Şirkətin bənövşəyi rəngli uniformasını geyinmiş xanım üzündəki təbəssümü dəyişmədən dedi:
- Rasim bəy, növbə sizindi. Buyurun otağa.
Akvariuma oxşayan ofis otağı binanın 24-cü mərtəbəsində yerləşirdi. Burdan baxanda şəhərin mərkəzi ayaq altda görünürdü.
Pəncərənin qarşısındakı şəffaf stolun arxasında üz-üzə əyləşdilər.
- Bütün hisslərim quruyub. Darıxıram. Hər yerdə. Hamının yanında. Burdan şəhərə baxıram, təsəvvür elədiyimdən də kiçikdi. Sıxır məni şəhər.
- Sizi anlayıram, Rasim bəy. Şirkətimiz sizlərə xidmət üçün qurulub. - Stolun sol küncünə işarət barmağını toxundurdu, planşet açıldı. Xanım səhifə butonlarını göstərdi: - Hisslər bölməsində xəyallar, arzulardı. Adamlar bölməsində "Dostlar". Baxın, hər yaşda, hər ölçüdə, cinsdə "dostlar"ımız var. Kiraladığınız müddətdə ağlınıza gələn münasibəti, rəftarı göstərməkdə sərbəstsiniz. Məqsədinizə uyğun gələni kiralaya bilərsiz. Bu bölmədə heyvanlardı: Burda da seçim böyükdür...
- Seçim eləmişəm. 31-ci mərtəbədən gəlirəm.
- Deməli, hisslər...
- Xəyal kiralamaq istəyirəm. Bilmirəm, axırıncı dəfə nə vaxt xəyalım olub.
- İndiki vaxtda ən münasib seçimdi.
- Qarışıq xəyal istəyirəm. "Səfeh xəyalı" mənə uyğun olar.
- Təbrik edirəm! Əla seçimdi, Rasim bəy. Bu xanaları doldurun. Rəsmiləşdirmə üç dəqiqədən az çəkəcək. 31-ci mərtəbədə sizi qarşılayıb xəyal otağına aparacaqlar. Bu xananı da doldurub ödənişi təsdiqləyin. Bitdi. Buyurun, sağ lift, 31-ci mərtəbə...
Rasim bəyi 31-ci mərtəbədə qarşılayan əməkdaş onu otağa gətirib çəhrayı üzlü kresloda əyləşdirdi. Biləyindən tutdu... "Bir neçə dəqiqəyə beyninizə "səfeh xəyalı" yüklənəcək. Əməkdaş xəbərdar edib proseduru başlatdı, otaqdan çıxdı.
Rasim bəy yarıuzanılı yuxarı baxırdı. Tavanın yerində səma görünürdü. Rasim bəy əlini uzatsaydı, buludlara toxunardı. Barmaqları göylərin nəmini hiss eləyərdi. Buludların üstünə çıxarsaydı, Günəş yandırardı...
Otağa hansısa bitkilərin məstedici ətri yayılırdı. Uzaqda yarpaqlara düşən yağış damcılarının səsi eşidilirdi. Otağın işığı diqqət dağıtmadan rəngini dəyişirdi.
Rasim bəyin meyit gözləri göyə dirənmişdir. "Bir adam kiralayıb döysəydim, bundan maraqlı olardı. Cavan, cüssəlli, məndən güclü birini yerə yıxıb təpikləmək... Bəlkə, həzz alardım" ağlından keçirdi. "Həzz almaq necə olurdu? Qıdıqlanmaq, yoxsa, ürpənmək?.." "Dağ kiralamaq. İt də götürüb dağlara getmək pis olmazdı. Getdim. Bəs sonra? ". "Xəyal qurmaq... Bəlkə, bir arzu kiralayaydım? Nə, məsələn? Arzulayardım ki... Arzulayardım... Arzum bu olardı ki, sonsuz bir xəyal qurum. "Səfeh xəyalı". "Deyəsən, axı şirkət müştərilərini aldadır. Beynimə nə yüklədi bu əyrəmçə? Tüstü məni zəhərləyir. Bu, sui-qəsddi." Rasim bəy kreslodan sıçrayıb durdu. Qapıya gedib itələdi, açılmadı. Tüstünün gəldiyi yeri axtardı. Havalandırma jalüzlərini görmürdü. İşıq hələ də aram-aram rəngini dəyişirdi. Hiss elədi ki, indi bu rəngdəyişmələr onun sinirlərinə toxunur.
- Açın qapını! Açın deyirəm! Açın! - Qapını, şüşə divarları döyəclədi. Dəhliz, işıqlar, paraleldəki otaqların qapıları, tünd şüşə divarları içəridən görünsə də, çöldən içəri görünmürdü. Rasim bəy liftdən çıxıb dəhlizlə otağa gələnə qədər buna fikir vermişdi.
Şüşəni sındırmağa ağır, küt əşya axtardı. Kreslo, bəlkə, şüşəni qıra bilərdi, onu da yerindən tərpədə bilmədi.
- Eşidirsən məni. Bilirəm. Aç qapını! Məni burda saxlamağa heç kimin ixtiyarı yoxdu! Zəhərləyib öldürmək... Yox! Bunu heç kim bacarmaz!
Şəhərə baxan şüşələri yumruqladı, çiyinlə sındırmağın mümkün olmadığını anlayanda çarəsiz dayanıb baxdı. Alnını, qulaqlarının yanında ovuclarını şüşəyə yapışdırdı. Burnu əzilib üst dodağına dəyirdi. Gözünü qırpanda kirpikləri şüşəyə sürtünürdü. Aşağıda şəhərin işıqları sayrışırdı. Rasim bəy hardasa uzaqda binoklla baxan adama özünü göstərmək istəyirdi. İstəyirdi qarşı binanın pəncərəsində kim varsa, onu görsün. Özünü göstərmək üçün şəkildən-şəklə düşdü.
Hava qaraldıqca qarşıdakı binanın pəncərələri aydınlanırdı, otaqlarda çırpınan, özlərini şüşələrə çırpan adamlar görünürdülər. Yalqız adamlar, boş adamlar, ölü adamlar... Binaların pəncərələri də yaxın adamlar kimidi; yan-yana, alt-üst olsalar da, bir-birlərinin içlərini görmürlər.
İçəri dolan bitkilərin ətrindən başı ağırlaşır, gicgahlarında döyüntülər hiss edirdi. Kürəyi iki yerdən bıçaqla kəsilirmiş kimi ağrıyırdı.
- Məni kim sifariş verib? Aldatmaq! Yox! Belə asanlıqla məni öldürmək olmaz!
Damcı səsləri artırdı. Saçında, dərisində iri damcıların nəmini hiss eləyəndə başını qaldırıb baxdı. Damcılar üzünə töküldü. Gözünü qıydı. Bulud görünmürdü, amma yağış getdikcə şiddətlənirdi. Su topuğuna çatanda anladı ki, içəri divarlardan su süzülür.
- Üzə bilirəm. Məni çətin boğasız. Əvvəllər balıq olmuşam. - Qəhqəhə çəkdi. - Yağ! Yağ!
Kürəyinin kəsikləri dəhşətli dərəcədə qaşınmağa başlamışdı. Yaş paltarlarını dartıb başından çıxartdı. Kürəyini divarın küncünə sürtdü. Ağ küncə qan bulaşdı, yayıldı. Yağış yuyub axıtdı. İçinə dolan doğuş sancısından qıvrılıb bağırdı. Kürəyinin kəsiklərindən şəffaf arı qanadları qırışını xışıltıyla açıb, şaxlandı. Taqəti kəsiləndə dizlərini yerə qoydu. Su sinəsinə qədər qalxmışdı. Qanadlarını tərpətmək istədi, çalmağa çalışdı. Qanadlarının yerinə qolları tərpənirdi. Durub yenə pəncərəyə yapışdı. Qarşı pəncərələrdə arılar uçuşurdu. Çölə dəlik axtarırdılar.
- Mən uça bilirəm! Uçaram. Mən arıyam. Arılar uçur. İndi uçaram. Uçaram...
Şalvarı cırıldı. Belini sıxan kəməri açdı. Budunun başı şişdikcə aşağı sallanırdı. Bədəni ağırlaşırdı. Əllərini şüşəyə yapışdırıb özünü ayaq üstə güclə saxlayırdı. Yuxarı dartınır, uçmaq istəyirdi.
Yağış birdən dayandı. Son damcı düşəndə otağın qurşağa qədər qalxmış suyu bir anda çəkilib getdi.
- Qanadlarımı aça bilmirəm. Tərpənin! Hə! Tərpənin!
Pəncərənin şüşəsində əksini görürdü. Qanadlarına güc verdikcə sinəsinin əzələləri yığılıb boşalırdı, qolları tərpənirdi, di gəl, qanadına siqnal getmirdi.
- Mən arıyam. Qanadlarımı tərpətməliyəm. Uçmalıyam. Burda ölə bilmərəm.
Hiss elədi ki, səsi vızıltı kimi çıxır. İndi bu vızıltıyla onu heç kim başa düşməz. Arxası yerə dəyirdi. Ayaq üstə durmağa taqəti qalmadı. Yeriyə bilmədi. İməkləyə-iməkləyə gedib kresloya qalxdı. Dizlərinin, dirsəklərinin üstündə durub çölə baxdı. "Görəsən, insanın qanadı olsa, uça bilərmi? Necə tərpədər qanadlarını?" Ağlından keçirtdi. "Görəsən, adamlar da arılar kimi darıxır? Arılar kimi yalqızdılar?"
- Rasim bəy, xəyalınızın kirayə vaxtı bitdi. - Əməkdaş onun yanında dayanmışdı. Ucu iynəli naqilləri onun biləklərindən çıxarıb kənara qoydu.
Bir müddət əməkdaşa baxdı. Sonra otağa, çevrilib pəncərəyə boylandı. Durub yaxınlaşdı. Qarşı binanın pəncərəsində adamlar şüşələri döyəcləyirdilər, şəkildən-şəklə düşürdülər...
- Rasim bəy, inanıram ki, xidmətimiz ürəyinizcə oldu. Başqa istəyiniz varmı?
- Əslində, xatırlamağı yaxşı bacarmıram. Təsadüfən yadıma kəndimizin çölləri düşdü. Uşaqlıq illərindən bir səhnə. Şüşə balona arını salıb qapağını bağlayırdıq. Qapağın deşiyindən siqaret tüstüsünü içəri üfürürdük. Gözləyirdik görək çiçəklərin ətrinə öyrəşmiş arı tütün tüstüsündə nə qədər yaşayar. İndi sizdən şüşə balona salınmış arı kiralamaq istəyirəm.
- Siz bir işçi arının xəyalındasız. Gerçək olan arı bəydi.
- Bəsdi, bu ola bilməz. Yaxşı. Daha "Səfeh xəyalı" qurmaq istəmirəm. Buraxın məni. Oyadın. Nə lazımdırsa, edin. Kəndimizin çöllərinə getmək istəyirəm. Məni həqiqətə qaytarın.
- Şirkətimiz sizə həqiqəti kiralamağı təklif edir. İyirmi dördüncü mərtəbəyə düşün. Gözləmə zalında əyləşin. Əməkdaşımız sizə yaxınlaşacaq.
Şirkətin bənövşəyi rəngli uniformasını geyinmiş xanım üzündəki təbəssümü dəyişmədən dedi:
- Rasim bəy, növbə sizindi. Buyurun otağa...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!