Bütün sevdalar yolayrıcında başlar... - Elnur Uğurun şeirləri

Yaşa!

 

Yaşa,

Bu haqqını borclusan 44 günlük savaşa!

Şəhidlərin qanından cücərən azadlığın,

Varlığın!

Yaşa,

Yaşamaq ölümündən doğulmaqdı.

Doğulmaq ölümün üzünə ağ olmaqdı.

Sən ölümün üzünə ağ oldun,

Zaman-zaman göstərdin,

Sübhün elçiliyini təkcə dan yeri eləmir.

Zaman-zaman göstərdin,

Günün günorta çağında da zülmət yaşana bilir.

Və ya.

Bu dünya

Kiçikdir gülüşündən körpənin.

Sən sənə gedən körpünün

İlk pilləsində son pilləsini ucaltdın.

Sən ölümdən yox,

Olumdan-oluma körpü atdın.

Yaşa,

Bu sənin ən ali haqqın

Ay mənim tolerant xalqım!

Dözümün özü də dəyərdir -

İnsanlığa verilən dəyər.

Gələcək qarşında baş əyər

Bu gün ha bilməsinlər.

Sən ən uca yaradılış,

Sən ən ali davranış elçisisən.

Unutma, azərbaycanlı adını üstündə

"Zəfər" ordenitək gəzdirməlisən.

 

Kim bilmir...

 

Bu dünyada gördüyün nə varsa,

Bir-birinə söykənib durur.

Məsələn, dağ torpağa,

Torpaq suya,

Su, hardasa bir ovuc quruya.

Daş daşa söykənməsə qaya yıxılar,

İnsan inama söykənməsə,

Sabahı açmağa qoymaz qara yuxular.

Bu dünyada gördüyün hər nə varsa,

Bir-birinə söykəkdi,

Yer göyə söykənəcəkdi.

Uşaq vaxtı elə bilirdim üfüq xətti

Qapıdır.

Sonra bildim üfüq xətti gözlərimizin hicabıdır.

Hə, hər şeydə bir xətt olmalı.

Ümid o zaman söykənəcək tapmır,

Xətt keçilir.

Bu dünyada əsl bir xətt var,

Bəşər ona söykənir durur hələ ki

Kim bilir?

 

Həqiqət

 

Ən ağrılı həqiqətdi ölüm,

Hamımız həqiqəti sevirik əslində.

Bəzən sevdiyin də

Ağrılarını gizlədir hər üzündə.

Ölümü sevən varmı bir nəfər?

O zaman həqiqəti dərk etməyənlər

Çıxarıblar bu sözü.

Aldadırıq özümüzü

Həqiqəti sevirik.

Yəqin həqiqəti sevirik deyənlər

Özlərinə sərf etdiyinin

            olduğunu istəyənlərmişlər.

Biz yalanların adamıyıq, adam.

Yalanlarla uyumuşuq.

Uşaqlığımız nağıllarla,

Gəncliyimiz qadağalarla,

Yetkinliyimiz yetə bilmədiyimiz qatarda getdi.

Bu da bir yalan idi, yaşadıq -

Adına kimsə Gün dedi,

Kimsə nə isə.

Mən bir Gün görmədim ki...

Adına Gün deyəm bu yalanın,

Olanım, olmayanım.

Mənim deyilsə,

Mənim həqiqətim ən böyük yalandı.

Ən ağrılı həqiqət ölümdü,

Ölüm...

Qəm eləmə, gülüm!

Ölüm aşiqin vüsalıdı.

Vüsal elə şirindi ki,

Acılar unudulur.

Elə gözəl yalanlar doğulur

Ölüm onun yanında yalan olur.

 

İnsan adımı

 

Bu dünyada hər nə varsa

Öz ahəngindədi.

Səs var, damar rəngindədi -

Ha kəs, heç nə çıxmır.

Vallah, Allah adamı yıxmır,

Özü özünü yıxmasa.

Bədənin ritmini

Ruhdur tutan.

Ruhunu unudan

Ahəngini itirəndi.

İtirənlər vitrin-vitrindi

Bu dükan dünyada.

Özünü itirir ahəngindən çıxanda adam.

İtirənlər qazananların vecinə də deyil

Və bil,

Adam adamdan qopanda başlayır

Bu dünyanın ahənginin döş ağrısı.

Süd də vermir körpə sevgimizə həyat!

Ahəng pozulanda yayda yağış,

Qışda isti yandırır adamı!

Yıxılan birinə ayaq olmağım cəhənnəmə,

Dayaq ola bilmirəmsə,

Götürün adımın üstündən insan adını.

 

Diqqətli ol

 

Bütün sevdalar yolayrıcında başlar.

Yollar ayırır adamı özündən

Kiməsə qovuşdurmağa.

Bu dünyada yol olmağa,

Doğulanlara, gecəniz xeyir,

Səhər adamlar deyirəm.

Bilirəm.

O adamlara görə fırlanır yer də,

Göy də,

Özümüzük elə özümüz də,

Elə adamlara görə fırlanırıq hələ ki.

Durub yol ayrıcında

Saçımın ayrıcından boylanır ömrün iki üzü.

Bu dünyada hər baş üçün deyil

Yol ayrıcında ayrılmaq.

Ayaqları sürüyə bilməz o baş.

Əslində ən çətin yoldur ən hamar yol.

Hələ qabaqda çox yolayrıcı var, qardaş,

Diqqətli ol!

 

Narahatlığım

 

Bu narahat dünyada

Rahat yaşaya bilirəmsə,

Ən narahat adam mənəm.

Gözümə girəni görmürəmsə,

Demək, düz baxa bilmirəm.

Məni silkələmirsə qonşuma dəyən təpik,

Heç atom bombası da ayılda bilməz.

Mən

Bu qədərəm.

Kəmiyyət zərfliyinin

            elə sualı yox verə biləm özümə.

İncimə,

Adam adamda böyüyür,

Adam adamda kiçilir, ölür.

Amma adam adamdan keçmir indi

Heç mənada.

Mənim narahatlığım budur dünyada.

 

Ruhun zəlzələsi

 

Təpiyir dodağım, cadar-cadardı,

Suya susamışam suyun içində.

Get, çox ağladıbdı bu həyat məni,

Nolar, ağlayaram sənin üçün də.

 

Mən ruhu orucam, hər iftarımda,

Könül məbudumun eşqin nuş etdim.

Mən ürəyiyumşaq gəlmişdim yerə,

Məni yerdəkilər könlü daş etdi.

 

Suda su yanğısı yandırır ruhu,

Nə zaman adam ki, adamdan qopur.

Cismin öz üstündə artıqlıq edir,

Ruhun zəlzələsi dəhşətli olur.

 

 

Yaşadır

 

Çoxdan ölməli adamdım,

Nə qədər artıq yaşadım.

Adamdan adama damdım,

Gör, kimi kimə daşıdım?

 

Dünyalar dəyişdim təzə,

Hər dünya məzə, baməzə.

Könlümü verdim ki, sözə,

O gündən yoxdu yaşıdım.

 

Solumda sağlar var ölü,

İçini dəfn edib çölü.

Hər gün əkdiyim eşq gülü

Tər qönçə sabah yaşadır.

 

Gəlmişəm

 

Eşib torpağın bağrını,

Durulub haqdan gəlmişəm.

Sevgi fərmanı yazmağa

Eşq adlı taxtdan gəlmişəm.

 

Qibləm hər an qəlbə yönlü,

Arzum ərzə, ərşə ünlü.

Bu dünyaya mən ağgünlü,

Ağappaq baxtdan gəlmişəm.

 

Elnur Uğuram, dönmərəm,

Asılsam ipdən enmərəm.

Eşq atəşiyəm, sönmərəm,

Qurulmuş vaxtdan gəlmişəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!