Bir ailənin faciəsi
...Yenə də boğucu öskürək... Elə öskürək idi ki, sanki nəfəsi bir daha geri qayıtmayacaq... Bir müddət keçdi. Öskürək axır ki, kəsdi. Sinəsi xışıldayırdı.
- Yox. ölməyəcəm mən. Allah ölümü də mənə çox görür. Bu nə əzabdı, ay Allah?!
Zeynəb çarəsiz-çarəsiz, çarpayıda yumağa dönmüş, qırış-qırış dərisi sümüyünə yapışmış qarıya baxırdı. Onun qocaya yazığı gəlirdi. Neçə gün idi ki, bu vəziyyətdə idi. Artıq boğazından su da keçmirdi.
- Heç kim qalmadı bizdən. Atamın soyu mənimlə sona çatır. Atamın nə günahı vardı ki?.. Torpaq o Səmədi, Əjdəri necə götürdü görəsən?..
- Gülsura xala, az fikirləş o haqda. - Zeynəb bilmirdi qarı onun dediyini eşidir, ya yox.
-37-ni lənətə gələydi. Atamın nə günahı vardı ki?.. O Talıbı nə tanıyırdı atam?! Yazıq Talıbın nə günahı vardı ki?
Axır ki, susdu. Nəfəsi də sakitləşdi. Sinəsindəki xışıltı da azaldı. Deyəsən, qoca yuxuya getmişdi.
***
O hadisə 1937-ci ilin noyabrında olmuşdu. Gecədən əsən soyuq külək səhərə yaxın qarlı çovğuna çevrilmişdi. Artıq səhər 9-a yaxın külək də, qar da kəsmişdi. Amma möhkəm şaxta var idi. Qar az yağmışdı deyə yeri tam örtməmişdi.
Əvəz işə gedirdi. "Çapayev" adına balıqçılıq kolxozunun balıq duzlama sexinin briqadiri olan Əvəz, kolxozun dördotaqlı binasına az qalmış, uzaqdan gələn qara maşını görmüşdü. Səhər tezdən bu nə maşın idi belə?..
Maşın nəhayət, gəlib onun qənşərində dayandı. Sürücü ilə birlikdə üç nəfər idilər. Arxada əyləşmiş adam qapını açdı. Başına üzün dimdikli qara kepka qoymuşdu:
- Ay yoldaş, Tapdığın evi hansıdır? - deyə soruşdu.
Adamın salamsız-kalamsız, bir qədər də amiranə danışığı Əvəzin xoşuna gəlmədi.
- Əvvəla, sabahın xeyir.
- Səndən söz soruşuram, a kişi, - Maşındakı arıq adam hirslə Əvəzin sözünü ağzında qoydu.
Əvəz yalnız indi, irəlidə oturmuş ikinci adama nəzər saldı. İrəlidə oturmuş adam şişman birisi idi. O da eyni ilə arxada oturan adam kimi başına uzun dimdikli kepka qoymuşdu. Düz irəliyə baxırdı.
- Burada iki Tapdıq var, - Əvəz də bu salamsız-kalamsız, acıqlı-hirsli adamın hərəkətindən incimiş kimi, hirslə cavab verdi. - Hansını soruşursan sən?
- Talıbovu, - irəlidəki adam cavab verdi. Həmin adamın ləhcəsindən azərbaycanlı olmadığı bilinirdi.
- O müəllimi deyirsən?.. Bax o ev. - Əvəz qarşıdakı dikdirdə birotaqlı, birpəncərəli, üstü qamışla örtülmüş daxmanı göstərdi. - Amma o indi evdə olmaz ki.
- Harda olar bəs? - Arxadakı nazik bığlı adam amiranə şəkildə soruşdu.
- Harda olacaq? Müəllim deməyin nədi, müəllimin harada olmağını soruşmığın nə?!
- Məktəb uzaqdı?
- Uzaq niyə olur. Məktəbimiz də görünür buradan. Bax, o taxta bina.
- Gedib Talıbı çağıra bilərsən?
Əvəzin onsuz da bu adamlardan xoşu gəlməmişdi: - Mənim işim-gücüm var, iş adamıyam mən, - hirslə dilləndi. - İki addım yoldu. Altınızda da maşın.
- Qapını ört. - İrəlidə əyləşən, adamdan çox daş heykələ bənzəyən şişman adam arxada əyləşən adama səsləndi.
Maşının qapısı örtüldü. Əvəz heç maşının hərəkətə gəlməsini də gözləmədi. Kolxoza tərəf yol aldı.
***
- Kim idi onlar? - Kolxoz sədri Səməd, bayaqdan pəncərədən Əvəzlə naməlum adamlara tamaşa edirdi. Əvəz əllərini otaqda yanan odun sobasının üstünə tutdu:
- Mən nə bilim, kim idilər?! Amma üzdən adama oxşayırdılar. Adamın nə salamı var, nə kəlamı var. - Əvəz sanki öz-özünə deyinirdi. - Cəhənnəm, heç olmasa, xoş üzün olsun. O da yox.
- Nə deyirdilər axı?
- Tapdıq müəllimi soruşurdular.
- Neynirdilər Tapdiq müəllimi?
- Mən nə bilim. - Əvəzin dilxorçuluğu hələ də keçməmişdi.
***
Heç bir saat keçməmiş bütün kəndə xəbər yayıldı ki, Tapdıq müəllimi tutublar. Bakıdan maşınla iki çekist gəlib,Tapdıq müəllimi onlar həbs ediblər.
- Neynib ki,Tapdıq müəllim?
- O sakit adam idi.
- Yazığın bizim kəndə gəldiyi heç dörd ay deyildi.
- Görəsən, nə günahı varmış?
- Yəqin nəsə günahı varmış ki, tutublar. Yoxsa, boş yerə adam tutarlar?
Axşama qədər kənddə belə söhbətlər gəzdi.
Tapdıq müəllim heç buralı deyildi. Gəncədən idi. İnstitutu bitirəndən sonra, təyinatla bu kəndə müəllim göndərmişdilər. Mədəni, savadlı, xoş təbiətli bir adamdı. Deyirdilər, şeir də yazır. Qəzetlərdə şeirləri də çıxmışdı. 22 yaşı yenicə tamam olmuşdu.
***
Əvəz evə axşam gəldi. Hava qaralmışdı. Kerosin lampasının işığında 9 yaşlı qızı Gülsura dərs kitabını oxuyurdu. Arvadı Suğra kiçik taxta kətildən qalxıb içərisində yemək olan, ətrafı hisli qazanı qızdırmaq üçün ocağın üstünə qoydu.
- Ata, Tapdıq müəllimi tutdular. Bizə dərs keçəndə. İki nəfər sinfə girdi. Tapdıq müəllimə "bir dəqiqə bayıra çıx" dedilər. Tapdıq müəllim çıxdı. Bir az keçəndən sonra pəncərədən gördük Tapdıq müəllimi maşına mindirib apardılar. Əvəzin oğlu, altıncı sinifdə oxuyan Tahir birnəfəsə, bayaqdan ürəyində dönə-dönə təkrarladığı və az qala əzbərlədiyi sözləri atasına söylədi. Uşaq o qədər həyəcanlı idi ki, danışanda bəzi sözləri iki-üç dəfə təkrar edirdi.
- Bilirəm, - Əvəz yorğun-yorğun dilləndi.
- Ata...
- Nədi?
- Deyirlər, Talıb müəllim şpion imiş?
- Qələt edirlər. - Əvəz səsini qaldırdı, - Sabahkı dərsini öyrənmisən? - Əvəz oğluna çəpəki nəzər saldı. Hirslənsə də, əsəblərini cilovlamağa çalışırdı. - Axmaq-axmaq sözlər danışmaqdansa, dərslərini oxu...
Suğra gəlib yenidən əri ilə üzbəüz kiçik kətilin üstündə əyləşdi:
- Doğrudan, ay Əvəz, nə məsələdi bu?
- Mən nə bilim. Səhər həmin adamları birinci mən gördüm, birinci mənə rast gəldilər. Heç adam kimi adam da deyildilər. Mənimlə elə danışırdılar, elə bil mənim dədəmin onların dədələrinə borcu olub...
- Hökumət adamlarıdır. Hökumət adamları necə danışmalıdır ki?..
- Yaxşı, yaxşı. Dur yeməyi çək, görüm.
Suğra qalxdı.
Bir azdan ailə süfrə arxasında şam yeməyini yeyirdi.
***
Əvəzin həyatını büsbütün dəyişən günlər də həmin gündən sonra başladı.
Səhər Suğra uşaqlarının çay-çörəyini verib məktəbə yola saldı. Bir azdan Əvəz də çörəyini yeyib, çayını içərək qalın kürkünü geyindi və işə gəldi.
Sədrin otagına girərkən hesabdar Əjdəri də sədrin otağında gördü. Səmədlə, Əjdər nə barədəsə danışırdılar. Əvəzin içəri girməsilə sözlərini kəsmələri bir oldu.
- Sabahınız xeyir, - Əvəzin dünənki dilxorçuluğu nisbətən keçib getsə də, Talıb müəllimə görə narahatlığı hələ də qalırdı. Fikirli idi. - Səməd, Tapdıq müəllimdən bir xəbər yoxdu?
Səməd zəndlə Əvəzə baxıb:
- Məndən niyə soruşursan ki? - dedi.
- Dedim, bəlkə sən bir xəbər biləsən.
Səməd "heç nə bilmirəm" mənasında başını tərpətdi.
- Dilini udmusan? - Əvəz hikkəli-hikkəli dilləndi. - Səndən söz soruşuram, niyə adam kimi cavab vermirsən?
Bir kənddə doğulsalar da, uşaqlıqları, gənclikləri, ahıl çağları bir yerdə keçsə də, Əvəzin Səmədlə arası yox idi. Acığı gəlirdi Səməddən. Səməd əldən də, gözdən də əyri adam idi. Yeniyetməlik yaşlarında bu naqisliyinə görə Əvəz Səmədi bir neçə dəfə döymüşdü də. Amma düz deyirlər ki, qozbeli qəbir düzəldər. İndinin özündə də Səmədin kolxozda işləyən qadınlara baxışlarında bir naqislik görürdü Əvəz. Əjdər kolxozun mühasibı işləyirdi. Əjdərin vasitəsi ilə Səməd kolxozdan pul da mənimsəyirdi. Əlbəttə, bu mənimsəmədən Əjdərə də pay düşürdü. Əvəz bunu bilirdi. Hətta bu əməlinə görə Səmədə bir neçə dəfə təpinmişdi də:
- Elə eləmə katibə deyim. Yazıqsan. Balaların var. Səni bura ona görə qoymayıblar ki, dövlətdən oğurluq edəsən. Əjdərin ağılı yoxdu. Nə deyirsən, onu edir. Yazıqsınız. Özünü də bədbəxt edərsən, onu da. Əl çəkin bu əməlinizdən.
Məhz bu səbəblərə görə Səməd də, Əjdər də üzdə büruzə verməsələr də, həmişə çəkindikləri, qorxduqları Əvəzə düşmən kimi baxırdılar.
***
Günorta Suğranı kolxozun həyətində görəndə, Əvəz o dəqiqə hiss etdi ki, nəsə yaxşı olmayan bir hadisə baş verib. Suğra hələm-hələm onun iş yerinə gəlməzdi.
- Nə olub? - Əvəz həyəcanla arvadından soruşdu.
- Evə gedək.
- Evdə nə olub ki?
- Evdə bilərsən.
- Nə ürəyimi üzürsən. Evdə nə olub axı?. Uşaqlara nə olub?..
- Uşaqlara heç nə olmayıb. Amma evə gedək.
Evinə qədər olan yolu necə gəldi, xəbəri olmadı. Nəfəsini kürəyindən alırdı. Daxmasına girəndə, oğlu Tahirin alnında, üzündə qan izlərini görəndə özünü lap itirdi. Tahir ağlayıb yorulmuşdu, içini çəkirdi.
- Nə olub buna?
- Özündən soruş. - Suğra da hirsli idi.
- Nə olub?!! - Oğlunun üstünə qışqırdı.
- Ata, - Tahir içini çəkə-çəkə dilləndi: - Ata, sən demaqosan?
- Nə?!!
- Eyvaz deyir ki, sənin atan demaqodur. O qədər uşağın içərisində dedi. Dedi Tapdıq müəllimi atan tutdurub. Bakıdan gələn çekistləri də atan çağırıb. Onlara bələdçilik edib.
- Qələt edir Eyvaz! Başını da daşa çırpır! - Əsəbdən az qalırdı Əvəzin ürəyi partlasın.
- Ələsgər də o dediyini deyir.
- Biqeyrətlər. Namərdlər. - Əvəz qeyzlə dilləndi. Amma bu sözləri Tahirlə savaşan, onun üz-gözünü qana bulayan Eyvazın, Ələsgərin ünvanına yox, Eyvazın atası Səmədin, Ələsgərin atası Əjdərin ünvanına deyirdi.
Həmin gün işə qayıtmadı. Əvvəl istədi Səmədgilə, sonra da Əjdərgilə getsin, dişinin dibindən çıxanı onlara desin. Amma Suğra qoymadı.
- Səsə salma, - dedi. - Gedib əlləşərsən, camaat da fərli deyil. Deyərlər ki, günahı yoxdusa, niyə iki uşağın sözündən belə əsəbiləşib özündən çıxır.
Arvadının sözü Əvəzin ağlına batsa da, narahatlığı azalmadı, əksinə, gecəni yata bilmədi, səhəri dirigözlü açdı. Kolxoza həmişəkindən tez gəldi.
Səmədlə elə yolda qarşılaşdı:
- Uşağın nə qələtdi eləyib? Onun ağzının zibilidi o söz?
- Nə olub ki? - Səməd heç nədən xəbəri yoxmuş kimi dilləndi.
- Eyvazın ağzının zibilidi o söz?
- Hansı söz?
- Özünü artistliyə qoyma.
- Heç nə başa düşmürəm, - Səmədin özünü hər şeydən xəbərsiz kimi aparması Əvəzi lap hövsələdən çıxardı.
- Əjdərin oğlu ilə sənin oğlun... - Əvəz hirsləndikcə sözlər arasındakı rabitəni də itirirdi, - uşağa deyiblər. Niyə o sözü deyiblər uşağa?!
İşə gələn işçilər onların ətrafına yığılırdılar.
- Nə deyiblər ki? - Səməd yenə də heç nədən xəbərsiz adamlar kimi dilləndi.
- Tapdıq müəllimi mən tutdurmuşam?!! - Artıq hisslərini cilovlaya bilməyən Əvəzin əsəbi, gur səsi yaxınlıqdakı dənizin dalgalarında əks-səda verdi - NKV-dən çekistləri kəndə mən çağırmışam?
- Mən nə bilim? - Səməd bu sözü elə məzəli şəkildə dedi ki, ətrafda onlara tamaşa edənlərin bir neçəsi Əvəzin nə qədər əsəbi və gərgin olduğuna baxmayaraq, Səmədin məzəli səs tonuna özlərini saxlaya bilməyib xısınca güldülər də. Amma adamlar içərisində olan Əjdər qəh-qəhə çəkib güldü və özünü ələ ala bilməyən Əvəz:
- Ay köpək oğlu, - deyib Səmədin sifətinə var gücü ilə bir şillə çəkdi. Qəfil zərbənin təsirindən Səməd müvazinətini itirub yerə yıxıldı.
Camaat mane olmasaydı, Allah bilir, Əvəz orada Səmədi nə günə salacaqdı.
***
Səhəri Əvəzi milis idarəsinə çağırdılar. Sonra məhkəmə oldu... Əvəzə 45 günlük həbs cəzası kəsdilər.
45 gündən sonra Əvəz rayon mərkəzindəki milis idarəsinin qazamatından çıxanda, kənd camaatı onun adının əvvəlinə bir söz artırmışdı. Kənd camaatı indi ona "demaqo Əvəz" deyirdi.
***
Camaatın ağzını yığmaq olmaz. Əvəz qalan ömrünü bu ad altında yaşadı. Daha uşaqlarının adını birbaşa yox, atalarının təzə adı ilə yada salırdılar:
- Demaqo Əvəzin oğlu.
- Demaqo Əvəzin qızı.
Əvəz özünü nə qədər şax, qürurlu tutsa da, olmurdu. Kolxozda, kənddə əvvəllərdə olan hökmü qalmamışdı. Həbsdən sonra onu vəzifəsindən azad etmişdilər. İndi o, fəhlə işləyirdi.
Hikkəli bir uşaq olan Tahir uşaqlarla təmasdan qaçırdı.
Qızı Gülsura böyüdükcə, günü-gündən gözəlləşirdi. Kənddə o yaraşıqda qız, bəlkə də yox idi.
Tahir məktəbi bitirən ili hərbi xidmətə çağırıldı. Artıq İkinci Dünya müharibəsi başlamışdı. Neçə şəhərin, kəndin almanlardan geri alınmasında iştirak etdi. Berlinə qədər gedib çıxdı. Rəşadətinə görə ordenlər, medallar aldı. Amma müharibədən sonra kəndlərinə qayıtmadı. Sorağı gah Voronejdən, gah Saratovdan, gah da Odessadan gəldi.
Müharibə qurtarmışdı. Müharıbədən sağ çıxanlar kəndə qayıtmışdılar.
***
1948-ci ildə Əvəzin bir oğlu da dünyaya gəldi. Adını Cəfər qoydular.
***
Gülsuranın tay-tuşları olan qızların evlərinin qapılarını elçilər bir-bir döyməyə başladı. Amma, gözəl-göyçək Gülsuranın adını bir nəfər də olsun çəkən olmadı. Gülsuranın tay-tuşları ailə qurdular. Gülsuranın adını isə, hansı evdə çəkdilərsə, dodaq büzdülər. "Demaqoqun qızını oğluma ala bilmərəm", dedilər.
***
İkinci oğlu doğulandan sonra, Suğra çox yaşamadı.
Cəfər bacısı Gülsuranın ümidinə qaldi. Cəfəri o böyütdü. Əvəz artıq düşmüşdü. Təqaüdə çıxandan sonra evdən bayıra çıxmırdı. Əvvəllər uşaqlarına son dərəcə tələbkar olan, hər şeylə maraqlanan, kəndin xeyrində-şərində həmişə öndə olan Əvəz, indi hər şeyə biganə idi. Bir radio almışdı. Ancaq muğamat çalınanda qulaq asardı radioya. Hər muğama qulaq asanda da xısın-xısın, dərdli-dərdli ağlayardı. İllər keçdikcə ona qoyulan ayamanın ağrısını, başqa bir dərd üstələyir, onu için-için yandırırdı. Oğul dərdi. Atasına görə doğma yurdundan perik düşən oğlu Tahirin dərdi.
Bir gün səhər, onların evindən gələn Gülsuranın ürək parçalayan səsi bütün kəndi başına götürdü.
Camaat bir-birindən: "Nə olub?" deyə soruşdular.
- Demaqo Əvəz gecə yatıb, səhər durmayıb.
***
Cəfər artıq gəlib 15 yaşına çatmışdı. Rayon mərkəzindəki xəstəxanada xadimə işləyən, əvvəlki gözəlliyindən əsər-əlamət qalmayan qarımış bacısı Gülsura ilə söhbət edirdilər:
- Bu gün az qala Xudayarı öldürəcəkdim.
- Niyə ki?.
- Sözümüz çəp gəldi.
- Nə üstə?
- Dərsdə heyvərə-heyvərə danışırdı, ona görə.
- Müəllim sinifdə yox idi?
- Yox.
- Fikir vermə.
- Necə fikir verməyim? Sinifdə o qədər qız var, bu da ağzını qoyub Allah yoluna. Ədəbsiz- ədəbsiz danışır. Deyirəm, səsini kəs. - Cəfər birdən-birə əsəbiləşdi. - İçəridə bu qədər qız var deyirəm... Bu alçaq da...
Cəfər sözünün gerisini deyə bilmədi. Deyə bilmədi ki, Xudayar o qədər uşağın içərisində ona:
- Demaqoqun oğlu nə vaxtdan qeyrət çəkən olub? - cavabını verib. Cəfər o qədər qürurlu idi ki, atası haqqında eşitdıyı könül darıxdırıcı söhbətləri heç kəsə, hətta öz doğma bacısına belə söyləməyi şəninə sığışdırmırdi. Və atası haqqında ürək darıxdırıcı söz deyənlərin cavabını həmişə özü verirdi; dəxli yoxdu, ya özündən yaşlı olsun, ya da öz yaşıdı olsun. Sözlə lazım olanlara sözlə, yumruqla lazım olanlara yumruqla.
- Amma çənəsinə saz bir yumruq ilişdirdim alçağın. - Cəfərin Xudayara qarşı olan hirsi hələ də soyumamışdı.
Cəfər o qədər ciddi idi ki, Gülsura qorxuya düşdü:
- Səni də şərləyərlər, Cəfər.
- Şərləsinlər də.Belə yaşamaq olar?..
15 yaşlı uşağın həyatdan belə bezar olması Gülsuranın ürəyini qorun-qorun yandırırdı. Amma büruzə vermədi.
- Bizim dədəmiz mərd kişi olub, Cəfər.
- Bəs bu söz-söhbət nədi?
- Sənə neçə dəfə danışmışam. Səmədlə Əjdərin böhtanına düşdü kişi. Səmədlə Əjdəri hər görəndə istəyirəm onları özüm boğub öldürəm.
- Onları özüm öldürəcəm!
- Amanın günüdü, Cəfər, mənə yazığın gəlsin...
- Yaxşı, o Tapdıq müəllim ki, deyirlər, guya dədəmiz onu satıb. Sonra ondan bir xəbər olmadı?.. Gələrdi kəndə, camaatı başa salardı ki, məni Əvəz satmayıb.
- Mən də çox soraqladım onu.1956-cı ildən sonra bildim onun aqibətini. 37-ci ildə onu da güllələyiblər. Guya Türkiyənin agenti imiş.
- Adam fikirləşəndə az qalır dəli ola - Cəfər yaşına uyuşmayan kədərli səslə dilləndi.
- Lənətə gələydi 37-ni... Nə qədər adamın ömrünə son qoydu. Nə qədər insanı gözüyaşlı qoydu. Nə qədər insan Sibir şaxtalarında can verdi. Nə qədər evləri dağıtdı. Bizim də evimizi 37 yıxdı, Cəfər.
Gülsura qəfil dayandı. Bədbin danışığının Cəfərə ağır təsir edəcəyindən qorxurmuş kimi karıxdı. Amma bu bir anlıq oldu:
- Ancaq sən ürəyini sıxma. Görərsən, axırı yaxşı olacaq. Yaxşı günlərimiz çox olacaq. Təki sən ruhdan düşmə.
***
İllər keçdi. Amma o yaxşı günlər gəlmədi ki, gəlmədi. Səməd də, Əjdər də, onların tay-tuşları da dünyalarını dəyişdilər. Yeni nəsil dünyaya gəldi. Kənd öz simasını dəyişdi. Köhnə, qom, palçıq evləri söküb, mişar daşından evlər tikdilər. Göz oxşayan uşaq bağçası tikildi kənddə. Üçmərtəbəli məktəb binası inşa edildi, müasir tipli həkim məntəqəsi. Hər şey dəyişdi. Bircə Gülsura ilə Cəfərin adının əvvəlindəki ayama dəyişmədi:
- Demaqo Əvəzin qızı.
- Demaqo Əvəzin oğlu.
Gülsura elə gün olmurdu ki,1937-ci ilə lənət yağdırmasın. Özü də bir gündə neçə dəfələrlə:
- Lənətə gələydi 37-ni.
***
Bir neçə il də keçdi. Cəfər hərbi xidmətini çəkib gələndən sonra, rayon mərkəzindəki avtobazada çilingər işləyirdi.
Bir gün səhər tezdən onların qapısı döyüldü. Vaxtı ilə Gülsura ilə eyni sinifdə oxuyan Adil idi.
- Xeyir ola, Adil?
Adilin gözləri gülürdü:
- Məndə bir şad xəbər var.
- Qardaşımdan? - pıçıltı ilı dilləndi Gülsura. Diqqətlə baxan olsaydı, Gülsuranın gözlərində parlayan göz yaşlarının onun vaxtından əvvəl qırışlar düşmüş üzünü necə nurlandırdığını aydın görərdi.
- Muştuluğumu verməsən, demərəm. Gülsura evə qaçdı. Bir an keçməmiş əlində bir 50-lik geri qayıtdı.
Adil Gülsuranın əlindəki 50-liyə baxıb:
- Nə bilirsən ki, sənə bahalı xəbər deyəcəm? - dedi.
- O xəbərdən başqa məndən hansı xəbərə muştuluq istəyə bilərsən ki?.
- 50-liyi ver görüm.
Gülsura pulu Adilə verdi.
Cəfər də bu səs-küyə yuxudan oyanıb, paltarını tələsik geyinərək onların yanına gəlmişdi. Təəccüblə onlara baxırdı.
- Tahiri görmüşəm - Adilin səsində təntənəli bir ifadə var idi.
Gülsura isə sevincindən ağlayırdı. Qardaşı Cəfəri qucaqlayıb dayanmadan elə hey - Sənə qurban olum, sənə qurban olum, - deyirdi. Onlara tamaşa edən Adil də kövrəlmişdi. Amma özünü tez ələ ala bildi:
- Rostova getmişdim. Univermaqdan uşaqlar üçün pal-paltar alırdım. Elə bil kimsə birdən-birə mənə dedi ki, dön sağ tərəfə bax. Baxdım. Gördüm bir adam mənə elə baxır, elə baxır, elə bil əziz adamına baxır, - Adilin səsi titrədi - Gülsura, gözlərindən tanıdım onu. -Adil əlinin arxası ilə yaşarmış gözlərini sildi. - Yadına gəlir də, onun baxışları, zəhmli idi axı. Univermağın içərisində qucaqlaşıb öpüşdük.
- Dəyişilib? - Gülsara soruşdu.
- Qocalıb, ay Gülsura. Çox qocalıb. Həm də çox düşüb. Gör neçə ildi qürbətdədi. Qocalmağı da, düşməyi də ondandı.
Gülsura yaylıqla gözünün yaşını sildi:
- Evlidi?
- Soruşmadım. Özü də tələsirdi.
- Bəs ünvanını almadın? - Gülsura həyəcanla soruşdu.
Adil hələ də əlində saxladığı 50-liyə baxdı:
- Bəs bu pulu səndən boş yerə almışam?.. Ünvanını da gətirmişəm. - Əlini pencəyinin döş cibinə saldı - Özü də Rostovda yox, Rostovun yaxınlığında olan bir kənddə yaşayır.
Adil döş cibindən kiçik bir kağız çıxarıb Gülsuraya verdi.
- Birdən səhv adres verər - Gülsuranın həyəcanı keçib getmirdi.
- Sən Arifi hərif bilmisən? - Arif əminliklə, bir qədər də özündən razı halda dilləndi - Sənin fikirləşdiyini onda mən də fikirləşmişdim. Yaxşı ki, pasportu üstündə idi. Pasportundan yazdım adresini.
***
O hadisədən 5 gün sonra Cəfər işdən bir həftəlik icazə aldı. O, üzünü bir dəfə də görmədiyi qardaşını görməyə gedirdi. Həyəcanlı idi. Amma Gülsura ondan da həyəcanlı idi. Bu bir həftəni necə gözləyəcəkdi, bir həftənin intizarına, həsrətinə necə dözəcəkdi. Allah bilir.
***
Bu 6 gün Gülsura üçün 60 il qədər uzun çəkdi. 6 gündə Gülsura üst-üstə, bəlkə də heç 6 saat yatmadı. Gülsura Cəfəri necə gözləyirdi, necə gözləyirdi. Ürəyinə dammışdı ki, Tahir Cəfərlə gəlməyəcək. Gəlsəydi, bu neçə ildə heç olmasa, bir dəfə gələrdi. Amma hər halda Tahirdən xoş soraq gözləyirdi. Harda olursa-olsun, təki canı sağ olsun, xoş sorağı gəlsin. İmkan olar, gələcəkdə Gülsura da gedib baş çəkər qardaşına. Elə qəribsəmişdi ki, qardaşından ötəri. Nəhayət, 6-cı günün gecəsi Cəfər gəlib çıxdı. Neçə illərin həsrətlisi Gülsura qardaşının üzünə baxanda, bildi ki, Cəfər yaxşı xəbərlə gəlməyib. Elə də oldu.
***
Gülsuranın dərdinin üstünə yeni dərd gəlsə də, yenə də hardasa sevinirdi ki, qardaşını tapıb. İndi onda qardaşının dəqiq ünvanı da var idi. Üç-dörd gündən bir məktub yazırdı qardaşına. Tahir isə 10 məktuba bir cavabı güclə yazırdı. Özü də, cəmi 3-4 kəlmə: "Mən yaxşıyam. Hər şey qaydasındadır. Salamat qalın..." Bax, belə cavablar.
Gülsura buna da şükür edirdi.
***
Cəfər 27 yaşına gəlib çatmışdı. Hələ də evlənməmişdi. Gülsura çox istəyirdi qardaşının evlənməyini. Cəfər evlənsin, uşaqları olsun. Atasının nəsli davam eləsin. Amma bu barədə hər söhbət salanda Cəfər susurdu, gözləri yol çəkirdi. Nəhayət, bir gün bacısına, rayon mərkəzində, orta məktəbdə laborant işləyən Adilə adlı bir qızı istədiyini dedi.
- Qızla danışmısan?
- Bir-iki dəfə cəhd etmişəm. Amma qaçır məndən.
Gülsura həmin günün səhəri işdən bir saatlığa icazə alıb həmin məktəbə gəldi. Bir bəhanə ilə qızı gördü. Həmin məktəbdə xadimə işləyən bir qadınla Gülsura tanış idi. Ona sirr gəldi. Xadimədən qızın ağzını aramağı xahiş etdi:
- Gör bir istəklisi, deyilisi yoxdu ki. Gördün istəklisi, deyilisi yoxdu, əgər özün münasib bilsən, qardaşımın onu istədiyini de. Gör nə deyir?..
Xadimə:
- Səhər bu vaxt mənə dəyərsən, - dedi.
Və səhər Gülsuranın xadimədən eşitdiyi söz, onsuz da onun zədəli dünyasını yerlə-yeksan elədi. Məktəbin xadiməsi, Gülsura tapşırdığı kimi, qızla danışmış, bir istəklisi, deyilisi olmadığını biləndən sonra qıza, Cəfərin onu sevdiyini söyləmişdi.
- Qız nə dedi? - Gülsura həyəcanla soruşdu.
- Nə deyəcək, dedi bircə atası demaqoq olanımız çatmırdı.
***
Gülsuranın görəcək günləri hələ irəlidə imiş. Qız tərəfindən təhqiramiz şəkildə rədd edilən (əslində Gülsura Adilənin dediyi o təhqiramiz söz haqqında Cəfərə heç nə deməmişdi. Cəfər, Adilənin dediyi o sözü necə öyrənmişdi, Gülsura bunu sona qədər bilmədi) Cəfər içkiyə qurşandı. Gülsura dil tökdü, yalvardı, amma qardaşını içkidən uzaqlaşdıra bilmədi. Gülsuranın ürəyinə bir nigarancılıq, narahatlıq hakim kəsilmişdi. Ürəyinə dammışdı ki, onu Cəfərlə bağlı acı bir hadisə gözləyir. Cəfər hövsələsiz olmuşdu, hər şey üstündə əsəbiləşirdi, işə bəzən getmirdi, yaxud işdə içib sərxoş olur, iş yoldaşları ilə tez-tez dava-dalaş salırdı.
Gülsuranın ürəyinə daman o acı hadisə axır ki, baş verdi. Cəfəri toya çağırmışdılar. Toyda möhkəm içir, sonra oynamaq istəyir. Toyu idarə edən tamada ona: -Bir qədər gözlə - deyir - oynamaq istəyən çoxdur. Sənə də vaxt çatar, tələsmə.
Cəfər isə israrla: -İndi oynamaq istəyirəm, - deyir.
Tamada ona, bu dəfə sərt şəkildə: -Gözlə - deyəndə, Cəfər əli ilə onu kənara itələyir. Müvazinətini saxlaya bilməyən hündürboy, kök tamada yıxılır. Əksəriyyəti kefli olan camaatın gülüşü altında tamada tələsik ayağa durub, hamının eşidəcəyi səslə:
- Demaqo Əvəzin oğlundan bundan artıq nə gözləmək olar?! - deyir və onun hündürdən dediyi bu söz toyda olanların daha gur gülüşünə səbəb olur.
Tamadanın bu sözündən sonra Cəfər sanki ağlını itirir, stolun üstündə olan bıçaqlardan birini götürüb tamadaya 4 bıçaq zərbəsi vurur.
Və həmin gecə Cəfəri həbs edirlər.
***
Üç aydan artıq idi ki, Tahir onun məktublarına cavab yazmırdı. Onsuz da gecələr pis yatan Gülsuranın indi gözünə yuxu getmirdi. Görəsən, qardaşının başında nə var? Niyə cavab yazmır, görəsən?
Hövsələsi bir tikə olan Gülsura bəzən bir gündə iki məktub yazırdı Tahirə. Nəhayət, bir gün Rostovdan - Tahirin yaşadığı kənddən məktub gəldi. Amma xətt başqasının idi. Adı bir də oxudu. Məktubun üstündə qardaşının arvadının adı yazılmışdı. Məktub İrinadan gəlmişdi.
Ürəyi uçuna-uçuna, titrək əlləri ilə məktubu açdı. Rusca az bilsə də, yazılanları başa düşdü: "Tolik dva mesəsa nazad umer. Bolğşe ne pişite..."
Gülsura özünə xəstəxanada gəldi.
Bu acı xəbəri Cəfərə yazmadı. Həm də ürəyində bir şübhə var idi. O rus köpəyinin qızı bəlkə özü qərəzlə yazıb?! İstəməyib ki, Tahirlə bir daha əlaqə saxlayaq. Qonşuları, rus dili müəllimi Səftər müəllimgilə gəldi. Səftər müəllim onun adından Tahirin yaşadığı kəndin kənd sovet sədrinə məktub yazdı: Abbasov Tahir Əvəz oğlu haqqında ona məlumat göndərməsini xahiş etdi. Cavab yeddi gündən sonra gəldi. Bu məktub da rusca idi: "Qrajdanka Abbasova Qölğsura Avəz qızı v otvet na vaş zapros zaəvləö, çto qrajdanin Abbasov Taxir Avəz oqlı umer dva mesəüa nazad i poxoronen v selğskom kladbihe".
Bu acı həqiqətdən sonra evinin boş və soyuq otaqlarında Gülsura xəyal kimi gəzib dolaşırdı. Carəsiz, köməksiz Gülsura günlərlə qardaşı Tahir üçün göz yaşı tökdü:
- Son nəfəsində o uzaq, atalı-analı xoşbəxt uşaqlığımızı xatırladınmı Tahir? Son günlərində çoxmu əzab çəkdin, Tahir?.. Qərib yerdə gözlərini kim bağladı, qardaşım?.. Səni kəfənə tutdularmi?. Səni dəfn edəndə qəbrinin üstündə "Yasin" oxudularmı?..
***
- Lənətə gələydi 37-ni.
Bu söz Gülsuranın dilindən düşmürdü.
***
Səkkiz il də gəlib keçdi. Cəfər azadlığa çıxdı. Gülsuranın gözlərinin nuru qalmamışdı. Bir dəri, bir sümük idi. Amma inanırdı ki, Cəfərin gəlişi ilə bütün xəstəlikləri keçib gedəcək.
Amma Cəfər... Səkkiz illik həbsdən Cəfər amansız, əlacsız xəstəliklə qayıtmışdı. Ayaq üstə güclə dayanırdı. Tahirin ölümündən xəbəri vardımı? Gülsura bunu heç vaxt bilmədi. Dəhşətli ağrılardan ağlını itirmək dərəcəsinə gəlmişdi. Gələndən sonra cəmi üç ay yaşadı. Amansız ağrılarını Gülsura onunla birlikdə çəkdi. Gülsura özündən baş aça bilmirdi. Bu ağrı-acıya necə dözürdü? Bu üç ayda Gülsura qardaşının carpayısının başından ayrılmadı. Qardaşı dünyasını dəyişəndə dərdlər əlində qovrulan Gülsura yalquzaq kimi uladı:
- Canım, ay qardaş, atam, ay qardaş, anam ay qardaş, balam, ay qardaş... - Gülsuranın yanğısı bayatıya döndü:
Canım qardaş, gözüm qardaş,
Ən yanıqlı sözüm qardaş.
Köçüb getdin bu dünyadan,
Sənsiz necə dözüm, qardaş?..
Nəfəsini dərəndə də 37-ci ili qarğıdı: -Lənətə gələydi 37-ni... Ailəmizin axırına çıxdı. Soysuz atam, hey... Soysuz anam, hey... Soysuz Tahirim, hey... Soysuz Cəfərim, hey... Viran qalmış soyumuz, hey...
***
...Artıq 4 aya yaxın idi ki, özü də yataq xəstəsi idi. Ona qonşusu Səftər müəllimin arvadı Zeynəb qulluq edirdi. Yeməyini gətirirdi, çimizdirirdi, paltarını yuyurdu, əynini dəyişdirirdi.
***
Artıq 3 gün idi ki, boğazından su da keçmirdi. Quruyub qurtarmışdı. Qırış-qırış dərisi sümüyünə yapışmışdı. Bir vaxtlar gözəllər gözəli olan Gülsura indi çarpayısında yumağa dönmüşdü. Bu üç gün ərzində, çox vaxt, heç huşu da özündə olmurdu. Özünə gələndə də 1937-ci ili qarğıyırdı:
- Lənətə gələydi 37-ni... Atamın nə günahı vardı ki?.. Şərlədilər, böhtan atdılar o boyda kişiyə. "Demaqo" dedilər. Səmədlə Əjdəri torpaq necə götürdü, görəsən?.. Yazıq Tapdıq, onu niyə tutdular ki?.. 21, 22 yaşı vardı. Yaraşıqlı, boylu-buxunlu... "Xalq düşməni" dedilər ona. Sonra da güllələdilər. O yaşda uşağı güllələyərlər? Sonra da dedilər, günahı yoxmuş. O bəraət aldı. Üstündən "Xalq düşməni" adı götürüldü. Amma atamın adı ölənəcən üstündə qaldı. bizim üstümüzdə qaldı. O adın hesabına tifağımız dağıldı bizim. Lənətə gələydi 37-ni... -Yenə də boğucu öskürək... Öskürəkdən sonra zəif, xışıltılı nəfəsalma... Gülsuranı yenə də yuxu apardı.
...Gecəyarısı Gülsura keçindi...
Yazığın canı qurtardı...
***
Səhərisi gün, günorta iki kiçik yaşlı uşaq məktəbdən gəlirdilər. Üçüncü, ya da dördüncü sinifdə oxuyardılar.
Gülsuranın evinin qarşısında bir neçə nəfərin yığışdığını görüb, uşağın biri o birindən
- Orda nə olub? - deyə soruşdu.
İkinci uşaq:
- Demaqo Əvəzin qızı ölüb - deyə cavab verdi.
Neftçala
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!