim yanımızda Gürcüstan, Azərbaycan, Əfqanıstan, Dəmirxanşura, İran, Buxara, Xivə, Tatarıstan, Ukrayna və i.a. üçün bir çox səlahiyyətnamələrimiz vardı. Bunları harada tapsaq, dərhal müqavilə imzalayacaqdıq. Halbuki bizim hökumət xəyal içindəydi. Dəmirxanşura, Buxara bir dövlət deyil, birər rus müstəmləkəsindən başqa bir şey deyildi. Bu səyahətdə sadəcə Əfqanıstanla müqavilə imzalaya bildik.
Azərbaycandakı kommunist xunta ...
Behbud Cavanşir adında birini tanıdım. Gənc, gözəl üzlü, fövqəladə dərrakəli və məlumatlı bir insandı. Vaxtı ilə Almaniyada mühəndislik təhsili alıb. Bolşeviklərin əleyhinə imiş. Ruslardan əvvəlki milli Azərbaycan Cümhuriyyətində nazirdi. Ruslar gəlincə onu həbs etdilər. Neft müəssisələrini kimsə dürüst işlədə bilmədiyindən Cavanşiri həbsdən çıxarıb ora təyin etməyə məcbur olurlar. O da işi yoluna qoyub. Bu adam çox türkçü və vətənpərvərdi. Mənə mühüm məlumat verdi. Cavanşiri Moskvadan dönərkən Tiflisə apardım. O vaxt ruslar Gürcüstanı almışdı. Onu ordan neft ticarəti üçün İstanbula yolladılar. Cavanşir zatən onların arasından sıyrılmaq istəyirdi. İstanbulda Bəyoğluda Perapalasda yerləşib. Vaxtiylə nazir ikən ermənilər Qarabağa hücum etmiş, türkləri qətliam etmişlər. Cavanşir də qoşun göndərib erməniləri vurmuş və Qarabağda asayişi bərpa etmişdi. Bu səbəblə bir gün ermənilər otelin civarında zavallını vurub öldürdülər. Cavanşirə görə hələ də yanıram. Belə zəki, ağıllı, vətənpərvər azəri türkü görməmişdim. Mühüm bir türk tələf olmuşdu. O vaxt İstanbulda ingilislərin hərbi məhkəməsi vardı. Erməniyə bəraət verdi. Guya Cavanşir Bakıda nazir ikən erməniləri qətliam edib. Bəraətə səbəb budur. Gülünc şey!.. Buna ədalət deyilməz, ədəbsizlik deyilər. Halbuki məsələ başqadır. Ermənilər Azərbaycanı, heç olmazsa, Qarabağı istila etmək istəyirdi. Azəri hökuməti də, təbii ki, buna cavab vermişdi.
Erməni terroru
Ermənilər məqsədlərinə çatmayanda terror edərlər. Əvvəlcə ruslardan qaçan milli Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsibi Araz çayı üzərində öldürdülər. Yanında pulu vardı, aldılar. Ter Minasyan Parisdə mənə: "Paraları ala bilmədik. Ruslar gəldi. Onlara qaldı", - dedi. Amma bu həqiqətdirmi? Bilmirəm... Hər halda, Nəsibi ermənilərin öldürdüyünü göstərir. Halbuki biz Bakıda ikən bu qətlin üstündə qaranlıq bir pərdə vardı. Kimsə aydın bir şey söyləmirdi. İştə görkəmli azəri xadimlərini ermənilər bir-bir öldürürdülər. Bu öldürülənlər Cavanşir ilə altı nəfər olmuşdu. Sonra Tələti və Türkiyə xadimlərindən də bir o qədər öldürdülər ki, sonuncusu Camal Paşadır. Halbuki hərbi-ümumidə bu adam əlli min ermənini ölümdən öz əlləriylə qurtarmışdı. Əgər ermənilər bu sistemlə belə davam edərlərsə, türk gəncliyi də eyni şeyi ermənilərə yapmalıdır. Əks təqdirdə, belə çıxacaq ki, türklük ölmüş, həyat haqqı qalmamış, heysiyyətsiz bir millət olmuşdur. İndi ermənilərdə on iki nəfər dəyərli adam haqqımız vardır. Burada Memduh Şövkət adında bir təmsilçimiz vardır. Muxtar xariciyyə vəkili olarkən təyin etmiş. Baxdım ki, yüksək ağıl sahibidir. Yaxşı təhsil görməyib, Avropa dillərindən heç birini bilmir, amma işləri çox gözəl yönəldir. Xoşum gəldi. Muxtarın gördüyü yeganə yaxşı iş Məmduh Şövkəti bura təyin etməsidir. Xalqın arasına girib, özünü sevdirib və elə bir etimad qazanıb ki, xalq hər sirrini gəlib ona söyləyir. Ondan məsləhət alırlar. Məmduh Şövkətdən də ətraflı məlumat alıram... Onun vasitəsiylə bir qrup azərbaycanlı ilə görüşürəm. Gördüm ki, azərilərdən yuxarı təbəqə, təhsillilər o hala gəlib ki, hətta öz aralarında rusca monoloq söyləyirlər. Anlaşılır ki, rusca onlara ana dilləri olan türkcədən daha asan görünür. Demək, rus çar idarəsi və onun ruslaşdırma siyasəti əlli il də beləcə davam etsəymiş, Qafqazda da türk qalmayacaqmış... Bir vaqiə zikr etdilər: qırx il əvvəl Bakıda bir mollanın qızı rus məktəbində oxumuş, çadrasız küçəyə çıxmış, xalq üstünə tökülüşüb qızı öldürmüş. Bu vaqiə çirkin bir cinayətdir. Fəqət, digər tərəfdən baxanda xalqın sövq-təbii öz mənliyini və varlığını müdafiə etməsidir. Bu səbəbdən də cinayət deyil, böyük bir qəhrəmanlıq, böyük milliyyətpərvərlik, uca bir məziyyətdir. Bəli, oxuyub rus olan bir qız və ya oğlanın mövcud olmasındansa ölməsi daha yaxşıdır, yaxud bu təhlükədənsə türk balaları cahil qalsa, hər halda daha münasibdir. Türk çocuğu inkişaf etməli, fəqət, əsas şərt olaraq türk qalmalıdır...
Təqdim etdi: Azər Turan
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!