Qərbi Qaradəniz səfəri - Həyat ŞƏMİ

Unutdum qəribliyi Qərbi Qaradənizdə,

Unutdum yazı,

payızın gözəlliyini görüncə

            yerdə-göydə, yolda-izdə.

Aşina gəldi hər yer,

xoşuma gəldi hər yer.

Saçlarımı rüzgarlar daradı.

Unutdum qəribliyi Qərbi Qaradənizdə -

Gözlərim Qara dənizin mavisini aradı.

içindən min illər keçib,

indi də mən keçirəm

zəngin tarix qoxuyan bu yerlərdən,

içimə çəkərək birnəfəsə oxuyuram şəhəri,

Qıfılı açılır daşların dilinin,

danışır susmadan.

Keçmişin pıçıltıları qəflətən

            qulaqlarıma dolur küləkqarışıq,

bir də Fateh Sultan Mehmetin fərmanları*...

Sığal çəkib nur üzünə

yüzilliklər,

hələ də bənzəyir özünə evlər,

dağlar, daşlar, təpəliklər...

Hər yerində bir əsalət, hikmət,

Kəşf elə, deyir məni...

 

Payızdan geyinib qızılı donu,

Ətli əkməklə* qarşıma çıxdı

Kastamonu...

 

Belə qalar haçanacan, bəlli deyil,

O qədər gözəl ki,

donub qaldım saçlarımın ucunacan.

Araç ilçəsindən,

İneboludan başlayır gözəlliklər,

özünə bənzəyir rəngi-ruhu,

bir az şəhidlərlə dolu tarixi.

 

Hələ də açılmayıb

Şəhid Şərifə bacının* əllərinin donu...

Şərifələr yurdu İgid İnebolu*,

Çanaqqalada ən çox şəhid verən məmləkət -

kəşf eylə, deyir əlbət,

Kastamonu, Kastamonu...

 

Sadəcə məmləkət deyib keçmədim,

nələr var burda, nələr:

tarix qoxuyan qərinələr, vədlər,

dərin dar dərələr, vadilər,

mədəniyyət, kültür beşiyi,

Tarixi "konak"ları,

daşla taxtanın qovuşduğu

memari evlərin cazibəsi,

Kastamonu çəkirdi bizi

biz onu kadrlara çəkdikcə...

 

Şapka muzeyini gördümmü,

Şapka devriminə girdim elə bil,

susdum qaldım şapkalar içində,

varmıydı başıma yaraşanı?

Biləmədim.

Gözlərim böyüdü, hər başda bir şapka,

hər şapka altında bir baş:

əslində bura çalışan başlar muzeyiydi -

adını tarixə qazıyan başlar...

ən başda da o vardı -

devrimi oyadan Türk*.

 

Hündürdən baxanda,

bir əzəmət dünyası çıxdı önümə

Kastamonu qalası ilə tanışanda:

Tarixin, yüzillərin,

şahların, qanlı əllərin,

depremlərin, dəfinəçilərin,

daha kimlərin, daha nəçilərin

əllərindən yaralar almış möhtəşəm qala.

Bu dilli qalanın

tarix üzünə cızıqlar atdı,

şahlar başına toplar qondurdu,

top oynadı əsrlərlə,

sonunda uduzan da,

            udan da bu möhtəşəm qala oldu.

Bütün faniliklər getdi,

gəldigedərliklər getdi,

Bircə qalan Qala oldu.

"Tikdim ki izim qala" deyənlərin

bu qara daşlar üzərində

çıxardıqları gözlərin gözü qaldı.

Nə şahlar keçdi buradan,

mat oldular tarixin taxtasında,

gözü olmayanların

əlləri ədalətin yaxasında qaldı.

 

Ən yüksək təpədə

açdım gözlərimi,

yüzillərin o üzündən oyandım:

Qan gölməçələrini yudu yağışlar,

qurutdu doğan günəşlər...

daha Kastamonu qalasından

düşməz günəş rəngində al bayraq.

Hündürdən baxanda,

Kastamonu evləri kibrit qutusu,

çayları saplı iynə,

yolları qıvrım-qıvrım,

qovşaqları düymə-düymə görünürdü...

 

Qaladan enincə,

mədəmə də aclıq endi.

Bir quzu gərdan çorbası,

 üstündən də çəkmə halva...

Gözəlləşdi hava gözümdə,

"çəkmə halva"nı yedikcə

çəkdi məni:

Getmə, bir az da,

"sən qalanın yanında qalginən,

            sənə qurban" - dedi...

 

Bir də valeh etdi məni

Göyırmak çayı, onun dupduru suları,

Bir də, bir də

səmada sonsuz nöqtələr oluşdurub

pırlayan, parıldayan Göyırmağın quşları.

 

Üzümüz Bartına yol aldı...

Yol gedirdi Amasraya.

Tarixdən duyduğum kəlimə:

"Lala, lala! Çeşm-i Cihan bu mu ola"*.

"Mən belə gözəl bir yerə

            ziyan vurmaq istəmirəm,

 gətirin qalanın açarlarını",

 deyən Mehmeti heyran qoyan Amasra*.

Dənizə doğru uzanan sivri burnu,

burnun hər iki tərəfində nəfəs alan cazibə...

İki qara torpaq üzərinə qonmuş mirvari misali,

qəvvasların dürrü-yetimi - Amasra.

İncə belinə sarılan gümüş kəmər -

Boztəpə Kəmərə körpüsü - birləşdirər

Amasranın o tayla bu tayını.

Qaradənizin qara incisi,

bir də taleyinə əsir düşmüş Amasra qalası.

Ondan qalmışmı iz?

Qalan möcüzəvi yurd,

bir də dəniz havası...

Dünyanın göz bəbəyi,

Qaradənizin mavi göz nuru,

bir də gözünün ilk avı,

Bir də,

bir də,

dadı damaqdan getməyən hamsisi...

 

Görmək istədiyin yerlər

bağlantı qurduğum zaman,

daha gözəl çəkər səni,

daha erkən gerçəkləşər...

 

İçimdə Amasra sevdası -

keçdim Bartından,

üzü Safranboluya,

Ulus ağac tunelində

öpüşdü iki diyarın sevdası,

qol-boyun oldu altın rəngli ağaclar.

Yol Safranboluya vardı -

Safranbolu - zəfəranı bol şəhər,

burdan çıxır bitkilərin gözdəsi...

Bir də gözlərə gözəllik qatan,

insani heyran edən

eski çarşısı...

Gecənin içindən ulduzlara baxıram,

onlar da şahid bu yerə,

Burda bulunmuş "cümlə çün",

"Şərhi-bəyana sığmayan"

Safranbolu...

 

Səfər sonuna varanda,

Bir sual məni yoranda ki,

hansı daha gözəl, hansı?

Düşündüm-daşındım

Və dedim ki,

hamısı...

 

1 - Fateh Sultan Mehmet 1460-cı ildə

Çandaroğlu bəyliyinə aid olan Kastamonu

şəhərini Osmanlı dövlətinə qatmış, yaxud bir Türk bəyliyinin əlindən alıb əl dəyişdirmiş.

2 - Kastamonunun yörəsəl yeməyidir ətli əkmək.

3 - Qurtuluş savaşı zamanı İneboludan öküz arabalarıyla Kastamonuya mərmi, silah-sursat daşınmalıymış. Hər evdən bir araba yola çıxır. 1921-ci lin son günlərində Şərifə Bacı 6 aylıq körpəsi Eliflə bərabər yola düzəlir, Kastamonu Kastamonu Kışlasına yaxınlaşdıqda top

mərmiləri islanmasın deyə gödəkcəsini

mərmilərin üzərinə örtür. Körpəsi ölməsin deyə isə özünü onun üstünə sipər edir. Vücud

istiliyini körpəsinə verən Şərifə Bacı

soyuqdan donaraq yolda şəhid olur.

4 - 1924-cü ildə İstiqlal medalı alan ilk və tək ilçə olan İneboluya, Atatürkün tövsiyəsi ilə TBMM tərəfindən "yiğit" adı verilmişdir.

İnebolulular igid adını ''Biz hər Türk övladının edəcəyi kimi vətəni vəzifəmizi yerinə yetirdik, hər Türk igiddir, fərqimiz yoxdur'' məntiqiylə istifadə etməmişlər. Buna görə də, bu ilçəyə

hələ də, sadəcə İnebolu deyilməkdədir.

5 - Şapka devrimi və ya Şapka inqilabı Türkiyə Cümhuriyyətinin qurulmasından sonra kişilərin baş örtülərinin düzənlənərək Qərb ölkələrindəki normalara uyğun hala gətirilməsi üçün

1925-ci ildə Atatürk tərəfindən verilən

Qanuni tənzimləmədir.

6 - Fateh Sultan Mehmetin ilk dəfə

Amasranı görərkən söylədiyi cümlə.

7 - Amasraya ilk gördüyündə vurulan Fateh Sultan Mehmet, Lala'sına (atabəyinə) "Lala

Lala! Çeşm-i Cihan (dünyanın dəyərlisi) bu mu ola?" diye soruşur. O andan sonra da buranı döyüşsüz alır. Çünki istədiyi son şey bu gözəl şəhərin ziyan görməməsi idi. Amasranın

qədim dövrdəki adı "Susam diyarı" mənasına gələn və b.e.ə. III əsrdə Amasranı idarə edən qadın lider Amastrisin adıyla bağlı olaraq

Sesamos olmuşdur. Osmanlı zamanında

isə Amasra adlandırılmışdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!