Fəsillər dəyişir insan ömrütək, ayrı pəncərədən baxırsan hərdən... - Aysel Fikrətin şeirləri

Son gün

 

Birdən yaşamağa gücüm çatmasa,

İşdi, birdən ölsəm, incimə məndən.

Fəsillər dəyişir insan ömrütək,

Ayrı pəncərədən baxırsan hərdən.

 

Birdən bu tikantək batan ömrümün

Son anı yetişdi, son günü çatdı.

Hisslərim qocalıb, göz yaşım bitib,

Elə hiss edirəm, ta çataçatdı.

 

Mənim səhərlərə sözüm tükənib,

Bir evim olmadı qapısı sınıq.

Gözəl gül baxçalı bağım olmadı,

Qoca qovaq kimi budağım qırıq.

 

Kim çatdı, qopardı, getdi canımdan,

Kim getdi, geriyə gətirəmmədim.

Zəhərdir acısı ayrılıqların,

Heç cürə içəri otürəmmədim.

 

Üzüb dənizində ömrün, yoruldum,

Gözünə döndüyüm həyat bu imiş.

Böyüklər xırdanı, güclü zəifi,

Fillər qarışqanı dipdiri yemiş.

 

Canımdan qalmadı sənə bircə pay,

Son sözüm, son üzüm qalsın yadında.

Mənim də qismətim səndə gizliymiş,

Adım nişanədir sənin adında.

 

Birdən yaşamağa gücüm çatmasa,

İşdi, birdən ölsəm, incimə məndən.

Fəsillər dəyişir insan ömrütək,

Ayrı pəncərədən baxırsan hərdən.

 

Kamrana

 

Qürbət gözlərində yuxu kimidir,

Diqqətlə üzünə baxa bilmirəm.

Telefon da küsür zəng etməyəndə,

Sənsiz ayı, günü yata bilmirəm.

 

Dünyada nə qədər sevgi var, oğlum,

Deyə bilmərəm ki, hamısın bildim.

Mən səni özümə ilk itən eşqim,

Həm oğlum, həm sevgim, həm ata bildim.

 

İtirdiyim hər kəs səndə gizlidir,

Gəlsən, bəlkə həsrət tez bitə, balam.

Küçələr sən boyda, sənin biçimdə,

Hər yan sən qoxuyur, bir yada salam.

 

Allah, bu həsrətin qanadını kəs,

Ya mən gedə bilim, ya onu gətir.

Bir ildə bir dəfə çıxarmadım səs,

Bir dəfə yazmadım şeir bir sətir.

 

Qəmin şəkli

 

Adamın gedəni ola,

Gəldiyi günü gözləyə.

Məktublar gələ uzaqdan,

Gördüyü günü gözləyə.

 

Gözləyə gözlərindəki,

Qəmdən şəkil çəkə-çəkə.

Gözləyə dərdi cücərdib

Ürəyində əkə-əkə.

 

Uzaqlar ola uzaqlar,

Uzaqdan baxan, gəlməyən.

Bir dəfə üzünə həsrət,

Bir daha elə gülməyən.

 

Adamın gedəni ola,

Gəldiyi günü gözləyə.

Bağ-bağat sala dünyada,

Dərdiyi gülu gözləyə.

 

Gözləyə gözünü tutan

Tor aləmi bürüyüncə.

Gözləyə gözləyə onu,

Yaşayınca, həm ölüncə.

 

Adamın gedəni ola,

Çıxa qatarın yoluna.

Təyyarənin zolağına,

Sakitcə onu gözləyə.

 

Unut məni

 

Baxışını dərməyə, sevinməyə, gülməyə,

Durub sizə gəlməyə, nə gücüm var, nə izim.

Çıx dənizin yoluna, bax sağına-soluna,

Düş ayrılıq yoluna, unut məni, əzizim.

 

Dumana, çənə sarıl, yağışa məktub yolla,

Get bu əzablı yolu ən kəsə, qısa yolla.

Ayrılıq tanır məni, biz köhnə dostuq onla,

Qorxma, sənsiz ölmərəm, unut məni, əzizim.

 

De, nağıl oldu, getdi, de, yuxu gördüm, bitdi,

Axı bir vaxt var idi, nə oldu, hara getdi?

Buludlarda göründü, dumana dönüb itdi,

Var-gəl elə könlünlə, unut məni, əzizim.

 

Qışda baharım qaldı, sevməyə vaxtım dardı,

Belə sevgimi olur? Bu nə biçimdə yardı?!

Dərd bənd-bərəni kəsib, məni adamam sanma.

Gedib uzaqdan anma, unut məni, əzizim.

 

Sabahı mənsiz açıb, canında gəzmə məni,

Duymayım zərrə qədər mənsizliyin kədərin.

Sevin, qurbanın olum, sevin, unutsan məni,

Gözündən sevgini sil, unut məni, əzizim.

 

Dəyişib

 

Allah, sən pıçılda mən yazım,

Göndərdiyin bəndələrin dəyişib.

Sən də incimisən deyəsən, Allah,

Doğruların, əsillərin dəyişib.

 

Qış yazmısan ürəyimə yaz ömrü,

Qaralt, bir də təzə yerdən yaz, ömrü,

Bu bir anlıq, bir həsrətlik az ömrün

Çirkinləri gözəlləri dəyişib.

 

Bu dünyada hər nə var, yalan olub,

Bir həqiqət elə özün qalmısan.

Nə vermisən, ruhuma haram olub,

Bir tək canım, bir də sözüm qalmışam.

 

Şairləri də dəyişdi zamanla,

Ha axtardım gur çıraqla, amanla,

Azıb gedib söz sərrafı dumanla,

Şeirləri, qəzəlləri dəyişib.

 

Bu dünyanın əzəlləri dəyişib,

Bu dünyanın gözəlləri dəyişib.

 

Ruhu dəli

 

Hər dəfə özüm ücün

Özümdən pay saxladım.

Hamı atıb gedəndə,

Tutsun əlimdən mənim.

 

Özümlə oxuduğum

Kitablar çox şey bilir.

İçdiyim qəhvətək tünd,

Dərdi-sərimdən mənim.

 

Canımı saran ağrı

İliyimə işləyir.

Yeyib, bitib, yapışıb

Quru dərimdən mənim.

 

Güzgü də tərslik edir,

Bu gün solğun göstərir.

Bu dünya nə istəyir,

Ruhu dəlimdən mənim?!

 

Anam bilmədi

 

Uşaq idim, yumaq idim,

Bir sevdaya qonaq idim.

Palıd idim, qovaq idim,

Dərdimi anam bilmədi.

 

Yudu yağışlar arzumu,

Çəkdi qarğuşlar nazımı.

Qış etdi fələk yazımı,

Dərdimi anam bilmədi.

 

Deyindi, bəxtim deyindi,

Qırmızı donun geyindi,

Ömrüm tələsik, yeyindi,

Dərdimi anam bilmədi.

 

Zarıdım, səsim batınca,

Ağrı sinəmə batınca,

Gözümü yumub yatınca,

Dərdimi anam bilmədi.

 

Torpaq altında çiçəyəm,

Bu gün, sabah cücərəcəm,

Bir də dünyaya gələcəm,

Dərdimi anam bilmədi.

 

Bağçalı ev

 

Bağçalı evin olsun, gül-çiçəkli, qoxulu,

Noğullu donun olsun, bənövşəli toxulu.

İsti bir yuvan olsun, soba yanında kətil,

Pəncərədən baxasan göy üzünə yuxulu.

 

Evin damı bacalı, həyətində bağ-bağat,

Darvazanın önündə it dayanmış farağat,

Boy-boy ağaclar olsun, üstü çiçəkli meyvə,

Həyətdə səhəng, çatıl, babandan qalma heybə.

Darıxasan içində çağlayan sevgi üçün,

Nədən o atlı oldu, mən piyada, de, neçin?

Heçmi sevmədi məni? Ya sevdi öz sevgisin?

İndi necə unudum heç olmayan bir kəsi?

 

Bu yuvayla, ocaqla baş edən sevgi tapıb,

Dam-bacanı suvayıb daş edən əhdə çatıb.

Sevgidən yoğrulubdu həyətimizdə təndir,

Sevgi nənəm təndirə sevgiylə çörək yapıb.

 

Mənim niyə ruhumda tükənib sevgim, niyə?

Kim yeyib sevgi payım, yara çıxıb dilinə.

Kimə ötürdün Allah, ürəyimin naləsin?

Bu hay-küyün içində daha çıxmayır səsim.

 

Kitab rəfi

 

Ta uşaq çağından möcüzəm idi

Dədəmin sehrli kitab rəfləri.

Şəklinə baxırdım gizlincə hər gün

Hələ bilməyəndə mən hərfləri.

 

Səhərlər açarla qapı bağlansa,

Gedib pəncərədən seyr eləyərdim.

Sanki kitabların əlləri vardı,

Mənimlə birlikdə rəqs eləyirdi.

 

Rəngbərəng kitablar onda yaşardı

Xoşbəxt çağlarını, xoş çağlarını.

Bizə bilik verdi, bizi böyütdü,

Gördü dərd çağımı, kədər çağımı.

 

Əsgər də göndərdi qardaşlarımı,

Qonaqlı-qaralı toy da eşitdi.

Gəlin də köçürdü, nəvə də gördü,

Pis günə, xoş günə bizlə eşitdi.

 

Özün fəda edib oğula, qıza,

Sonra da şam kimi əridi dədəm.

Onda da kitablar çatdı dadına,

Başının ucunda gözlədi hər dəm.

 

Dədəm bu dünyadan köçüb gedəndə,

Kitablar bir küncdə soldu, saraldı,

Mənimlə bərabər boynunu büküb,

Kitab rəfləri də kimsəsiz qaldı.

 

İndi bir balaca komaya köçüb

Dədəmin vüqarlı kitab rəfləri.

İndi nadan olub onun ətrafı,

Axmağın başqadır küt hədəfləri.

 

Kitabdan anlamaz əllər toxunur,

Solur barmaqları yad əllərində.

Kitab dolabının həzin dərdindən

Bu hay-küy, taqqıltı insanlara nə?

 

Alıb kitabları yorğun çiynimə,

Səmum səhrasında yola düşmüşəm.

Bir ev yoxa çıxıb, doğmalar dolu,

Kitab bəhanədir, dərddən bişmişəm.

 

Dədəmin sevgili kitab rəfləri,

Əziz əlləriylə düzdüyü rəflər,

İndi onun kimi öpür alnımdan,

Bir zaman əlimi üzdüyüm rəflər.

 

Yuxuda qapının zili çalındı,

Oyandım, hövlnak qapıya baxdım,

Qapını taybatay açdım gunəşə,

Dədəli günlərə nə çox darıxdım.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!