Mütaliə edən millətin intibahı - Elmira AXUNDOVA

Utopiya, yoxsa reallıq?

Maraqlı məruzələr və məlumatlar, elmi mübahisələr, təqdimatlar, hətta bəzi mədəniyyət xadimlərinə "Xalqlar dostluğu" ordeninin təltifedilmə mərasimi ilə yadda qalan tədbir - bütün bunlar Almatıda, sadəcə, bircə gündə baş verdi. Bu ilin 3 dekabr tarixində orada Bilik mədəniyyətinə dəstək mövzusunda "Mütaliə edən millətin intibahı" adlı VI Beynəlxalq konfrans keçirilirdi. Konfrans Qazaxıstanın Əmək Qəhrəmanı, Xalq yazıçısı, böyük şair və ictimai xadim, biz azərbaycanlılar üçünsə son dərəcə yaxın və doğma insan - Oljas Süleymenovun rəhbərlik etdiyi UNESKO-nun himayəsi altında fəaliyyət göstərən "Beynəlxalq mədəniyyətlərarası yaxınlaşma mərkəzi"nin təşkilatçılığı ilə baş tuturdu.

 

Qısa arayış

 

"Mədəniyyətlərarası yaxınlaşma mərkəzi 2015-ci ildə Qazaxıstan hökumətinin qərarı ilə yaradılıb", - deyən, direktor müavini Saltanat Aşimova mənə izah etdi ki: "- Mərkəz Mədəniyyət və İnformasiya Nazirliyi tərəfindən maliyyələşdirilir. Xatirinizdə qalıbsa, UNESKO-nun belə bir layihəsi var idi - 2013-2022-ci illərdə mədəniyyətlərarası yaxınlaşma onilliyi. O vaxt prezident Nazarbayev xüsusi institutun açılması təşəbbüsü ilə çıxış etmişdi, sonradan bunun Mərkəz olacağına qərar verdi. Əslində mərkəzi Astanada açmaq istəyirdilər, amma Oljas Omaroviç və digər mədəniyyət xadimləri onun məhz Almatıda açılmasını təkid etdilər, bir neçə ildən sonra Qazaxıstan paytaxtında da mərkəzimizin filialını açdıq.

Mərkəzimizin ilk direktoru akademik, tarix elmləri doktoru, məşhur arxeoloq Karl Baybakov idi. Təəssüf ki, 2018-ci ildə qəfildən vəfat etdi. Oljas Süleymenov yeni direktorumuz oldu.

Hal-hazırda bu təşkilat mədəniyyətlərarası dialoqlara körpü olur, hər il mədəniyyətə və elmə dəstək vermək məqsədi ilə beynəlxalq konfranslar keçirir, eyni zamanda "Avrasiya ölkələri arasında mədəniyyətlərin yaxınlaşması" adlı nüfuzlu Foruma ev sahibliyi edir. Eyni zamanda biz məktəblilər və gənclər arasında "Böyük İpək yolu - dialoqlara körpü" adlı Forum da keçiririk. Bundan başqa, mərkəzin nəzdində Mərkəzi Asiyadan olan müəllimləri bir araya gətirən Beynəlxalq yay məktəbi fəaliyyət göstərir. Onlar burada təcrübə mübadiləsi aparır, diskussiyalara qatılır, treninqlər və master-klasslarda iştirak edirlər. Bir sözlə, biz MDB məkanında tanınan və qəbul edilən humanitar əməkdaşlıq platformasına çevrilmişik".

...Xəstə olmağına baxmayaraq, gələn qonaqlarla görüşmək və onların qarşısında çıxış etmək üçün özündə güc tapan Oljas Süleymenovun plenar iclasa qatılması hamımızı ruh yüksəkliyinə köklədi.

- Mən bu görüşə 30 ildir hazırlaşıram, - deyən Oljas Omaroviç çıxışına bu cür paradoksal fikirlə başladı. - Biz kitabdan uzaq düşmüşük, artıq kitab dövlətin və vətəndaşın köməkçisi ola bilmir.

Ardınca xeyli dəyərli və ibrətamiz fikirlə müşayiət edilən dialoq başladı. Oljas Süleymenov əvvəllər də, indinin özündə də çox vaxt təhriflə, tarixi gerçəkliklərə kölgə salmaqla təqdim edilən tarix elminin çağdaş durumuna toxundu. O, sovet dövründə yaranan peşəkar ədəbiyyatı təəssüflə xatırladı. "O vaxt qonorarla yaşamaq olurdu, - dedi və böyük tirajla çap olunan "Az i Ya" kitabının çapından əldə etdiyi qonorarla tələbələrə səkkiz mənzil aldığını xatırlatdı. Həmin gənclər o vaxtkı Qazaxıstan Kommunist partiyasının I katibi D.Kunayevin vəzifədən çıxarılması üçün baş vermiş iğtişaşlara qatıldıqları səbəbindən həbs olunmuş, sonra Oljas Süleymenovun müdaxiləsi ilə azadlığa çıxmışdılar. Bu səbəbdən Oljas Süleymenov güman edir ki, ədəbiyyata və digər fundamental elmlərə mütləq dövlət dəstəyi olmalıdır, əks halda, bildiyimiz kimi - özfəaliyyət başlayır, necə ki artıq başlayıb!

Oljas müəllim bizə qazax tarixindən az məlum olan faktlardan danışdı: qeyd etdi ki, 1920-ci ilin siyahıyaalınmasına görə qazaxların sayı 6 milyon, 1939-cu ilin siyahıyaalınmasına görə isə, cəmi 2 milyon olub. Yaxşı, bəs bu dörd milyon hara gedib? Onlar az qala, millətin yarısını məhv edən kütləvi aclıq illərində həyatlarını itiriblər. Amma qazax xalqının tarixindəki bu faciə barədə, demək olar, bir kəlmə də yazılmayıb. "Tariximizdə bu cür "ağ" ləkələr çoxdur, - Oljas Süleymenov qeyd etdi. - Biz, mərkəzimizdə bu məsələlərlə məşğul olaraq, tarixi gerçəkləri bərpa etməyə çalışırıq".

Yeri gəlmişkən, növbəti sessiya da məhz - "Tarixi ədəbiyyatın gələcəyi" adı ilə baş tutdu. Həmin sessiyada "Tarixi-bioqrafik roman Azərbaycan ədəbiyyatında yeni janr kimi" mövzusunda geniş məruzə ilə çıxış edərək, müxtəlif dillərə tərcümə olunmaqla, geniş oxucu kütləsinin dərin marağına səbəb olan altı cildlik "Heydər Əliyev. Şəxsiyyət və Zaman" adlı tədqiqat-romanı üzərindəki yaradıcı prosesdən bəhs etdim. Məruzəmi "...əminəm ki, tarixi-bioqrafik janr hələ uzun illər postsovet coğrafiyasında geniş oxucu kütləsinin marağına səbəb olacaq, konfransın ortaya qoyduğu digər məsələlərlə yanaşı, bilavasitə mütaliə edən millətin intibahına təkan verəcək" sözləri ilə bitirdim.

Məruzəm qazax alimlərinin marağına səbəb oldu, ikinci sessiyanın moderatoru - M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Qazaxıstan Respublikası MEA-nın akademiki Kenjehan Matıjanov "Qazaxıstanda da uzun illər respublikaya rəhbərlik etmiş, milləti və milli özünüdərki formalaşdırmış şəxsiyyətlər haqqında bu cür əsərlər yazılmalıdır" - deyərək, fikirlərini bildirdi.

Çıxışının sonunda Oljas Omaroviç çox mühüm bir məsələyə toxundu. Qeyd etdi ki, azərbaycanlılar, bütün digər türk xalqları kimi, millət olaraq hələ eramızdan əvvəl - IV əsrdən formalaşmağa başlayıblar.

Məhz bu səbəbdən tarixi kökləri çox qədimlərə gedib çıxan azərbaycanlıların danışıq dili oğuz dialekti olaraq günümüzə qədər yaşayır. Və biz, Oljas deyir, bunu sübut etmişik və haqqında dəfələrlə yazmışıq. Doğrudan da, Bakıda türk xalqlarının qədim eposu - "Kitabi Dədə Qorqud" dastanının 1300 illiyi təntənə ilə qeyd olunanda, ölməz eposun mənşəyi və yaranma tarixi ilə bağlı həmişəki kimi fərqli yanaşması olan Oljas bu mühüm hadisəyə biganə qala bilməmişdi. Elm aləmində ilk dəfə dastan qəhrəmanlarını qədim yunanların günəş kultu mifləri ilə müqayisə edən Oljas, "Dədəm Qorqudun kitabı"nın "İlliada" və "Odisseya"dan daha qədim olduğunu söyləməyə cəsarət tapmışdı. Onun heyrətlə qarşılanan məruzəsi MDB dövlətlərindən və uzaq xaricdən yubiley təntənəsi çərçivəsində baş tutan konfransa gəlmiş türkoloq alimlərin böyük marağına səbəb olmuşdu. Yəqin bir neçə il sonra Brüsseldə Azərbaycan dövlətinin təşəbbüsü ilə Dədə Qorqud abidəsinin açılış törənində prezident İlham Əliyevin yanında məhz onun - Oljas Süleymenovun dayanmağı heç də təsadüfi deyildi.

Çıxışından sonra Oljas Omaroviç konfrans iştirakçılarının bəzilərinə Qazaxıstan hökumətinin Süleymenovun şərəfinə təsis etdiyi "Xalqlar dostluğu" ordenini təqdim etdi. Nə xoş ki, həmin mötəbər ordeni almaq səadəti mənə də nəsib oldu. Və əminliklə deyə bilərəm ki, bu orden həyatda aldığım ən dəyərli mükafatlardan birinə çevrildi...

***

Konfransda alimlər, yaradıcı və ictimai təşkilatların rəhbərləri, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, UNESKO-nun regional ofisinin, Beynəlxalq PEN klubun və başqa nüfuzlu birliklərin nümayəndələri iştirak edirdilər. Tədbirə Türkiyədən, Rusiyadan, Qırğızıstandan, Azərbaycandan olan alimlər, Fransadan və Böyük Britaniyadan (İnternet vasitəsilə) gəlmiş qazax ədəbiyyatı tərcüməçiləri də qatılmışdı.

Natiqlər konfransın əsas qayəsi ətrafında olan müzakirələrə münasibət bildirməyə, ortaya çıxan suallara cavab tapmağa, maneələrin aradan qaldırılması üçün fikir və təkliflərini səsləndirməyə çalışırdılar. Türk dünyası rəqəmsal arxivinin yaradıılması yönündə aparılan işlərdən bəhs edən "TURKTAV" Türk tarixi və mədəniyyəti fondunun direktoru Asel Laxayevin çıxışı yaddaqalan oldu. Artıq "turcology.com" elektron kitabxanasının yaradıldığını qeyd edən natiq, gələn il türkdilli ölkələrin beynəlxalq kitab yarmarkasını keçirməyi planlaşdırdıqlarını qeyd etdi və dedi ki, bütün bu təşəbbüslər birmənalı şəkildə əsas məqsədə - mütaliə edən millətin intibahına xidmət edir.

Konfransa Azərbaycandan olan digər nümayəndələr də qatılmışdı. Filologiya elmləri doktoru Əsmət Məmmədova "Oljas Süleymenov yaradıcılığı və onun Azərbaycan ədəbiyyatının inkişafında rolu" mövzusunda məruzə ilə çıxış etdi, professor Vaqif Sultanlı konfrans iştirakçılarının qarşısına "Azərbaycan ədəbiyyatında tarixi roman milli-etnik yaddaş kontekstində" məruzəsi ilə çıxdı. Mərkəzi Asiya respublikalarında öz yazıları və tərcümələri ilə yaxşı tanınan Azərbaycan MEA Əlyazmalar İnstitutunun alimi Nəzakət Məmmədli isə Azərbaycanda Oljas Süleymenovun əsərlərinin tərcüməsi və tədqiqatı məsələsinə toxundu. Bunun ardınca Nəzakət xanım Oljas Süleymenovun Azərbaycan dilinə tərcümə olunmuş bir neçə şeirini səsləndirdi, həmin mətnlər arasında Nəzakət Məmmədlinin öz tərcüməsi də var idi. Məruzələrin üçü də konfrans iştirakçılarının böyük marağı ilə qarşılandı.

Azərbaycan Yazıçılar birliyinin sədri, Xalq yazıçısı Anar konfrans iştirakçılarına xüsusi məktub göndərmiş, məktubda oxucu və yazıçı arasındakı qarşılıqlı münasibətlərə toxunaraq: - "...bu məsələ çağdaş dövrümüzdə ən ağrılı problemlərdən biridir", - deyə qeyd etmişdi.

Məktubun aktuallığını nəzərə alaraq, onu bütünlüklə sizin diqqətinizə çatdırmaq istəyirəm:

"İnternet, Youtub, İnstaqram, Tik-Tok, Feysbuk və digər sosial şəbəkələr potensial oxucunu kitabdan yayındırır. Faydalı məlumatlarla yanaşı, gənc nəsil həm də keyfiyyətsiz məhsullar, gərəksiz dedi-qodular və "qara" piar axını ilə üz-üzə qalır. Bu gün mənim qələm yoldaşlarımın ən mühüm vəzifəsi elə həmin o texniki və elektron vasitələrdən istifadə etməklə əsl ədəbiyyatın təbliğatını aparmaqdır. Oxucularla qarşılıqlı münasibətlər qurmaq üçün daha fəal olmalıyıq - çoxsaylı kitab yarmarkaları, yazıçılarla görüşlər, saytlarda və televiziya verilişlərində geniş oxucu marağına səbəb olan kitabların müzakirəsi məhz buna xidmət etməlidir. Biz oxucunu Kitaba və Sözə qaytarmalıyıq.

Türk dünyasına gəlincə: biz bir-birimizi daha çox tərcümə etməliyik, bir-birimizlə daha çox əlaqə yaratmalıyıq, çünki mədəniyyətlərimiz məhz bu tərcümələr və əlaqələr sayəsində yaxınlaşa, bir-birinə təsir edə bilər. Sovet dövründə ədəbi yaradıcılıq və onun təbliğatı yönündə pozitiv məqamlar az deyildi, həmin təcrübədən yararlanmaq lazımdır: ədəbiyyat fondlarının yaradılması, yazıçılara maddi dəstək göstərmək, ədiblərin digər ölkələrə səfərlərini təşkil etmək kimi ənənələri bərpa etmək və s. zərurətdir. 

Arzu edirəm ki, Almatı konfransına toplaşan alimlər və yazıçılar müzakirələr və söhbətlərdən sonra növbəti bir xeyirxah işə - mütaliə edən milətin intibahına - yeni cığır sala bilsinlər".

Məmnuniyyətlə qeyd etməliyəm ki, Anarın yuxarıdakı məktubda diqqətə çatdırdığı təkliflər VI Beynəlxalq konfransın Qətnaməsinə daxil edildi.

 

***

Mənim iki dəfə çıxış etmək imkanım oldu ki, onlardan biri, məhz Oljas Süleymenovun iştirak etdiyi iclasda baş tutdu. Çıxışımı sizin diqqətinizə çatdırmaq istəyirəm:

"Əziz Oljas müəllim, hörmətli konfrans iştirakçıları!

Sizi mədəniyyətlərin və elmin dəstəklənməsi üçün təşkil edilmiş VI Beynəlxalq konfransda salamlamaqdan qürur duyur, dəyərli Oljas Süleymenova məni konfransa dəvət etdiyi üçün öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, bu yaxınlarda Bakıda qlobal bir hadisə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası baş tutdu. İki yüzə yaxın dövlətin nümayəndəsi qatılan və müəyyən müddət ərzində bütün dünyanın diqqətini Bakıya yönəldən bu mötəbər tədbirdə daha çox qlobal qarşılıqlı təsirlərdən, qarşılıqlı anlaşmalardan və razılaşmalardan bəhs olundu. Çünki COP29-da məhz qlobal ekoloji problemlər ətrafında qaldırılan bütün məsələlər, BMT üzvü olan ölkələrin birgə səyini tələb edir. Lakin Oljas Süleymenov illər əvvəl öz məşhur "Müstəmləkə asılılığı əsrindən - müstəqillik dövrünə və şüurlu qarşılıqlı asılılıq mərhələsinə" adlı düsturunda uzaqgörən siyasi xadim kimi məhz bu məsələyə münasibət bildirmişdi. Həmin dövr başlayıb və bu gün bizim zərif planetimiz təbii və texnoloji fəlakətlərlə məhv olmaq təhlükəsi ilə qarşılaşdığı üçün bu fundamental düsturu həyata keçirməyə həmişəkindən daha artıq ehtiyac duyur.

Oljas - ucsuz-bucaqsız səhraların övladı - hər zaman böyük xəyalpərəst olub. Onun xəyalları da həmişə görünüşü qədər böyükdür. Oljasın unikallığı ondadır ki, onun ilk baxışdan utopik təsir bağışlayan əksər arzusu gerçəkləşib. Məsələn, nüvə sınaqlarına qadağa qoymaq arzusu sonunda nüvə sınaqlarına uzunmüddətli moratorium qoyulması ilə sonlandı. Onun türkdilli xalqların birliyi ilə bağlı müqəddəs arzusu Türkdilli dövlətlər təşkilatının təsis edilməsinə gətirib çıxartdı və biz ildən-ilə bu birlik altında daha da möhkəmlənirik. Sözün gerçək mənasında, dünya onun kimi xəyalpərəstlərin çiyinləri üzərində duruş gətirir...

Əsərlərində fərqli mədəniyyətlərin və inancların ucalığını, böyüklüyünü və heyrətamiz harmonik sintezini dahiyanə şəkildə, yüksək ustalıqla qələmə alan Oljas Süleymenovun bütün yaradıcılığı öz bəşəriliyi ilə seçilir. O, şüurumuzun sərhədlərini kosmik sonsuzluqlara qədər genişləndirməyə çalışır. Bu prizmadan şair Süleymenov, sözün gerçək mənasında, bütün dünyanın vətəndaşıdır. Bizim üçün, Azərbaycanda yaşayanlar üçün isə o çox doğma və yaxın adamdır. Həm də çox əlçatandır. Necə deyərlər, əsl İnsandır.

"Literaturnaya qazeta"da işlədiyim vaxtlar məqalələrimin birində xalq şairi Bəxtiyar Vahabzadənin 1990-cı ilin dəhşətli "qara" Yanvar günləri ilə bağlı xatirələrini qələmə almışdım. Həmin günlərdə Bəxtiyar müəllim Rusiyadakı dostlarına və həmkarlarına ümidsizliklə dolu teleqramlar göndərdiyini, zəng vurduğunu, böyük kədər içində onlara Bakıda hakimiyyətin öz xalqına qarşı törətdiyi dəhşətli cinayətindən danışmağa, uşaqların tank tırtılları altında qaldığını söyləməyə, "Təcili yardım" maşınlarının güllə yağışına tutulduğunu anlatmağa çalışdığını deyirdi...

- Heç kəs səsimə səs vermədi, - Bəxtiyar Vahabzadə o vaxt xatırlamışdı, - nə Jenya Yevtuşenko, nə Çingiz Aytmatov, nə Rimma Kazakova. Amma Oljas Süleymenov xəstə ola-ola, ağır qripə yoluxmağına baxmayaraq, demək olar, hadisələrin səhəri günü Bakıya gəldi. Biz ona necə də minnətdarıq!

Təxminən, on il sonra Oljas Süleymenovla görüşündə Azərbaycanın ümummilli lideri Heydər Əliyev də onun bu vətəndaş addımını xatırlayaraq demişdi: "Hesab edirəm, siz həm Azərbaycan xalqının, həm də mənim dostumsunuz... Siz Azərbaycanda həm bir yazıçı, həm də siyasi xadim kimi böyük nüfuz sahibisiniz. Xalqımız 1990-ci ilin yanvar ayında, sovet qoşunları tərəfindən Azərbaycanın amansız işğala məruz qaldığı günlərdə sizin fəaliyyətinizi, sovet qoşunlarının Bakıya yeridilməsindən cəmi iki gün sonra buraya gəldiyinizi yaxşı xatırlayır və yükəsk qiymətləndirir. Siz buraya gəldiniz, burada çıxışlar etdiniz, bütün bunlara münasibət bildirdiniz və bütün bu hadisələri pislədiniz. Azərbaycanda bunu heç vaxt unutmayacaqlar".

Xarici ölkələrdə aldığı çoxsaylı nüfuzlu mükafatlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Oljas Süleymenov yaradıcılığına, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə təqdim etdiyi dörd yüksək mükafat da yer alır.

...Bir neçə il əvvəl Oljas müəllimin yubileyimlə əlaqədar mənə göndərdiyi məktub aşağıdakı sətirlərlə bitirdi:

"Qazax dilində belə bir söz var - jasa. Müxtəlif yanaşmalarda bu söz iki fəqrli məna bildirir: 1) "yaşa", 2) "yarat", "gör".

Müəyyən bir dövrdə bu sözlərin mənası bir-birindən fərqlənmirdi. Məncə, elə indi də o sözləri bu cür anlamaq lazımdır: yaradıramsa, demək, yaşayıram!

Bir yazıçı və ictimai xadim kimi gördüklərimin müqabilində bu gün mənim bir qardaş tələbi və arzusu ilə sənə: "JASA, ELMİRA XANIM! YAŞA VƏ YARAT!" deməyə haqqım çatır. Lütfən, bu xahişimi yerinə yetir".

Budur, bu gün mən də öz dostum və qardaşım Oljas Süleymenova bacı kimi müraciət edirəm: "JASA, OLJAS, HƏLƏ ÇOX YAŞA! YAŞA VƏ YARAT!"

 

***

Bilik mədəniyyətinə dəstək çərçivəsində baş tutan VI Beynəlxalq konfransın yekununda deyildi:

"Artıq 30 il olar, sosial hadisələrdəki müstəqillik kitablara sirayət edib, cəmiyyətin kitabdan ayrı düşməyinə səbəb olub. Lakin növbəti onilliklər kitabla xalq arasında şüurlu qarşılıqlı asılılıq dövrü olmalıdır.

Dövlətlər mədəniyyət siyasətinin əsas prioritetlərinə sistemli şəkildə inteqrasiya olunmuş sosial və dövlət sifarişini dirçəltməklə, dövlət dəstəyi ilə ədəbi fondlar, ədəbi dərgilər, müvafiq internet saytları, KİV yaratmaq və onların tam işləməsinə geniş imkanlar açmaqla, ədəbi tənqid institutunun fəaliyyətini genişləndirməklə milli ədəbiyyatlarda mədəni kod, milli kimlik ideyalarını formalaşdıra bilərlər. Mədəniyyətləri yaxınlaşdırmağa qadir əsərlər də yalnız bu halda meydana çıxacaq".

Yəqin hörmətli Anar konfransa ünvanladığı təbrik məktubunda "ədəbi yaradıcılıq və onun təbliğatı istiqamətində sovet dovrünün pozitiv hallarını xatırlamaq və o ənənələri bərpa etmək lazımdır" yazmaqda çox haqlıdır. Artıq Azərbaycanda bu istiqamətdə xeyli iş görülüb və görülməkdə davam edir: Mədəniyyət və incəsənət günləri, kitab yarmarkaları, ədəbi dərgilərə dövlət dəstəyi, çap məhsullarının ƏDV-dən azad edilməsi. Bu məsələlərdə məktəblərin və ali təhsil ocaqlarının üzərinə böyük məsuliyyət düşür, onlar da bu möhtəşəm missiyada - mütaliə edən millətin intibahında yaxından iştirak etməlidirlər.

Təxminən, yarım əsr əvvəl Asiya və Afrika ölkələri yazarlarının konfransında çıxış edən Oljas Süleymenov böyük uzaqgörənliklə demişdi: "Şekspir doğmayan mədəniyyətdə heç vaxt Nyuton yetişməz..." Məncə, əsrlər boyu varlığını qoruyub saxlaya bilən Azərbaycan ədəbiyyatının öz şekspirləri, riyaziyyat sahəsində isə heç də Nyutondan geri qalmayan Lütfi Zadəsi olub. Artıq yeni nəsil "fiziklər"in və "liriklər"in zamanı gəlib yetişib!"

 

Rus dilindən tərcümə Əyyub QİYASINDIR

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!