İnsanın şəxsiyyətə çevrilməsi uzun və çox mürəkkəb prosesdir; lakin yaşamağın mənasını zamanında dərk edən, həyatı boyu müxtəlif sınaqlara məruz qalan, özünə bəlli çərçivələr qoymağı bacaranlar bu ucalığa çox erkən qalxa bilirlər. Heç şübhəsiz, görkəmli jurnalist və elm adamı, teletənqidçi və publisist Qulu Məhərrəmli həyatı dərk etdiyi andan özünün şəxsiyyət mərtəbəsini çox dəqiq müəyyən edib, orada zəruri olanları nisbi olanlardan ayıra bilib. Ömrü boyu zəhmətə qatlaşıb, yüksək əzmkarlıq göstərib, həmişə öz prinsipləri və ictimai ölçülərlə yaşayıb ki, bu da onun parlaq xarakterini müəyyənləşdirib.
Professor Qulu Məhərrəmli həm onu məşhurlaşdıran televiziya və jurnalistika sahəsində, həm dilçilik elmində, həm də ictimai həyatda olduqca fəal və fədai insandır. Könül verdiyi bütün sahələrdə istedadı və zəhmətkeşliyi sayəsində ciddi uğurlar qazanıb. Hazırda o, Azərbaycan jurnalistikasının aparıcı simalarından biri, bu sahədə nüfuzlu söz sahibidir. Onun ədəbi-elmi və mətbu prosesləri zəruri qaynaqlar kimi geniş tədqiqata çəkməsi, bu barədə bir-birindən sanballı əsərlər yazması, sahə elminin nəzəri problemlərinə yön verməsi fədai olmaq məqsədi kimi mənalanır.
İnsan ömrü illərin yığılıb qaldığı, sonra da sürətlə ötüb keçdiyi bir andır. Nə üçün bir an deyirik? 70 il necə ötüb keçir, bəlkə də insan bunun fərqinə vara bilmir. Qulu müəllimi də doğulduğu tarixdən 70 illik məsafə ayırır. Bu qədər il ard-arda düzülüb necə ötüb, bəlli ki, heç Qulu müəllim özü də bilməyib. Bəlkə də kimsə onu 70 yaşı münasibətilə təbrik edəndə fərqinə varıb ki, artıq ömrün müdriklik çağına gəlib çatıb... Amma görün, bu illərin arxasından nə qədər sanballı işlər görünür: televiziya yaradıcılığı sahəsində nə qədər maraqlı verilişlər, jurnalistikaya dair elmi-nəzəri araşdırmalar, Ana dilimizin saflığı uğrunda fədakar mübarizə, bu mübarizənin nəticəsi olan nə qədər elmi əsərlər, bir-birindən əhəmiyyətli olan izahlı lüğətlər və s.
Qulu Məhərrəmli həyatın ilk cizgilərini hələ də çöhrəsində gəzdirən xoşbəxt tale yiyələrindən biridir. Təbiətən sadəliyi və səmimiliyi, yüksək ünsiyyət mədəniyyəti, ziyalılığı, dərin erudisiyası hər kəsə səmimi ehtiramı ilə bu gün də o, 50-60 il əvvəlki insan təsiri bağışlayır. Belə bir əhvalı çözmək əlbəttə, həm asan, həm də çox çətindir.
Maraqlı bir nüansa nəzər salaq: Qulu müəllim orta təhsilini Şuşa şəhərində alıb. Hazırda onun təhsil aldığı məktəbdə yenə də həyat qaynardır; hər tənəffüsdə məktəbin həyəti yenə də şagirdlərlə dolub-daşır. Bu hal əlbəttə, Qulu müəllimə yeni həyat eşqi, yeni əhval verir.
Qulu müəllimin gəncliyi də sevdiyi peşəyə və Vətənə sevgi ilə pərvəriş edib. O, ali təhsilini qurtarıb Azərbaycan televiziyasına göndəriləndə də, sonra "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayanda da dövlətçilik əzmi onun əsas prioriteti olub. Televiziyada ard-arda müxtəlif redaksiyalarda müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru vəzifələrində çalışanda da onun üçün əsas hədəflər dövlətçilik eşqi, xalq-cəmiyyət məsələləri olub. O, bütün hallarda ürəyini nikbin əhvala qərq edib, ölkəmizin gələcək strateji mühitinin misilsiz dərəcədə inkişaf edəcəyinə hədsiz inanıb. Onun vaxtilə AzTV-də apardığı "1000 saniyə", "24 saat" xəbər verilişləri, əsas informasiya proqramları, "7 gün" populyar analitik-informasiya verilişi və s., hətta Azərbaycan televiziyasında siyasi icmalçısı kimi təhlil və təqdir etdiyi məsələlər də dürüstlük, obyektivlik və dövlətçilik şüuru zəminlərini özündə ehtiva edib.
Qulu müəllim beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərdən, rəsmi toplantılardan canlı yayımlar aparıb, dövlət başçılarının xarici səfərlərindən çoxsaylı hesabat və reportajlar hazırlayıb, bu proseslər zamanı da o, öz məsləkinə sadiq qalıb.
Qulu Məhərrəmli həm fəal pedaqoji fəaliyyəti, həm də jurnalist kimi cəmiyyət işində ümdə rol oynayıb. Birinci fəaliyyət sahəsi onu alim kimi yetişdirib, elmi yüksəlişə sövq edib, filologiya elmləri doktoru, BDU-nun professorudur, ikinci sahədə isə, peşəkar jurnalist kimi əzmkarlıq göstərib, ictimai-siyasi istiqamətləri doğru-dürüst təhlil edərək geniş tamaşaçı rəğbətini qazanıb.
Əlbəttə, bu yazıda Qulu Məhərrəmlinin zəngin həyat bioqrafiyasından danışmaq niyyətimiz yoxdur. Qulu müəllim şəxsiyyətdir, onun arxada qoyduğu 70 illik ömür, şübhəsiz, o qədər də sadə və rəvan olmayıb. Əsas odur ki, Qulu müəllim bu illəri vicdanla, ləyaqətlə yaşayıb, həmişə haqqın tərəfində olub, bəzən ona baha başa gəlsə də, həqiqəti deməkdən çəkinməyib. O, həmişə dövlətçilik şüuru ilə yaşayıb, milli dəyərlərin daşıyıcısı olub, Vətən namusunu çəkib. Onun təkcə böyük tarixi şəxsiyyət olan Məhəmməd Əmin Rəsulzadəyə olan sevgisi özü haqqında çox şey deyir. Təkcə bu sevgi ilə müəyyən etmək olar ki, Qulu Məhərrəmli kimdir, hansı ictimai ideallarla yaşayır və hansı ucalıqda qərar tutur...
Qulu Məhərrəmlini - xalqımızın örnək şəxsiyyəti adını qazanmış bu dəyərli övladını 70 illik yubileyi münasibəti ilə təbrik edir, cansağlığı arzulayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!