...Bir dəfə polis yaxınlaşmışdı. Ucaboy, cüssəli serjant idi. "Nəsə bir kömək lazımdır, qardaş?" - deyib gülümsündü. Vətəndaş yox, qardaş deməsindən və cavab gözləyərkən gözlərimin içinə baxmasından anladım ki, ya ağlım başımda olub olmadığını özü üçün müəyyənləşdirmək istəyir, ya da bəlkə içki, narkotik qəbul edib etmədiyimi. Cavabım uzun olmadı. Dedim, yox, sağ olun, hər şey qaydasındadır. Əslində görkəmim sərsəri olduğumu düşünməyə əsas vermirdi. Əksinə, həmişəki kimi centlmen təəssüratı yaradırdı. Boz kətan yay kostyumu, uyğun köynək, eyni rəngdə kəmər və ayaqqabıda olan əlli yaşlı, ağlı-qaralı qısa kəsilmiş saç-saqqalı olan eynəkli adam təsəvvür edin. Kənardan baxanda xoş təəssürat yaradan görüntü yəni. Sadəcə, hər dəfə məhz o hərəkətim ətrafdakılarda sual doğurur, kimi gülümsünür, kimi təəccüblənir, kimi də halıma acıyırdı. Öz-özünə nəsə deyən də olurdu, susub keçən də.
Polis dedi, əlbəttə. Çünki bu həm də onun işidir axı. Düzənlə düz gəlməyən davranış görəndə, soruşmaq, aydınlaşdırmaq, kömək etmək, ya da tutub harasa aparmaq, təhvil vermək. Çoxdur polisin işi. Ona görə polisin özü də çoxdur və hər yerdədir. Az polis, o qədər işin öhdəsindən necə gələr? Bu yandan da mən. Soruşdu, aydınlaşdırdı, təbəssüm ərməğan edib aralandı getdi. Ardınca təxminən otuz beş-qırx yaşlı, ağ çitdən qoluaçıq don geymiş qarayanız bir xanım yaxınlaşdı. Gözündə eynək, qoltuğunda balaca əl çantası vardı. Çantası mənim ayaqqabım rəngdə idi, ayaqqabıları donu rəngdə. Görünür kənarda dayanıb polisdən ayrılmağımı gözləyirmiş. Dedi, psixoloqdur, mənimlə danışmaq istəyir. Anladım, o da polis kimi hərəkətimdə qeyri-adilik olduğunu düşünüb nələrisə aydınlaşdırmaq istəyirdi. Tələsən yerim yox idi. Psixoloqla heç vaxt söhbət etmədiyimi xatırlayıb razılaşdım. Kənara çəkilib səkinin qalın daş məhəccərinə oturduq. Əvvəl özünü təqdim elədi, insan psixologiyası və sosial mühitə dair elmi iş yazdığını dedi, sonra gülümsünüb niyə zibil qutusu ilə söhbət etdiyimi soruşdu. Dedim, əslində mən zibil qutusuna yox, onun yanına qoyduğuma nələrsə deyirdim.
- Nə qoymuşdunuz ki, zibil qutusunun yanına? - xanımı maraq götürdü.
- Sizin heç nə vaxtsa ayaqqabılarınızla vidalaşmaq ağlınızdan keçdimi? Halallaşmaq yəni. - soruşdum və xanımın təəccübdən alnını necə qırışdırdığını, mənə zillənmiş gözlərini necə qıydığını gördüm - Yox əlbəttə, keçmədi. - özüm də cavab verdim - Amma mən dəfələrlə etmişəm bunu. Bu gün gördüyünüzü yəni. Bəzən hətta ildə iki-üç dəfə olub bu. Payızda və yayda. Mövsüm dəyişəndə dolabda isti ayaqqabıların yerinə sərinləri düzürsən e, ya da sərinlərin yerinə istiləri, bax onda. Hər dəfə bir az köhnəlmiş, rəngi artıq mən istədiyim olmayan, ya harasa toxunub zədələnmiş, yaxud hansısa başqa səbəbdən daha geyinməyəcəyim ayaqqabıları gətirib küçədə zibil qutusunun yanına qoyanda hallaşıram. Bilirəm ki, ömrü tükənməyib hələ. Kiməsə gərək olacaq. Kiminsə ayağını çöldən qoruyacaq hələ bir müddət. Kimsə götürüb aparıb geyinəcək yəni. Yaşayacaq demək. Əgər hələ sağdırsa, niyə hallaşmayım ki? - xanım oturduğu yerdə bir az irəli sürüşdürdü özünü, bir az da mənə tərəf əyildi, məncə dediyim sözlərin heç birini buraxmamaq üçün belə edirdi, deyəsən söhbətim gözlədiyindən də maraqlı olmuşdu, niyə, bunda nə var ki, bilmirdim, amma danışırdım - Ayaqqabılarım çoxdur. Amma yenə də mağazaların vitrinlərindən məni çağıranı olanda içəri keçib baxıram, könlüm tutursa, alıram, evə aparıb dolabda o birilərin yanına qoyuram. Dəyişəkli geyirəm deyə heç biri ta geyilməyəcək vəziyyətə düşmüş olmur ayaqqabılarımın, mən onlardan imtina edəndə. Gətirib qoyuram zibil qutusunun yanına ki, ehtiyacı olan götürüb, aparıb geyinsin. Onda ayaqqabılarla vidalaşıram. Bu çox vacibdir ayindir mənimçün. Mən piyada çox yeriyirəm. Həddən çox yəni. Bəzən saatlarla. Və bu işdə mənə ən çox kömək edən ayaqqabılarımdır. Ürəyimdən sonra ən çox yəni. Eləsi var ayağımın ölçüsündədir, eləsi var bir az böyükdür. Axı çox yeriyəndə adamın ayaqları şişir. Bax onda, qarşıdakı bir-iki günü böyük ölçülünü geyirəm. Ayaqlar rahatlananda yenə öz ölçümüzə qayıdırıq. Mən, ayaqqabılar və yollar... - söhbətimiz pis getmirdi. Görünən o idi ki, xanım ürəyimi boşaltmaq üçün əlimə düşmüş fürsət idi, mənsə onunçün bir tapıntı. Bəlkə də yanılırdım, hər halda onun dinləməyi məni, mənim danışmağım onu qane edirdi - Bilirsiniz, xanım, biz insanlar əslində fərqində deyilik ki, ən yaxşı geyimimizin belə, taleyi ayaqqabımızdan asılıdır. Ayaqqabı yoxdursa, nə geyinməyimizin də fərqi yoxdur. Çünki evdən çıxanda, qapıda bizi daima gözləyən kimimiz və ya nəyimiz yox, məhz ayaqqabılarımızdır. Həm də bütün mövsümlərdə. Geyimlər mövsümlə olmaya bilir. Papaq, palto, şərf yayda bizi girəcəkdə gözləmir. Eləcə də qışda yay paltarları qarderobda öndə olmur. Amma ayaqqabılar... Mövsümə-filana baxmaz ayaqqabılar. Daima girəcəkdədirlər. Qapıda yəni. Hətta xəstələnib yatağa düşəndə də gözləyir ayaqqabılarımız bizi qapıda. Bəlkə sağalıb qalxar, geyinər, yenə gedərik harasa, deyə. Kim bilir, bəlkə hələ sağalıb qalxmağımız üçün dua da edir ayaqqabılarımız... Mən bilirəm, edirlər... Mənimkilər edirlər yəni... Ayaqqabı təkcə ən sadiq geyim deyil, həm də ən əbədi yol yoldaşıdır insana. Evdən kənar hər yerdə səninlədir. Başqa evə qonaq girdiyində də, qapıda dayanıb qayıdıncayadək gözləyirlər... Bir dəfə dostlarımla məsçidə getmişdim, heç cür rahat ola bilmədim içəridə, yarımçıq qayıdıb çıxdım. Fikrim ayaqqabılarımda qalmışdı çünki. Qorxurdum kimsə oğurlayar ayaqqabılarımı. Nə vaxtsa eşitmişdim, kiminsə ayaqqabılarını məsçidin girişindən oğurlayıblar, o qalmışdı ağlımda. Deyirdim birdən mənimkiləri də aparar kimsə. Nə biləcəkdim, kim apardı, hara apardı. Özümü qınayırdım, soyunub məsçidə girərkən ayaqqabılarımla hallaşmadığıma görə... Əgər ayaqqabılar bizə daima sadiqdirsə, niyə də onlardan ayrılanda hallaşmayaq, göstərdiyi xidmətə görə ehtiram sərgiləməyək. Bax, mən bunu edirəm, ayaqqabılarımı gətirib bayırda zibil qutusunun yanına qoyanda. İstəyirəm bilsinlər ki, mən onların zəhmətini dəyərləndirirəm, anlayıram mənə necə sədaqətlə xidmət etdiklərini. İstəyirəm bilsinlər ki, mənə bir az da çətindir onlardan ayrılmaq. Amma evdə saxlamağı da düz saymıram. Axı onlar hələ uzun müddət hər yanı gəzə bilərlər kiminsə ayaqlarında. Bundan onları məhrum etmək olmaz axı. Ona görə də ayrılıq anında mənə sadəcə öz borcumu yerinə yetirmək qalır. Və mən onu edirəm. Halallaşıram, vidalaşıram. Kənardan görənlər də elə bilir, zibil qutusu ilə danışıram, məndən ağılları bir şey kəsmir. Təbii ki, hər kəs təəccüblənməkdə haqlıdır. Elə siz də. Amma mən dəli deyiləm. Nə də içkili. Heç siqaret də çəkmirəm. Sadəcə, hər dəfə daha geyməyəcəyim ayaqqabıları gətirib ora qoyanda, hallaşıram. Ayrılmazdan əvvəl üç dəfə təzim edirəm ayaqqabılara. Baş əyirəm yəni...
Yadımdadır, xanım necə heyrətlənmişdi eşitdiklərindən. Mən danışıb bitirəndə bir müddət dinmədi. Söhbətin yarısında dəsmal çıxartmışdı çantasından. Deyəsən gözləri dolmuşdu. Dəsmalla üzünün tərini sildi, qaytarıb çantasına qoydu. Qaxdı, əlimdən öpmək istədi, geri çəkdim, üzümdən öpüb getdi. Axşama doğru mən evə qayıdanda ayaqqabılarım zibil qutusunun yanında yox idi. Sözsüz ki, yeni sahiblə getmişdilər. "Kaş ki, o da çox yeriyən olaydı mənim kimi, - düşünmüşdüm onda. Yəqin sabahdan, ya o biri gündən şəhərə çıxıblar harasa getmək üçün, mənim sevimli ayaqqabılarım. Bəlkə hələ nə vaxtsa yanımdan da keçiblər hansısa küçədə, parkda-filanda sonradan. Lap elə əvvəlkilər kimi. Axı mən birinci dəfə deyildi zibil qutusunun yanına ayaqqabı qoyurdum. Bu, dəfələrlə olmuşdu. Hamısında da baş əyib vidalaşmışdım...
Bir dəfə evdəkilər mənə deməmiş ayaqqabılarımı aparıb zibil qutusunun yanına qoymuşdular. Əslində, onlarda günah olmamışdı. Ayırıb kənara qoyanda demişdim daha geyinməyəcəyimi. Onlar da zibil atanda ayaqqabıları aparıb bayıra qoymuşdular. Oradan da kimsə götürüb getmişdi. Elə pis olmuşdum ki. Xanımım məyus olduğumu anlamışdı, amma səbəbini bilməmişdi. Soruşdu, demədim. Necə deyim ki, hallaşmamışdım ayaqqabılarımla. Tez düşüb gedib zibil qutusunun yan-yörəsinə baxmışdım, görməmişdim. Ondan bir nisgil qalmışdı ürəyimdə. Bir müddət küçədə ətrafımdan keçənlərin ayağına baxdım o mövsüm. Tərs kimi də yağışlı-küləkli keçdi həmin payız. Təsəvvür edirsiniz, yağış, palçıq, soyuq, özgə ayaqları və halallıq ala bilməmiş ayaqqabılar... Gözüm ayaqlarda idi bütün yollar boyu. Bəlkə kimdəsə gördüm, ümidi ilə. Heç bilmirdim görsəm nə edəcəyəm. Bəlkə əl yelləyərdim xəlvətcə. Bəlkə nələrsə pıçıldayardım ürəyimdə. Bilmirdim. Amma çox istəyirdim görmək. Amma yox, görmədim. Əvəzində gah kiminləsə toqquşdum küçədə, gah kiminsə mənə acığı tutdu, ayaqlarına diqqətlə baxdığıma görə, gah da ağaca, dirəyə çırpıldım səkidə. Küçəni keçəndə maşın vurmuşdu məni bir dəfə. Qarşıdan gələn ahıl kişinin ayaqqabıları onlara çox oxşamışdı o an. Qolum bir ay gipsdə qaldı. Amma pis olmadım. Əksinə, yaxşı ki, ayaqlarıma bir şey olmadı, o qəzada, yoxsa, ürəyim partlayardı - düşünüb sevinirdim də hərdən...
Sonradan daha o niyyətlə baxmadım ayaqlara. O vaxta qalmazdılar. Çox köhnə deyildilər. Amma çox vaxt keçdi aradan. Evdəkilər o vaxtdan daha zibil atanda mənim seçib kənara qoyduğum ayaqqabılara toxunmadılar. Əlbəttə bu tez-tez olmurdu. Hərdən, mövsüm dəyişəndə. Əsasən də payızda və yayda, ya da yazda. Mövsüm dəyişəndə dolabda isti ayaqqabıların yerinə sərinləri düzürsən e, ya da sərinlərin yerinə istiləri, bax onda. Amma bunlar çoxdan olub. İllər əvvəl yəni. Üç ildir ki, mən nə özümə ayaqqabı alıram, nə də geyinməyəcəyimi aparıb zibil qutusunun yanına qoya bilirəm. Cəmi bir cüt ayaqqabım var. Tək mənim yox, burada olan hamının. Hamımızın eyni paltarı, eyni də ayaqqabısı var. Bu müddət ərzində cəmi bir dəfə dəyişib ayaqqabımız. Hər şənbə olduğu kimi aşağı mərtəbəyə hamama düşmüşdük. Çimib çıxanda gördük köhnə pal-paltarımızı götürüb yerinə təzəsini qoyublar. Hamı sevinmişdi onda təzə geyimə görə. Mənsə sevinə bilməmişdim. Gecə xəlvətcə ağlamışdım da ayaqqabılarımla vidalaşa bilmədiyim üçün. Əslində ayaqqabı deyil, yumşaq başmaqdır hamımızda. İçəridə geyilən yəni. Amma mən onlara ayaqqabı deyirəm. İkisinə də işarə qoymuşam ki, özgəninkilərlə dəyişik düşməsinlər. Əslində düşməzlər. Çimməyə gedəndə torbaya qoyub özümlə duşa götürürəm, qalan vaxt ayağımda olurlar, yatanda da döşəyimin altına qoyuram. Hər gecə də hallaşıram. Hər ehtimala qarşı. Nə bilmək olur. Hər dəqiqənin bir hökmü var. Kimin ağlına gələrdi ki, ayaqqabı sevdam məni evdən birdəfəlik çıxardar, bir də geri qaytarmaz. Artıq köhnədir ayaqqabılarım. Tibb bacısı deyir ki, tezliklə üst- başımızı təzələyəcəklər. Mən ondan xahiş etmişəm ki, gözdə-qulaqda olsun, ayaqqabılarımız dəyişiləcəksə, bir gün əvvəldən mənə xəbər eləsin. Söz verib. Deyəcək...
Bakı
10.06.2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!