Nəbi Xəzri - 100
Nəbi Xəzrinin şeirlərini kiçik yaşlarımdan sevmişəm. Hətta yazıb-oxumaq bilmədiyim vaxtlardan.Onun şeirlərinə olan sevgim mənə atamın təlqini ilə keçib. Güclü yaddaşı olan atamın hafizəsində çoxlu sayda şeirlər var idi və biz - onun övladları atamın səsində həmin şeirləri dönə-dönə dinləyərdik. Məktəbə gedənə qədər artıq mənim sevdiyim, şeirlərini əzbər bildiyim şairlər var idi: Sabir, Səməd Vurğun, Nazim Hikmət, Rəsul Rza, Bəxtiyar Vahabzadə... və təbii ki, Nəbi Xəzri. Bunlar əlbəttə, ən əvvəl atamın təqdir etdiyi şairlər idi. Nəbi Xəzridən ilk əzbər bildiyim şeiri də atamın "yaddaşından mənimsəyib" əzbərləmişdim:
Könül ayrılmayır öz baharından,
İlham baharından, söz baharından.
Deyirəm, Vətənin bircə qış günü
Yaxşıdır qürbətin yüz baharından.
Nəbi Xəzrinin özünü isə birinci sinfə gedənə qədər artıq evimizdə görmüşdüm və yuxarıda xatırladığım 4 misralıq şeiri də onun özü üçün söyləmişdim.
Əlbəttə, Nəbi Xəzrinin yaradıcılığı ilə, onun duyğusal poeziyası ilə əhatəli tanışlığım sonralar olacaqdı... Nəbi müəllimin sağlığında çap olunmuş kitablarının böyük qismi atamın kitabxanasında var idi. Əksəriyyəti də öz avtoqrafı ilə... Yenə də uzaq uşaqlıq illərimi xatırlayıram. Atam Nəbi Xəzrinin "Bura Muğandır" şeirini xüsusilə çox xoşlayırdı və nədənsə, istəyirdi ki, mən də həmin şeiri əzbərləyim. Ümumiyyətlə, atam heç vaxt hansısa bir şeiri əzbərləməyimizi bizə təkid etməyib. Mən o zaman dördüncü, ya da çeşinci sinifdə oxuyurdum. Şeir həcmcə böyük idi. Heç cür başa düşə bilmirdim ki, atam bu şeiri əzbərləməyimi belə təkidlə niyə istəyir. Eyni zamanda şeirin qayəsini anlayan yaşda da deyildim... Amma əzbərlədim. Bir neçə gündən sonra o şeiri atam üçün əzbər deyəndə:
- Nəbi Xəzri bu şeiri Muğana - bizim yaşadığımız yurda həsr edib. Şeirdə təsvir olunanlar hər gün bizim qarşılaşdığımız yerlərdir, mənzərələrdir - dedi atam.
Doğrudan da, elə idi. Neftçala, konkret olaraq indi mənim yaşadığım ata yurdumuz olan kənd Xəzərin sahilində yerləşir. Günəş ilkin olaraq dənizdən boy göstərir, günəşin ilk şəfəqləri ilkin olaraq dənizin üfüq xəttində görünür. Zülmət burda boğulur. Bu yerlərin dərələri yamyaşıl, təpələri gözəl olur. Bir sözlə, bizim yerlər - Muğan - hər halı ilə Nəbi Xəzrinin təsvir etdiyi kimidir:
Çəmənlər yamyaşıl, dərələr gözəl,
Elə bil dünyada hər yerdən əvvəl
Səhər bura gəlir, əlində məşəl,
Bura zülmətboğan, günəş doğandır,
Bura Muğandır!
Zəhmətlə yoğrulmuş onun mayası,
Min əsrin eşqidir sözü, mənası.
Ağ-ağ tayalardır dağı, qayası,
Sonsuz zəmiləri dərin ümmandır,
Bura Muğandır!
Yağdıqca düzlərə nur qucaq-qucaq,
O gözü dumanlı ceyrana bir bax,
Hansı şairisə xatırlayaraq
"Məndən bir də yazın", deyir haçandır,
Bura Muğandır!
Həyat ona verib bütün rəngləri,
Söyüdlü çayların ilk ahəngini
Çəmənin sonsuzu, göyün əngini
Ona təbiətdən bir ərməğandır,
Bura Muğandır!
"Bura Muğandır" şeiri Muğan haqqında yazılmış ən gözəl əsərlərdən biridir. Nəbi Xəzri bir rəssam kimi Muğanın əsrarəngiz tablosunu yaradıb bu şeirdə. Belə şeiri yalnız böyük istedad-ilham sahibi olan, Vətənini sonsuz məhəbbətlə sevən qələm sahibləri yaza bilər. Nəbi Xəzri "Bura Muğandır" şeirində xatırladığı böyük ustadı Səməd Vurğun kimi Muğana dərindən bələd idi. Burada onun dostları yaşayırdı; Salyanda Aşıq Pənah, Neftçalada atam... "Bura Muğandır" şeirini də ən yaxın dostlarından olan Əliağa Kürçaylıya həsr etmişdi.
Yuxarıda xatırladığım kimi, Nəbi Xəzri ayrı-ayrı vaxtlarda, bir neçə dəfə bizə gəlib: Süleyman Rüstəmlə, Rəsul Rza ilə, Ənvər Əlibəyli, Əli Kərim, Əliağa Kürçaylı, Qabil... ilə birlikdə... Hətta keçən əsrin 60-cı illərində atam, kəndimizdəki məktəbdə, Nəbi Xəzrinin məktəblilərlə görüşünü keçirib. İndi, kəndimizin yaşlı sakinləri, o vaxtın məktəbliləri həmin unudulmaz görüşü xoş bir ovqatla xatırlayırlar...
Nəbi Xəzrinin atama yazdığı bir məktubda həmin günlərin nostaljisi belə ifadə olunub: "Əzizim İmamverdi müəllim! Salam! Xatirələr cığırıyla sən yenə də məni tale yolumuzun mavi, coşqun sahillərinə apardın. Duyğular da dalğalanıb, qanadlanıb ana Kürə qovuşdu. Yenə sənin səmimiyyət yuvası, ədəbiyyat, şeir ocağı saydığım evinə qədəm basdım. Mənə birdən-birə elə gəldi ki, dünyanın bütün ulduzları, kahkəşanları öz mehvərindən sənin evinin üstünə axışdılar (axı mən ilk dəfə sənin evində gecələyəndə bu hissləri keçirmişdim). Görürsən, illər qayıtmasa da, xatirələr qayıdır və nə yaxşı ki, qayıdır!
Bağrıma basıb öpürəm. Bütün ailəyə salam-dua! Həmişə sənin Nəbi Xəzri. 8 iyun 1998".
Mən Nəbi müəllimi axırıncı dəfə 1999-cu ilin 20 mayında gördüm. Nə üçünsə Bakıya getmişdim. Oğlum Əbil də mənimlə idi. O vaxtın ifadəsi ilə desək, "Baksovet"in qarşısından keçərkən, ürəyimdən Nəbi müəllimlə görüşmək istəyi keçdi. Nəbi müəllimin sədr olduğu Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti ("Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi) həmin ərazidə yerləşirdi... Qədim binanın pilləkənləri ilə yuxarı qalxdıq. Tək idi. Bizi mehribanlıqla qarşıladı. Oğlumun adını soruşdu. Sonra bizdə olduğu günləri xatırladı. Danışdıqca mən ona fikir verirdim, tez-tez kövrəlirdi. Bizdə birlikdə olduğu dostlarının əksəriyyəti, artıq dünyalarını dəyişmişdilər. Bilinirdi ki, onların nisgilini yaşayır... Qəhərlənir, tez-tez səsi qırılırdı... Nəsə, təsəlliverici bir söz də deyə bilmirdim.
...Ayrılarkən, 14 yaşlı oğlum üçün "Peyğəmbər" kitabına avtoqraf yazdı; ona uğurlu gələcək arzuladı.
...Bu gün Xalq şairi Nəbi Xəzrinin 100 illiyi tamam olur.
Artıq 17 ildir ki, Nəbi Xəzri haqq dünyasındadır.17 ildir ki, Nəbi Xəzri özünün əbədiyyət ömrünü yaşayır. Bu əbədiyyəti o, həmişəyaşar poeziyası ilə qazanıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!