Salam çörəyə, gülə, Günəşə - Nurəngiz Günün şeirləri

Salam çörəyə, gülə, Günəşə

 

Salam sənə, İnsan!

Salam sənə, doğma yurd!

Doğma lisan!

Salam sənə, ən ulu eşq!

Bu torpaq!

Salam sənə, odlu diyar!

Yanar çıraq!

Salam sənə, anam!

Can yadigarım!

Salam sənə, nakam sevgim!

Rüzgarım!

Salam sənə, bircəciyim!

Evladım!

Salam sənə, kövrəkciyim!

Qanadım!

Salam sənə, dünyam!

Sərhədli dünyam!

Salam sənə, dumanlı, dərdli dünyam!

Salam sizə, dərin-dərin dəryalar!

Salam sizə, yalqız, yalçın qayalar!

Salam olsun, salam!

Bir də sizlərə -

Salam olsun, Təbrizli əzizlərə!

Salam olsun, ulduzlara, atəşə!

Salam, bir də çörəyə, gülə, Günəşə!..

                                                                                                                                            

Mənim eşqim

 

Mənim eşqim rüzgarlardır -

dağ tanımaz, dərə bilməz.

Mənim eşqim ilk bahardır -

sevincləri saya gəlməz.

Mənim eşqim azad quşlar -

nə bənd bilər, nə də çəpər.

Mənim eşqim qaranquşlar -

ruhuma müjdələr səpər.

Mənim eşqim al səhərlər -

çiçəklər huşun itirər

Mənim eşqim ağ kəhərlər -

Təbrizə təbrik yetirər.

Mənim eşqim atəş, ocaq -

Novruzgülüm qızınacaq!

Mənim eşqim qucaq-qucaq -

Anam torpağa qonacaq...

 

Ulu nənəm, Gün xanım, hey...

 

Bu torpağın öncə Günəşi doğub.

Bu torpaq sarı tellərdən yoğrulub.

Bu torpağın ulu nənəsi Gün xanım olub...

Gün xanım, Günəş xanım!

Andım, tanrım, imanım!

Yadındamı,

tellərindən bir cüt hörük toxudun,

bağışladın anama?

Hə, bax onu deyirəm, ey!

Allah apardı, getdi...

O telləri bu torpaqdan

uf demədən,

zorla qopardı, getdi.

Gün xanım, Günəş xanım!

Gözəlim, mehribanım!

O titrək əllərinlə

titrək kirpiklərimə

bir yol sığal çək!..

Yoxsa, yoxsa...

göz yaşlarım... donacaq,

qırov tutacaq onları...

Gün xanım, Günəş xanım!

eşqim, duam, qızıl banım!

Uzat sarı tellərini,

uzat, əllərim çatmır.

Uzat, uzat, sarıl mənə,

sarıl mənə, çək məni,

çək məni, apar məni.

Agah ol! Çatarsam,

odundan ovuc-ovuc udacağam...

Boğazımda qurşun qalacaq, Günəş!

Ləçəyinin istisinə... möhtacam...

Eşidirsənmi, ulu nənəm, hey!

Gün xanım, Günəş xanım!

Sapsarı xanımanım!   

 

Yol gedirəm

 

Dodaqlarımda təbəssüm,

Bəbəklərimdə ümid və qürur,

İçimdə ağlamaq ehtiyacı...

Yol gedirəm, yorulanadək.

 

Ovcumda sirr,

Barmaqlarımda qabar,

Ürəyimdir... varım-yoxum

Yol gedirəm, saplağından qırılanadək.

 

Saçlarımda rüzgarım,

Ruhumda ana laylası,

Başımda məğlub eşqim

Yol gedirəm, sinəm qaralanadək.

 

Önümdə silsilə dağlar,

Sərt qayalar, soyuq dəniz

Qərib canla, bu tək cana, qürub çağı

Yol gedirəm, öləziyib saralanadək.

 

Arxamda sarp enişlər,

Çiynimdə Günəş tayası,

Ağuşumda Jaləm və titrəyişim...

Yol gedirəm, yol olanadək.

 

Mənə yaman soyuqdur, Günəş...

 

Günəş!.. Mənə soyuqdur

Axı mən qütbə gedən tək gəminin

məzlum mənzərəsinə dözümsüz oluram.

Axı üşüyürəm mən hərdən

azad qanad yoluna atəş açan

zalım ovçu üzündən.

...Günəşim! Tez-tez röyalarımdasan!

Bir dəfə də xəyalımda

səninlə öpüşəndə,

qucaqlaşıb demişdim:

Məhvəşim! Atəşim! Sahib dur!..

Məşum toxunur hər şey.

Çək məni, apar məni.

Apar, apar!..

Yerdə mənə yaman soyuqdur, Günəş!

 

Bilməz idim

 

Bilməz idim eşq nədir, qəm nədir,

Bilməz idim gül nədir, şəbnəm nədir.

Bilməz idim kiprik nədir, nəm nədir,

sən öyrətdin, qaytar apar, istəməm!

 

Bilməz idim ay necə dolanarmış,

Bilməz idim ay gecə dolanarmış,

Bilməz idim sinəm belə yanarmış,

sən öyrətdin, qaytar apar, istəməm!

 

Bilməz idim üzün belə dönükmüş,

Bilməz idim eşqin belə sönükmüş,

Sevdamıza yağış da, qar da çökmüş

bilməz idim, qaytar apar, istəməm!

 

Biz ki qu quşlarıydıq

 

İkimizə bir yuva,

İkimizə bircə dən... Bəs idi.

Qonşularımız idi yaşıl göllər.

Amma dimdiyimizə sıxılan

"o tək damla"

demə təsəlli imiş göylərdən. Bəs idi.

Biz ki, qu quşlarıydıq.

Bizim öz mahnımız vardı,

Sədasına üfüqlər oyanardı...

Biz vardıq. Biz asimandaydıq.

Biz buludları yarırdıq,

qıyy vururduq, yorulmayırdıq!

Günəşi çətir tutub başımız üstünə

Kimdən ki, qorunduq?

Biz ki, qu quşlarıydıq!..

Başımız "cənnət ağacının" budaqlarında,

üzümüz "Xədicə çiçəyi" dodaqlarında,

dilimiz üstündə buğda duası öldük.

Təəssüf yox idi ölümümüzdə,

O imiş deyirəm gördüklərimiz.

Nə dəryaz var idi, nə xırmanımız,

Aman, ovçu!!!

İndi, qov kimi bu boşluqda

Hey uçur, hey uçar...

Günahsız ruhumuz, xəyallarımız.

Ah, biz ki, qu quşlarıydıq!?.

 

Apar, məni də apar

 

Mən gedirəm axar çaya deyəm ki,

Mənim sadiq yarım ol,

Al məni də qoynuna,

apar get.

 

Mən gedirəm axar çaya deyəm ki,

Mən burda darıxıram, ögey kimiyəm sanki.

Apar məni uzaqdakı məcrana,

Ört üstümü çınqıl-mərcanlarınla,

Apar, get.

Könül yaman sıxılır...

 

Apar get, ən dərin dəryaçana

O sözü də...pıçılda sən ona.

De ki, asimanla aranızda qalacaq

Mənim sənə sonuncu dediklərim.

 

Apar get...

Apar, apar,

Yadlardan yorulmuşam, aşiyan ol,

Sərinlik istəyir can...

Apar, məni də apar,

Daha könül qəhr edir.

Apar, apar!

Axar çay...

Məni mənə vermədilər

 

Nə dərd, nə ələm bildilər,

Nə istədim vermədilər.

Əslində nə istədim ki?

Düzləri görmək istədim -

ürək üçün.

Bir veyl külək istədim -

seyr edib yer üzünü,

azadə nəfəs dərib,

asudə ölmək üçün.

Vermədilər.

Könlüm bir könül istədi

könlümü kiritməyə.

Quyu suyu istədi

bu susuz ciyərimə

qurtum-qurtum çəkməyə.

Bir ovuc torpaq... istədi

sinəm ilə bərabər

dərdlərinə çökməyə!

Vermədilər.

 

Yol istədim, at istədim,

bir bəyaz həyat istədim,

Yollarımı hördülər

məni məndən aldılar,

məni mənə vermədilər.

Hey yandım, hey çırpındım,

çırpındım fəğan eylədim,

Vermədilər, vermədilər,

məni məndə görmədilər,

məni mənə vermədilər.

 

Ürəyimi eşit, dünya

 

Dünya çiyinlərimdə,

çiynim dünyadan ağır,

endirdim başımı çiynimin üstə

gördüm qollarım yoxdur.

İki qolum - iki budaq.

İki qolum ikisi də dirəndilər göy

üzünə.

Baxdım bədən torpaq üstə,

iki qolum ikisi də

üzür keçir göy üzündən.

 

Ürəyimi eşit, dünya!

Qollarım hövl eyləmiş.

Torpaq iki haçadır,

Körpu heyrət içində,

Məftillər qocalıbdır,

gör haçandır

iki yol arasında

qollar naçar qalıbdır!

Dünya, mənə həyan ol,

Göyləri səksəndirmə,

qollarım yol gedəsidir,

Onu həsrət uçurub,

qollarıma ana ol,

qollarım yorulubdur,

qollarımı ovundur!

 

Dünya, mənə yiyə dur!

O sahilə... baxınca

ürəyim suya dönür,

Bədən qolsuz çırpınır,

yerə-göyə sığınmır

Dağlar boy vermir mənə,

barı Allah göyündə

qollarıma yol eylə!

 

Dünya, özün cavab ver!

Mənim bədənsiz qollarım

gül-çiçək çələngini

görən necə tutacaq?

Dönüb bir cüt quş olunca

ağarıb göy üzündəcə

bədənsiz necə uçacaq?

Ömrü darda, başı qalda,

o təklənən torpağımı...

görən, havax, hansı üzlə

hansı təşviş içində...

necə, nə cür qucacaq?!.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!