***
Hərdən darıxıram... Kiminçün? Niyə?
Bəlkə dünənimdi, bəlkə sabahım?
Məni darıxmağa sövq eləyirsən,
Darıxmaq ən çətin işdi, Allahım.
Hərdən darıxıram... natamam kimi,
Deyirəm, yerinə oturar daşlar.
İçimdə yüzillik müharibələr,
Asilər, üsyanlar, qanlı savaşlar...
Dayanıb dünyanın tən ortasında,
Hərdən darıxıram sükut içində.
Nəyim var, nəyim yox, tək daşıyıram,
Mən tək daşıyıram, sakit, içimdə.
Ürəyin çəkilər olub-keçəndən,
Ürəyin şəklini çək darıxanda.
Hər kəsin dərdi var özünə görə,
Sanma ki, sən təksən, tək darıxanda.
Hərdən darıxıram, a qara gözlüm,
Bir qullab siqaret, bir udum ömür.
Yüz il ibadət et, min il elm oxu,
Həyat öz sirrini demir ki, demir.
Mən nəyin fikrini çəkirəm axı?
Bu dünya beşgünlük deyilmi, dostum?
Sənli xatirələr qurusun deyə,
Göz yaşımla yudum, kiprikdən asdım.
***
Hər dəfə yaxınlar çox uzaq olur,
Keçib dayanırsan xəyallarımda.
Sənin saçlarının qoxusu cənnət,
Hər gün oynayırsan xəyallarımla.
Səni unutmağı kəşf edəmmədim,
Dünya orbitinnən çıxsa da, varsan.
Səndəmi həsrətə nəğmə qoşursan?
Səndəmi dərdinə, qəminə yarsan?
Qara saçlarını küləklər öpür,
Yağışlar darayır... hansı fəsildi?
Zərif həqiqətin məğlub olmağa
Ürkək baxış kimi çox tələsirdi.
Hardasan, hayana üz tutum gəlim?
Qibləmi itirən zəvvar kimiyəm.
Hələ də özümü tapa bilmirəm,
Sənsizəm, səssizəm, divar kimiyəm.
Sanki nağıl idin... sonuncu görüş -
"Qış parkı"... Suallar önündə nidan.
Bütün nağılların səbəbkarısan,
Saçından asılan sehrli qadın.
Mən ola bilmədim Məlikməmmədin,
Çıxara bilmədim quyudan səni.
Sənin hörüklərin div əllərində,
Bu həsrət kökündən qurudar səni.
Sən sevən könlümün talan tərəfi,
Fikrimi əlimdən alan tərəfim...
Sevgi həqiqətin yalan tərəfi -
Şirin nağıllarla uyudar səni.
Söz ölüb gedirsə, səs yox olursa,
Unudar bu dünya, unudar səni.
***
Bilirsən, ayrılıq nə vaxt başladı,
Mən sözü sevirdim, sənsə özünü.
Sənin arzuların tamam başqadı,
Mənim arzularım qışın uzunu.
Bilirsən, ayrılıq nə vaxt başladı,
Ağlın ürəyini üstələyəndə.
Həyat dəyişməyir şah gedişini
Ki, mən istəyəndə, sən istəyəndə...
Bilirsən, bilməmiş olmazsan daha,
Bütün saf hisslərə arxa çevirdin.
Bəlkə də yuxuydu gördüklərimiz,
Nə mən aşiq idim, nə sən sevirdin.
Mən gəldim, qısaldı yollar, ləpirlər,
Qayıdıb gələrdin sevsəydin əyər.
"Sonrakı peşmanlıq fayda gətirməz,
Daldan atılan daş topuğa dəyər".
Bilirsən, ayrılıq nə vaxt başladı,
İlk gündən... üz-üzə... qəfil... bir anlıq...
Bu sevgi əbədi yaşasın deyə,
Düşdü aramıza zülmət qaranlıq.
Sənsiz günlərimə günəş doğmadı,
Qaytara bilmədik geriyə vaxtı.
Həsrətə əyildi ahıl ömrümüz,
Bahar gəncliyimiz bizdən uzaqdı.
İndi xatirələr səni göynədir,
Cəzanı özün kəs, fərman sənindi.
Burda bir ürək var, dərdi köhnədi,
Sevginə məzardı, eşq məskənindi.
Sən getdin, dağıldı sevgi dünyası,
Payıza bələndi sevgi yollarım.
Sənə yuva idi isti nəfəsim,
Sənə vətən idi şeir qollarım.
Mən sənə yazmıram şeirlərimi,
Adın çiçəkləyir söz dodağımda.
Bir qıvrımsaçlı qız qoyub gəlmişəm
Ömrün o tayında, gənclik çağımda.
O qıvrımsaçlı qız nağıla döndü,
Yollar gedənindi, gələn gedərmiş.
Qıvrım saçlarından əsər qaldımı,
İndi anladınmı ömür hədərmiş?
Mən sənlə doğuldum, sənlə yaşadım,
Üç günmü, beş günmü, nədirsə, odur.
Sənsizlik bürüyüb bütün dünyamı,
Bütün şeirlərim sənsizlik dadır.
İndi bir arzudur səninlə olmaq,
Yolları geriyə kim qaytaracaq?
Bütün əzablardan xilas olmağın,
Sadə bir yolu var: UNUTMAQ, ancaq!
Mən uzun yazmazdım şeirlərimi,
Sən olan misralar tükənmək bilmir.
Bizim sevgimizi dəfn eləyiblər,
Onu da bilirəm, ölən dirilmir.
***
Kimsə kimsədən üstün deyildir,
Çoban da birdir, sultan da birdir.
Birgədir Onun adı eşq ilə,
Bu can da birdir, bu tən də birdir.
Qoca dünyadı, ixtiyarlanıb,
Səsi karlaşıb, sözü korlanıb...
Alan aldanıb, satan varlanıb,
Alan da birdir, satan da birdir.
Mələk solunda, fələk sağında,
Tikanlar bitir sevgi bağında.
Papaq altında, fil qulağında,
Oyaq da birdir, yatan da birdir.
Ömür şərbətin içən də insan,
Sirat körpüsün keçən də insan...
Öz qismətindən qaçan da insan,
Uduzan da bir, udan da birdir.
Sevgidən sözə axan işıqla,
Səmadan Yerə yağan işıqla,
Şəfəq yerindən doğan işıqla,
Qürub yerində batan da birdir.
***
Gedirsənsə, sözüm yox,
Ruhumu dondur və get.
Zülmət elə dünyanı,
Günəşi söndür və get.
Ayrıl təndən can kimi,
Ən doğru yalan kimi.
Ardınca ilan kimi
Məni süründür və get.
Bu eşq, bu əl, bu ətək,
Havasına oyna tək.
Sal əlindən aynatək,
Könlümü sındır və get.
Kəs sözün kələyini,
Tut arzu-diləyini.
Bu eşqin mələyini
Göylərdən endir və get.
Geyin sevgi tacını,
Get, axtar əlacını.
İçimdəki acını,
Ağrını dindir və get.
Dünya səssiz bir oda -
O da sənsiz dünyada.
Gedirsənsə, əlvida,
Yol gedənindir... Və get...
Bu sevgi düşməz ələ,
Yarım qalmışıq hələ.
Qayıtmaqla müjdələ,
Məni sevindir və get.
***
Batan Günəş kimi, doğan Ay kimi,
Çəkib aparırsan bütün yolları.
Yolçusu olmuşam hər səhər-axşam
Bu asan yolların, çətin yolların.
Canım əllərində, bir div misalı,
Ürəyim döyünür daş qəfəsində.
Min ilin yükü var, iztirabı var
Həlim baxışında, həzin səsində.
Mən səni hələ də oxuyammıram,
Daş üstə yazılan qara baxt kimi.
Eşqini başıma tac eyləmişəm,
Könlümə qurmuşam qızıl taxt kimi.
Ağ atlı oğlanın ola bilmədim,
Tilsimi qırılmır nağılların da.
Acı xatirələr, şirin xəyallar
Uyuyur çəkdiyin ağrılarında.
Ümidə bələnər yolların sonu,
Hüzura qərq olar qaranlıq oda.
Bir quru ad qalar, bir də məhəbbət
Bu fani dünyada, yalan dünyada.
Kimsəyə açmadım könül qapımı,
Sənə əllərimi uzatdığımtək...
Varlığın sonuncu ümidim olsun,
Daha yoxluğunla barışam gərək.
Batan Günəş kimi, doğan Ay kimi,
Çəkib aparmısan bütün yolları.
"Tanrıya ucalan minarə kimi,
Ardınca uzalı qalıb qollarım".
***
Səndən sonra çiçəklərin ətri yox,
Səndən sonra həyat qəmli kitabdı.
Ümidlərim çiliklənib güzgütək,
Xəyallarla yaşamağım əzabdı.
Səndən sonra nə mənası rənglərin?!
Şeirdi də, yazıram, baş qatıram.
Səndən sonra söykənəcək kimsə yox,
Xatirələr dənizində batıram.
Bu sevgidə kim ağıllı, kim dəli,
İllər aldı, qalmadı ki, bir dəlil.
Nə fərqi var, hansı aydı, hansı il?
Səndən sonra günü-günə satıram.
Gizli-gizli görüşlərin xatirə,
Baxışların, gülüşlərin xatirə.
Gedişlərin, gəlişlərin xatirə,
Xatirələr qucağında yatıram.
***
Fərz edək, mən səni sevmirəm daha,
Fərz edək, hələ də qarşılaşmadıq.
Həsrətə, hicrana, kədərə, aha -
Ayrılıq adında hər sözə yadıq.
Fərz edək, bilmirik ayrılıq nədir,
Fərz edək, sən ayrı, mən ayrı kəsəm.
Eşqin mərhəmətdir, qəmin fitnədir -
Fikrimi dərdinə kölə bilməsəm...
Bəlkə qanamazdı qara saçların,
Bu qanlı əllərim kama çatsaydı.
Ruhuma süzülən lal baxışların
Hələ deyilməyən söz yaratsaydı.
İsbata ehtiyac qalmazdı daha,
Sevgisiz bu dünya boşdu, fərz edək.
Sevgiyə daş heykəl qoyanlar bilər -
Sevməyən ürəklər daşdı, fərz edək.
***
Yüklənir söz üstə, hopur səs üstə
Sənin tənhalığın, mənim təkliyim.
Ah kimi doğulur hər nəfəs üstə
Sənin tənhalığın, mənim təkliyim.
Sözlərə çəkirik qəmin ömrünü,
Toplayıb çıxırıq cəmin ömrünü.
Yaşadır bizlərə kimin ömrünü,
Sənin tənhalığın, mənim təkliyim?!
Mən ki, şükr edənəm yaxşı, pis günə,
Asi olmadım ki, dərdin üstünə.
Məni məftun edib sənin hüsnünə,
Sənin tənhalığın, mənim təkliyim.
Vətənsiz qalmışıq vətənimizdə,
Biz qərib ruhlarıq bədənimizdə.
Yaşayır bu canda, bu tənimizdə
Sənin tənhalığın, mənim təkliyim.
Bəlkə xilas edər möcüzə bizi,
Çıxarar yoxuşdan bir düzə bizi.
Sonradan gətirdi üz-üzə bizi
Sənin tənhalığın, mənim təkliyim.
Bu yağan yağışlar yağmadan əvvəl,
Bu yollar çay kimi axmadan əvvəl,
Bizi dost eylədi, doğmadan əvvəl
Sənin tənhalığın, mənim təkliyim.
Həyat yanımızda, amma uzaqdır,
Bir üzü qaradır, bir üzü ağdır.
Bəlkə də ölçüdür, nizamdır, haqdır,
Sənin tənhalığın, mənim təkliyim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!