Bal - Mübariz Cəfərlinin hekayəsi

Arılara

Deyirlər, arıların beş gözü var. Neçə gözü olur-olsun, mən arıların ifrat zəhmətkeşliyini divanəlik, səfehlik sayıram. Baxmayaraq ki, "Quran"da bal arısına da aid məxsusi surə var. Bununla belə, işləyə bilməyən, xəstə arının qanadlarını yolub yuvadan kənara ataraq tələf eləmək qəddarlığın son həddidi. Yaratdığını, min bir dərdin dərmanı olan balını qədirbilməz məxluq yeyəcəksə, zillət çəkməyin mənası nədi? Düzdü, ayılar da meşədəki balı yeməyi xoşlayırlar, arının balından savayı, südü də çox xeyirlidi. Amma bunun o xeyri yaradana, arılara nə dəxli? Gecə-gündüz zəhmət çək, gündə neçə kilometr uç, hər güldən bir qətrə toplayıb can dərmanı yarat ki, naşükür adamlar acından ölməsin. Artıb, çoxalıb qarışqa kimi düzü-dünyanı tutsun, güc toplayaraq hər yeri dağıdıb xarabazara çevirsin, məhşər gününü yaxınlaşdırsın. İnsan ruzi tapmayıb aclıqdan gəbərməliydi, kökü kəsilməliydi ki, bu dünya, yer üzü rahat nəfəs alsın. Dağıdıcı üçün ruzi yaratmaq onunla əlbir olub öz-özünə qənim kəsilməkdi. Qəddar arı ailəsinin kəskin qaydaları xəstə balasını yeyib heç olmasa, fiziki birləşmək duyğusunu gerçəkləşdirən pişiklərin adətindən də qat-qat dözülməzdi. Pişik balasını aclıqdan yox, əlacsızlıqdan, istədiyindən  yeyir. Balası ilə bir yerdə olmaqdan ötrü... Qədim, antik dövrdə də təxminən, belə rituallara rast gəlinirdi. Ad çəkmək istəmirəm, amma sevimli, bilikli sagirdləri, tələbələri ilə cinsəl yaxınlıq eləyən filosoflar vardı. Hər bir tələbə arzulayırdı ki, ustadı onunla yaxınlıq eləsin, çünki bu yaxınlıq həmin tələbənin seçilmiş olmasından, ən yüksək mərtəbəyə çatmasından xəbər verirdi. Bəzi antik filosoflar haqqında məhz buna görə ölüm hökmü çıxarılmışdı. Bu işin dinimizə zidd olduğu ilə, çox böyük günah sayılması ilə işim yoxdu. Hərçənd bunun tarixi bizim dinimizdən çox-çox əvvəllərə gedib çıxır, elə İslamdan qabaqkı dinlər də bu işin ən bağışlanmaz suç olduğunu deyirdi. Bu öz yerində, əsas məsələ heyvanların, həşəratların, insanların qoyduğu qaydadakı öləzik oxşarlıqdadı. Xəstə körpəni yeyib onunla birləşmək, işləyə bilməyən balasının qanadlarını yolub öldürmək, bir də ki, öz oğlun qədər istədiyin ən istedadlı tələbənlə yaxınlıq eləmək... Şübhəsiz, bu qaydalardan ən iyrənci adamlarınkıdı, ona görə ki, quramadı, nəfsə, şəhvətə xidmət eləməkdi. Hələ mən bunun dini tərəfini qoyuram bir qırağa. Beləcə, yenə eyni nəticəyə gəlirik; Adəm övladı yaranmışların ən yararsızı, ən murdarıdı... Yaradan belə murdar məxluqu yalnız dağıdıcılığına görə xəlq eləyə bilərdi.

Nə gözlərini bərəldib diqqətlə qulaq asırsan? Başa düşürəm ki, heç nə qanmırsan. Səndə qəbahət yoxdu, hərdən mən özüm də öz fikirlərimin arasında dolaşıb qalıram, çıxış yolu tapa bilmirəm. Adamları da heyvanlarla, həşəratlarla müqayisə eləmək olar? Mən onları müqayisə eləmirəm, bərabər də tutmuram, mən balaca bir kəndin axundu kimi hökm verirəm özlüyümdə. Hökm verməyə ixtiyarım olmasa da, illərdi gəldiyim nəticəni dilimə gətirirəm: İnsan nəinki heyvandan, həşəratdan da aşağıdı. Əstəğfürullah, təkcə qurbanolduğum tərəfindən seçilmiş müqəddəslərdən savayı... Əfsus ki, onların da, həyatlarını bu yolda fəda eləyənlərin də gücü yetmədi adamları düz yola gətirməyə...

Mənə adi adam kimi baxma, nə dediyimi yaxşı bilirəm mən. Sənin başının tükü sanı kitab oxumuşam. Hərçənd sənin də saçın seyrəlib. Keçəlləşirsən yavaş-yavaş... Mənim rəhmətlik dədəm də cavan vaxtından dazlaşmışdı. Yazığın yel xəstəliyi də vardı, sümüklərinin, oynaqlarının ağrısından səhərəcən yata bilmirdi rəhmətlik. Yazda cürbəcür arılar tutub soxurdu maykasının altına ki, vursun arılar onu. Arının zəhəri də xeyirlidi axı... Di gəl, arılar da neştərini sıxmırdu, batırmırdı onun bədəninə, vurmurdu onu... O qədər tənbəki çəkmişdi ki, təkcə üst-başından yox, bədənindən, qırmızımtıl dərisindən də tütün iyi gəlirdi kişinin. Arılar da sakitcə mürgüləyirdi, gəzirdi kişinin maykasının altında, azadlığa çıxmağa məqam axtarırdı, vəssalam. Dədəm də gözləməkdən bezikib, axırda deyinə-deyinə, hirslə əynindəkini soyunurdu, əzilib xurd-xəşil olan arılar düşürdü yerə, qurtulanlarsa tez uçub gedirdi.

Mən dədəmə oxşamamışam, dayılarıma çəkmişəm, saçlarım coddu, sıxdı, ancaq qar kimi ağappaqdı. Lap şaxta babaya oxşayıram. Saçım ağ, bığım-saqqalım ağ... Amma saçın ağarmağındansa, elə tökülməyi yaxşıdı. Hərçənd indi buna da çarə tapıblar, keçəl başa tük əkirlər, ağ saçı rəngləyib qapqara qaraldırlar. Bir növ, Allaha demirəm, zamana kələk gəlirlər indiki kişilər. Odey, Şirzadın oğlu çənə Bayram lap ağını çıxardıb; arvad kimi saçını saraldıb, eləyib sapsarı... Sən də görmüsən yəqin. O abır-həya bilməz Bayram sarı başı ilə səhərdən-axşamacan şəstlə o yana gedir, bu yana gedir. Utanmaq-zad da qalmayıb adamlarda. Nə deyim, vallah, indi heç bilmək olur ki, kim hansı məssəbə (məzhəbə) qulluq eləyir?! Kimin əlinə nə gəlir, sürtür başına ki, belə moddu. Məxluq lap yolunu azıb. Əzəldən var idi hüsnü-camalı, indi də olub dəli Bayraməli...

"Arı" dedim, yadıma düşdü, sənin üçün bir banka xalis bal gətirmişəm, acanda çörəyin üstünə yaxıb yeyərsən. İstəsən, bir az kərə yağı da  qatarsan. Yağnan balı bir-birinə qarışdıranda lap ləzzətli olur...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!