Qəm karvanı - Rafiq Yusifoğlunun poeması

"Mənəm ki, qafiləsalari karivani-qəməm"...

 

Məhəmməd Füzuli

 

Sevən gözlərimə verib Tanrı su,

İndi dərk edirəm məhəbbətini.

Ey böyük Füzuli - sənət Tanrısı,

Bizdən əsirgəmə səxavətini.

 

Özüm də bilmirəm, axı nə sirdir,

İncə kəlamının dadı azalmır.

Bir şair ürəyi neçə əsrdir

Yanır için-için, odu azalmır.

 

Baxıb kainata məhəbbət ilə

Həsrət işığında hey köks ötürdün.

Sən ulu eşqinin əzəmətiylə

Məcnunun eşqinə yuxu gətirdin.

 

Közərdi qəlbində söz için-için,

Keçib əsrləri, bizi yandırdı.

Hicranın zülməti sevənlər üçün

Qaranlıq dünyanı işıqlandırdı.

 

Məndən sevgilimin üzü dönəndə

Sənin dilin ilə danışdırmışam.

Bəzən ürəyimin odu sönəndə

Şeirinin oduna alışdırmışam.

 

Mən sənə biganə qala bilmərəm,

Hər sözün önündə başımı əydim.

Sənintək sənətkar ola bilmərəm,

Barı, sənin kimi sevə biləydim...

 

***

- Yarəb, bir ilahi məhəbbət ilə

Səni dərk etməyə çalışıram mən.

Ürəyim eşq ilə gəlsə də dilə,

Sənin rizan ilə danışıram mən.

 

İzn ver, qanımda haqq nuru axsın,

Dözərəm, olsa da yarım hikkəli.

Qoy sevgi ruhumu odlara yaxsın,

Sənin dərgahına təmiz, pak gəlim...

 

Fələklər alışır hər gün ahımdan,

Sevgi qanadında göylərə uçum.

Əfv et Füzulini, keç günahımdan,

İlahi, sevməkdir mənim də suçum...

 

Qəlbimdə közərir gizli bir inam,

Eh, sənsiz bir günü axı, neylərəm?!

Yoxdur bu dünyadan ayrı təmənnam,

Yarımdan yarımı tələb eylərəm.

 

Aşiq göz yaşını necə saxlayar? -

Dolaram, yadıma, yar, sən düşəndə.

Adətdir, həmişə zar-zar ağlayar

Qəribin yadına vətən düşəndə.

 

Bir ürək sinədə batıbsa yasa,

Etdiyin cəfalar məgər azdımı?

Sinəmdə min tənə oxu olmasa,

Ürək tənhalıqdan darıxmazdımı?

Bəs sənə vəfasız necə deyim mən,

Hicrində çəkdiyim səfa deyilmi?

Məndən ki cəfanı əsirgəmirsən,

Elə bu özü də vəfa deyilmi?!

 

Bəxt ulduzu sandım qara gözünü,

Onları üstümdən iraq eyləmə!

Əzizim, amandır, parlaq üzünü

Əğyar məclisinə çıraq eyləmə!

 

Sənin qəmzə oxun məni yaralar,

Ancaq ki, ölmərəm, yönüm bəridir.

Bağrımın başında olan yaralar

Cünunluq dağının qönçələridir.

 

Bəzən kövrəlirəm, ürək daş deyil,

İndi varlığıma hopan alovdur.

Gözümdən tökülən qanlı yaş deyil,

Sevən ürəyimdən qopan alovdur.

 

El-aləm danışır mənim sözümü,

İndi ağıl qoyur hər yetən mənə.

Eh, eşqə salmışam özüm-özümü,

Heç düşmən etməzdi, etdim mən mənə.

 

O qara gözlərin önündə dur ki,

Ürəyin sirrini aça, söyləyə.

Hamı vüsal istər, aşiq odur ki,

Hicran bəlasını tələb eyləyə.

 

Peyman bağlamışdıq ikilikdə biz,

O məndən cəfanı kəm eyləyərmi?

Qafil, nə çaşmısan, axı səbəbsiz

Göz yaşı yanağı nəm eyləyərmi?!

 

Dünyanın işığı gözümün deyil,

Görmürsən, nə qədər onlar itidir?

Məndəki nəfəs də özümün deyil,

Bir gözəl pərinin əmanətidir.

 

Səbrə nöqtə qoydu qara xalıyla,

Dərmanım tapılmaz, elə xəstəyəm.

Sağaltdı hamını öz vüsalıyla,

Hicran bəlasıyla hələ xəstəyəm...

 

Qırılmış bir çiçək çətin ki, bitə,

Onu öz əlimlə dərdim, ay təbib!

Özünü nahaqdan salma zəhmətə,

Sən bilən dərd deyil dərdim, ay təbib!

 

Mənimçün pərişan olduğun yetər,

Həkim, xoşdur mənə yar yolunda qəm.

Aşiqin dərdinə dərman etsələr,

Onun xəstəliyi artar dəmbədəm.

 

Yanıqlı naləmə qulaq tut mənim,

Dərdimi deməyə eh, mən acizəm.

Seyr et göz yaşımı, ey bulud, mənim,

Elə düşünmə ki, səndən acizəm.

 

Yar bizi yad edib, nə danış, nə din,

O gələn yolları öpüm sevinclə.

Odlu göz yaşımı mən öz sərvimin

Ayağı altına səpim sevinclə.

 

Ahımdan fələklər titrəyir zağ-zağ,

Çətin ki, bu yoldan dönə, - deyirlər.

Çoxdur eşq oduna tutulan, ancaq

Leyli sənə, Məcnun mənə deyirlər.

 

Dərdim yüz dərmandan artıqdır, təbib,

Cünunluq yolundan məni əyləmə.

Yar vuran yaraya dərman eyləyib,

Məni şirin zövqdən məhrum eyləmə.

 

İncə əllərində gültək solaydım,

Bu xəzan mənimçün bahar, yaz olar.

Min canım olaydı, qurban olaydım

Sənə miniylə də, bir can az olar.

 

Gəl, hər şəffaf suyu bulaq bilmə sən,

Axan gözlərimin qaynar yaşıdır.

Nahaq gizləyirsən üzünü məndən,

Gözlər gözəlliyin məhək daşıdır.

 

Acı sözlərin də mənə bal dadır,

Odur dərdlərimin dəvası, gözəl.

Sənin o pərişan saçlarındadır

Könlümün quşunun yuvası, gözəl.

 

Yaxır ürəyimi həsrət, intizar,

Vüsalın gözümdən süzülür dən-dən.

Yəqin ki, yaquttək qiymətim artar

Bağrımın qanına boyandıqca mən.

 

Məni əridibdir hicran ələmi,

Nahaqdan danlama, gülüm, özünü.

Ahımın tüstüsü tutar aləmi

Bircə yol görməsəm parlaq üzünü.

 

Gözündən könlümə işıq axanda,

Dilim topuq çalır, dəyişir halım.

Bağrım parçalanır sən hər baxanda,

Gündə bir ciyəri de, hardan alım?!

 

Gözlərim səninçün qanlı yaş tökər,

Mənə rəhmi gələr dilsiz daşın da.

Məcnunda olsaydı fəğanım əgər,

Yuva qurardımı quşlar başında?!

 

Mən sevda yolunda təkcəyəm, təkcə,

Mənimçün qəm deyil yardan gələn qəm.

Gözəllər cəfanı çox eylədikcə,

Eşqin də ləzzəti artır dəmbədəm.

 

Səba bu dərdimi yayıb aləmə,

Deyib ki, verirəm eşq yolunda can.

Eşq rüsvalığı ayıbdır demə,

Ay zahid, rüsvayi-aləm olarsan!

 

Eşqsiz o səda olmazdı neydə,

Gör necə yandırır? - Bir dəm tut qulaq!

Ahımdan ulduzlar alışar göydə,

Muradımın şəmi alışmaz, ancaq.

 

Vurğunu olduğum o nazikbədən

Məni öz ardınca dartır günbəgün.

Bidərd tədbirini eşitdiyimdən

Ürəkdə dərdim də artır günbəgün.

 

Naləmlə hamını oyadıram mən,

Heç kəs möhkəm yatmır sən yatan kimi.

Hər an vüsalına can atıram mən,

Qərib vətəninə can atan kimi.

 

O ətirli saçlar dağılıb yenə,

Mişki-Çin də verməz onun buyini.

Ağlım söz kəsəndən vətəndir mənə,

Necə tərk eyləyim yarın kuyini?

 

Qəlbimə vurduğun yara göynədər,

Ona öz əlimlə mən duz səpmişəm.

Hicrində göydəki ulduzlar qədər

Gözümdən torpağa ulduz səpmişəm.

 

Sözümü üzbəüz deyərdim sənə,

Yadıma yenə də o günlər düşüb.

Sənin tellərini açdıqca şanə,

Mənim can telimə düyünlər düşüb.

 

Vəfasız dövrandır, verir əziyyət,

Cünunlarda görmə günahı, səhra!

Sən suya həsrətsən, mən yara həsrət,

Sən ey sevənlərin pənahı, səhra!

 

Sözümü pas tutmaz, ötsə də min il,

İlahi, nə qədər odlanım, yanım?

Məndə can qoymayıb bu şeyda könül,

Verim bir gözələ, qurtarsın canım!

 

Axır ki, sözümə baxmadı fələk,

Vuruldu bir təzə güli-rənayə.

Məni iynə kimi incəldib fələk,

Saldı iplik kimi uzun sevdayə...

 

Ahımla, naləmlə könül dağladım,

Dərdlər pərvanətək doldu qoynuma.

Bir sənəm zülfünə könül bağladım,

Cünunluq zənciri keçdi boynuma.

 

Hicranı ömrümü etsə də yarı,

Kimsəyə uymadım, - sədaqəti gör!

Qiyamət günündə görməsəm yarı,

Saqi, sən özün gəl qiyaməti gör!

 

Meh əsdi, titrədi könlümün simi,

Meyvəsiz budağa bar gəldi, bəlkə?

Sübhə saxlayıbdır hicran qətlimi,

Səhər açılınca yar gəldi, bəlkə?!

 

Xəyala dalmışam, nədir əlacım? -

Tamarzı qalmışam vüsal dadına.

Qəlbimin dərdini de, kimə açım? -

Məntək yanan varmı hicran oduna?!

 

Qəlbim istəyir ki, nur salıb aytək

Sənin keşiyində gecə dayansın.

Sərv qamətini görübsə külək,

Gülüstan içində necə dayansın?!

 

O necə sevgidi, yandırıb-yaxmaz?! -

Sevənlər imanı, dini neyləyər?!

Qaşlarını görən hilalə baxmaz,

Ay üzünü görən günü neyləyər?!

 

Qolları qandallı bir çıraq susur,

Gözəlim, baxmırmı sözünə zülfün?!

Üzümə açıqkən sevda qapısı,

Niyə qıfıl vurub üzünə zülfün?!

 

Boynuma salsa da, hicran qolunu,

Bənzətmə bir quru xəyala məni.

Tərk edə bilmərəm sevda yolunu,

Bu yol yetiribdir kamala məni.

 

Alovlar püskürən qəlbimin başı

Buxar etməsəydi gözümdə nəmi, -

Göz açıb-yumunca, gözümün yaşı

Bir anda tutardı bütün aləmi.

 

Dərdimi duyana dərd oldu dünya,

Eşqimə bir nəfər gülən qalmadı.

Gözümün yaşında qərq oldu dünya,

Gözümün yaşını silən qalmadı.

 

Sən gəldin ömrümə, ilk bahar kimi,

Sərdim ürəyimi yaz yağışına.

Qaşlarım yelkənsiz qayıqlar kimi

Az qalır qərq ola gözüm yaşına.

 

Şehmidir, bərq vurur gül yanağında? -

Sevincdən kövrələr, bəbəyin dolar.

Tökmə göz yaşını vüsal çağında,

Hicran günlərində gərəyin olar.

 

Danışa bilmirəm, od tutub dilim,

Göz yaşım sevdalı dənizdir mənə.

Onu bəxş eləyib mənə sevgilim,

Dərdim ürəyimdən əzizdir mənə.

 

Qəlbimi isidən söz nuru olur,

Ürək arzulayır bar dodağından.

Qasid gətirdiyi söz quru olur,

Qoy onlar süzülsün yar dodağından.

 

Yarpağa dönübdür titrəyən əlim,

Eşqin havasıyla gör, əsir necə?

Yar deyib yanına səhərlər gəlim,

Bilmirmi mənimçün yox gündüz, gecə?!

 

Zülfünü yığ yana, üzünü görüm,

İsitsin qəlbimi bir qaynar nəfəs.

Yarımın yanında olsaydı yerim,

Kafərəm, cənnətə eyləsəm həvəs.

 

Eşqimlə həyatım qərq olub zərə,

Bura hər sevənin güzarı düşməz.

Pəncərən önündə durduğum yerə

Min il cənnət quşu uçsa, yetişməz.

 

Yanımdan bir xəfif külək keçibdir,

Ürəyim - titrəyən payız nanəsi.

Gözlərin könlümü vətən seçibdir,

Şükür ki, nurlanıb qəm viranəsi.

 

Nasehin dediyi sözə uymayın,

Sevənlər qoy, mənim sirdaşım olsun.

Məzarım üstünə heç nə qoymayın,

Yarımın kölgəsi başdaşım olsun.

 

Məni laləüzlüm öldürdü, dağlar!

Çətin ki, mələklər dadıma yetə!

Ey bulud, sən mənim üstümdə ağla,

Bəlkə kəfənimdə lalələr bitə!

 

Vuruldum, hörmətim aşağı düşdü,

Qismət özgələrin, ad mənim oldu.

Üzümə həsrətin işığı düşdü,

Hər gözəl canıma bir qənim oldu.

 

Gözündə şeh gülən körpə bənövşə,

Təşnə olduğumu hardan bilirsən?

Göylərdə mələklər, yerlərdə bəşər

Ağlayır halıma, - sənsə gülürsən.

 

Rəhmdil görmədim gözəl qızları,

Gül xarsız, gözəllər cəfasız deyil.

Ay ürək, incimə, vəfasızların

Yaxşı ki, həsrəti vəfasız deyil.

 

Ah çəkdin, ürəyim yarpağa döndü,

Demə bu xəzəlin yiyəsi yoxmuş.

Kölgənin xətrinə torpağa döndüm,

Büllur qamətinin kölgəsi yoxmuş...

 

Zənginə dönmüşəm səni sevəndən,

Dövlətim göz yaşı, varım göz yaşı.

Yolunun üstündə ucalmışam mən,

Bir eşq ağacıyam, barım - göz yaşı.

 

Sənin təbəssümün nur oldu qanda,

Qəlbimə yenilməz qüdrət gətirdi.

Qiyməti yox imiş eşqin cahanda,

Göz yaşım ona da şöhrət gətirdi...

 

Sevgilin yoldadır, daha nə dərdin?!

Ağlama, taleyin üzünə gülsə.

Vüsal müjdəsinə canını verdin,

Bəs nə verəcəksən yar özü gəlsə?!

 

Yadıma dağların maralı düşdü,

O, mənim ömrümün sultanı oldu.

Güzarım yarımdan aralı düşdü,

Məzarım ayrılıq zindanı oldu.

 

Meyvə arzuladı divanə ürək,

Təbəssümün kimi nübar görmədim.

Dolandım bağları, axar sulartək,

Sərv qamətintək çinar görmədim.

 

Ayağın incisə, sinəm üstə gəz,

Tapdala, bir xəzan yarpağı kimi.

Mənə elə gəlir, pak ola bilməz

Cənnət ayağının torpağı kimi.

 

Ürəyim tab etməz həyəcanına,

Qıymaram kədərdən yarım mat ola.

Tez-tez getmirəm ki, onun yanına,

Qorxuram itləri narahat ola.

 

Cananın əliylə can alınıbdır,

Deşib ürəyimi müjgan şeşpəri.

Kirpiyi oxuyla fəth olunubdur

Eşqin səltənəti, eşqin kişvəri.

                                                              

Qəlbimi çəkibdir dara gözlərin,

Bərq vurub məhəbbət kəhkəşanında.

Göz qırpıb, bu üzü qara gözlərim,

Məni xəcil edib sənin yanında.

 

Qəlbimi dünyada kədər yaşatdı,

Mələklər eşqinə göz yaşı tökdüm.

Gözəllər o qədər mənə daş atdı,

Yığıb özüm üçün qəmxanə tikdim.

 

Sevən ürəyimdə şimşəklər çaxıb,

Adını çağırsam, dilim alışar.

Sönmüş ocağımın yerinə baxıb,

Nəsihət eləmə, külüm alışar!

 

Nasehin sözünü yaxşı bilirəm,

Aləmi üstümə güldürür mənim.

Əgər mey içməsəm, dərddən ölürəm,

İçəndə nəsihət öldürür məni.

 

Qısqanclıq odunda alışdı ürək,

Gördüm göz izi var solğun üzündə.

Dadıma çatmasa badə qayıqtək,

Çoxdan qərq olmuşdum qəm dənizində.

 

Sevgili yardamı, çevrilib yada?!

Kim açar qapımı, küləkdən özgə?!

Əlimdən iş gəlməz qoca dünyada

Nazlı sənəmləri sevməkdən özgə...

 

Əgər duya bilsən, güntək sadəyəm,

Nəsihət eləmə hər səhər mənə.

Özünü öldürmə, tiryəkzadəyəm,

Təsir edə bilmir hər zəhər mənə.

 

Çiçək aramışam gəzib gülşəndə,

Sevgini başıma bir tac almışam.

Hər gözəl xalına gözüm düşəndə,

Elə bil dünyadan xərac almışam...

 

Eşq Qaf dağının əyib belini,

Vədəsiz qocalıq haqlayıb bizi.

Şükür, tuta bildik canan əlini,

Məhəbbət şövqlü saxlayıb bizi.

 

Bəsdir, sərv kimi ucaldın göyə,

Əyil, başın dəyər, doğrudur sözüm.

Dünya qapısından çıxırıq deyə

Fələk qəddimizi əyibdir bizim...

 

***

Dözümün rəqibi qorxuya salıb,

Əzmin ürəyinə bir düyün çəkib.

Gözlərin gül üzü görüb zövq alıb,

Cövrünü yaralı ürəyin çəkib.

 

Nəfəsin çiçəkli bahar kimidir,

Dünya gülşəninə həsrətlə baxır.

Sənin hər bir misran damar kimidir,

Ürəyinin qanı onlarda axır...

 

Sözünün mənası necə dərindir,

Ruhundur onlara dərinlik verən.

Deyirəm, bəlkə də şeirlərindir

Bağdad xurmasına şirinlik verən...

 

Xəzan ömrümüzdə ilk bahar oldun,

Nasehin sözünü dinləmərik biz.

Qəm çəkmək işində bizə yar oldun,

Nə qədər dərd olsa, inləmərik biz.

 

Babam, yetməsən də nazlı yara sən,

Sevən ürəklərə nur ələmisən.

Qoşun çəkməsən də bir diyara sən,

Dünyanı sözünlə fəth eləmisən...

 

Sağ ol, bəxtiyaram şeirin, sözünlə,

Hər misran qəlbimi nura bələdi.

Tale gözəlləri sənin gözünlə

Görməyi mənə də qismət elədi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!