O, cəng üstə, cəngi üstə doğulmuşdu - Fəxri Müslümün Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş poeması

O, qəhrəman idi,

o, haqqında gözü olmayan əfsanəvi qəhrəman idi,

o, bozqurd idi, o, əsil cəngavər idi.

O, cəng üstə, cəngi üstə doğulmuşdu,

Düşmənə, yada savaş üstə yoğrulmuşdu.

Onun vətəndən umub-umacağı,

tək bir sevgisi varıydı,

o da,

vətənin qaşına, gözünə enmiş qara kölgələri,

sarıldığı silahın darağından çıxan,

odlu, atəşli güllələrlə daramağıydı.

Onun bu vətəndən umacağı,

tək bir eşqi varıydı, o da,

özüylə Xankəndinə kimi daşıdığı,

döyüş zonasında

və bir də, əlində dalğalandırdığı

Azərbaycanın üçrəngli bayrağıydı.

O, Mingəçevirdə kinomexanik kimi

ev olub, yurd olub, yurddaşana qədər,

Gədəbəyin Kiçik Qaramurad kəndində

böyüyüb, pərvəriş tapmışdı.

Yaylaqlı, aranlı olmuşdu,

ot biçmişdi, ayaqyalın at çapmışdı.

Dərin dərələr adlamış,

ildırımın yeri-göyü lərzəyə gətirən səsindən,

çathaçatından, qəzəbindən,

vahiməli, heykəl qayalara sığınmış,

qartal, şahin ayağına dirək olan

uca-uca dağlar, zirvələr aşmışdı.

Çocuqluğundan,

düşmənin aldığı nəfəsə,

yaşadığı dağların bu üzündən

o üzünə bələd idi.

O, əfsanəvi qəhrəman idi,

o, bir qəhrəman kimi,

yazağzı, evlərinin yanından axan,

enli və vahiməli çayların

dərin dərələri,

kənd-kəsəyi ağzına alan səsindən güc almışdı.

O, bir qəhrəman kimi, başının üstündə,

buludların arxasında gözə görünməyən

və həmişə, and içib, andına sadiq qaldığı,

əli çatmayan Göy və Səma Tanrısından güc almışdı

və bir də,

atasından, babalarından yaddaşında sıralanan,

böyük Zəyəm çayının

malakan kəndinə tərəf çıxacağında,

vaxtıyla, düşmənin burnunun ovulub,

əzildiyi sözdən, söhbətdən güc almışdı.

O, adi adam idi,

ancaq onun qəhrəmanlığı,

içinə, çölünə yığıb-yığışdıra bilmədiyi,

və dədə-babasından bəri,

əsrlərlə üstündə yaşadığı torpaq sevgisi,

yurd sevgisi, vətən sevgisiydi.

İyirmi bir yaşında əfsanəyə, sirrə çevrilən adam

o dağın, dərənin daşında, kəsəyində

gah yıxıla-yıxıla,

gah da, ağır-ağır dura, dura belə böyümüşdü.

Düşmənin qarşısında dik durmağı,

torpaq uğrunda, vətən uğrunda,

üçrəngli bayrağımız uğrunda

şəhadətə qovuşub, şəhid olmağı öyrənmişdi.

Doxsan ikinci ilin mart ayının əvvəliydi,

göy üzündə qara buludların,

yer üzündə ağacların, otların, meşələrin,

torpağın,

torpağın üstündəki adamların qan ağlayan vaxtıydı.

Xocalı soyqırımına məruz qalmış kişilərin, qadınların

böyüklərin, kiçiklərin, çocuqların, bəbəklərin al qanı

qara torpağı lalə rənginə

və bir də,

vaxtıyla, sevgi gülləri kimi bilinən,

qərənfil güllərinin, qıpqırmızı rənginə boyamışdı.

Keçisayağı,

saçı, saqqalı qucağına tökülən,

özünü yazıçı adlandıran Zori Balayan kimi

quduzlaşmış itlərin əlinə fürsət düşmüşdü, girəvə düşmüşdü.

Əlində kor tiyə, kor ülgüc,

çığırda-çığırda, bağırda, bağırda,

Azərbaycanın azyaşlı,

çocuq-çocuq qızlarının diri-diri dərsini soyub həzz alırdı.

Keçmişini,

eybəcərliyini təkrarlayıb,

elə bil, yenidən, iyrənc bir dərs alırdı.

Afrika cəngəlliklərində,

heyvan da heyvanlığıyla öz ovunun nəfəsini almamış,

ona canlı-canlı dəymir.

Bunu

vəhşi cəngəlliklərin adamı, vəhşi Zori bacardı

bizim, qız çocuqlarmızın üzərində.

Bax, onda

dünya bu vəhşiliyi görməməzliyə, bilməməzliyə vurdu.

Bax, onda yer də,

göy də, üzə durdu, sanki acıq çıxırdı bizdən.

Üstəlik,

türkə düşmən olanlar, öz yalan əməlləriylə,

dünya mediasında sülənə-sülənə,

ağızları köpüklənə-köpüklənə, danışırdılar

və vəhşi, faşist hərəkətlərilə öyünürdülər.

Bu, azmış kimi,

uydurub tarixi yalanlarını,

amerkan, ingilis rəfiqələrinə,

ana bir, ata ayrı rus qardaşlarına

ağzı köpüklənə-köpüklənə dastanlayıb deyinirdilər.

Bax, onda,

bir parça çörək dalınca kənddən şəhərə gələn

Natiq Qasımov,

otuz bir nəfərlik "Qarabağın şahinləri"

batalyonuna çatdırdı özünü.

Çatdırdı ki, Ağdamın Pirlər kəndi yaxınlığında

bir yüksəkliyin alınması uğrunda gedən mübarizədə,

içində yurd salmış qəzəbini-hirsini

düşmənin sifətinə çırpa-çırpa, deyə bilsin sözünü.

Bax, onda, doxsan ikinin martın əvvələriydi,

papağımızın, boynumuzun,

Şuşada və digər bölgələrdə yerə girən vaxtıydı,

düşmənin vəhşicəsinə, sevinə-sevinə irəliləyən,

hal-əhval vaxtıydı, gəlhagəliydi.

Ölüm-itim mübarizəsi olsa da, yüksəklik alınmış,

Azəbaycanın üçrəngli bayrağı, qədim alban kilsəsinin başında,

üzü Xankəndinə,

havanın, səmanın rənginə rəng qatıb dalğalanırdı.

Şəhid olan olmuş,

hərbi hissəyə, geri dönən isə olmamışdı.

Tək biri qalmışdı,

tək biri, bir orduya bərabər,

Alman faşizminə qarşı

təkbaşına vuruşan Mixaylo kimi.

Bu qəhrəman Natiq idi,

Zamanının cəngavəri andına, vətəninə sadiq idi.

Şəhidlərin silahlarını Alban kilsəsinin

işıq düşən dəlmə-deşiyində yerləşdirib

beş gün ərzində təkbaşına,

düşməni çaş-baş salıb döyüşə girmişdi,

qeyrətinə sığınıb mərdi-mərdanə

düşmənin leşini leş üstə sərmişdi.

Düşmən onu kilsədə bir ordu,

bir bölük bilmişdi,

kilsənin həndəvərində zarıyanı zarımış,

gəbərəni gəbərmiş, öləni də, ölmüşdü.

Bir qəhrəman, ər igidimizin

təkbaşına yaratdığı mühasirəsini

yara bilməyən düşmən

iyirmi bir Xocalı əsirini qalanın önünə gətirməklə,

hiyləyə əl atmışdı,

guya vahimə, qorxu yaratmışdı.

Keçmiş Xocalı məktəbinin direktorunu,

Cəfər müəllimi,

iyirmi bir Xocalı əsirinin

başının kəsilməməsini şərt qoyaraq,

ürəyinə,

paramparça olmuş sinəsinə

kədər, dərd qoyaraq,

ordunun təslimolma elçiliyinə göndərməklə,

faşistcəsinə, öz murdar xislətini,

məsləkini qərarlaşdırmışdı.

Artıq Natiqin,

bir həfə içində aclığı, susuzluğu bir yana qalsın,

silahların lülələri düşmənə tuşlansa da,

onların nə doğacaq,

nə də, düşməni boğacaq imkanı qalmamışdı,

çünki lülələr güllə sarıdan qısır qalmışdı.

O, götür-qoy etmədən,

İyirmi bir əsirin öldürülməsini şəninə,

qeyrətinə sığışdırmadan,

tək özü üçün saxladığı gülləni

boşluğa fişəng etdi.

Azərbaycanın üçrəngli bayrağını

dalğalandıra-dalğalandıra,

bu, qəhrəmanlığından, igidliyindən,

dönməzliyindən yazmağa, çəkməyə,

Rusiyadan, İtaliyadan gəlmiş yazarların,

jurnalistlərin, fotoqraflarında yer aldığı axına

ümidsiz əsir kimi tələsdi.

Əlindəki dalğalanan Azərbaycan bayrağı ilə,

düşmənin vəhşiliyinə

özünün qəhrəmanlığını, mərdliyini,

igidliyini görk elədi

başqa ölkələrdən gələn birilərinə.

Bu, düşməni heç açmadı, yer yarılsa, girərdilər,

ölüm olsa, ölərdilər,                

ancaq onlarda o sifət hardan, o üz hardan,

çaqqalları da, itləri də, belə yaradıb yaradan.

Yaxşı ki,

bunları öz gözünlə, özün gördün, Natiq Qasımov.

Yaxşı ki, onda, o fotonu çəkən italiyalı,

qoca fotoqrafı da gördün, Natiq Qasımov.

Enriko Sarsini deyirəm,

əlində üçrəngli bayraqla sənin

şəklini çəkəni deyirəm.

Və sonra da, İtaliya jurnallarında

Və bir də,

Rus jurnalisti, Konstantin Sergeyeviçin əliylə,

Rusiyanın "Oqonyok" jurnalının üz qabığında gedən,

əli bayraqlı şəklindən danışıram, Natiq Qasımov.

İç səhifədə yer alan, "Qorxu" məqaləsində isə,

Sənin məğrur-məğrur, sınmadan,

qürurlu addımlarından danışıram, Natiq Qasımov.

Sən daşıdığın o bayrağın rəngləri o jurnalda

hələ solmayıb, düşmənə gözdağı kimidi.

Sənin qəhrəmanlığın isə Şınığın ərən Ərdağı.

O vəhşilər sənin başına nə gətirdiklərini

bir sən özün bildin,

bir də, inandığın səma Tanrısı

Və bir də,

qanına,

canına mərdanə susadığın

o mənfur düşmənlərin hamısı.

Hələ nə valideynlərin, nə qohum-əqrəban,

nə də, uğrunda fəda olduğun bu vətən

gözlərini yollardan yığmadı, Natiq Qasımov.

Sağ olsun bizim yazarımız Səbuhi Məmmədlini,

iki min on beşin fevral ayında,

İtaliyanın Milan şəhərinin "Myatos" otelindən,

dəniz sahillərini seyr edə-edə,

vaxtını, zamanını hədər yerə itirmədi.

O, fotoların müəllifi Enriko Sarısini

Peruca şəhəri yaxınlığında yerləşən Todi qəsəbəsində

qocalmış və halsız halda tapdı.

Todi qəsəbəsi ətrafında yaşıl üzüm bağlarını

oxşadı,

yaşıl gözlü Todi qəsəbəsinin qızlarını,

gizlin-gizlin, kipriklərinin arasından keçirə-keçirə,

Enrikonun Qarabağ nağılına,

və bu nağılın içində

sənin qəhrəmanlıq nağılına qulaq asdı.

Enriko da, sənin igidliyindən, mərdliyindən,

və bir də,

cəsur bir vətən sevdalısı olduğundan

ağızdolusu danışa-danışa, vicdanı qarşısında,

deyəsən, həqiqətə, haqqa tapınmışdı.

Sonra da,

iki min on altının beş aprelində

Moskvanın Arbat küçəsindəki Aktyorlar evində,

sən, düşmənləri qısnayıb, qorxu yaratdığın,

"Qorxu" məqaləsinin müəllifi,

Konstantin Sergeyeviçlə görüşdü.

Sənin,

bir ordunun görmədiyi işi gördüyündən,

söhbət açıb, danışıblar, Natiq Qasımov.

Dediyinə görə,

iyirmi bir nəfər Xocalı əsirləri də,

sənin sayəndə azad olub,

indi, yaşayan yaşayır, yaşamayan da,

haqq dünyasındadır, Natiq Qasımov.

Sənin cismani olaraq bu otuz ildə,

harda olmağını düşmənlər gizlətsə də,

sən, ruhən Azərbaycan xalqının ürəyində,

könlündəsən, Natiq Qasımov.

Sən, qəhrəmansan, sən, igidsən,

haqqını,

özün öz əllərin ilə qaldırdığın üçrəngli Azərbaycan bayrağıyla,

və təkbaşına

düşmənin canına qorxu, təlatüm salmağınla,

ürəklərdə,

ürəklərdə qalacaqsan, Natiq Qasımov.

Bu vətən,

Bu dövlət unutmadı səni,

Sən bu vətənin Milli Qəhrəmanısan, Natiq Qasımov!

Sən bu vətənin Bozqurdusan, Natiq Qasımov!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!