Yarımçıq çay
stəkanda can verir
Gecələri yatmıram ki, əzizim,
Gecələrin göz qoyuram üstünə.
Azar-bezar, fikir-xəyal, dərdlərin,
Gecələri duz qoyuram üstünə.
Hamı yatıb, bir gecədi, bir də mən,
Yarımçıq çay stəkanda can verir.
Qonşu çırpır qapısını hirs ilə,
Arxasınca gözlər dolub qan verir.
Gecə yarı pəncərəmin altında
Qəfil qalxır pişiklərin davası.
Yuvasından hürküb düşür quşcuğaz,
Çırpılacaq yerdə daşa quşcuğaz...
Uzaqlarda soyumayan küləklər
Ara-sıra səs gətirir üstümə:
"Anan qurban, sabaha nə qaldı ki,
Gecələrin axı sənlə qəsdi nə..."
Bir də görrəm ağarıbdı dan yeri,
Yenə qalxıb işə gedir küçələr.
Səs-küy qalxıb salamlayır şəhəri,
Dalğa-dalğa axıb gedir küçələr.
Bu gecə də belə keçdi, əzizim,
Yalqız görüb yaxın gəldi divarlar.
Yazdım, pozdum, tükənmədi həsrətin,
Mənə bir bu şeir qaldı yadigar.
Baharın ürək tutması
Bir yarpağa vurulub
sevmək də olar payızı,
bir küləyə qoşulub
getmək də olar payızdan,
bir yarpağın xətrinə
lap söymək də olar payızı...
Barmaqlarının darağında ucaldı,
qocaldı barmaqlarım,
saçlarım şahmat taxtasına döndü...
Son dəfə nə zaman tüstülənib bu ocaq,
nə zaman boşalıb qolların...
Topuklarında oynaşan kölgəmə
yazığı gəlir köpəyimin də..,
İndi mən baharın ürək tutmasıyam,
bayılıram payıza...
Qadın-Vətən
Güllər sizin üçün açır,
Günəş sizə gülümsəyir.
Ulduzlar göz vurub keçir,
Dağlar düzə gülümsəyir.
Gülümsəyir duman, çən də,
Əriyir kədər də, qəm də.
Dodaqlarının ucunda
Şürün busə gülümsəyir.
Yağır buluddan aşağı,
Yağış yerə gülümsəyir,
Bağda bəhrə gülümsəyir,
Ağacda bar gülümsəyir.
Seyr edib gözəllikləri
Bu nur çöhrə gülümsəyir...
Saçalrında gümüş tellər,
Telində gül gülümsəyir.
Kipriyində yaş titrəyir,
Gözündə yol gülümsəyir.
Müqəddəsdi torpaq, vətən,
Qadın-ana... müqəddəsdi.
Uğrunda qurban gedəndə
Qadın-Vətən gülümsəyir...
Bayraq-bayraq gülümsəyir,
Buta-buta gülümsəyir,
Oğul-oğul gülümsəyir.
Sıfırdan aşağı
Sıfırdan başlamaq -
hər şeyi sıfırlamaq,
sonra nə varsa bütöv almaqdır.
Sıfırdan başlamaq özün olmaqdır...
Sıfırlanmaq -
gözdən düşmək,
sıfra vurulub bölünmək,
sıfırdan yıxılmaqdır...
Sıfırlamaq-silmək, yox etmək,
qalan nə varsa itirib batırmaqdır...
Sonra da
ardınca dərin bir köks ötürüb,
rahat nəfəs almaqdır...
Sıfırdan aşağı
həddi də var həyatın, birdənəm,
gəl gedək... gedək üzmək öyrənək!
Bir gün öldürəcək
məni xoşbəxtlik
Bəbəklərindən mutluluğu dərsəm,
nəğmələşsə barmaqların,
oxusam əllərini bir not dəftəritək...
Çiçəkləsə yaxan,
üstündə dava salsa arılar,
sünbül kimi dən tutsa saçların,
uçub gəlsə quşlar,
pıçhapıç başlasa qarılar...
Yollar koşaraq gəlsə üstümə,
sarılsa boynuma,
öpüş yığsam ayaqlarından,
tumurcuqlanıb çatlasa dodaqların...
məni öldürəcək xoşbəxtlik,
öldürəcək, yavrucuğum...
Bu arılar nə oxuyur
görəsən
Bir çiçəyin ətirinə yığışıb,
Bu arılar nə oxuyur görəsən.
Barılar da qoca qarı misalı,
Səsə düşüb qulaqları deyəsən.
Xonça tutub, xəyal qurur zavallı...
O bənd üstə bəndə düşüb, dərdə bax.
"Bir baxmısan, bir də boylan, bir də bax",
Tut günəşə, qumaşda bax, zərdə bax,
Baharda bax, yağışda bax, qarda bax...
Dilbilməzmiş, naşı imiş demə bu,
Gəlmədi ki, imana bu, dinə bu.
"Sinə meydan, zülf pərişan..."eyvallah
Ədasından od götürüb yanar bu...
Açıq işvə, naz qarışıq üzə bax,
Yanağında halə tutan közdü, köz..,
Arıların sayı bəlkə yüzdü, yüz!..
Arı gələr çiçəklərdən bal çəkər,
Bal çəkdiyi ürəklərə yol çəkər.
Günəş doğar, Ay dolanar, il çəkər,
Səsə düşər qulaqları ellərin.
Əsib keçər sübhün sərin yelləri,
Tel-tel olar ləçəkləri güllərin...
Dünya yaz doğurdu
o doğulanda
İndi mən payızın nəyi oluram..,
Yağan yağışımı, əsən yelimi,
Saralan yarpağı, tənha çölümü?..
Bu yağış altında qalıb üşüyən,
Dünənki atəşin soyuq külümü?..
Açdım pəncərəni, hava soyuyub..,
Dünənki istidən əsər qalmayıb,
Dünənki istidən kəsər qalmayıb,
Hava kədərlidi, gözü nəmlidi.
Hələ bu, payızdan fağır dünyaya,
Birinci mesajdı, ilkin həmlədi...
İndi mən payızın nəyi oluram..,
Qaçıb göy üzünü bulud aşağı,
Dəlisi oluram, səyi oluram.
Uzaqda top atır ildırım baba,
Burda toyxanası, toyu oluram...
Sərxoş buludların qolları üstə,
Mən də əldə qədəh dolandırıram,
Saqisi oluram, meyi oluram...
Bir az havalıdı başım mənim də,
Bir az davalıdı başım mənim də...
Bu gedən neçənci yaydı, ilahi,
Bu gələn neçənci payız olacaq...
Elə bu payıza ilk sevinən də,
Elə ilk küsən də o qız olacaq...
Dünya yaz doğurdu o doğulanda..,
Yağışlar çöllərədə ot bitirirdi.
Bahar çiçəyiydi o qız eləcə
Yalın meşələrə, boz torpaqlara,
Təbəssüm səpirdi, gül bitirirdi...
Elə ürəkliydi, elə ürəkli..,
Burdan göy üzünə qəmzə satırdı,
Burdan göy üzünə yol bitirirdi...
Açdım pəncərəni, hava soyuyub..,
Bir də bu payızdan olmayacaq ta...
O qız da qoşulub payıza getdi,
Elə o qızdan da olmayacaq ta...
Çarmıxdakı azadlıq
Geniş açılmış qollarında
dünyanı qucmaq arzusu...
Günəş bərq vurur üzündə,
şüa-şüa əriyir duaları...
Əllərinin ortasındakı mismarın altından
köpüklənir dəniz,
Körüklənir sinəsi...
Quşlar gəlib
nəğmə oxuyur başında,
acanda dimdikləyir gözlərini...
Ətə yerikləyən vəhşi heyvanlar
diz çöküb qabağında..,
Üzünü
ayaqlarına söykəyib ibadət edir azadlıq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!