Yeni ilin ulduz falı - Xeyrəddin Qoca

Hər ilin sonunda Yeni ilin ulduz falını yazıram, amma deyəsən, boşuna yazıram. Yazmaqla düzəlsəydi, nə vardı ki?!

 

Yeni ildə hərə öz yerini biləcək. Siyasətə yenicə "qədəm basanlar"ın ürəyindən ölkə prezidenti olmaq keçməyəcək! Televiziyalarda görünmək xatirinə savadsızlar savadlılarla debata çıxıb, xalqın içərisində özlərini rüsvay etməyəcəklər! Özünü "siyasi icmalçı" adlandıranlar, öz ölkələrində adi "JEK" müdirlərini tənqid edə bilməyənlər dünyanın böyük ölkələrinin başçılarını təhqir etməyəcəklər! Başa düşəcəklər ki, siyasət etika, mədəniyyət deməkdir. 

Çoxları müğənniliyə can atan kimi, onları "siyasi icmalçı" adlandırsınlar deyə, ekranlara can atmayacaqlar. Başa düşəcəklər ki, siyasət hər adamın işi deyil! Biləcəklər ki, siyasi səhvlərə yol verən kimi ekranlara, efirlərə birdəfəlik yolları bağlanacaq!

Yeni ildə bəzi millət vəkillərimiz mənasız, məntiqsiz fikirlər söyləyib, xalqın içərisində özlərini xar etməyəcəklər. Populist çıxışlardan əl çəkəcəklər. Düşünəcəklər ki, olan-qalan hörməti itirmək yaxşı iş deyil. Qanunu oxuyanda biləcəklər ki, deputatlar bizneslə məşğul ola bilməzlər, ayıbdır!

 

Yeni ildə xaricdəki bəzi diplomatlarımız biləcəklər ki, onları həmin ölkələrə alver etmək üçün göndərməyiblər, ölkəmizi yüksək səviyyədə təmsil etmək üçün göndəriblər!

Əli qələm tutanlar təzə ildə özlərini "oda-közə vurub", yeni saytlar yaratmağa çalışmayacaqlar. Çünki onların çoxu dilimizi mükəmməl bilmir, nəyi necə yazmağı bacarmırlar! Savadsız olduqlarından "məşhur xalq artisti", "qəbullanıb" ... kimi əndirəbadi sözlər yazırlar. Bunlar hələ anlamırlar ki, xalq artisti məşhur olar! "Qəbullanmaq" bizim dildə heç nəyi ifadə etmir.

 

Qəzetlərdə, saytlarda, efirlərdə işləyənlərin çoxu hələ savadlı ərizə yaza bilmirlər. Bəlkə Yeni ildə heç olmasa, ərizə yazmağı öyrəndilər!

 

Mənim bir dostum var, deyir, bəzi vəzifəlilər ərizə yazmağı bilmədikləri üçün istefa verə bilmirlər. Yəqin, Yeni ildə işlərini bacarmayanlar ərizə yazmağı da, istefa verməyi də öyrənəcəklər!

Yeni ildə bəzi müğənnilər ekranlara, səhnələrə lüt-madərzat çıxıb, olan-qalan ətimizi də tökməyəcəklər! Tamaşaçıların qarşısında şit-şit danışıb-gülməyəcəklər!

 

Televiziyaların bəzi aparıcıları nəhayət, danışmağı öyrənəcəklər! Daha efirlərə dəvət etdikləri qonaqları qızışdırıb, bir-birinin üstünə salmaqla məşhur olmayacaqlar. Yalançı süjetlər quraşdırıb, baş dolandırmayacaqlar. Efiri doldurmaq xatirinə boş-boş söhbətlər etməyəcəklər. Bir sözlə, bayağılıqları ilə tamaşaçıları bezdirməyəcəklər.

 

Yeni ildə evlənənlər keçmişdə olduğu kimi evlənəcəklər, ekranlarda evlənməyi tərgidəcəklər! Kişilərimiz, qadınlarımız 70-80 yaşlarında "ailə qurmaq" üçün xalqın qarşısına çıxmağı özlərinə ayıb biləcəklər!

Yeni ildə təqaüdlər, pensiyalar artan kimi, "zirək" ticarətçilər vaxtı fövtə verməyib, qiymətləri artırmağa çalışmayacaqlar!

 

Yüz faiz bilirəm, Yeni ildə bəzi vəzifəlilər nəhayət, camaatı qapılarında gözlətməyəcəklər. Başa düşəcəklər ki, vəzifə xalqa xidmət üçün verilir...

 

Onu da bilirəm ki, yeni ildə adamlar bir-birinə hörmətlə yanaşacaqlar. Daha bəziləri başlarına qara papaq keçirib, uzun saqqal qoyub, camaatı qorxutmayacaqlar!

Yeni ildə hamının öz sifəti olacaq. Simasızlıq, yaltaqlıq, üzgörənlik, boğazdan yuxarı danışmaq azalacaq!

Yeni ildə hamı öz halal maaşı ilə dolanacaq. Ordan-burdan nəsə çırpışdırmaqla yaşamayacaq!

Yeni ildə ağaclara cındır əski parçaları bağlayıb, həmin ağaclara pir kimi sitayiş etməyəcəklər. Fala baxmaq da ayıb sayılacaq (Falı toyuqlar qoyur). Yeri gəlmişkən, televiziyalarda, efirlərdə molla dərsləri keçilməyəcək!

Yeni ilin ulduz falına şəkk gətirənlərə yazdıqlarımızın dəxli yoxdur!..

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!