Şükür, üfüqlərin sökülür danı... - Süleyman Abdullanın şeirləri

Olsun

 

Dünyanın sonuna, dost, hələ çox var,

Hər vaxt "yox"a çıxdı çox "hə"lər, olsun!

Hamı birdən küsdü, lap olsun iki,

Hamıdan küsərəm vaxt gələr, olsun!

 

Kim deyir güləndir sonuncu gülən,

Həyatın dibidir susub çökülən...

Bu gün ürəyimdir sınıb tökülən,

Sabah bütün işlər düzələr, olsun!

 

Yanğındı, adamın üzündə su yox,

O yoxa çıxmışdı, indi də bu yox.

Öldü doğulmamış təkcə inam yox,

Arzular, ümidlər... eh, nələr...

Olsun!

 

Yox, daha demərəm...

 

Yox, sənə demirəm bir də arzu tut,

Kim yumdu gözünü, kim baxdı yola.

Gedirmi, gəlirmi o kölgə, unut,

Ağ çiçək yağanda şər vaxtı yola.

 

Vaxt öz axarını asıb qoluna,

Hər kəsin susası bir saatı var.

Asandı ayrılmaq bir yaz, yoluna

Çiçək səpələsə akasiyalar.

 

Aylı gecələrdə çox ulduz axıb,

Şükür, üfüqlərin sökülür danı.

Gözün qaralmasın, gedənə baxıb,

Gəldi ağlamalı günün zamanı.

 

Baxıram...

Göründü yenə yol mənə,

Varsa ürəyində bir xoş söz, unut!

Yox, sənə demərəm ümid ol mənə,

Yox, sənə demərəm bir də arzu tut...

 

Kəndimizdə bir yaz günü

 

Kənddəyəm...

nə vaxtdır düşdüyüm qərib,

Bir yad doğmalığın təlaşı ilə.

Tanrı ünvanıma sual göndərib:

- Mən necə yollaşdım bu naşı ilə?

 

Hava mülayimdir, aralar sərin,

Qaraltım əlini salıb yanına.

Çöldə çisələyir, xatirələrin,

Düşürəm çalpaşıq burulğanına...

 

Çökdü üfüqlərə gözümün pası,

Dolmuş buludlarda gəzir ürəyim.

Sərçə lələyində yağış damlası,

Göyəm çiçəyində əsir ürəyim.

 

Canavar izində azmış ayrılıq,

Dondu kirpiyimdə çillənin qarı.

Bir də ayıldım ki, yazdı ayrılıq,

Alma yarpağına sübh qırovları.

 

Adama kim edər edəni özü,

Onda arzularım üzü yazaydı.

Mən dağdan-dərədən salıram sözü,

Dünyanın cücərən düzü yazaydı.

 

Düşüb dərələrə heybəti dağın,

Qaya öz dibindən çəkmədədir nəm.

Çiyələk yığmağa gedən uşağın,

Əlini arının sancmasıdır qəm.

 

Sinəmdə inlərdi sarı sim amma

Alnımda tər idi yayın istisi.

Yamyaşıl dağları sevirdim, amma

Keçsə də alnımdan payızın sisi.

 

Mən bəxtdən soyudum, əllərim işdən,

Bu il də ayların bozundan çıxdım.

Bir az gələcəkdən, bir az keçmişdən -

Çırpınıb illərin tozundan çıxdım.

 

Zalım, nəyə qalıb ümidin sənin,

Adamı saymırlar öz vətənində.

Sözünü unutdum öyüd verənin,

Azdım məsləhətin qatı çənində.

 

Təzyiqdi, ya deyil - fırlanır başım,

Eyvanda göz kimi sozalır işıq.

Azır fikirlərim, çaşır yaddaşım,

Elə bu şeirtək düşür qarışıq...

 

Qonur asta-asta şər düşənə çən,

Bürünür torana yamacdakı şum.

Kənddəyəm bu gecə, sabah ertədən,

Yenə dumanlara düşəcək yolum.

 

Qədər ataların dediyi üçmüş,

Arada tərsinə dönür dönəlgə.

Bu kəndə bir daha dumana düşmüş,

Durna qatarında qayıtdım bəlkə.

 

Səni unutmağın...

 

Ömrün payızını yaxşı-pis nəsə,

Səni unutmağa həsr etdim, sağ ol.

Qalan ömür qısa, gedən yol kəsə,

Nə vaxtı saxladım, nə getdim, sağ ol.

 

Ev-eşik başıma gəlir dar, nədir,

Ya mən böyümüşəm, ya kiçilib dam.

Niyə düşünürsən sənə görədir,

Buludlu havada darıxır adam.

 

Sevənlər olurlar dişqarı dindən,

Amma ayrılığın olmaz savabı.

Vurur ürəyinin sınıq yerindən,

Əsəbi "vargəl"in "yoxget" cavabı.

 

Əzab vermək imiş qərəzi, qəsdi,

Hərənin bir sevgi qəzası olur.

Başqa da baxırsan dünya məhbəsdi,

Sevənin ömürlük cəzası olur.

 

Öhd olmaz çuxası qara yatmışa,

Ağaran gözümdə çaşdı haqq yolu.

Ömrün payızını dövr etdim qışa,

Səni unutmağın yoxmuş "sağol"u.

 

İndilərin şeiri

 

Daha təsəllidən keçib, möhkəm ol,

Hər yeri basıbdır burda qəm indi.

Yer-göy qovuşubdur, bağlanıbdı yol,

Deyəsən, qalacam səndən kəm indi.

 

Dönübdür dalğalar sinə dağına,

Görmür qarasını, baxmır ağına.

Ehtiyac qalmadı ağlamağına,

Hər tərəf çim sudur, hər yan nəm indi.

 

O qənim kəsilən var ha, qanıma,

Artıq fərqi yoxdur tanı-tanıma.

Ürəyin düşəcək gəlsən yanıma,

Müsibət həmindi, bəla həmindi.

 

Qorxudan öldürdü gözüm qurdunu,

Necə deyim axı vərəvurdunu?!

Soruşma halımı, görmə yurdumu,

Dünyanın qopduğu yerdəyəm indi.

 

Həyatın son dərsi

 

Hər kəsin bir sonu olur, hər şeyin, -

Həyatın, dünyanın, yaxşının, pisin,

Aldığın nəfəsin, içdiyin meyin,

Qəmli mərasimin, dəmli məclisin...

 

Döndərər bir sinə aha səsini,

Tükənər söhbətə, sözə maraq da.

Hovxurar qədəhə son nəfəsini,

Turşməzə şərab da, acı araq da...

 

Yetişər kefinin təlx olmuş çağı,

Ciyərin xırıldar: - siqardan əl çək.

Düzülər sıraya həkim yasağı,

Nələr yemək olmaz, kimlərlə içmək.

 

Adam bir belə də hissə qapılmaz,

Acı bir sonu var şirin nağılın.

Canını qoymağa dinc yer tapılmaz,

Bir gün başın qaçar, bir gün ağılın.

 

Söylənmə - mən diri, demə - sən ölü,

Qaçar gözlərindən sərsəm yuxu da.

Çıxart yaddaşından dənizi, gölü,

Düşüb boğularsan bir damcı suda.

 

Dilin qarışdırar söz ilə səsi,

Kimsə gileyini tərcümə etməz.

Səhv düşər zamanın ayı, həftəsi,

Ruhuna duanı hər cümə etməz.

 

Əcəllə əlləşib çəkməyə qoy can,

Quş kimi köksündən uçar nəfəsin.

Ətrafda hər şeyin var susduğu an,

Hər kəsin bir sonu olur, hər kəsin...

 

Özündə azmağın şeiri

 

Çoxdan dəyişmisən evi, ünvanı,

Təzə görkəm alıb köhnə küçəniz.

O zığlı gölməçə, o xır yol hanı,

Nə ad tanış gəlir, nə kənd, nə də siz...

 

Kimsə yolqırağı atmışdı lağım,

Sağında-solunda lay divar bitmiş...

Qəfildən təpidi dilim, dodağım,

Yolunu kəsdiyim o cığır itmiş.

 

Çıxmışdı özündən hündürə barı,

Daha atmaq olmur daş aynabəndə.

Yox, aşa bilmədim soyuq hasarı,

Özümü itirdim qır yolda mən də.

 

Böyüyüb hər yelə əsmirdi cır tut,

Səlbəsiz bağınız yatmışdı sakit.

Çökmüşdü ətrafa ölü bir sükut,

Nə anan sağ idi, nə atan, nə it...

 

Görüb qardaşını getdiyim huşdu,

Hanı o hamını hərləyən uşaq?!

Böyüyüb nataraz biri olmuşdu,

Bığ yeri təzəcə tərləyən uşaq.

 

Birdən çınqılandı, qəfil yandı yol,

Canıma daraşan alov ağ idi.

Kəndin ortasında haçalandı yol,

Sonda dediyin söz "ayrılaq" idi.

 

Səni alıb uddu bir gün bir şəhər,

Axtarma ya ölü, ya sağ özünü.

Taparsan çaşdığın yolu birtəhər,

Başqadı özündə azmaq özünü.

 

Hanı o? - görən kəs "qundaqda Nuhu"...

Qaçdı bu dünyanın o vaxtkı kefi.

Təkcə yeri deyil, görkəmi, ruhu...

Çoxdan dəyişmisən ünvanı, evi.

 

Pir olmağın şeiri

 

Ad da ağır yükdü qonub çiyinə,

Ömür də çapdığın bir cıdır, adam.

Özünə, sözünə, körpəliyinə

Yolun o başından qayıdır adam.

 

Gərək dərd də gəlsə, ruhun dura şıq,

İnsan pir də olar, olmaya da şıx.

Ürəkdə son ümid, gözdə ilk işıq,

Tanrının ən gözəl payıdır, adam.

 

Bitməz ağıl ilə ürəyin cəngi,

Bir deyil bəxt ilə həyatın rəngi.

Tutmağa nə əl var, nə də üzəngi,

Ya İlyas, ya Elləz, ya Xıdır adam.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!