Ümidlə işıqlanan dostluq - Əfruz MƏMMƏDOVA

Sirli seyfin 86 illik tilsimi belə qırıldı...

Bu hadisə uzun illər əvvəl baş verib.

Bir gün anam Bəhicə xanıma Lənkərandan uzaq bir qohum zəng vurdu. O, qəzetlərin birində babam Xalid Səid Xocayev haqqında gözəl yazı oxuduğunu və yaxın vaxtlarda dostlarının vasitəsilə bu qəzeti göndərəcəyinə söz verdi.

Anam hər dəfə mətbuatda atasının adı hallananda həyəcanlanırdı. Bu dəfə də elə oldu. Bir çox elmi əsərlər yazan türk alimi, tərcüməçi və dilçi Xalid Səid Xocayev 1937-ci ildə repressiyaya məruz qalaraq edam edilib. Bu hadisə qızının ruhunda sağalmamış yara olaraq qaldı. Beləliklə, o, qəzeti səbirsizliklə gözləməyə başladı. Bir neçə gündən sonra onu gətirdilər.

Məqalə "Bu dünyada bir Xalid Səid var idi" başlığı ilə dərc edilmişdi. Onun altında müəllifin imzası var idi: Azər Turan.

Həmin illərdə alimlər və jurnalistlər Xalid Səid Xocayevin irsi ilə daha fəal maraqlanmağa başladılar. Amma Azər Turanın məqaləsi o qədər məzmunlu və emosional idi ki, anam müəlliflə çox maraqlandı və onunla tanış olmaq arzusunu bildirdi.

Azər Turan onun telefon zənginə dərhal cavab verdi və evimizə gəldi. Demək olar ki, Bəhicə xanımın Azər Turanla, yəni yaradıcılığında Xalid Səid Xocayev irsinə böyük yer ayırmış və bu alim haqqında məlumatların açıqlanmasında böyük rolu olan bir insanla uzunmüddətli dostluq və əməkdaşlıq əlaqələri həmin günlərdən başladı.

İlk gəlişində Azər Turan anam ilə çox uzun və ətraflı söhbət etdi. O, ilk dəqiqədən səs yazıcısını işə salaraq anamın hekayəsindən bir kəlmə də olsun itirmək istəmədi. Öz növbəsində ona etimad göstərən Bəhicə xanım atasının həyat və yaradıcılığı ilə bağlı bildiyi bütün faktları dilə gətirməyə başladı. O, şəxsi xatirələrini və yaxınları ilə bağlı xatirələrini bölüşdü, əlindəki bütün arxiv sənədlərini göstərdi, Xalid Səidin yaradıcılığından, bədii ədəbiyyatdan Azərbaycan dilinə tərcümələrindən danışdı.

Azər Turan anamın hekayələri və müxtəlif arxiv materialları əsasında Xalid Səid Xocayev haqqında kitab yazdı ki, bu da alimin həyat və yaradıcılıq yolunu, elmi əsərlərini, Azərbaycan elminin inkişafına verdiyi töhfəni hərtərəfli işıqlandıran ilk əsərdir.

Bu kitabda Xalid Səidin əsas əsəri - XI əsr türk mədəniyyətinin məşhur abidəsi olan Mahmud Qaşqarının "Divani lüğat-it-türk" əsərinin tərcüməsindən ətraflı bəhs olunurdu. Xalid Səidin əlyazması lüğətin ilk və yeganə tam tərcüməsi və təfsiri idi. Təəssüf ki, Xocayevin bu əsəri həbs zamanı müsadirə olunmuş və sonradan itmişdi.

Bu əlyazmanın itirilməsi təkcə Azərbaycan elmi üçün böyük itki deyildi, eyni zamanda, uşaq ikən atasının onun yaradılmasında necə işlədiyini, onu yazmağa nə qədər zəhmət və vaxt sərf etdiyini xatırlayan anam üçün böyük ağrı idi.

Bəhicə xanım atasının əlyazmasının bir gün tapılacağı və gün işığına çıxacağı arzusunu Azər Turanla tez-tez bölüşürdü. Uzun illər Azər müəllim onu o əlyazmanı tapılacağına inandırdı və onu tapmaq üçün bütün səylərini əsirgəməyəcəyinə söz verdi.

Azər Turan Xalid Səid Xocayev haqqında kitab nəşr etdikdən sonra onun irsi haqqında bir sıra məqalələr dərc etdirmiş, orada "Divani lüğat-it Türk" əsərini tez-tez xatırlatmışdır. Özü də onu tapmaq üçün çox səy göstərdi və bir gün Xalid Səidin əsas kitabını görmək ümidi ilə anamı dəstəkləyirdi.

2009-cu ildə ailəmiz Kanadaya köçdü. Anam vətənindən uzaqda olsa da, Azər Turanla əlaqə saxlamağa, ona göndərilən yazıları oxumağa davam edirdi. Lüğətin əlyazmasının mütləq tapılacağına və nəşr olunacağına inamla danışması anamı çox ümidləndirdi. Ana bu ümidlə yaşayırdı və həqiqətən onun sözlərinə inanırdı.

Bu məsələdə taleyin çoxlu sirləri və əlamətləri var. Təsadüfi deyil ki, anamın həyatında sonuncu telefon danışığı Azər Turanla oldu. Anam həmin gün yuxuda Azər müəllmi görmüşdü. Zəngləşdilər. Yenə də Mahmud Qaşqarının lüğətindən və onu axtarmaq barədə danışırdılar. Son söhbətlərində Azər Turan dedi: Söz verirəm ki, atanızın itirilmiş əlyazması tapılacaq. Təəssüf ki, bu söhbətdən bir neçə saat sonra anam dünyasını dəyişdi.

Anamın ölümündən iki il keçdi. Bu müddət ərzində bir çox alim və jurnalist Xalid Səidin irsi ilə maraqlanmaqda davam etdi, çoxsaylı məqalələr və kitablar nəşr olundu - həm Xalİd Səidin kitabları, həm də onun haqqında materiallar. 2022-ci ilin sentyabrında Azər Turan mənə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş yeni yazısını - ""Sirli" seyfin tilsimini kim qıracaq, yaxud "Divanü Lüğat-it-Türk"ün Azərbaycanda ilk tərcüməsi niyə üzə çıxarılmır?" məqaləsini göndərdi. Bir neçə gün sonra ondan məktub aldım. Yazırdı ki, Bəhicə xanımın arzusu gerçəkləşmək üzrədir. "Bu yaxınlarda sizi gözəl bir xəbərlə sevindirəcəm. Sizi təbrik edirəm. Xalid Səidin tərcümə etdiyi Divan tapılıb". Həqiqətən əlyazma möcüzəvi şəkildə tapılmışdı və Azər Turan "Sirli seyfin səksən altı illik tilsimi qırıldı. Xalid Səid Xocayevin tərcümə etdiyi "Divanü lüğət-it-türk" nəşrə hazırlanır" sərlövhəli məqalə dərc edərək, bu hadisə ilə bağlı "Ədəbiyyat qəzeti"ndə geniş məlumat verdi və həmin gün qəzetin PDF variantını mənə göndərdi.

2024-cü ildə Xalid Səid Xocayevin tərcüməsində Mahmud Qaşqarının "Divani lüğat-it türk" əsərinin əlyazması nəşr olundu. Bu iri və mürəkkəb işi professor Nadir Məmmədli və bir qrup türkşünas alim həyata keçirmişdi.

Noyabrın 8-də Nyu-Yorkda YUNESKO-nun proqramı çərçivəsində Azərbaycanın YUNESKO-dakı nümayəndəsi Vəfa Abdullayeva bu əlamətdar hadisəyə həsr olunmuş tədbir keçirmişdir.

Mənə bu görüşdə çıxış etmək imkanı verildi və şəxsən ailəmizin adından Xalid Səid Xocayevin əlyazmasının tapılması və nəşrində əməyi olan hər kəsə nəcib işlərinə görə təşəkkürümü bildirdim. Və mən çox məmnun oldum ki Xalid Səidin əlyazmasının axtarışında böyük əməyi olan, babamın həyat və yaradıcılığına dair ilk monoqrafiyanın müəllifi Azər Turana da bu tribunadan minnətdarlığımı bildirdim.

Mənim üçün və bütün ailəmiz üçün əsas məsələ Azər müəllimin bu axtarışda əzmkarlığı və uğura qəti inamı idi ki, bu da tarixi ədalətin bərpasına və uzunmüddətli arzunun həyata keçməsinə səbəb oldu.

 

Kanada

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!