Akademik İsa Həbibbəylinin folklorşünaslıq, klassik və çağdaş ədəbiyyat, tənqid və ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi məsələləri, elmi-ədəbi əlaqələr, incəsənət, mətbuat tarixi və s. ilə bağlı problem və faktları çoxtərəfli erudisiya işığında mənalandırmaq, dövründən, janrından asılı olmayaraq təhlilə cəlb olunan bütün sahə və materialları məntiqi-idraki təfəkkür müstəvisində qiymətləndirmək səriştəsi (akademik təşkilatçılığın yüksək səviyyəsini də xatırlatmaq istərdim) onun nəinki Azərbaycan, eyni zamanda türk dünyasında bir fenomen ədəbiyyatşünas kimi tanınmasını təmin etmişdir. Akademik İsa Həbibbəyliyə məxsus araşdırmalarda Azərbaycan, geniş mənada türk mədəniyyət çərçivəsində qədim, orta əsrlər, yeni dövr ədəbiyyatı, o cümlədən çağdaş ədəbi proses problemlərinin məğzinin aşkarlanıb üzə çıxarılmasını, özünəməxsus təhlil üsuluna əsaslanaraq filoloji faktların mənalandırılmasını, min ildən çox bir dövrün ədəbi mənzərəsi haqqında düzgün, dəqiq qənaətlərin sərgilənməsini nəticə etibarı ilə müəllifin yüksək intellektinin, uzun illərin ədəbiyyatşünaslıq təcrübəsinin, filosof tənqidçi fəhminin, bir sözlə, qeyri-adi istedadının təsdiq və nümayişi hesab etmək olar. Bu hal eyni zamanda, hər bir alimin özünəməxsus tədqiqat sahəsi və mövzu dairəsinin olması ilə bağlı elmi araşdırmalar aləmində artıq sabitləşmiş, normaya çevrilmiş, qaydalardan fərqli şəkildə akademik İsa Həbibbəylinin dövr və mövzu hüdudlarından kənara çıxaraq ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi problemlərinə dair araşdırmalarının miqyas genişliyindən də xəbər verir. "Kitabi-Dədə Qorqud" dastanları, N.Gəncəvi, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.T.Sidqi, E.Sultanov, Ə.Hüseynzadə, H.Cavid, S.Vurğun, M.Cəlal, M.Şəhriyar, Anar, M.Araz, M.İbrahimov, S.Rüstəmxanlı, Z.Yaqub, o cümlədən ədəbiyyatın, incəsənətin estetik-nəzəri prinsipləri və s. haqqında çoxsaylı sanballı tədqiqləri onun dövr və mövzu çərçivəsinə sığmadığını nümayiş etdirir, bir elm fədaisi kimi araşdırmalarının ədəbiyyatşünaslığımıza böyük töhfə olduğunu təsdiqləyir. Bu məntiqin davamı olaraq demək olar ki, akademik İsa Həbibbəyli "böyük ədəbiyyatı tarixi ənənələr, müasir zaman və gələcək miqyasda qavramaq, dəyərləndirmək və çatdırmaq" üçün ədəbiyyatşünaslıq təfəkkürünün zəruriliyini bir tərəfdən filosof araşdırmaçı kimi dərk edir, digər tərəfdən onu elmi-nəzəri araşdırmaların mahiyyətində saxlamağı vacib sayır.
Ona görə də akademik İsa Həbibbəyliyə məxsus araşdırmalarda ədəbiyyat və zaman bir kontekst olaraq bütöv epoxa səciyyəsində diqqəti cəlb edir. Bu səbəbdən klassik, erkən yeni dövr realizm və romantizm epoxaları, mühacirət, müstəqillik dövrü, bir sözlə, çoxəsrlik Azərbaycan ədəbiyyatının müxtəlif tarixi mərhələləri, o cümlədən türk və dünya ədəbiyyatının görkəmli ədəbi simalarının həyat və yaradıcılıqlarının tədqiqi prosesində akademik İsa Həbibbəyliyə məxsus fenomenal ədəbiyyatşünas yanaşmasını görməmək mümkün deyil. Bu yanaşmanı böyük M.F.Axundzadədən başlayan və təxminən 200 illik uğurlu yol gələn milli ədəbiyyatşünaslığımızın yeni mərhələsi hesab etmək olar. Akademik İsa Həbibbəylinin problemlərə fundamental və konseptual yanaşması hər hansı bir dövr və yaxud mərhələyə məxsus ədəbi prosesin milli düşüncə, özünəməxsus üslub, ədəbi cərəyan, ədəbi meyl, milli ruh və s. istiqamətlərinin öyrənilməsini təmin edir, ədəbiyyatımızın mahiyyət və keyfiyyət müstəvisində ədəbi mənzərəsini göz önündə canlandırır. Məsələn, onun dünya eposunun ən nadir nümunəsindən biri olan, türk dünyasının baş kitabı hesab edilən "Kitabi-Dədə Qorqud" dastanları ilə bağlı araşdırması problemə qorqudşünaslıq və ümumiyyətlə eposşünaslıq müstəvisində yanaşma tərzinə görə orijinallığı ilə seçilir. Eposun yaranma tarixi, coğrafiyası, Dədə Qorqudun şəxsiyyət və s. məsələlərin tədqiqi təkcə ədəbiyyatşünaslıq problemlərinin həllinə yox, həm də dastanın formalaşdığı tarixi dövrlərdə millətimizin etnik kimliyi, düşüncə və təfəkkür səviyyəsi, tarixi ərazilərimiz və s. məsələlərə aydınlıq gətirir, bu çevrədə əksər suallara dolğun cavab tapmağa xidmət göstərir. Akademik İsa Həbibbəyli gərgin elmi axtarışlarının nəticəsi olaraq Ermənistan toponimlərində yaşayan "Dədə Qorqud" yer adlarının mövcudluq faktına söykənərək bu ərazinin qədim oğuz yurdu olduğunu təsdiqləyir, Ermənistandakı Dədə Qorqud toponimlərinin öyrənilməməsi səbəbini sovetlər zamanı sərt ideoloji basqı və qadağalar şəraiti ilə əlaqələndirir, bu problemin həllini müasir qorqudşünaslığın qarşısında dayanan "ana vəzifələr"dən biri hesab edir.
Müəllif "Kitabi-Dədə Qorqud" dastanlarının tam və yetkin formalaşmasının VII əsrdə başa çatdığını nəzərə çatdırsa da, haqlı olaraq ayrı-ayrı boyların yaranmasını tarixin daha qədim və müxtəlif zaman kəsiyi ilə bağlı olduğunu sübuta yetirir, belə demək mümkünsə, boyların formalaşmasının tarixi boy sırasını müəyyənləşdirir. Bu sırada "Basatın Təpəgözü öldürdüyü boy"un yaranma tarixi və yaranma yeri, onun Şərq və Qərb mifoloji görüşlərinə təsiri və s. məsələlər sırf elmi-nəzəri, coğrafi-tarixi müstəvidə təhlil predmetinə çevrilir, əldə olunmuş nəticələrdən biri kimi tədqiqatçının aşağıdakı qənaəti qorqudşünaslıqda əhəmiyyəti ilə seçilən mühüm fakt şəklində diqqəti cəlb edir: "Göründüyü kimi, "Kitabi-Dədə Qorqud" dastanlarındakı "Basatın Təpəgözü öldürdüyü boy"un tarixi hələ bizim eradan əvvəlki dövrlərlə səsləşir. Bu isə oğuz tayfalarının və onların əcdadlarının çox qədim tarixə malik olduğunu göstərir. "Basatın Təpəgözü öldürdüyü boy"dakı toponimlərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisində olması bu regionun da tarixinin qədimliyini və oğuz tayfalarına, onların ulu əcdadlarına aid olduğunu isbat edir".
Akademik İsa Həbibbəylinin klassik ədəbiyyat araşdırmaları başda Nizami Gəncəvi olmaqla, Marağalı Əvhədi, Şəms Təbrizi, Nəsimi, Məhəmməd Füzuli, Saib Təbrizi, Molla Pənah Vaqif və sənət camiyəsinin digər nümayəndələrinin həyat və yaradıcılıqlarının nəzəri-estetik konteksti öyrənilməsi baxımından səciyyəvidir. Nizamini "Şərqdən doğan ədəbiyyat günəşi" hesab edən müəllif şairin "Xəmsə"sini Şərqin və Qərbin ədəbi ensiklopediyası" kimi dəyərləndirərkən tarixi-ədəbi faktlara və elmi-nəzəri mülahizələrə istinad etmiş, Nizaminin milli-bəşəri təfəkkürə malik mütəfəkkir şair tipində ədəbi obrazını yaratmışdır.
Nizami Gəncəvi haqqında tədqiqin şairin həyatı, tərcümeyi-halı, dövrü, mühiti fonunda aparılması hər şeydən əvvəl dahi Nizaminin hansı xalqı, hansı mənəvi dəyərləri və ədəbiyyatı təmsil etməsi ilə bağlı uzun illər dünya ədəbiyyatşünaslığında mövcud olan mübahisələrə, ziddiyyətli məqamlara orijinal mühakimə və münasibət daxilində aydınlıq gətirmək baxımından daha çox diqqət çəkir. N.Gəncəvinin bir azərbaycanlı olaraq "Şərqin Qərb ölkələrində və ümumən dünyada ilk ən böyük bələdçisi" olması ideyasını akademik İsa Həbibbəyli doğru olaraq Azərbaycanın türk bədii təfəkkür ifadə imkanları və təsir gücünün böyüklüyündə axtarır: "Hansı dildə yazıb-yaratmasından, hansı ölkədə öyrənilib oxunmasından asılı olmayaraq, Nizami Gəncəvinin əsərləri azərbaycanlı ruhunun yüksək bədii ifadəsindən ibarətdir. Nizami Gəncəvi dünya ədəbiyyatında Azərbaycanın qüdrətli təmsilçisi, böyük elçisidir".
Azərbaycan xalqının övladı, mütəfəkkir şair N.Gəncəvinin həyat və yaradıcılığının daha maraqlı (eyni zamanda mübahisəli) tərəflərinin məntiq və faktlara əsaslanmada təqdimi ədəbiyyatşünaslığımızın yeni, həm də dəyərli fikirlərinə çevrilir. Bu mənada N.Gəncəvinin "Xosrov və Şirin" əsərini tamamladıqdan bir müddət sonra Əcəmi Naxçıvani ilə Naxçıvanda görüşməsindən bəhs edən tədqiqatçı fikirləri həqiqi görünür, fikrin əsaslandırılmış şəkildə təqdimi fakta şübhəsiz yanaşmanı təmin edir. N.Gəncəvinin kimliyi, həyat və yaradıcılığı ilə bağlı izahatların 10 maddədə qruplaşdırılması o deməkdir ki, görkəmli ədəbiyyatşünas alim elə bu sayda da problemləri tədqiq etmiş, bir çox mübahisəli və qaranlıq məqamlara aydınlıq gətirmişdir.
Nizami Gəncəvi ilə bağlı araşdırmaların bu şəkildə qruplaşdırılması əslində akademik İsa Həbibbəyli elmi üslubunun, nəzəri mühakimələrinin fəlsəfi-elmi məntiqinin nəticəsidir. Şübhə etmirəm ki, Nizami dövrünün, həyatının, bədii yaradıcılığının, ictimai-əxlaqi düşüncəsinin və s. bir sənətkar dühası timsalında fərdiləşmiş və ümumiləşmiş baxışlar sistemində ifadəsi bu məntiqin nəyi yox, necə yazmaq mahiyyətini təmin etmişdir.
XX əsr sənət korifeylərinin həyat və yaradıcılıqlarının, Mirzə Cəlildən Şəhriyara qədər ədəbiyyatımızın keçdiyi yolun ədəbi-tarixi ənənə və müasirlik kontekstində tədqiq olunmasında, onların sənət dünyasının təhlil obyektinə çevrilməsində akademik İsa Həbibbəyli əvəzsiz xidmətlər göstərmişdir. Lakin bu da bir həqiqətdir ki, "İsa Həbibbəyli dövrün ən fədakar məmmədquluzadəşünası"dır (Ə.Mirəhmədov). Sözün həqiqi mənasında görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadə irsinin hərtərəfli tədqiqi akademik İsa Həbibbəylinin ədəbiyyatşünaslıq fəaliyyətinin onurğa sütununu təşkil edir. C.Məmmədquluzadəni "çoxəsrlik Azərbaycan ədəbiyyatının milli iftixarı, dünya bədii mədəniyyətinin görkəmli nümayəndəsi" kimi xarakterizə edən akademik İsa Həbibbəyli yazıçının Azərbaycan və dünya ədəbiyyatında təkcə mövqeyini müəyyənləşdirməmiş, eyni zamanda "real həyat hadisələrinin tipik bədii vasitələrlə təqdimində" formalaşan yaradıcılığını ədəbiyyatımızın yeni ədəbi hadisəsi kimi qiymətləndirmişdir. Bu mənada akademikin Cəlil Məmmədquluzadəşünaslıq fəaliyyətində ədibin həyatı, nəsr əsərləri, dramaturgiyası, publisistikası, ədəbiyyat və sənət haqqındakı görüşləri, əsərlərinin nəşri, tədqiqi haqqında geniş və hərtərəfli fikirlərin özünə yer tapması təbii görünür. Tədqiqatçının bütün araşdırmaları dövri mətbuat və arxiv materiallarına, əlyazma mənbələrinə, bir sözlə ilkin mənbələrə əsaslandığına görə orijinal təsir bağışlayır. Belə ki, Cəlil Məmmədquluzadənin anadan olma tarixinin səhvən 1866-cı il yazılma səbəblərinin və 1869-cu ilin dəqiq tarix kimi təsdiqinin Gürcüstan Dövlət Xalq Maarifi muzeyində mühafizə olunan materiallar və digər sənədlər əsasında sübuta yetirilməsi tədqiqatçının ilkin mənbələrə istinadən gərgin axtarışlarının nəticəsi kimi qiymətlidir.
C.Məmmədquluzadəni Azərbaycanda milli istiqlal ədəbiyyatının bayraqdarı və sərkərdəsi hesab edən tədqiqatçı onun milli ideyalar zəminində inkişaf edən yaradıcılıq konseptini mənsub olduğu xalqın "hürriyyət payı" hesab edir. Müəllif Azərbaycan ictimai fikir tarixində C.Məmmədquluzadənin "böyük demokrat" adlandırılmasına baxmayaraq, görkəmli ədibin demokratik görüşlərinin daha çox burjua mətbuatına və dinə qarşı mübarizə ruhunda təhlil olunduğunu haqlı olaraq Sovet ideoloji tələbləri ilə bağlayır, müstəqillik dövründə yazıçı demokratizminin sırf estetik prinsiplər daxilində öyrənilməsinin vacibliyini ön plana çəkir. Ona görə də akademik İsa Həbibbəylinin C.Məmmədquluzadənin "Təzə partilər", "Azadeyi-vicdan", "Xoşbəxtlik", "Firqələr davası", "Cümhuriyyət" məqalələrində irəli sürülən çoxpartiyalı sistem, demokratik seçki, insan hüquqları, ədalətli cəmiyyət haqqında yetkin fikirlərinin ictimai-siyasi əhəmiyyəti, həmin baxışların bu günlə səsləşməsi və aktuallığı məsələlərinə xüsusi diqqəti təsadüfi görünmür: "C.Məmmədquluzadənin vaxtilə "cümhuriyyətin vacib əsasları" adlandırdığı prinsiplər öz dövründə olduğu kimi, bu gün də aktualdır. Məhz indi Azərbaycan Cəlil Məmmədquluzadənin arzu etdiyi şəkildə müstəqil və demokratik cümhuriyyət quruculuğunu uğurla davam etdirmək və möhkəmləndirmək imkanı qazanmışdır".
Akademik İsa Həbibbəyli tərəfindən C.Məmmədquluzadənin bədii nəsri, dramaturgiyası və publisistikasının geniş təhlil olunmasını müstəqillik dövrü ədəbiyyatşünaslığımızın mühüm uğurlarından biri hesab etmək olar. Çünki akademik İsa Həbibbəyli C.Məmmədquluzadəni ümumi yaradıcılıq məziyyətlərinə görə yox, Azərbaycan ədəbiyyatında realist bədii nəsrin, satirik publisistikanın əsas yaradıcı siması və milli dramaturgiyanı yeni inkişaf mərhələsinə çatdırmış dram ustadı kimi təhlilə cəlb etmiş, sənətinin estetik amalını üzə çıxara bilmişdir.
Müəllif təhlil prosesində C.Məmmədquluzadənin "Poçt qutusu", "Usta Zeynal", "İranda hüriyyət", "Dəllək", "Pirverdinin xoruzu", "Qurbanəli bəy", "Bəlkə də qaytardılar", "Proletar şairi" və s. hekayələrini mövzu-ideya baxımından qruplaşdırmış, onların mündəricə keyfiyyətini üzə çıxarmış, qəribə taleli insanların obrazlarının ədəbiyyata gətirilməsini yazıçının böyük uğuru kimi qiymətləndirmişdir.
Tədqiqatçı C.Məmmədquluzadənin dram yaradıcılığının Azərbaycan dramaturgiyası ənənələri üzərində boy atdığını qeyd etsə də, onu dramaturgiyamızın yeni mərhələsi hesab edir, ədibin tragikomediya və birpərdəli səhnə yaratmaq sahəsində xidmətlərini yeniliyin vacib amillərindən biri kimi dəyərləndirir. Lakin təhlil prosesində C.Məmmədquluzadənin yenilik göstəricisi təkcə forma baxımından yox, başlıca olaraq dramaturqun ideya, mövzu, bənzərsiz obrazlar, xarakter, konflikt, təsirli hadisə və s.professional seçimi və bədii ifadə tərzi ilə əlaqələndirilir. "Çay dəstgahı", "Kişmiş oyunu", "Ölülər", "Anamın kitabı", "Danabaş kəndinin məktəbi" və s. əsərlər C.Məmmədquluzadə dramaturgiyasına xas olan yeni mərhələ təsnifatına uyğun təhlil olunur, nəticədə ictimai məzmun və dramatik konflikt dərinliyi sənətkarın yaradıcılıq keyfiyyəti kimi diqqətə çatdırılır: "Cəlil Məmmədquluzadənin dram əsərləri Azərbaycan dramaturgiyasının inkişafında yeni mərhələ təşkil edir. Milli dramaturgiyanın bünövrəsini qoymuş Mirzə Fətəli Axundovun (1812-1878) janr və mahiyyət etibarı ilə drama yaxın olan komediyalarından fərqli olaraq, Cəlil Məmmədquluzadənin komediyaları faciəvi xarakter daşıyan tragikomediyalardır. Bundan başqa, Cəlil Məmmədquluzadə Azərbaycan dramaturgiyasına birpərdəli səhnəciklər yaratmaq ənənəsi də gətirmişdir".
XX əsr Azərbaycan ədəbiyyatının M.Ə.Sabir, M.T.Sidqi, M.Şahtaxtlı, Ə.Hüseynzadə, H.Cavid, A.Səhhət və s. kimi korifey sənətkarlarının həyat və yaradıcılıqlarının mövzu, ideya, janr, vəzn, metod, dil-üslub və s. baxımdan tədqiq olunması hər bir sənətkarın ədəbiyyat tariximizdə yeri və mövqeyi kimi özünəməxsus formada dəyərləndirilməsi istiqamətində akademik İsa Həbibbəyli misilsiz xidmətlər göstərmişdir.
Akademik İsa Həbibbəylinin araşdırmalarında çoxcəhətli yaradıcılıq fəaliyyətinə görə tanınan görkəmli yazıçı, ədəbiyyat tarixçisi, ədəbiyyat nəzəriyyəçisi, ədəbiyyat tənqidçisi Mir Cəlal Paşayevə xüsusi yer ayrılmış, onu bir yaradıcı şəxsiyyətin fəaliyyət müxtəlifliyi kontekstində professional təhlilə cəlb etməklə obyektiv qiymətləndirməyi bacarmışdır. Akademik İsa Həbibbəyli görkəmli yazıçı Mir Cəlalın "Bir gəncin manifesti", "Dirilən adam", "Yaşıdlarım", "Yolumuz hayanadır" əsərlərində özünəməxsus incəlikləri - xalq həyatını, milli-mənəvi dəyərləri, azərbaycanlı xarakterini yazıçı sənətinin səciyyəvi xüsusiyyəti kimi qiymətləndirir. Tədqiqatçı Mir Cəlalın millətin ictimai-mənəvi təkamülünü xalqın yükünü çiyinlərində aparan insanların təkamülündə axtarması fikrinə haqq qazandırır, sənətkarın bədii yaradıcılığını ensiklopedik səciyyəsinə görə fərqləndirir. XX əsr 40-cı illərini ədibin yaradıcılığında elmi araşdırmaların intensiv mərhələsi kimi qiymətləndirən İsa Həbibbəyli Mir Cəlalın "Füzuli poetikası" (1940) adlı namizədlik, "Azərbaycanda ədəbi məktəblər"(1948) adlı doktorluq dissertasiyalarını ədəbiyyatşünaslığın aktual problemlərinə həsr edilmiş sanballı elmi əsərlər cərgəsinə daxil edir. Tədqiqatçı Mir Cəlal müəllimin ədəbiyyatşünaslıq fəaliyyətini yüksək dəyərləndirir, xüsusilə onun "Azərbaycanda ədəbi məktəblər" monoqrafiyasını elmi-ədəbi mühitin ilk təcrübəsi, lakin yeni mərhələ nəzəri-estetik düşüncəsinin mühüm nümunəsi kimi xarakterizə edir. Mir Cəlalın yazıçılığı ilə alimliyi ayrı-ayrı fəaliyyət komponentləri olsa da tədqiqatçı mülahizələrində alim Mir Cəlal Paşayevin yazıçı Mir Cəlal Paşayevi (eyni zamanda əksinə) tamamladığı, təkmilləşdirdiyi qənaətinə gəlir və fikirlərini faktlara söykənən elmi təhlilləri ilə təsdiqləyir.
Müasir Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri daxilində ayrı-ayrı sənətkarların həyat və yaradıcılıqlarının araşdırılması akademik İsa Həbibbəylinin ədəbiyyatşünaslıq fəaliyyətinin tərkib hissəsini təşkil edir. Əslində görkəmli ədəbiyyatşünas alimin bu xidməti ayrı-ayrı yazıçı və şairlərin əsərlərini tədqiq etməklə yanaşı, ədəbiyyatımızın nəsr və poeziya hüdudları daxilində ümumi mənzərəsini əks etdirmək baxımından da xarakterikdir. M.Şəhriyar, Anar, M.Araz, S.Vurğun, S.Rüstəmxanlı və digər sənətkarların yaradıcılıqlarının səciyyəvi, xarakterik cəhətlərinin ədəbiyyatşünaslıq tələbləri daxilində təhlili, onların sənət ənənələrinin davamçısı və daşıyıcısı rolunda təqdimi tədqiqatçının geniş, çevik, erudisiyalı və məntiqi təfəkkür imkanlarının intəhasızlığını təsdiqləyir, çoxminillik ədəbiyyat tariximizə mükəmməl bələdçiliyindən xəbər verir.
Akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatşünaslıq məktəbinin görkəmli nümayəndələri haqqında mülahizə və qənaətləri onun ədəbiyyatşünaslıq görüşlərinin mühüm istiqamətlərindən birini təşkil edir. Onun bu tipli araşdırmalarında ədəbiyyatşünaslıq elmimizdə orijinal fikir, sanballı elmi düşüncə və elmi-nəzəri ümumiləşdirmələr müəllifi kimi tanınan akademik Məmməd Cəfər Cəfərov, akademik Bəkir Nəbiyev, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov, prof.Abbas Zamanov, prof.Yaşar Qarayev, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və digərlərinin ədəbiyyatşünaslıq elminin ciddi və nəcib problemlərini əhatə edən fəaliyyəti, fundamental tədqiqat əsərləri ilə bağlı yazılmış fikirləri özünə yer tapır.
Akademik İsa Həbibbəyli ədəbiyyat nəzəriyyəsi məsələləri ilə ardıcıl məşğul olan görkəmli alimlərdən biridir. Alimin "Ədəbiyyatşünaslıq elminin şöbələrinə yeni baxış", "Satira ədəbi növ kimi", "Kiçik hekayə janr-novella", "XX əsrin əvvəlləri Azərbaycan romantik şeirində sonet janrı" və digər tədqiqləri sırf nəzəri poetika məsələlərini, nəzəri ölçü və prinsipləri əhatə etmək və müəyyənləşdirmək baxımından xarakterikdir. Bu mənada alimin "Poetika"nın müstəqil sahə deyil, "Ədəbiyyat nəzəriyyəsi"nin, "Mətnşünaslığ"ın isə "Ədəbiyyat tarixi"nin tərkibində olması ilə bağlı yeni baxışları maraqlı görünür, daha doğrusu, vaxtı çatmış məsələlərin həllinə, elmi fikrimizin zənginləşməsinə, inkişaf etdirilməsinə xidmət göstərir.
Əlbəttə, ədəbiyyatşünaslığımızın "akademik İsa Həbibbəyli məktəbi" və "akademik İsa Həbibbəyli mərhələsi" kimi xarakterizə olunan bir yaradıcılıq (həm də yanaşma) istiqamətinin məziyyətlərini kiçik bir yazıda şərh etmək imkan xaricindədir. Bu məktəbin bütün istiqamətlərdəki tədqiqlərini ədəbiyyatşünaslıq üçün son dərəcə qiymətli mənbə hesab edir və onun müəllifinə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!