Yanan ürəyin türküləri

Mahirə Nağıqızının yaradıcılığı haqqında milli ədəbi proses kontekstində düşüncələr

 

Müstəqillik illərində sənətin zamanla səsləşməsinə təkan verən şairlərdən biri də Mahirə Nağıqızıdır. Sözün geniş mənasında, çağdaş ədəbi prosesə Mahirə Nağıqızı 2000-ci illərdə qoşulur, əsrin ikinci onilliyi isə şeirlərində işlətdiyi "Mahirə" və "Nağıqızı" təxəllüslərinin özünütəsdiqi ilə yadda qalır. Əsrimizin birinci onilliyində Mahirənin poetik sözü onun "analı dünyası"nın  orbitində fırlanır. Başqa sözlə, şairə dünyaya fərdi yaşantılarının prizmasından baxır və onun cəmiyyət həyatına münasibəti "analı dünyası"nın metaforası, simvolikasında poetikləşir. 

Zaman taleyüklü problemlərlə daha sərt şəkildə üz-üzə qalanda sənətkar yaradıcılığının da yeni bir mərhələyə keçidi baş verir. Lirik "mən"in duyğu və düşüncələrində vətəndaşlıq mövqeyi daha sürətlə aktivləşir. O, özünü  millətinin və dövlətinin üzləşdiyi ağır sınaqların əhatəsində görür. Artıq bu zaman ictimai və siyasi baxışlar poetik düşüncəyə, sanki büsbütün hakim kəsilir və Mahirə Nağıqızının yaradıcılığında ikinci mərhələni yaradır. Düşünürük ki, "Haqqa çağıran səs" kitabında (2015), xüsusən, "Ruhuna beşiksə, tanı, Vətəndir" (2017), "Salam olsun" (2020) və başqa kitablarında toplanan şeirləri şairənin yaradıcılığının ikinci mərhələyə - yeni yüksəliş mərhələsinə keçidindən soraq verir. 

Bu gün 30 il erməni işğalı altında qalan torpaqlarımız azad olunmuş və biz tarixi bir qələbəyə imza atmışıq, son iki yüz ilin ən möhtəşəm şərəf tarixini yazmağa nail olmuşuq. Səbəblər haqqında düşünəndə, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin 2021-ci il noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edərkən vurğuladığı bir məqama xüsusi diqqət yetirmək lazım gəlir: "Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik".

M.Nağıqızının yaradıcılığının ikinci mərhələsi Ali Baş Komandanımızın millətimizin, xüsusən, gənclərin Vətən sevgisinin böyüklüyü, hüdudsuzluğu haqqında nikbin qənaətləri fonunda itirilmiş torpaqlarımız uğrunda ədəbi-bədii mücadilənin səmərəli nəticələr verməsi qənaətinə gəlməyə  əsas verir. "Salam olsun" bu mücadilə  hərəkatından doğulmuş kitabdır. Mahirənin şeirləri qələbəyə gedən yolu təsvir və tərənnüm edən mükəmməl poetik sistemə malik, kamil bir qəhrəmanlıq dastanının türküləri kimi oxunur. Bu dastanın "qəlbimizdə oxunan türkülərlə yarandığı"nı  şairə özü də "Al bayrağım" şeirində etiraf edir. Ruh ozan ruhu, deyim, ifadə tərzi hər an onun repertuarındakı türküləri xatırladır. Vətən torpaqları uğrunda qəhrəmanlıq mübarizəsinə təşviq edən, bu yolda sonsuz qəhrəmanlıq göstərənlərin şücaətlərini alqışlayan şeirlərdə "Oğuznamə" ruhunu görmək mümkündür.

Ozan ruhlu sənətkar I Qarabağ savaşından II Qarabağ müharibəsinə qədər xalqımızın keçdiyi əzablı yoldan, sonsuz ağrı və acılarımızdan, II Qarabağ savaşında əldə etdiyimiz analoqu olmayan qələbədən, millət övladlarının əfsanəyə çevrilən igidliklərindən bəhs edir. Qələbəmizin  tərənnümünü, poetik  sözün yaddaşında tarixləşməsini, xalqın qan yaddaşına hopdurulmasını sənətkar məqsədinə çevirir. Söhbət xalqın qəhrəmanlıq tarixinin bütöv bir mərhələsinin dastan ruhu, dastan poetikası ilə sistemli ifadəsindən gedir. Söhbət konkret bir mərhələdə xalqın göstərdiyi qəhrəmanlıq tarixinin poetik salnaməsini yaratmaqdan gedir. Sənətkar məramının dərki, "başlanğıcı, ortası və sonu olan" olan dastan süjeti kimi dərk etmək üçün onun şeirlərinin  ilk olaraq bütöv bir mətn kimi qavranılmasına, sonra da bədii əsər kimi "oxu"suna xüsusi ehtiyac var. "Son döyüşə hazır ol" şeirindəki aşağıdakı misralara diqqət yetirək:

 

Hədəfin düşmən olsun, o silahlı yalquzaq,

Get, yolun açıq olsun, xata-baladan uzaq.

Adına layiq olan şeir, mahnılar yazaq,

Uca işin naminə, son döyüşə hazır ol.

 

"Adına layiq olan şeir, mahnılar yazaq" misrası ozan-aşıq şeir ənənəsindəki dastan yaratmanı, dastan yaratmağa stimul verən ən həlledici amili işarələyir. Sənətkarın Vətənin müdafiəsi  naminə sonsuz şücaətlər göstərən, döyüşdən qələbə ilə qayıdan qəhrəmanları vəsf etmək, mahiyyətcə isə, dastan qəhrəmanına çevirmək ruhuna kökləndiyini göstərir:

 

Türkün ruhu haralarda dolaşır - 

Deyənlərə uca səsdən oxuyun.

Ləvin-ləvin səhifələr açılır,

Tükənməyən dürlü dastan oxuyun.

 

"Son döyüşə hazır ol" şeiri 2016-cı ilin aprelində, uzun illərin məğlubiyyət acısından sonra əldə etdiyimiz qələbədən ruh alaraq yazılmışdır. "Oxuyun" şeiri də Aprel döyüşlərində Azərbaycan ordusunun qazandığı zəfərə köklənən şair ruhunun poetik əksidir. Sənətkarın ordumuzun yeni-yeni qələbələrə imza atacağına inamından yaranan nikbin ovqatdan doğulmuşdur. Şairə sanki bu hadisələrdə yeni bir dastan süjetinin başlanğıcını görür, bu başlanğıcı poetik sözə çevirib Azərbaycan əsgərinin ruhuna hopdurmağı şeirin-sənətin, sənətkarın prioritet  vəzifəsi kimi dərk və bəyan edir. Yeni bir dastanın "başlanğıcı" bizi türkün tarixi qəhrəmanlıq dastanlarının ruhuna qovuşdurur. "Dədə Qorqud"da, "Koroğlu"da, "Alpamış", "Manas"da qorunan qəhrəmanlıq tarixini bu günümüzə daşıyır. Azərbaycan gəncliyini xalqımızın qəhrəmanlıq tarixi ilə tanış edir, bu tarixdən ibrət almağa səsləyir:

 

"Dədə Qorqud" boylarından danışın,

"Koroğlu"nun qollarından danışın,

"Alpamış"ın soylarından danışın,

Nə yazılıb, bay Manasdan oxuyun.

 

Q.Bayramov şairənin "Onun daş nağılı" kitabına "Son söz"də yazır ki, "onun təfəkkür palitrası yetərincə polifunksionaldır". Dəqiq müşahidədir. Ona görə dəqiqdir ki, bu nəzəri qənaəti Mahirə şeirinin az qala hər misrası, bəndinə aid etmək olar. Yuxarıdakı misralar və bütövlükdə Mahirə şeirinin dastanlarımıza xas qəhrəmanlıq ruhuna köklənməsi, postmodernistcəsinə desək, onları da yeni yaranmaqda olan dastanın tərkib hissəsinə çevirir. 

"Salam olsun" kitabında toplanan əsərləri bir dastan mətni kimi oxumaq  tendensiyası fərqli oxucu idrakının variasiyalarından biri kimi qəbul edilə bilər. Ancaq, toplunun dastan kimi oxunması üçün ona daha bir postmodernist baxışla yanaşmaq lazım gəlir. Elmi ədəbiyyatlarda göstərildiyi kimi, postmodernizmdə bədii mətnə dekonstruksiya prinsipi ilə yanaşma zərurətindən və onu destruksiya (sökmə) və konstruksiya (quraşdırma) əsasında idrak ehtiyacından söhbət gedir. Mahirənin bizə təqdim etdiyi mətn, ən azı, zaman baxımından qarışıqdır. Ancaq onu söküb, yenidən yığmaq olar. Şeirləri yazıldığı zamanın və inikas etdiyi hadisələrin ardıcıllığı ilə düzsək, bütövlükdə topluda - dastanda Azərbaycan xalqının taleyüklü tarixinin iki zaman kəsiyinə bölünən bütöv bir dövrünün işarələndiyini, hadisələrin, təsvir və təhlillərin zaman ardıcıllığını dəqiq təsəvvür etmək mümkündür. Bu dövr müstəqillik ərəfəsi və illərindən, 20 faiz torpaqlarımızı itirdiyimiz zamandan başlayır, II Qarabağ müharibəsində əldə etdiyimiz zəfər tarixi ilə bitir. Buna görə, vahid bir zamanın poetik ifadəsi kimi də dərk olunur. Ancaq əsərin ayrı-ayrı parçalarında müəllif ovqatı başqadır; dərdin baş alıb getdiyi parçalar da var, sevinc yaşlarının misraların ruhuna hopduğu parçalar da. Bütün hallarda, bu parçalarda dərin bir tarixilik duyğusu var və bu tarixilikdən kənarda şeirlərin  yazılmasına səbəb olan şair ovqatını başa düşmək mümkün deyil.

Topluda məğlubiyyət acısı ilə yaşadığımız bir qərinəlik zamanın şeirləri ilə II Qarabağ savaşında əldə etdiyimiz qələbənin təəssüratlarını ifadə edən şeirləri fərqli mərhələlərin poetik məhsulları kimi ayırmaq lazımdır. Ancaq topluda torpaq itkilərinin yaratdığı dərdli ovqatla torpaqlarımızın geri qayıdacağına əsaslı ümid yaradan, bir gözü ilə ağlayan, bir gözü ilə gülən şair əhval-ruhiyyəsinin poetik tərcümanı olan şeirlər də var ki, bunlar birinci zaman kəsiyində yer alan şeirləri iki yarımmərhələyə ayıraraq dərk etmək zərurəti yaradır.

İkinci yarımmərhələ  - 1916-cı ilin Aprel döyüşlərindən başlayıb, 44 günlük müharibə gününə qədər davam edən zamanı əhatə edir. Dastan poetikası nöqteyi-nəzərindən qiymətləndirsək, birinci mərhələni birinci, 44 günlük müharibə günlərindən bəhs edən mərhələni ikinci boy adlandırmaq olar. 

Birinci boy "Azərbaycan" şeiri ilə başlanır, fikrimizcə, 2019-cu ilin dekabrında qələmə alınmış "Aparsın" şeiri ilə bitir. "Azərbaycan" şeirini mərhələnin başlanğıcını işarələyən parça kimi də qəbul etmək olar, ancaq, fikrimizcə, onun topluda daşıdığı missiya daha genişdir və müəllif onu bütövlükdə başlamaq istədiyi bu dastanın poetik uvertürası kimi düşünmüşdür. 

Bu poetik uvertüra bizdə sənətkarın bir "Azərbaycannamə" başladığı haqda düşüncə-hiss formalaşdırır və səhifələr çevrildikcə, biz öz qənaətimizdə yanılmadığımızı görürük. Bu uvertüranın ardınca "Vətən" silsiləsindən onlarla poetik parça gəlir ki, bütün bunlar bizi Mahirənin "Azərbaycannamə"sini əsrin əvvəllərində M.Hadi, A.Səhhət kimi sənətkarların yaratdıqları "Vətənnamə"lərin davamı kimi dərk etməyə istiqamətləndirir. "Vətəndir", "Ay Vətən", "Vətən", "Vətən", "Vətən, ay Vətən" şeirləri şairənin "Azərbaycannamə" yaratmaq məqsədində israrlı olduğunu, vətəndaşlıq məramını gerçəkləşdirmək istəyinin ciddiliyini, konseptual estetik konsepsiyasını ortaya qoyur. Sonra "şəhidlik" mövzusunda silsilə şeirlər gəlir, daha sonra Xocalı faciəsinin ağrılarından doğulmuş şeirlər və s. 

Ali Baş Komandanımızın Şuşada hərbçilər qarşısında çıxış edərkən, Qələbəyə aparan səbəblər sırasında xüsusi vurğuladığı bir məsələni yenidən xatırlayaq: "Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı tarix unudulsun". Bu sözlərdən sonra torpaqlarının iyirmi faizini itirmiş xalqın sənətkar oğlunun (qızının) üzərinə düşən tarixi missiyanı təsəvvür etmək, yəqin ki, heç bir çətinlik doğurmaz. Mahirə şeirinin də belə bir missiyadan çıxışını xüsusi vurğulamağa heç ehtiyac da yoxdur. Şeirlərin adları da, ovqatı da ilk misradan son misraya qədər bu missiyadan çıxışı ortaya qoyur, hətta bu missiyanın yerinə yetirilməsində, S.Vurğunun dediklərini iqtibas etsək, səf-səf düzülən şairlər ordusunda Mahirənin yeri ön cərgəyə çıxır. Lakin bu bir həqiqətdir ki, "Vətənnamə" - "Azərbaycannamə" yaradılışında da, "20 Yanvar qatarı"na qoşulan şeirlərində də, itirilmiş torpaqlarımızla bağlı elegiyaların yazılışında da Mahirə şeiri estafeti sələflərindən alır, onların getdiyi yolun davamçısına çevrilir. Deyirlər ki, həqiqi sənətkar yaradıcılığa sələflərinin nöqtə qoyduğu yerdən başlayır. İstər-istəməz ortaya sual çıxır: ictimai-siyasi şəraitin təlqinləri, Vətənin taleyüklü məsələləri ilə bağlı sənətkarlarımızın dönə-dönə üstünə qayıtdıqları mövzulara yenidən qayıdanda Mahirə "həqiqi sənətkar" mövqeyi nümayiş etdirə bilirmi? Sənətdə ifadəsini tapmaq mənasında deyilməmiş "söz" qalmadığı vurğulanan məsələdir. Deməli, söhbət deyilmiş "söz"ə yaradıcı münasibətdən gedir. Xüsusi şəkildə vurğulayaq ki, bu yaradıcı münasibət Mahirə şeirində fərdi üslubun dominantına çevrilə bilir. "Azərbaycan" şeirini götürək. Başlanğıc bənddəki:

 

Azərbaycan -

Qayalarından uca,

Yaşımdan da cavan,

dünyadan qoca...

 

- misraları oxucu düşüncəsində M.Arazın "Azərbaycan - dünyam mənim" şeirini aktivləşdirir. Lakin Mahirə şeirinə hərarət, təravət verən, onda hissə, duyğuya və düşüncəyə təsir imkanları təmin edən cəhət odur ki, bütün misralar poetik mənalandırmada novatorluğun təmsilçisi kimi çıxış edir, tam bir özünəməxsusluğun məhsuludur:

 

Azərbaycan - 

Kürüm qədər lal, dəli.

Ahıllar qədər susqun,

Cahıllar qədər hikkəli.

 

Buradakı metaforik təsvir o qədər mental xarakter daşıyır ki, Azərbaycan adı ilə təmsil olunan xalqın  xarakterinə o qədər dərin nüfuzdan xəbər verir ki, bu torpağı, bu xalqı yaxşı tanımayanlar üçün açılmamış qala bilər, ancaq misralar milli oxucunun iliklərinə qədər işləyir. "Kürüm qədər lal, dəlilik", "cahıllar qədər hikkəlilik" milli xarakterdə dominantlıq yaradan xüsusiyyətlər kimi orijinal mənalandırmanı təmin edir və bütün bəndlərdə bu cür orijinal mənalandırmalar bir-birini əvəz edir, nəticədə poetik mükəmməlliyin və orijinallığın təminatına çevrilir. 

Şeirdəki misraların metaforik yükünün zənginliyi nəticə olaraq şeirin başdan-başa "polifunksional" (Q.Bayramov) məzmun daşımasına, ən qədim tarixdən üzü bəri yol gələn Vətənimizin obrazını bütöv təqdimə imkan yaradır. 

Şeir yazmaq klassika qarşısında imtahan verməkdir. Əslində zaman-zaman belə olub. Ancaq şeirin kütləviləşdiyi indiki zamanda bu, şeirə dəyər verməyin, elə bilirik ki, ən etibarlı etalonu funksiyasını yerinə yetirir. Bu nöqteyi-nəzərdən Vətən mövzusunda şeir yazan çağdaş şairin klassik poeziya imtahanından çıxması onun qələm məhsullarının yaşarılığının şərtinə çevrilir. A.Səhhətin "Könlümün sevgili məhbubu mənim" misrası ilə başlayan çox məşhur "Vətən" şeirini xatırlayaq.

A.Səhhət şeiri ilə Mahirə şeirinin yazılma tarixini yüz ildən artıq zaman ayırır. Ancaq bir iş var ki, A.Səhhət zamanında da, Mahirə Nağıqızının zamanında da Vətən özünütəsdiq üçün çabalayırdı. A.Səhhətin zamanında milli varlığın formalaşması, milli özünüdərk problemləri önə çıxmış, milləti təşkilatlandırmaq uğrunda mübarizədə ədəbiyyat, hətta öz missiyasını formalaşdırmaq zərurəti qarşısında qalmış, şairin Vətənə aid şeirləri də bu missiyanı gerçəkləşdirmək məramından doğulmuşdur. Taleyüklü problemlərin yenidən aktuallaşması, əldə olunmuş müstəqilliyimizin "əbədiliyi və dönməzliyi" (Heydər Əliyev) uğrunda mübarizə zərurəti, müstəqilliyimizə qorxu yaradan mənfur düşmən faktoru, itirilmiş torpaqlarımızla bağlı gələcək qarşısında cavabdehlik hissimiz, məsuliyyətimiz sənəti A.Səhhət zamanının missiyasından çıxışa qaytarır, itirilmiş torpaq ağrılarımızın sənət dili ilə ifadəsini sənətkarın Vətən qarşısında cavabdehlik hissinə çevirir, yaddaşımızı öləziməyə qoymurdu. Bu mənada, XX əsrin əvvəlləri ilə XXI əsrin əvvəlləri arasındakı məsafə qısalır, sənət ideoloji təbliğ funksiyasını öz üzərindən atıb Vətənin və millətin problemlərini prioritet məsələyə çevirirdi. Bədii "söz"ün qohumluğu da bu missiya yaxınlığından doğurdu. A.Səhhət şeiri ilə Mahirə şeiri arasında ifadə tərzi baxımından əsaslı fərq olsa da, ilk növbədə, onları Vətəni "sevgili yar" rolunda görmələri, bütün bədii mənalandırmaları bu kontekstdə davam etdirmələri birləşdirir. A.Səhhətin ilk dəfə Vətəni "sevgili" funksiyasındakı dərki zamanın bütün sınaqlarından çıxaraq yeni əsrin ilk onilliklərində də sənətkarın estetik məramı üçün davamlılığını qoruyub saxlayır. A.Səhhətin bir əsr qabaq etdiyi "elani-eşq" Mahirənin "Vətən, ay Vətən" şeirində aşağıdakı şəklə düşür:

 

Mahirə, dərd onun yoldaşı olmaz,

Kimin ki qəlbində yar havası var.

 

"Yar havası"nın estetik açılışının təfsilatına şairənin "Vətən" adlı başqa bir şeirində rast gəlirik. Qısa bir zaman kəsiyində Vətənə həsr edilən silsilə şeirlər yazmaq, bütün hallarda, şairin  özünütəkrarı qorxusu yaradır. Lakin Mahirənin şeirlərində bu halla rastlaşmırıq. Poetik istedadın Vətəni hər dəfə fərqli bucaq altından tərənnüm obyektinə çevirmək imkanı bir yana, təkrarsızlığın əsas səbəblərindən biri hər bir şeirin konkret tarixi situasiyaya vətəndaş şair reaksiyası kimi qələmə alınmasıdır. "Vətəndir" şeiri kimi:

 

Bu vətən deyilən torpaq deyil ki,

Ananın dizinin yanı - vətəndir.

Başını qoymağa bir sinə varsa,

Ruhuna beşiksə, tanı, vətəndir.

 

Şübhəsiz ki, bütün digər vətəndaş şairlərimiz kimi Mahirə də gələcəyə inamla baxıb; mübarizəmizin "bu gün də, yarın da" (R.Rza) davam edəcəyinə inanıb. Hardasa oxumuşdum ki, (deyəsən, Əlabbasın "Qaraqovaq çölləri" romanında) torpaq itkisi məğlubiyyət deyil, məğlubiyyət xalqın bu itki ilə barışdığı zamandan başlayır. Azərbaycan xalqı heç vaxt bu itki ilə barışmayıb. Dövlət siyasətimiz də elə qurulmuşdu ki, Ali Baş Komandanın dəqiq ifadə etdiyi kimi, "imkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun". Xalqımızın və dövlətimizin barışmazlıq siyasətində eyni bir hədəfə vurması son nəticədə bizi Qələbəyə qovuşduran amil oldu. Barışmazlıq siyasətinin ictimai-siyasi həyatımızda təzahür edən çox amilləri var. Və düşünmək olar ki, bütün amillərin hamısı Vətən sevgisindən keçib həyata vəsiqə alır və real gücə çevrilir. Bu mənada, düşünürük ki, Mahirə şeiri keçən hər gündə milli yaddaşı oyandırır, bu yaddaşda Vətənin obrazını bütövləşdirir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!