Dəniz, göy, məhəbbət
I
- Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
- Mən isə... göyləri verirəm, - dedin...
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.
- Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!
Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!
II
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.
III
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
"Sevirəm" söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.
IV
Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.
Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.
Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!
Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.
Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.
İkilikdə
Gəl bölək dünyanı ikilikdə biz
Dərə mənə düşsün
Dağı sən götür.
Qalsın yer üzündə qoşa izimiz
Qara mənə düşsün
Ağı sən götür.
İlin evladıyıq yayla qış kimi
Fəsillər yaşasın yanaşı məndə
Birgə bir yerdəyik gözlə qaş kimi
Gözlər səndə qalsın
Göz yaşı məndə.
Gündüzü, gecəni əziz saxlayaq
Günəş sənə düşsün
Ay mənə qalsın
Coşğun sellər kimi birgə çağlayaq
Dəniz sənin olsun çay mənə qalsın.
Bizik bu dünyadan sənilə şərik
Bizsiz nə qış gülər, nədə ki bahar
Həyatda hər şeyi bölə bilərik
Amma bölünməyən:
Bir sevgimiz var...
Ay ürək
Yaralar qövr edir təzədən ürək,
Niyə könül verdin ona sən ürək,
O səni sevmədi, sən niyə sevdin!
Səni sevməyəni sən niyə sevdin!
Eşqinə mən qurban gedim ay ürək,
Dedim, neçə dəfə dedim ay ürək,
Sevməyir o səni, niyə sevirsən,
Səni sevməyəni niyə sevirsən,
Sözümə baxmadın, indi yan ürək,
Yan ey mənim tək peşman ürək,
Sevmirdi o səni, niyə sevirdin!
Səni sevməyəni niyə sevirdin!..
İstə
Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm,
Bir ümman istə.
Mən ki, bir dünyalıq boranam, yazam,
Bircə gül istəsəm,
Gülüstan istə.
Mənə ulduz boyda işıq ver desəm,
Sən məndən
Günəşli asiman istə.
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü,
Ərmağan istə.
Söylə, bəs hardaydın?
Sən gəldin,
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan?
Səni gözləmişdim ömrüm boyu mən,
Söylə, bəs hardaydın sən bu vaxtacan?
Keçib göy dərəni,
yaşıl çəməni,
Elə yaxın gəldin, elə uzaqdan!
Bəlkə min il əvvəl görmüşdüm səni,
Sərin su içəndə sən buz bulaqdan!
Elə bil üzləşdim
ilahi sirlə,
Bu nə möcüzədir, bu nə heyrətdir?!
Məhəbbət ölçülmür illə, əsrlə,
Məhəbbət ölçüsü əbədiyyətdir.
Zöhrə ulduzutək
yanıb obaşdan,
Üfüqlər aşırdın xəyallarımda.
Sən hələ dünyaya göz açmamışdan,
Küsüb-barışırdın xəyallarımda.
Sən gəldin ömrümün
qarlı qışında,
Ruhumda ehtiras, ürəyimdə qəm.
Cənnət qapısının elçi daşında,
Hazırdım min il də səni gözləyəm.
O nəydi?
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan!
Səni axtarırdım ömrüm boyu mən,
Söylə bəs hardaydın sən bu vaxtacan?
Şeir mənim üçün
bir kainatdır
Şeir mənim üçün bir kainatdır,
Onun ulduzları, Günəşləri var.
Şeir mənim üçün sirli həyatdır,
Onun öz sevinci, öz kədəri var.
Şeir də yaşayır öz baharıyla,
Ona yol da verir sonsuz asiman.
O keçir təbii addımlarıyla,
Süni peyklərin aşdığı yoldan.
Keçir addım-addım kənddən, şəhərdən,
Ulduzlar üstünün naxışı kimi.
O keçir başına yağsa da hərdən,
Tənqidlər meteor yağışı kimi.
Sözüm də gücünü ellərdən alıb,
Qoy uçsun göylərə, o, birnəfəsə.
Qalın qatlardakı yanan peyk olub,
Nə qəm, neçə şeirim geri dönməsə.
Nə qədər qol-qanad, açsa da ilham,
Mən ana torpağın sinəsindəyəm.
Nə qədər göylərə uçsa da ilham,
Mən yerin cazibə qüvvəsindəyəm.
Yenə düşüncələr aparır məni,
Deyirəm: susmaram boran-qar olsun.
Gəzirəm sevdiyim ana Vətəni,
Misralar gəzirəm, misralar olsun.
Şeirə vurulduğum, de, aymı, ilmi?
Qəlbim arzularda, diləklərdədir.
Ən böyük kainat sənət deyilmi,
Sənət kainatı ürəklərdədir.
Hər kəs xoşbəxt olar öz diyarında,
Əzizdir əzəldən öz yerim dedim.
Kaş xalq ürəyinin fəzalarında,
Dünyalar dolaşa bir şeirim dedim.
Baxıram göylərə qəlbimdə şeir,
Ulduzlar uzaqdan göz vurur mənə.
Kainat sirrini açsa da bir-bir,
Sənət kainatı sirlidir yenə.
Bəli, şeir mənə bir kainatdır,
Sözlü, soraqlıdır bir kitab kimi.
Bəli, şeir mənə sirli həyatdır,
Açsam da, bağlıdır bir kitab kimi.
Qadınsız ev
Çiyinlərdə yerin-göyün qəmidir,
Ah çəkirsən asimana yetişir.
Qadınsız ev -
tufandakı gəmidir,
O nə batır, nə limana yetişir.
Ağır dərdlər faciənin gücüdür,
Nə sevinib, nə də gülə bilirsən.
Qadınsız ev -
xəstəxana küncüdür,
Nə dirilir, nə də ölə bilirsən.
Fəlakətdə neçə-neçə sirr yatır,
Səni yıxır, polad kimi o sınmır.
Qadınsız ev -
günəşsiz bir dünyadır,
Nə od yansa, qızınmır ki, qızınmır.
Sən bir quşsan, ruhun sınmış qanaddır,
Heç baxma ki, külək sərin, meh ilıq...
Qadınsız ev -
ulduzsuz kainatdır,
Həmdəmindir sükut ilə qaranlıq.
Ey kişilər!
Sevginizi əzizləyin cahanda,
Qadınlığın sədaqətdir ilk adı.
Vay o gündən -
ömrün axır anında,
Gözünüzü qapayan da olmadı!
Şəklinə baxıram
Mərhum ömür yoldaşım
Gülarə üçün
Sən getdin cahanın
Dərdli çağında.
Bir çaya döndüm ki, sısqa axıram.
...Sənsiz bir otağın tənhalığında
Şəklinə baxıram...
Yenə baxıram.
Əsir pəncərədən
Yel incə-incə,
Sanki isti nəfəs üzümə dəyir.
- Gecən xeyrə qalsın - söylərəm gecə,
Səhər də söylərəm: sabahın xeyir!
Ürəyim narahat,
Qulağım səsdə
Dövrün haqsızlığı titrədir məni.
Çevrilib mələyə başımın üstdə,
Ruhun gecə-gündüz hifz edir məni.
Axı, səninlədir hər anım mənim,
Sən mənim nisgilim, pərişanımsan.
Gündüz şəkillərdə susanım mənim,
Gecə yuxularda danışanımsan;
- Ay Nəbi, özündən muğayat ol sən,
Bil, daha dünənki cavan deyilsən.
- Əlbəttə, mən səni itirən gündən,
Həyatım dəyişdi tamam kökündən.
Qar əskik olmayır doğma dağımdan
Bir gündə asılıb hər ayağımdan.
Bəzən yersiz düşdük haya, haraya,
Axı pis də gedir, yaxşı da qalmır.
Sən məni qısqandın bütün dünyaya,
İndi dünya məni heç saya salmır.
Tanrım bağışlasın,
Günah varsa da,
Günah xoşbəxtlikdən pay alan deyil.
- Gənclik günahları yuyularsa da,
Qocalıq günahı yuyulan deyil!
Gec duydum həyatın
Mən sirlərini,
Zaman pərişandır, ömür pərişan.
Mən öz günahımın zəncirlərini
Çoxdan parçalayıb, çoxdan qırmışam.
Səni yana-yana səsləyirəm ki,
Eşitsin sözümü sevdiyim mələk.
Dünyada o günü gözləyirəm ki,
Gülarə adında nəvəm gələcək.
Şəklinə baxıram,
Baxıram yenə,
Sanıram çiynimə yumşaq əl dəyir.
- Gecən xeyrə qalsın - deyirəm sənə
Səhər deyəcəyəm:
- Sabahın xeyir!
Dərələr
Çinarlar qatar-qatar,
Qalxıb zirvəyə çatar
Dağa qısılıb yatar
Mışıl-mışıl dərələr,
Yaşıl-yaşıl dərələr.
Sizlərə vurğunam mən,
Bəzəyiniz şəfəqdən
Günəş çıxar üfüqdən
Ovuc-ovuc zər ələr,
Dərələr, ay dərələr.
Sevdiyiniz ağaclar
Küknarmıdır, şammıdır?!
Sizdən qalxan dumanlar
Dağlara salammıdır?
Quş kimi üstünüzdən
Qanad çalım, dərələr!
Şamlıqda bir axşamlıq
Qonaq qalım, dərələr!
Əgər ki, yıxılsam çinar göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə Göygölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə, həmişə
Sənsən gümanım,
Canım-gözüm mənim,
Azərbaycanım!
Sən günəş, mən isə bir zərrə kimi
Diriykən oğlunam, ölsəm torpağın.
Sən ki, döyündürdün mənim qəlbimi,
Sən uca çinarsan, mənsə yarpağın.
Mənəm sənin özün,
Ey eşqim, canım,
Sənsən özüm mənim,
Azərbaycanım!
Sizlərdən yollar keçər,
Siz yaxşı ki, varsınız,
dərələr, ay dərələr.
Zirvələrə açılan
Geniş qapılarsınız,
dərələr, ay dərələr.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!