Moskvada dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva Dövlət Linqvistika Universitetində (MDLU) keçirilən tədbir “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti”nin təşkilatçılığı ilə baş tutub.
Tədbir çərçivəsində iştirakçılar tematik sərgi ilə tanış olub, böyük şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Tədbir başlamazdan əvvəl iştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər.
Konfransı giriş sözü ilə açan MDLU-nun rektoru İrina Kraeva tədbirin təşkilində göstərdikləri dəstəyə görə Azərbaycanın Rusiyadakı səfirliyinə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə və MDB İcraiyyə Komitəsinə təşəkkürünü bildirib.
Kraeva Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin konfrans iştirakçəlarına təbrik məktubunu oxuyub.
MDLU-nun rektoru çıxışında qeyd edib ki, bugünkü konfrans dünya mədəniyyətinə əvəzsiz töhfələr vermiş insanlardan bəhs edən “Dünya dahiləri” layihəsi çərçivəsində təşkil olunub.
“Füzulisiz, Azərbaycan dilini və mən deyərdim ki, xalqın mədəni kodunu təsəvvür etmək mümkün deyil. Məhz Füzulinin sayəsində azərbaycanlılar belə düzəlməz romantiklərə çevriliblər. Onun “Leyli və Məcnun” poeması Füzulinin özündən əbədi xatirə kimi qoyub getdiyi əvəzsiz bir xəzinə oldu”, - deyə İ.Kraeva bildirib.
Rektor rəhbərlik etdiyi universitetin uzun illərdir ki, Azərbaycan universitetləri ilə əməkdaşlıq etdiyini və təkcə Azərbaycan dilinin deyil, həm də iki xalq arasında mədəniyyət və dostluq ənənələrinin öyrənilməsi və təbliği istiqamətində fəal iş apardığını vurğulayıb.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Yusif Vəzirov səfir Rəhman Mustafayevin salamlarını çatdırıb.
Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Füzuli yaradıcılığının Azərbaycan xalqının həyatındakı rolu və məqsədindən danışıb.
Diaspor təşkilatının rəhbəri Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möhkəmlənməsində MDLU-nun aparıcı rolunu da qeyd edib.
B. Həsənov MDLU-nun fəxri professoru, universitetdə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin ilk rəhbəri Bella Musayevaya Moskva azərbaycanlıları adından təşəkkürnamə təqdim edib.
Rusiya Təhsil Akademiyasının müxbir üzvü, sosiologiya elmləri doktoru Vaqif Bayramov çıxışında qeyd edib ki, bu səviyyəli konfranslar ölkələrimizə təkcə millətlərarası əlaqələrin möhkəmlənməsinə deyil, həm də mədəni qarşılıqlı əlaqələrin dərinləşməsinə kömək edir.
Böyük şair və mütəfəkkirin yaradıcılığı haqqında Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MQİMO) professoru Abuzər Bağırov, Bakı Slavyan Universitetinin professoru Bella Musayeva, fəlsəfə elmləri doktoru, professor Taimuraz Karayev, MDLU-nun Beynəlxalq Münasibətlər İnstitutunun direktoru və ictimai-siyasi elmlər Dmitri Belyakov və başqaları məruzələrlə çıxış ediblər.
Məhəmməd Füzulinin qəzəl və rübailəri Moskva Dövlət Linqvistika Universitetinin tərcümə fakültəsinin II kurs tələbələri ifasında səsləndirilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!