- Sən kiminləsən, ölülərlə, ya dirilərlə? Qatillərlə, ya qətlə yetirənlərlə?
Roma şairi Publi Ovidi
Səhər-səhər biz Ölülərdən Siz Dirilərə salamlar olsun! Siz ey dili dilimizdən, dini dinimizdən olan hörmətli, izzətli Dirilər! Son illər bizim ruhumuzu o qədər incidirsiniz ki, qəbir evimizdə sakit yata bilmirik. Axı sizin də tez-tez yad etdiyiniz ulularımız deyiblər ki, Ölülərin dalınca danışmayın. Onların ruhunu incitməyin... Amma siz Dirilər biz Ölülərin arxasınca nəinki danışırsınız, bəzən olmazın iftiralar da atırsınız. Bilmirik bizim günahımız nədir, niyə bizi məhşər ayağına çəkirsiniz. Məgər başqa iş-gücünüz, dərd-səriniz yoxdur. Biz bədbəxtlər həyatda yaşayanda həmkarlarımızdan bəzilərinin qərəzli münasibətindən, rəftarından, satqınlığından, böhtan dolu məqalələrindən, qısqanclıqlarından, xəbisliklərindən, kin-küdurətlərindən o qədər əziyyət çəkmişik ki, saymaqla bitməz. O məşum, ölüm nəfəsli 37-nin tuthatut vaxtlarında bəzilərimiz güllələndik, bəzilərimiz həbs olundu, bir çoxumuz Sibirə, Qazaxıstana sürgün edildik. Üstümüzə çamırlar atıldı, ailələr dağıldı. Canımızı millətimiz yolunda fəda etsək də, Xalq düşməni adıyla damğalandıq. Oğlumuz, qızımız tay-tuşları yanında başıaşağı gəzib dolandılar, xəcalət çəkə-çəkə, utana-utana yaşadılar. Universitetdə, institutlarda oxuyan uşaqlarımız biz günahsız bəndələrin ucbatından xaric edildilər. Siz ey Dirilər, ey bizim irsimizi araşdıranlar, təftiş edənlər, şəxsiyyətlərimizdə ancaq qüsur axtaranlar, bir an da olsa, əl saxlayın, Allahı başınızın üstündə görün. Özünüzü bizim yerimizə qoyun, görün biz çəkən müsibətləri, faciələri siz yaşamısınızmı? Gecə ilə səni gəlib evindən aparıb dustaq ediblər, alçaldıblar, incidiblər, huşun başından çıxana qədər döyüblərmi?! Harayına, imdadına kimsənin yetmədiyi o əzab-əziyyətli, məşəqqətli gecələrdə bircə anın içində qapqara saçınızın ağardığını təsəvvür edə bilirsinizmi? Yox, azadlıqda olanda belə ağrılı-acılı olaylar barədə heç düşünmürsən də. Ən dəhşətlisi sənin ruhuna, əxlaqına yad-yabançı olan, "türkəm" deyənin qanına susayan Şerin, Qriqoryanın, Markariyanın, Qalıstyanın, Ohanesyanın, Avanesyanın müstəntiqliyi ilə on minlərlə ziyalılarımız, din xadimlərimiz, hərbçilərimiz güllələndilər, sürgün edildilər. Siz Dirilər bizim haqqımızda yazanda heç bu haqda düşünübsünüzmü?
Əziz Dirilər, əgər vaxtınız varsa, özü də nadan birilərinin gülləsinə tuş gəlmiş akademik Ziya Bünyadovun "Qırmızı terror" kitabını oxuyun. Görün, unudulmaz Ziya Bünyadov arxivlərdən nələr üzə çıxarmışdır. Ziya Bünyadov yazır: "Ölüm və cəza maşını dayanacaqsız və fasiləsiz işləyirdi. Hər "bir xalq düşməninə" "məhkəmə" zamanı ancaq 15 dəqiqə vaxt ayrılırdı (tək-tək hallarda 20 dəqiqə). İndi qoy oxucu özü 1936-1937-ci illərdə bir saatda nə qədər adamın güllələnməyə məhkum edildiyini, nə qədər zəka sahiblərinin - azərbaycanlıların güllələndiyini özü hesablasın. Bir gündə 24 saat (96 nəfər), ayda 30 gün (2880 nəfər), 2 il yarımda isə 80 mindən çox".
Xalqımızın taleyində baş vermiş bu bəşəri, bağışlanılmaz faciənin miqyasını heç düşünübsünüzmü? Əgər düşünməyibsinizsə, xahiş edirik, düşünün. Baxın, görün sizin düşüncənizə görə bizim günahımız nədir? Məgər yazıçı, şair, alim, filosof, bəstəkar, musiqiçi, aktyor, müğənni olmaq günahdırmı, bizim keçmişimizi bu qədər təftiş etməklə məşğulsunuz? Yoxsa, sizin çörəkpulunuz bizi yerli-yersiz gözdən salmaqdan çıxır? Hörmətli Dirilər, əgər belə deyilsə, niyə qoymursunuz qəbir evimizdə sakit yataq? Axı bizim dirilib, televiziya kanallarına çıxıb sizin böhtanlarınıza, sorğu-sualınıza cavab vermək imkanımız yoxdur. Hələ bizim dövrümüzdə olmayan sosial şəbəkələr, kabel televiziyaları... Bilən də, bilməyən də, ömründə bircə kərə arxivlərə getməyən, tariximizi, keçmişimizi araşdırmayanlar ünvanlarımıza hərzə-hədyan söyləyirlər. Millətin görən gözü, düşünən beyni olan şəxsiyyətlər zamanında nə qədər əziyyətlər çəkiblər. Çar Rusiyasının təpkisi, yabançı idarəetmə üsulu, hörmət-izzətdən uzaq rəftarı altında inləyən Qasım bəy Zakirlərin, Mirzə Fətəli Axundzadələrin, Abbasqulu ağa Bakıxanovların, Həsən bəy Zərdabilərin illər, qərinələr keçsə belə, iniltilərini, ayıq-sayıq olmağa çağırışlarını eşidirsinizmi? Əgər eşitmirsinizsə, heç olmasa, laqeyd, biganə olmayın, lütfən onları oxuyun, yad edin. Xatırlayırsınızmı, Üzeyir bəy yazırdı: "Yuxarıdakı daş bünövrə daşını inkar edə bilməz, edərsə, yuxarıda dayana bilməz".
Bəli, bu belədir, Üzeyir bəyin dediyi fikri inkar etmək olmaz. Müsibət onda olur ki, soydaşların səni anlamasın, dar gündə sənə qahxmar çıxmasın, uzaqda durub başına gəlmiş faciəni teatr tamaşası kimi seyr etsin. Budur, iki əsr bundan əvvəl yaşamış Qasım bəy Zakirin fəryadını eşitməyinizi istəyirik:
Vilayətdə urus olub ixtiyar,
Eyləyib bir bina, yoxdu görən kar.
Tamam işlər olub cahilə bazar,
Heyif bu vilayət, heyhatü heyhat.
Bəli, budur bizdən çox-çox öncəki əsrin səsi. Müasirlərindən bir çoxu Qasım bəy Zakiri dərk etmədilər, hətta bəziləri şairlə aralarında olan cüzi bir incikliyi kinə çevirib bizlərə yad olan işğalçı məmur Tarxan Maurovun atlı milis dəstəsinə qoşulub qoca şairin üstünə gəldilər, onun təhqir olunub alçaldılmasından, ev-eşiyinin talan olunub oğlunun Sibirə, özününsə Bakıya sürgün edilməsindən xoşhal oldular. Siz deyin, bu biabırçılığa, ədalətsizliyə qarşı çıxan bir kişi oldumu? Olmadı, əziz Dirilər, olmadı! Nə edək, bizlər aramızda olan kiçik bir incikliyi belə həzm edə bilmirik. Nəticədə düşmən dəyirmanına su tökürük.
Əziz Dirilər, biz demirik ki, aydan arı, sudan duruyuq. Bizim də səhvimiz, günahlarımız olub. Amma etiraf edin ki, siz də bizə bolşevik təfəkkürü ilə yanaşırsınız. Bizi ittiham edəndə heç olmasa, doğum-ölüm tarixlərimizə nəzər yetirin. Hansı mühitdə, hansı şəraitdə yaşayıb işlədiyimizə fikir verin. Bizi öz dövrümüzün insanı kimi mühakimə edin. Axı bizim çoxumuz Azərbaycan Xalq Cümhuriyyəti qurulanda on-on iki yaşlarında uşaqlar idik. Sonra ayaqyalın, patavalı qırmızı ordu Vətənimizi işğal etdi. Görün, bolşevik zabiti, əsgərləri hansı əxlaqın sahibiydilər ki, atın belində milyonçu Murtuza Muxtarovun indi Səadət sarayı adlandırdığınız mülkünə soxulmuşdular. O da silahını çıxarıb əvvəl bolşevik zabitini, sonra da özünü güllələmişdi.
İnsan zülmə tabedir, yaşamaq üçün sevmədiyi quruluşa belə uyğunlaşmağa çalışır. Bolşevik bayrağı altında yaşayan istənilən ləyaqətli adamın evinə soxulan "patavalı mujik" üzünə qarşı vərdiş etmədiyin ana söyüşünü söyərdi. Bu isə sənin şərəf məsələn idi, ya dözməliydin, ya da evinə çağırılmamış "qonağ"ı vurub öldürməliydin.
Bolşevizmin atası V.Lenin haqqında oçerklər yazmış, həyatın hər üzünü görmüş Maksim Qorki ədalətsizliyə dözməyib yazmışdı: - "Patavalı mujikin əlinə silah verib bəstəkarın üstünə göndərmək olmaz. Rusiyada bir gündə yüzlərlə mujik doğula bilər, lakin yüz ildə bir dahi sənətkar doğulmaya bilər".
Bəli, əziz Dirilər, insan xisləti sonacan izah olunmayan müəmmadır. Bolşevik hakimiyyəti illərində dövlət qurumlarında işləməyə, yüksək vəzifə tutmağa can atanları qınamaq olmaz. Əsas odur, bütün zamanlarda, hər bir şəraitdə ləyaqət hissini unutmayasan. İyirmi beş il Çar Rusiyasına qarşı vuruşan Şeyx Şamilin hər zaman üçün dəyərli, həmişə yadda saxlayıb ibrət götürməli məşhur bir fikri var. Deyibdir ki: - "Hakimiyyət hərisliyi bir sümükdür, qoy bizim dağlılar bu sümüyün üstündə köpəklər kimi didişməsinlər, Allah məni bu sözlərimə görə bağışlasın, onlar didişərkən kafirlər gəlib bu sümüyü götürüb qaçacaqlar".
Elə bir əndrabadi, ağlasığmaz rejim hakimi-mütləq idi ki, qardaş-qardaşa sirr vermirdi. Belə bir acı durumu seyr edən böyük Hüseyn Cavid yazırdı:
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq.
Əziz soydaşlarımız, görün, ümumi ab-hava, vəziyyət nə həddə imiş ki, Hüseyn Cavidin "Topal Teymur" tarixi dramının tamaşasını seyr edən məmur pyesin finalındakı sözlərdən əndişələnir. Tarixi olaylardan xəbəri olmayan bəzi söz sahibləri Topal Teymurun gur səslə məğlub edib əsir götürdüyü Osmanlı Sultanı Yıldırıma müraciətlə söylədiyi fikirləri öz ünvanına götürür: "Heç maraq etmə, xaqanım! Sən kor bir abdal, mən də dəli bir topal! Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə... sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı."
Topal Teymurun dili ilə sözünü deyən Hüseyn Cavidin, elə onun məsləkdaşları Yusif Vəzirin, Seyid Hüseynin, Əhməd Cavadın, Ömər Faiq Nemanzadənin, Mikayıl Müşfiqin, Bəkir Çobanzadənin, Hənəfi Zeynallının, Vəli Xuluflunun, Əli Nazimin, Salman Mümtazın və b. taleyi hər kəsə bəllidir.
Unudulmaz Dirilərimiz, sosial statuslarınızda adıbəlli insanlardan kimin kimi satdığını, kimin böhtan atdığını, ev yıxdığını yazırsınız. Əlbəttə, bu sizin haqqınızdır. Heç kəs sizə deyə bilməz ki, yazmayın. Yazın, ancaq həqiqəti yazın, araşdırıb, dəqiqləşdirib yazın.
Söz yox, satqınçılığın bəraəti yoxdur, amma iradəsi zəif birisindən şantaj, fiziki güc hesabına istədiyi "etirafı" alan müstəntiqə də heç zaman bəraət yoxdur.
Bu əl telefonu icad olandan, ölkəmizə ayaq açandan bəri hamı müxbir olub. Bilən də, bilməyən də, savadlı, savadsız da "Google"də, "TikTok"da ağlına gələni yazır. İş o yerə çatıb ki, anadilli şeirimizin ən gözəl nümunələrini yaradan Molla Pənah Vaqifi "satqınçılıqda" günahlandıranlar da tapılır. Soruşmaq istəyirsən ki, qardaş, Qarabağ xanının vəziri Molla Pənah Vaqif kimi satıb? Bəlkə hansısa tarixi romanda oxumusunuz, yaxud teatr səhnəsində görübsünüz? Bir şeyi unutmayın ki, hər hansı tarixi şəxsiyyət haqqında yazanda bədii əsərlərə dəqiq məxəz kimi yanaşmaq olmaz! Tarixi şəxsiyyətlərimiz haqqında yanlış bir ifadə, fikir tarixi məlumatı az olan insanlarımızın yaddaşına daha tez köçür və yanlış olaraq nəsildən-nəslə ötürülür.
Əziz həmvətənlər, təəssüf ki, Qarabağ xanı İbrahimxəlil xan Cavanşir, onun vəziri Molla Pənah Vaqif, Ağaməhəmməd şah Qacar haqqındakı bəzi yanlışlıqlar teatr tamaşalarından yaddaşlara köçmüşdür. Zamanın, dövrün diktəsi ilə yazılmış bu əsərlərdə bu şəxsiyyətlərin biri ucaldılıbsa, digəri heç bir əsaslı səbəb, fakt olmadan, kiçildilmişdir. Xalq şairi Səməd Vurğunun uzun illər səhnədən düşməyən "Vaqif" dramında Molla Pənah Vaqif ucaldılmışdırsa, Qarabağ xanı İbrahimxəlil xan aşağılanmışdır. Məhz buna görə Azərbaycan müstəqilliyinə qovuşana qədər İbrahimxəlil xan xalqın yaddaşında mənfi şəxsiyyət kimi formalaşmışdır. Əlbəttə, şairin sağlığında bəzi tənqidçilər, tarixçilər Səməd Vurğuna İbrahimxəlil xanın surətini yaradarkən təhrifə yol verdiyini bildirmişdilər. Buna görə də bizim nəslin əzbər bildiyi "Vaqif" dramının müəllifi, Xalq şairi Səməd Vurğun "Böyük sənət əsərləri uğrunda" adlı məqaləsində özünütənqid ruhu ilə yazırdı: "Mən çox sevdiyim "Vaqif" əsərimin gələcək taleyini düşündüyüm zaman orada yol verdiyim bir çox təhriflər, xüsusən, İbrahim xan surətinin təhrifi məni çox yandırır..."
Bəli, səhvini etiraf etmək də böyüklükdür. Bu cür ədəbi etirafı da ancaq Səməd Vurğun kimi böyük sənətkarlar edərlər. Ağa Məhəmməd şah Qacarın faciəli şəxsiyyətinə və tarixi fəaliyyətinə nəzər salanda, bilməliyik ki, onun atası Məmmədhəsən xan da şahlıq taxtı uğrunda vuruşmada həyatından keçmişdi. Onun həyata keçirə bilmədiyini oğlu Ağa Məhəmməd Kərim xan Zənd öldükdən sonra həyata keçirərək başına şahlıq tacını qoya bilmişdi. Bununla da Qacarlar dövlətinin bünövrəsini qoymuşdu. 1795-ci ildə Qarabağ və İrəvan xanlıqlarını özünə tabe etmək üçün hücum etmişdi. 33 gün Pənahabad (Şuşa) qalasını mühasirədə saxlasa da, qalib gələ bilməmişdi. Bu otuz üç günlük mühasirədən Vaqiflə bağlı tarixləşmiş bir epizod var. Belə ki, Ağa Məhəmməd şah Şuşa qalasının müdafiəsində bərk dayanan İbrahimxəlil xanı qorxutmaq üçün Ürfü Şirazinin 184 beytdən ibarət olan məşhur qəsidəsindən bir beyti yazdırır və oxun ucuna bağlatdıraraq qalanın içərisinə atdırır:
Zi məncəniqi-fələk cəngi fitnə-mibarəd,
To əbləhanə nəmudi miyani şişə həsar.
(Fələyin mancanağından fitnə daşları yağır,
Sən axmaqcasına şişə içərisində dayanmısan).
İbrahimxəlil xan bu beytə cavab yazmaq üçün yanında dayanmış Vaqifə verir ki, cavab yazsın. Molla Pənah Vaqif dərhal belə bir cavab yazır:
Gər nigəhdari-mən anəst ki, mən midanəm,
Şişəra dər bəgəli-səng nigəh midarəd.
(Məni qoruyan mənim tanıdığımdırsa,
Şişəni daş ətəyində salamat saxlayar).
İbrahimxəlil xan Vaqifin Qacara cavab olaraq yazdığı beyti eyni qaydada oxun ucuna bağlatdırıb şahın ordugahına atdırmışdı. Vəssalam. Bu tarixi hadisəni gözdən keçirəndə göz önünə ilkin olaraq gələn Vaqifin fars dilini mükəmməl bilməsi və sərrast cavab verməsidir. Yox, əgər bu hadisədən bir il sonra Qızılayaq ayamalı general, ikinci Yekaterinanın sevimlisi Valerian Zubovun qoca şairə göndərdiyi əsaya görə kimsə Vaqifi "satqınçılıq"da günahlandırırsa, bizi bağışlasın, böyük səhv edir. Bu yerdə sözü böyük Molla Pənah Vaqifin özünə veririk:
Mən cahan mülkündə,
mütləq, doğru halət görmədim,
Hər nə gördüm,
əyri gördüm, özgə babət görmədim.
Molla Pənah Vaqifin bu iki misrasındakı acı həqiqəti kim inkar etmək istəsə, xahiş edirik, əyninə demokratiya köynəyi geyib hərzə-hərzə danışan riyakar siyasətçiləri, dünyamızın bugünkü ziddiyyətli, qan qoxulu mənzərəsini göz önünə gətirsin.
Qayıdaq yenə Vaqifin sağlığında baş vermiş mühüm bir hadisəyə.
General Valerian Zubov 1796-cı ilin yazında II Yekaterinanın xeyir-duası ilə otuz minlik qoşunla Qafqaza soxulmuşdu. 1796-cı il may ayının 2-də Dərbənd müqavimət göstərmədən rus generalına təslim olmuşdu. Bu hadisə Dərbəndin rəmzi açarının I Pyotra təqdim olunmasından 74 il sonra bir daha təkrar olunmuşdu. Rusiyanın çariçası II Yekaterina bu şad xəbəri eşidən kimi dərhal şanlı qələbəsinə görə V.Zubovu 2-ci dərəcəli Georgi ordeni və brillyantla işlənmiş xaçla mükafatlandırmışdı.
Generalın Qubanı tutub Salyanda düşərgə salması xəbərini eşidən, nizami ordusu, böyük top-topxanası olmayan, bir-biri ilə yola getməyən xanlar təşvişə düşmüşdülər.
Çarəsiz qalan Gəncə, Şəki, Talış xanları general V.Zubovun hüzuruna elçilər göndərmişdilər. Qarabağ xanı İbrahimxəlil də oğlu Əbülfət ağanın başçılığı ilə bir neçə şahzadəni hədiyyələrlə Zubovun hüzuruna göndərmişdi. Əvəzində, general Valerian Zubov da İbrahimxəlil xana bəxşişlər, "Mövlana Molla Pənah Vaqifə də qiymətli daşlarla bəzədilmiş bir əsa göndərmişdi" (Mirzə Adıgözəl bəy). Vəssalam!
Lakin xanların bəxtindən Rusiya ordusuna Azərbaycanda çox qalmaq qismət olmadı. 1796-cı il noyabrın 6-da II Yekaterina vəfat etdi. Çariçanın yerinə keçən Pavel Rusiya ilə Fransa arasında yaranan gərginliyi nəzərə alıb Valerian Zubovu Azərbaycandan geri çağırdı. Beləcə Valerian Zubovun fatehlik arzusu gözündə qaldı.
1797-ci ilin yay fəslində Ağa Məhəmməd şah Qacarın Qarabağa ikinci yürüşü, özünün, Molla Pənah Vaqifin və İbrahimxəlil xanın taleyi yəqin ki, tarixi məlumatı olan hər kəsə məlumdur. Ağa Məhəmməd şah Qacar dustaq etdirdiyi Vaqifi səhəri gün cəllada tapşıracaqdı. Amma nökərləri Ağa Məhəmməd şahı ondan əvvəl, gecə ilə başını kəsdilər. Sübh tezdən zindandan azadlığa çıxan Molla Pənah Vaqif dərhal qələmə sarılıb sadiq dostu Molla Vəli Vidadiyə müraciətlə bir şeir yazdı:
Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!
Ruzgarə qıl tamaşa, kara bax, kirdarə bax!
Amma Vaqifin sevinci uzun çəkmədi. Əmisi İbrahimxəlil xanın Car Balakəndə olmağından istifadə edib hakimiyyəti ələ alan Məhəmməd bəy Cavanşirin göstərişi ilə Cıdır düzündə oğlu Əliağa ilə bir yerdə qətlə yetirildi.
Əzizimiz Dirilər! Daha mətləbi çox uzatmaq istəmirik, lakin bir vacib məsələnin üstündən sükutla da keçə bilmərik. İndi də bəzi yazarlar arasında arzuolunmaz bir dəb düşüb: ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz, dövlətçiliyimiz tarixində özünəməxsus yeri, xidməti, fəaliyyəti olan tarixi şəxsiyyətlərin soykökündə, nəsil-şəcərəsində erməni bağı - izi axtarmaq. Sosial şəbəkələrdə belə bir fikir yayılıb ki, guya Səfəvilər dövlətinin yaradıcısı, böyük sərkərdə, şair Şah İsmayılın vəziri erməni əsilli birisi olub. Bu xəbər bizə çatanda dirilib qəbirdən çıxmaq istədik. Bu cür cəfəngiyyatı yazan, söyləyən, şad xəbər kimi bir-birinə ötürən, tirajlayanlardan soruşmaq istəyirik: - Bu erməni vəzirin adı nədir? Məsləki, inancı, xidmətləri nədən ibarətdir? Heç bir tarixi sənədə, məxəzə, əlyazmalara, təzkirələrə istinad etmədən belə ucuz, məsuliyyətsiz fikirləri yazmaqda məqsədiniz nədir, cənablar?! Doğrusu, başa düşmürük, bu nə hoqqadı çıxarırsınız? Səfəvilərin tarixindən, onun qurucusunun həyatından, məsləkindən xəbərsiz olanlara üzümüzü tutub deyirik: - Şah İsmayıl Xətainin ilk vəziri Əmir Zəkəriyyə Keçəçi olub. İkinci vəziri də həmin nəsildən olan təbrizli Xacə Cəlaləddin Məhəmməd Keçəçi idi.
Əziz soydaşlarımız, sizdən min kərə xahiş edirik, tariximizə, keçmişimizə, tarixi şəxsiyyətlərimizə sayğı ilə yanaşasınız. Bilin ki, "heç kəs zəfərlərlə dolu minillik şanlı keçmişindən bir an içində imtina etmir" (Əhməd bəy Ağayev). Sağ olun, sağlıqla qalın!
Ölülərin Dirilərə məktubunu qələmə aldı: Mustafa Çəmənli...
26 noyabr 2024-cü il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!