Türklük üçün yaşadı... - Azər TURAN

Azər TURAN

1879-cu ildə Sinopda doğulan Rza Nur sarsıntılarla dolu siyasi bir həyat yaşadı... "Oğuz dastanı"nın sonunda özünün də etiraf etdiyi kimi, "Misirdə, Parisdə dürlü təhlükələr keçirə-keçirə" ömür sürdü. Ölümündən dörd il əvvəl Türkiyəyə qayıda bildi. Ömrünün sonlarında İstanbulda Taksimdə Sülün Palasda "tənha, pərişan, bezgin və xəstə" yaşadı. 1942-ci ildə dünyasını dəyişən Rza Nurun məzar daşına Nihal Atsız bu sözləri yazdırıb: "Türklük üçün yaşadı, öldü".

Düşüncələri, xüsusən, Atatürklə bağlı yazdıqları Türkiyənin siyasi çevrələrində haqlı olaraq, bu günə qədər qınaqla qarşılanan Rza Nur, hər halda, müasir Türkiyə tarixinin maraqlı simalarından biridir. Hərbi həkim, tibb professoruydu. Əvvəlcə Məclisi-Məbusan üzvü, sonra ilk çağırış Türkiyə Böyük Millət Məclisinin deputatı da seçilmişdi. Milli hökumətin ilk təhsil naziri, Türkiyənin sağlıq bakanı vəzifəsində də çalışmışdı.

"Ən böyük iftixarım türk yaradılmağımdır. Bu qədər tarix oxudum... türk qədər böyük və yüksək bir tarixə malik millət görmədim" deyən Rza Nur 12 cildlik "Rəsmli və xəritəli türk tarixi"nin müəllifidir. "Son dövr tariximizin birinci sinif şəxsiyyətlərindən olan Rza Nurun bu kitabı milli həyəcanverici olması baxımından çox mühümdür" deyən Nihal Atsız etiraf edir ki, "Bu kitab milliyyətçi bir nəsli - bizim nəslimizi yetişdirmişdir". 

Parisdə yaşadığı illərdə "Oğuz xaqan" dastanını nəzmə çəkib. "Mən türkə eşqimdən ağlımı itirdim" deyə bu yolda yaşadığı iztirablardan bəhs edərkən: "Kəndim için deyil bunların heç biri. / Türk için yanmışdır bağrımın hər yeri. / Bunu bən sevərək yapdım. / Ne yapım? Türklüyə tapdım...", - deyə milliyyətçi şeirlər də yazıb, türk ədəbiyyatına dair çoxlu tədqiqlərin, "Şahnamə və Firdovsi", "Əlişir Nəvai", "Qayğusuz Abdal", "Namik Kamal" və b. kitabların müəllifidir. Folklor araşdırmaları var, opera mətnlərinin tərcüməçisi kimi də xeyli iş görüb, erməni tarixini də qələmə alıb, tibbə dair yazdığı əsərlər Almaniyada nəşr olunub. Türkiyədəki tarixi-memarlıq əsərlərinin inventarlaşdırılmasını maarif naziri olarkən, ilk dəfə o həyata keçirib və s.

Dilin sadələşdirilməsi ilə bağlı prinsipial mövqeyi vardı. Avropa mənşəli sözləri deyil, qədim türk sözlərinin canlandırılmasına tərəfdar idi və müəllifi olduğu 12 cildlik "Türk Tarixi" əsərini elmi dilin sadələşməsinə, qədim türk sözlərinin ehyasına nümunə olan ilk elmi əsər hesab edirdi. Türk dilini ərəb-fars tərkiblərindən təmizləməyi israrla tələb edirdi, eyni zamanda türkcədən çıxarılan həmin sözlərin yerinə Avropa mənşəli sözlərin alınmasını da qəbul etmirdi. Saf türkcənin tərəfdarıydı.

Rza Nur məfkurə adamıydı. Peyami Səfa 1941-ci ildə yazırdı ki, "Bu millətin kültür, əxlaq, siyasət, istiqlal, inqilab... hansı böyük davasına göz atsanız, orda Rza Nurun abidə halında böyük bir əsərini, fəqət bu əsərin arxasında heç bir qazanc və şərəf bəkləmədən özünü silən, haqq etdiyi şeylərdən imtina edən fərağətli insan çöhrəsini görərsiniz. Məşrutiyyət inqilabında Rza Nur, milli mücadilədə Rza Nur, Cümhuriyyət inqilabında Rza Nur... Davaların hamısında fədakarlıq şərt olunca Rza Nur mövcud. Fəqət, şərəf və mükafat almaq sırası gəlincə namövcuddur. Tariximizin fəlakət fəslində Rza Nur məşhur, mənfəət fəslində məchul bir simadır".

Övladı yox idi. "Həyat və xatiratım" kitabının üslubundan da aydın görünür ki, müəllif nevrozdan əziyyət çəkir. Və bu kitabdakı Atatürklə bağlı nevrozlu səhifələr Rza Nurun unudulmasına səbəb oldu. Onun türkçü obrazını zədələdi... Zədələsə də, Rza Nurun milliyyətçi keçmişinin üstündən xətt çəkə bilmədi. Həm də necə xətt çəkə bilərdi ki, beynəlxalq aləmdə Türkiyə Cümhuriyyətinin müstəqilliyini və hegemonluğunu təsbit edən Lozanna sülh konfransına Atatürkün göndərdiyi üç diplomatdan biri elə həmin bu Rza Nur olmuşdu.

 

***

Rza Nur Parisdə yazdığı xatirələrini qorumaq üçün 1935-ci ildə British Museum kitabxanasına bu şərtlə təhvil vermişdi ki, bu xatirələr 1960-cı ilə qədər oxunmasın.

"Atatürkü Qoruma Qanunu"na zidd olduğu üçün nəşri uzun müddət yasaqlanan "Həyat və xatiratım" əsərinin 1992-ci il nəşrindən bir parçanı ("Ədəbiyyat qəzeti"nin 31 mart 2006-cı il tarixli sayından sonra ikinci dəfə,) yenidən təqdim edirəm. İndi bu sətirləri yazdıqca xatırladım. 2006-cı ildə Rza Nurla bağlı yazım dərc olunan gün rəhmətlik professor Şamil Cəmşidov mənə zəng vurub Rza Nurun türk ədəbiyyatı tarixindəki yeri, xüsusən, onun yazıya köçürdüyü "Oğuz xaqan" dastanı barədə ürəkdolusu xoş sözlər demişdi. Əslində Rza Nur Azərbaycanda tanınmalı bir şəxsiyyətdir.

Onun Azərbaycana çox dəxli var. O mənada ki, Naxçıvanın Ermənistana verilməsini əngəlləyən türk diplomatlarından biri də doktor Rza Nur olub. Yəni o, Türkiyə dövlətinin - Atatürkün Naxçıvanla bağlı danışıqlar aparmaq üçün Moskvaya göndərdiyi diplomatik heyətin üç üzvündən biri olmuşdu. Xariçi işlər naziri Yusuf Kamal, Ali Fuat Cebesoy və Rza Nur 1921-ci ilin fevralında Moskvada Naxçıvanın statusu ilə bağlı məsələni Stalinlə müzakirə etmişdilər. Stalinin "Nə üçün Naxçıvan məsələsində bu qədər israr edirsiniz?" sualına, onlar Atatürkün "Çünki Naxçıvan türk qapısıdır" sözləriylə cavab vermişdilər. Bir sözlə, Naxçıvanın taleyi Rza Nurun da təmsil olunduğu diplomatik heyətin Stalinlə görüşdüyü günlərdə həll olunmuşdu. Stalin və Çiçerinlə davamlı və ağır müzakirələrdən sonra Stalin Türkiyə nümayəndə heyətinin tələbi ilə razılaşmağa məcbur olmuşdu ki, Naxçıvanın statusu ilə bağlı müzakirədə Ermənistan tərəfi iştirak etməyəcək, Türkiyə Naxçıvan üzərindəki himayə hüququnu Azərbaycana verir, bir şərtlə ki, Azərbaycan da bu himayə haqqını üçüncü bir dövlətə güzəştə getməmək barədə öhdəlik götürür. 1921-ci ildə Moskva müqaviləsi məhz bu şəkildə Azərbaycanın xeyrinə həll olundu. Həmin görüşdə Şərur-Dərələyəz məsələsi də Türkiyə Cümhuriyyəti və sovet Rusiyası arasında siyasi müzakirə predmeti idi.

Rza Nurun kitabından Moskva səfəri zamanı yolüstü Bakıda dayanarkən, bir neçə gün ərzində gördüklərini əks etdirən səhifələri ixtisarla (və zəruri ixtisarlarla) təqdim edirəm. Bu səhifələrdə tariximizin çox ibrətli məqamları, o cümlədən, Hacı Zeynalabdin Tağıyev ailəsinin kədərli taleyi, Nəriman Nərimanovun I Türkoloji Qurultay ərəfəsində əlifbaya və Kremlin siyasətinə münasibəti, Behbud Cavanşir və erməni terrorizmi və s. məsələlərlə bağlı çox ciddi mülahizələr də var...

 

Azər Turan

 

Doktor Rza Nur

 

"Həyat və xatiratım" 

Kitabından

 

Bakı

 

Yola çıxdıq. Bakıya çatdıq. Bizi hərbi mərasimlə qarşıladılar. Yaxşı bir evə yerləşdirdilər. Tiflisdə Qarsdakı kimi soyuq yoxdu. Bakı isə daha isti. Buraların iqlimi daha mülayim. Yayda isə çox isti olur. Şəhəri gəzdik. Avropa şəhərləri kimi. Ermənilər asudədir. Bir qisim türklər hərbi-ümuminin sonlarında və atəşkəsin əvvəllərində ingilis ordusunu çağırmışlar. Ermənilər türklərə hücum etmişlər. Burada hərb olmuş. Bizim ordu gəlib vuruşmuş. Bakını almış. Türkləri qurtarmış. Yusif İzzət Paşa komandasındakı bu ordu, Qafqaz dağlarına qədər irəliləmiş. Şəhər bu hərblərdən bir az mütəəssir olmuş. Xüsusən, ermənilər Türk cəmiyyəti-xeyriyyəsinin mühüm bir binasını yandırmışlar. Binanın skeleti durur. Neft ocaqlarını gəzdik. Buralar uzaqdan baxanda sərvilərdən ibarət bir ormana bənzəyir. Nefti quyulardan nasosla çəkirlər. Quyuların özü nadir hallarda fışqırır. Fabriklərini, xüsusən, Nobelin fabrikini gəzdik. Bir çox kranlar var. Palçıq kimi yerdən çıxan neft müxtəlif məhsullara (neft, qaz, benzin, vazelin və s...) ayrılıb müxtəlif kranlar vasitəsi ilə axır.

Qazanın dibində mazut qalır. İlk torpaqdan çıxan palçıq rəngindədir. İlk baxışda buna maye qızıl demək istəyirsən.

 

Tağıyev

 

Neft zənginlərindən məşhur bir Tağıyev vardı. Çox zəngindi. Yaxşı adamdı. Məşhurdu. Sərvətini türklərə sərf edər, onlar üçün məktəblər, xəstəxanalar açar, qəzet çıxartdırardı. Bolşeviklər bütün malını əlindən almışlar. Zavallı bir az sonra kədərindən ölmüş. Dedilər ki, evini ziyarət edək. Çox münasib idi. Getdik. Bizim İstanbuldakı Səlimiyə qışlasının bir cəbhəsi qədər əzəmətli bir bina. Dedilər: "Evi bu idi". Ufaq qapıya yanaşmışdıq. Beş-altı pillə nərdivanla yer altına endik. Bir mənzildə bəsit əşya. Bir xanım. Təqdim etdilər. "Tağıyevin xanımıdır", dedilər. Böyük ibrət!.. Düşməz-qalxmaz bir Allahdır, - deyirlər. Dinsiz də bunu deməli. Nə imiş, nə olmuş?.. Allah görünən-görünməyən bəladan saxlasın, deyirlər. Çox yerində duadır. Bir gün bolşevik deyilən adamlar gələcək, qiyamət qoparacaq, hər kəsin malını əlindən alacaqlar. Bir pula, bir çuvala möhtac edəcəklər. Kimin ağlına gələrdi. Görünməz bir qəza... Zavallı xanıma çox acıdım. Öz evinin zirzəmisində yerləşdiriblər. Təsəlli verdik, fəqət quru sözdən nə çıxar? Nə çarə var ki... Ədalət yerini tapsın.

 

Azərilərin qonaqpərvərliyi

 

Azərbaycan hökuməti bizə hədsiz gözəl yeməklər verir. Səhərlər qırmızı kürü və həm bol, həm də gözəl kərə yağı verirlər, hamımız da acgöz kimi yeyirik. Nə edək. Yerindəyik. Təzə və xoşdur! Ömrümdə belə gözəl kürü yemədim. Bir daha da bu fürsət ələ keçərmi? Bəzən dönə-dönə, heç duz vurulmamış, büsbütün təzə kürü də gətirirlər. Qaşıqla yeyirəm. Çörəyə qalın bir təbəqə kərə yağı çəkib üstünə barmaq qalınlığında kürü qoyur və dişləyə-dişləyə yeyirəm. Əli Fuad da belə çox yedi; fəqət zavallı mədəsini pozdu və sonra yeyə bilmədi. Xəstələndi və əməlli-başlı sıxıntı çəkdi. Şükür, mənə bir şey olmadı. İstədiyim qədər yedim. Günorta və axşam süfrədə yenə kürü və kərə yağı vardı. Anberyo düyüsü kimi uzun bir düyü ilə xörək bişirirlər. Bu çox ləzzətli plovun yanına toyuq, ət, bir tərəfinə də üzümdən hazırlanmış şirni əlavə edirlər. Doğrusu, çox ləzzətlidir. Bu plovdan da çox yedim. Azərbaycan hökuməti müsafirpərvər insanlardan təşkil olunub. Bizə qaragül dərisi, hər birimizə də iki gözəl əcəm xalısı hədiyyə etdilər. Mən almadım. Hətta Moskvaya gedərkən qaragül dərilərini, (qırxa qədər) stansiyaya gətirmişdilər. Vaqona qoyub getmişdilər. Geri dönərkən komissarlardan Behbud Şahtaxtinskiyə qaytardım. Xalçalar da səfarətxanada qaldı.

Darülmüəllimini gəzdim. Əvvəlcə bizdən müəllim gətirmişlər. Tərəqqi olmuş, fəqət ruslar gəlincə məktəbə zərbə vurmağa başlamışlar. Türk millətini istəmirlər. Məktəb isə milliyyətpərvərliyi aşılamağa başlamış.

Bir gözəl teatr var. Azərilər çox çalışırlar. Gənc türk qızlarından artist yetişdirirlər. "Leyli və Məcnun" kimi opera yaradıblar və bir türk bəstələmiş, oynayırlar. Bu halları çox xoşuma gəldi, fəqət hər şey ibtidai bir halda. Zərəri yox. Get-gedə tərəqqi edər. Zənn edirəm ki, vaxt gələcək, ən mühüm türk teatrı burada olacaq. "Leyli və Məcnun", "Arşın mal alan" və daha bir çox tamaşaya baxdım. Bu əsərlərdən toplaya bildiyim qədər topladım. Sinopda kitabxanadadır.

Azəri hökuməti kommunist bir cümhuriyyət. Komissarlardan təşkil olunmuş bir hökumət, bunun başında komissar olaraq doktor Nəriman Nərimanov var. Bu zat ağlı başında bir adam. Məlumatlıdır, mühərrirdir... Roman və pyeslər də yazmış bir zatdır. Tez-tez və təkbətək görüşdük. Baxdım ki, iyi bir adam. Ona etimad təlqin etdim. Açıldı və dedi ki: "Bolşeviklik nə? Bu rəzalət bizə gəlməz. Biz türkük, milliyyət ilə yaşarız".

Bir gün Nərimanov türkcə üçün latın hərfləri qəbul və tətbiq edəcəyini söylədi. Bunun tərəfdarıydı. Onu bu işdən vazkeçirmək üçün iki saata qədər söz söylədim. Və nəhayət, "Türk yalnız siz deyilsiniz, bu səbəblə bunu edə bilməzsiniz. Bu ümumi bir konqre ilə yapıla bilər. Həm də rusların, türklər arasına təfriqə salmaq üçün istədikləri şeydir", - dedim. Qane oldu. Vaz keçdi. Bu surətlə hərf dəyişikliyi üç dörd il geri qalmışdı.

Nəriman mənə Moskva haqqında yaxşı məlumat verdi. Bunun sözləri də Stalinin hakimi-mütləq vəziyyətində olduğunu göstərirdi...

Nərimanov çox xoşuma gəldi. Onu çox sevdim. Amma ruslardan yaman qorxur. Haqqı da var. Zarafat-filan bilməzlər. Dərhal insanı öldürürlər. Necə ki, bu zavallını da bir az sonra kənarlaşdırdılar və biçarə də öldü.

Doktor Nərimanova Türkiyə və Azərbaycan arasında müqavilə imzalamağı təklif etdik. Məqsədimizin Azərbaycanın müstəqilliyini tanımaq olduğunu söylədik. Can atdı, harasa gedib, gəldi. Mümkün olmayacağını söylədi. Bizim yanımızda Gürcüstan, Azərbaycan, Əfqanıstan, Dəmirxanşura, İran, Buxara, Xivə, Tatarıstan, Ukrayna və i.a. üçün bir çox səlahiyyətnamələrimiz vardı. Bunları harada tapsaq, dərhal müqavilə imzalayacaqdıq. Halbuki bizim hökumət xəyal içindəydi. Dəmirxanşura, Buxara bir dövlət deyil, birər rus müstəmləkəsindən başqa bir şey deyildi. Bu səyahətdə sadəcə Əfqanıstanla müqavilə imzalaya bildik.

 

Azərbaycandakı kommunist xunta

 

...Behbud Cavanşir adında birini tanıdım. Gənc, gözəl üzlü, fövqəladə dərrakəli və məlumatlı bir insandı. Vaxtı ilə Almaniyada mühəndislik təhsili alıb. Bolşeviklərin əleyhinə imiş. Ruslardan əvvəlki milli Azərbaycan Cümhuriyyətində nazirdi. Ruslar gəlincə onu həbs etdilər. Neft müəssisələrini kimsə dürüst işlədə bilmədiyindən Cavanşiri həbsdən çıxarıb ora təyin etməyə məcbur olurlar. O da işi yoluna qoyub. Bu adam çox türkçü və vətənpərvərdi. Mənə mühüm məlumat verdi. Cavanşiri Moskvadan dönərkən Tiflisə apardım. O vaxt ruslar Gürcüstanı almışdı. Onu ordan neft ticarəti üçün İstanbula yolladılar. Cavanşir zatən onların arasından sıyrılmaq istəyirdi. İstanbulda Bəyoğluda Perapalasda yerləşib. Vaxtiylə nazir ikən ermənilər Qarabağa hücum etmiş, türkləri qətliam etmişlər. Cavanşir də qoşun göndərib erməniləri vurmuş və Qarabağda asayişi bərpa etmişdi. Bu səbəblə bir gün ermənilər otelin civarında zavallını vurub öldürdülər. Cavanşirə görə hələ də yanıram. Belə zəki, ağıllı, vətənpərvər azəri türkü görməmişdim. Mühüm bir türk tələf olmuşdu. O vaxt İstanbulda ingilislərin hərbi məhkəməsi vardı. Erməniyə bəraət verdi. Guya Cavanşir Bakıda nazir ikən erməniləri qətliam edib. Bəraətə səbəb budur. Gülünc şey!.. Buna ədalət deyilməz, ədəbsizlik deyilər. Halbuki məsələ başqadır. Ermənilər Azərbaycanı, heç olmazsa, Qarabağı istila etmək istəyirdi. Azəri hökuməti də, təbii ki, buna cavab vermişdi.

 

Erməni terroru

 

Ermənilər məqsədlərinə çatmayanda terror edərlər. Əvvəlcə ruslardan qaçan milli Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsibi Araz çayı üzərində öldürdülər. Yanında pulu vardı, aldılar. Ter Minasyan Parisdə mənə: "Paraları ala bilmədik. Ruslar gəldi. Onlara qaldı", - dedi. Amma bu həqiqətdirmi? Bilmirəm... Hər halda, Nəsibi ermənilərin öldürdüyünü göstərir. Halbuki biz Bakıda ikən bu qətlin üstündə qaranlıq bir pərdə vardı. Kimsə aydın bir şey söyləmirdi. İştə görkəmli azəri xadimlərini ermənilər bir-bir öldürürdülər. Bu öldürülənlər Cavanşir ilə altı nəfər olmuşdu. Sonra Tələti və Türkiyə xadimlərindən də bir o qədər öldürdülər ki, sonuncusu Camal Paşadır. Halbuki hərbi-ümumidə bu adam əlli min ermənini ölümdən öz əlləriylə qurtarmışdı.

Əgər ermənilər bu sistemlə belə davam edərlərsə, türk gəncliyi də eyni şeyi ermənilərə yapmalıdır. Əks təqdirdə, belə çıxacaq ki, türklük ölmüş, həyat haqqı qalmamış, heysiyyətsiz bir millət olmuşdur. İndi ermənilərdə on iki nəfər dəyərli adam haqqımız vardır.

Burada Memduh Şövkət adında bir təmsilçimiz vardır. Muxtar xariciyyə vəkili olarkən təyin etmiş. Baxdım ki, yüksək ağıl sahibidir. Yaxşı təhsil görməyib, Avropa dillərindən heç birini bilmir, amma işləri çox gözəl yönəldir. Xoşum gəldi. Muxtarın gördüyü yeganə yaxşı iş Məmduh Şövkəti bura təyin etməsidir. Xalqın arasına girib, özünü sevdirib və elə bir etimad qazanıb ki, xalq hər sirrini gəlib ona söyləyir. Ondan məsləhət alırlar. Məmduh Şövkətdən də ətraflı məlumat alıram... Onun vasitəsiylə bir qrup azərbaycanlı ilə görüşürəm.

Gördüm ki, azərilərdən yuxarı təbəqə, təhsillilər o hala gəlib ki, hətta öz aralarında rusca monoloq söyləyirlər. Anlaşılır ki, rusca onlara ana dilləri olan türkcədən daha asan görünür. Demək, rus çar idarəsi və onun ruslaşdırma siyasəti əlli il də beləcə davam etsəymiş, Qafqazda da türk qalmayacaqmış... Bir vaqiə zikr etdilər: qırx il əvvəl Bakıda bir mollanın qızı rus məktəbində oxumuş, çadrasız küçəyə çıxmış, xalq üstünə tökülüşüb qızı öldürmüş. Bu vaqiə çirkin bir cinayətdir. Fəqət, digər tərəfdən baxanda xalqın sövq-təbii öz mənliyini və varlığını müdafiə etməsidir. Bu səbəbdən də cinayət deyil, böyük bir qəhrəmanlıq, böyük milliyyətpərvərlik, uca bir məziyyətdir. Bəli, oxuyub rus olan bir qız və ya oğlanın mövcud olmasındansa ölməsi daha yaxşıdır, yaxud bu təhlükədənsə türk balaları cahil qalsa, hər halda daha münasibdir. Türk çocuğu inkişaf etməli, fəqət, əsas şərt olaraq türk qalmalıdır...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!