Bəlkə də yalnız Allah çatmır dualarımda... - Elşad Baratın şeirləri

Çatmır

 

Qəfildən sıxılıram,

Qəfildən havam çatmır.

Adam kimi ölməyə

Bir isti yuvam çatmır.

 

Çatmır əllərim göyə,

Çatmır dualarım da.

Bəlkə də yalnız Allah,

Çatmır dualarımda.

 

Nə deyirlər, desinlər,

Sərxoş, veyil-veyiləm,

Bu saat heç özüm də,

Öz vecimə deyiləm.

 

Sən hardan biləsən ki,

Hardan biləsən, Bəkir?

Şairlər hər şeirdə,

Doğuş sancısı çəkir.

 

Çəkir yerin üzündə

Göyün yükünü şair,

Ürəyi Vətən boyda,

Beli bükülü şair.

 

Nə olsun ziyalıdır,

Duyan yoxdu şairi,

İndi adam yerinə,

Qoyan yoxdu şairi.

 

Bir gün hamı verəcək,

Bələk haqqı, ağ haqqı,

Milyonçu əclaf canı,

Dilənçi uşaq haqqı.

 

Eləcə sıxılıram,

Qəfildən havam çatmır.

Mənim adam olmağa

Bir isti yuvam çatmır.

 

Tənha qadın

 

Bu qadın da tənhadır,

Əllərindən bilirəm.

Yanağında darıxan

Tellərindən bilirəm.

 

Bilirəm, gözlərinin

Dibinəcən darıxır.

Topuğunun yanından,

Qəlbinəcən darıxır.

 

Təhsili var, işi var,

Darıxmağdı peşəsi.

Onun ixtisasıdı

Tənhalığın yekəsi.

 

Bu qadının gecələr

Eləcə susmağı var.

Qəfildən hıçqırmağı,

Bərkdən ağlamağı var.

Bu qadın adamların,

İçində də tənhadır.

Yemək saatlarının

Üçündə də tənhadır.

 

Hopubdu tənhalığı

Gülüşünə, səsinə.

Həsrətdədi yatağı,

Bir kişi nəfəsinə.

 

O qadına deyin ki,

Mən də tənhayam indi.

Gəl apar əllərimi,

Ölənəcən sənindi.

 

İlin sonu

 

Bir il də belə getdi,

Bir il də dalda qaldı.

Arzular yetişmədi,

Arzular yolda qaldı.

 

Yenə də küməmizin

Pəncərəsi olmadı,

Yenə də qızlarıma,

Velosiped almadım.

 

Almadım anam üçün

Kəlağayı yenə də,

Almadım ki, ağappaq

Tellərini gizlədə.

 

Gizlənə də bilmədim

Payızından, qışından,

Anamın əllərindən,

Atamın baxışından.

 

Baxış-baxış utanıb,

Bir ili də böyüdüm.

Yalvardımsa nə qədər

Bar vermədi söyüdüm.

 

Bu söyüd şəhərindən

Nə bar gətirim evə?

Hər gecə əllərimdə

Qabar gətirdim evə.

 

Əllərimin qabarı,

Qızlarıma oyuncaq,

Bir tikə çörək yeyib,

Oynadılar doyunca.

 

İlahi, bu evimin

Başına çevir məni.

Qızlarımın anası

Hələ də sevir məni.

 

Ümidsiz qadın

 

Salam, ümidsiz qadın,

Kefin, halın necədir?

Yəqin ki, üşüyürsən,

Yaman soyuq gecədir.

 

Üşüyürmü əllərin,

Tənhalığın boyunca?

Qorxma, heç kim eşitməz,

Otur, ağla doyunca.

 

Boylan hərdən küçəyə,

Qoy sevinsin pəncərən,

Görsün buludlar səni,

Ağlasın səhərəcən.

 

Bilirəm ki, döyülməz

Qapın, narahat olma.

Yalançı ümidlərə

Tapın, narahat olma.

 

Hərdən də çıx şəhərə,

Özün üçün gəz, dolan.

Nə olsun yoxdur ərin,

Nə olsun yoxdur balan?!

 

Nə olsun gözlərində

Arzuların yeri var,

Bəlkə indi hardasa,

Səni sevən biri var?!

 

Bəlkə yoxdu sevənin,

Tamam unudulmusan,

Hamının yaddaşında

Yuxu kimi qalmısan.

 

Eybi yox, zaman gələr,

Bir gün yada düşərik,

Yeri get, tənha qadın,

Öləndə görüşərik...

 

Dənizi başıma çəkirəm

 

Bilirəm, hardasa düz eləmirəm,

Bilirəm, mənim də günahlarım var.

Bəlkə də sonuncu axşamçağımdı,

Bəlkə də bir sürü sabahlarım var.

 

Neynirəm bu saxta ləpələnməyi?

Balıqçı quşların səsi bezdirir,

Hər kəsin əlində bircə ömür var,

Hamı ehtiyatda ölüm gəzdirir.

 

Sən gələn yollara etibarım yox,

Gözümü badəyə dikirəm indi.

Sənin sağlığına ayağa qalxıb,

Dənizi başıma çəkirəm indi.

 

Dəniz qoynu

 

Yenə dəniz qoynu, yenə ikimiz,

Sinəm şeir dolu kitab kimidir.

Yenə də sərxoşam bircə öpüşə,

Baxışın yüz illik şərab kimidir.

 

Niyə gecikmişik bir-birimizə?

Bizi görüşmədən ayırıb yollar.

Günəş sənsiz çıxıb, ay sənsiz doğub.

Gör, sənsiz nə qədər gecələrim var.

 

Gətir qollarını dola boynuma,

Ay üzün çevirsin, dəniz kar olsun.

Bu gecə sevişək səhərə qədər,

Nigah şahidimiz balıqlar olsun.

 

Görüşərik

 

Dayan, səni bağrıma

Basım, sonra gedərsən.

Qollarımı boynuna

Asım, sonra gedərsən.

 

Gedərsən, gedişinlə,

Dağılarsan hər yana,

Onsuz da hamı gedir,

Darıxdığı ünvana.

 

Hamı kimi gedərsən,

Düşmərəm yadına da,

Bilməzsən ki, səninçün

Gülümsədim yollara,

Dilənçi qadına da.

 

Gedirsənsə son dəfə

Gözümü bağla, çıx get,

Saçlarının ətrini

Sədəqə saxla, çıx get.

 

Yox, belə getmək olmaz,

Bu gediş harda vardı?

Bu gediş ayrılıqdı,

Bu gediş intihardı.

 

Nə isə, bu gedişlə,

Çətin yada düşərik.

Bu gecə həsrətindən

Ölməsəm, görüşərik.

 

Gedirəm

 

Gedirəm bu şəhərdən,

Elə indi, bu saat.

Məni saxlaya bilməz

Nə doğmalar, nə həyat.

 

Bu şəhərdən uzaqda

Darıxacam, bilirəm,

Bilə-bilə alnımın

Yazısını silirəm,

Gedirəm bu şəhərdən.

 

Bu şəhərdə küçələr

Üzümüzə gülmədi,

Küçələri keçənlər

Bir də geri gəlmədi,

Bu şəhər şəhər oldu,

Vətən ola bilmədi.

 

Bilmədi adamların

Qiymətini bu şəhər,

İtirdikcə itirdi

Hörmətini bu şəhər.

Gedirəm bu şəhərdən

Elə indi, bu saat.

 

Özümdən sökülürəm,

Naxış-naxış gedirəm,

Yağış-yağış yuyulub,

Qarış-qarış gedirəm,

Gedirəm bu şəhərdən.

 

Eh... məni bu şəhərdə

Saxlayan heç nə yoxdur,

Ruhumu bu şəhərə

Bağlayan heç nə yoxdur.

Gedirəm bu şəhərdən

Elə indi, bu saat.

Sağ ol, xatirələrim.

...Hələlik, sağ-salamat.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!