Ürəyinizdə Günəş olsun!
İnsan Təbiətdir, Təbiət İnsandır. İnsan Təbiətsiz, Təbiət İnsansız yaşaya bilməz. Təbiət başqa canlılarla İnsana mahiyyətcə fərq qoymur; təbiətdəkilərin İnsan kimi dünyanı dərk etmək imkanı yoxdur, ancaq İnsan Təbiətin səhvini düzəldir, başqa canlılardan fərqli olduğunu göstərir. Min illər öncə dünya indiki deyildi. Təbiətin indiki biçimə gəlməsi birdən-birə olmayıb. Dünyadakı insanların ağlı da, şübhəsiz, indiki kimi deyildi. Təbiət İnsana qoynunda səxavətlə yer vermişdi. İnsan dünyaya heyran idi: Təbiətin nemətlərindən faydalanırdı. Gördüyü nə varsa, anlamağa çalışırdı, hər şey ona qəribə gəlirdi, nədənini tapmağa çalışırdı. Ağlının gözü açıldıqca günəşin doğmasını, batmasını, yağışın yağmasını, ildırımın çaxmasını, qarın yağmasını, çayın axmasını mənalandırırdı, möcüzə sayırdı. Əcdad insana Göy çox uca, əlçatmaz gəlirdi, dağda isə nəsə qəribə bir həyanlıq, vüqar duyurdu...
Ulusumuzun qədimdən bəri Təbiətlə bağlı yaranan duyumu bu gün də canlıdır, yaşarıdır. Bu gün Təbiətin qorunması ilə bağlı çağırışlar artdıqca insanın bu acınacaqlı durumu düzəldəcəyi ümidləri də artır. İnsanın İnsanla ilişgiləri pozulub deyə, Təbiət bu gündədir. Əslində İnsanın İnsanla ilişgiləri indiyə kimi ideal biçimdə olmayıb. İnsanın İnsana yad, amansız yanaşması səngiməyincə, azalmayınca, yox olmayınca Təbiətdəki fəlakət də qaçılmaz olacaq, daha da artacaq.
Deməli, İnsanın içində Təbiətə öncəki dönəmlərdəki kimi doğma, yaradıcı yanaşma yaranmalıdır. Azərbaycan insanı əcdaddan gələn Təbiətə yanaşmanı yaradıcı inkişaf etdirməklə dünyaya örnək ola bilər. Bu bizim mənəvi borcumuzdur. Həm də meşə fondunun, içməli su imkanının az olduğu ölkəmizdə Təbiətə ruhsal (mənəvi) yanaşmamız təbii sayılmalıdır. Qloballaşan dünyada çözümü çətin qayğılar isə artmaqdadır. Nədəni İnsandır: İnsanlıq imkanlarına yetən örnək insanlar yaranmalıdır.
***
İlkin mifoloji düşüncədə Tanrıçılıq görüşləri əcdadın Dünyaya, Həyata, İnsana, Təbiətə yanaşmasını formalaşdırdı. Tanrıçılıqda dünyadakından yaranma ideyası var. Tanrı dünyadadır, dünyadan qıraqda deyil. Əcdad Türk dünyanın yaradılışında iştirak edir, Tanrısı ilə birdir, Tanrısına ərklidir. Tanrı da Əcdadla birdir. Qədim türk panteonu (allahlar sistemi) Xeyirlə Şərin savaşı, Şərin gec-tez məhv olacağına inam ideyası üzərində qurulub. Göy Tanrı Əcdadla birdir, doğmadır.
Əcdadın fitri duyumu Səhərin cəzbində, Çayların axarında, Dağların vüqarında, Səmanın ucalığında, Günəşin doğuluşunda - şəfqətində, Qürubun qübarında (Günəşin batmasında), Gecənin sehrində mənliyini görür. Bu, insani yaradıcılığın elə bir ölçüsüdür ki, əcdadın ulus olmaq, dövlət qurmaq, bir sözlə, hər mənada var olmaq imkanlarını yaradır, Əcdad aşkarladığı sınırsız qüdrətiylə var olur.
"Dədə Qorqud"da ("Basat Dəpəgözi öldürdügi boy"da) Basatın doğuluşu - yaranışı əcdad funksiyası ilə bağlıdır. Hər şeydən öncə boyun quruluşu, məzmunu qədimliyini sübut edir. Başqa yandan, buradakı inanclar - türkün ruhən bağlı olduğu tapınış məqamlarını işarələyir. Təpəgöz Basatdan kimliyini soruşarkən Basatın ona cavabı: "...Anam adın sorar olsan - Qaba Ağac! Atam adın deirsən - Qağan Aslan! Mənim adım sorarsan, - Aruz oğlı Basatdır, - dedi".
Burada Basatın soyunu Ağacla və Aslanla bağlaması əcdaddan soraq verməsidir: Basatın yaradılışını şərtləndirən əcdadın izləri aydın olur. Mifologiyada, ümumən türk mifologiyasında ağac geniş yayılmış, mürəkkəb semantikaya malik obrazdır. Türk mifologiyasında ağacın kultlaşdırılması dərin kökləri olan inanclara bağlıdır. Ağacla bağlı bütün bu mifik təsəvvür, inanc, obraz, funksiyalar Azərbaycan əfsanələrində də izlərini saxlayıb. Bunların hamısı bu və başqa biçimdə yaradılış mifinə bağlanır.
"Dədə Qorqud"da 16 il kafirlərin əsiri olan Bamsı Beyrəyin geri dönməsini xəbər verən Banıçiçəyə qayınatası Baybörə deyir: "...Sağ-salamat gəlib çıxsa, qarşıdakı dağ yaylağın olsun! Soyuq-soyuq sular bulağın olsun!"
Uruz: "Qarşı yatan uca dağlar istəsə, el yaylar, Aşqın-daşqın sellər-sular istəsə, axar-çağlar. Qaracıq atlar sağlam olsa, qulun verər, Qaytabanda qızıl dəvə sağlam olsa, doğar-törər, Yaylaqdakı ağca qoyun sağlam olsa, quzulayar, İgid bəylər sağlam olsa, oğlu doğular"...
Dastanlarımızda İnsan-Təbiət birliyi yetkin biçimdə ifadəsini tapır. Koroğlunun qılıncı ildırım parçasındandır, atları dərya atlarından. Azərbaycan muğamlarında, ayrıca olaraq Azərbaycan aşıq sənətində İnsan-Təbiət birliyinin ifadəsi tamdır. İnam Ata (Asif Ata) deyirdi: "Şübhəm yoxdur, "Qarabağ şikəstəsi" bir dağdan o biri dağa haray kimi deyilib".
Sazımızda Tanrıçılıq ruhu, səsi aydın şəkildə duyulur. Azərbaycan zurna-balaban sənəti başdan-başa Təbiətdən soraq verir: haraylı, yenilməz, döyüşkən, coşğun ruhlu Türk insanının həm də hədsiz zərifliyini, həlimliyini çatdırır.
Novruz bayramının ruhunda Türk insanının Təbiət ilə birikməsi var: Novruzun ümum Şərqiliyi var, ancaq ən yaxşı, yetkin ifadəçisi Azərbaycandır, Azərbaycan-Türk ruhudur. Zərdüştlükdən gələn "Təmiz fikir, təmiz söz, təmiz əməl" ideyası ilə Novruzun ruhu mənalanıb, əcdadın fitri duyumunun təsdiqi kimi ulusal özül üstə inkişaf edib. Azərbaycan folklorunun, demək olar, hər bir janrında (əmək nəğmələrində, mərasim nəğmələrində, mövsüm nəğmələrində, əfsanələrdə, rəvayətlərdə, ata sözlərində, məsəllərdə, laylalarda, oxşamalarda, mahnılarda, bayatılarda, nağıllarda, tapmacalarda, yanıltmaclarda və s.) İnsan-Təbiət doğmalığından yaranan birliyin izlərini görmək olur. Hər hansı bir mətndə özünəinamlı, yaradıcı, fəhmli insan obrazı varsa, orada mütləq doğanın etkisi var.
Adət-ənənə, mərasim və rituallarda da İnsan-Təbiət birliyi özünü göstərir. Bu da doğaldır: İnsan Təbiətdədir, bütün olaylar Təbiətdə baş verir. İnsanın halı, halsızlığı, Xeyirliyi, Şərliyi Təbiətdə ifadəsini tapır. Təbiətlə İnsanın qarşılıqlı birliyi var, bu birliyin canlı etkiləri İnsanın Təbiətə yadlığının, ya da doğmalığının ölçüsünü göstərir.
Folklorun bu və ya başqa çoxsaylı janrlarında İnsanın Təbiətə doğmalığı, həyanlığı, dərdkeşliyi ilə yanaşı, amansızlığı, ruhsuzluğu, səbirsizliyi, kobudluğu və s. var. Əcdad - İnsan Təbiətdə özünü görür, ancaq bu, hamıya aid deyil. Folklor düşüncəsi ulusallığın bəşəriliyi təsdiq edən ölçüsünü yaradır, burada qətiyyən güzəşt yoxdur. Əcdad - İnsan səhvini anlayır, dərsini alır, sonrakı peşmançılıq isə fayda vermir. "Koroğlu"da Rövşənin tələskənliyi, uyğun mif-əfsanə örnəkləri bu sıradandır.
***
Təbiətlə bir olmaq, onun acı-ağrısını hiss etmək, Təbiət kimi duymaq əcdadın fitri keyfiyyətlərindən idi. Əcdadın Təbiətə münasibəti doğma idi, onun əzəli ritmi ilə yuxudan oyanır, yuxuya gedirdi. Təbiətin hər gününü təkrarsız bir ömür kimi yaşayırdı. Bu duyğular əcdadın ağlında, ürəyində ölmür, itmir, ardıcıl inkişaf edən hissiyyatında yeni çalarlar yaradır, hansısa əmək, əkinçi, sayaçı, sağın, ovçu, balıqçı, hana nəğmələrinə çevrilirdi. Folklorda Təbiətdən qıraqda yaranan nəsə yoxdur, hamısı İnsanın burada var olmağının, Təbiətlə fərəhlənməyinin, kədərlənməyinin ifadəsidir.
Təbiət səxavətlidir, insan ağacdan (meşədən), sudan (bulaqdan, göldən, dənizdən), torpaqdan, oddan və s. bəhrələnir, Təbiətin balası olduğundan anasına qarşı çıxmır. Bu, insanın artıq ibtidailikdən çıxdığı, dil açdığı, ağlının yetkinləşməyə başladığı dövrdür. İnsan torpağın təkcə məhsul vermədiyini anlayır, mənəvilik (ruhsallıq) deyilən bir keyfiyyətin olduğunu görür, sonucda torpağın Yurd, Vətən kutsallığı yaranır; bu ilahi hal insanın ağlında yaranıb gerçəkləşir. Yaşadığı torpağın qoxusu onun üçün dünyanın ən gözəl ətri olur, çünki torpaq varlığını təsdiq edir.
Azərbaycan folklorunda əcdad ruhu Təbiətin Günəşiylə, Səmasıyla, Səhəriylə, Gecəsiylə, Çayıyla, Bulağıyla (Su ilə), Ağacıyla birdir. Folklor düşüncəmizin mayası Təbiətdən gəlir: əcdad təsəvvüründə ilkinlik Təbiətdəndir: hər şeydən öncə ona görə ki, insanın jest və mimikalardan nitq imkanına kimi yol keçməsi, dil yiyəsi olması, cəmiyyət qurması Təbiətdə mümkün olub. Əsas məsələ Təbiətə ilahi, insani yanaşmadadır. Şişirtmədən demək olar, türk düşüncəsində bu yön uluslar içərisində nadirliyi, bənzərsizliyi ilə seçilir. Dağın, Göyün, Günəşin, Ağacın və s. insanlaşmış obrazlarının olması doğal olaraq folklorumuzdakı əcdad düşüncəsinin yaşarılığından gəlir. Ölməyən, yoxa çıxması mümkün olmayan bu duyğu yüzildən-yüzilə, soydan-soya keçir, ənənə beləcə qırılmadan yaşayır. Burada Dağ - vüqar, ləyaqət rəmzidir, həmişə yenilməzdir, çünki özündə ilahilik keyfiyyəti daşıyır, Tanrılıq mahiyyətli İnsan obrazındadır. Dağda insanı görmək özünü anlayan, duyan, Təbiətin böyüklüyünü anladığı dərəcədə də özüylə onun arasında mənəvi birlik görən əcdad düşüncəsindən gəlir.
***
Bu gün dünyanın hər yerində sağalmaz xəstəliklərin artması İnsanın Təbiətdən ayrılmasının faciəvi sonucudur. Türkəçarələr əcdadın Doğadan gələn qədim sağlıq qaydasıdır. Şəxsən türkəçarələrdən yararlanıram, İnsan-Doğa birliyini canlı yaşayıram: bu, duyğularımın ardıcıl köklənməsinə nədən olur...
Bu gün də poeziyamızda İnsan-Təbiət ilişgiləri öyülür. Qarşıda bu konuya ayrıca araşdırma yazı həsr etmək olar. Aşıq sənətində Ələsgərdə ("Ölsün Ələsgərtək qulların, dağlar!"), ötən yüzildə S.Vurğunda ("Üzü bəri baxan dağlar, Mənim sizdə nəyim qaldı?") və b. uyğun örnəklər var.
Xatirə. Hələ məktəbə getmirdim. Yaz gəlmişdi. Dədəm göydələn qoşa nararmudu ağaclarının altında yer belləyirdi. Qəfil soruşdum: - Bu ağacların neçə yaşı var? Dədəm dedi: - Ağacın yaşını bilmək istəyirsənsə, get qulağını daya, özü sənə deyəcək. Gerçəkdən dədəmin bu sözünü həqiqi saydım. İnandım ki, ağac danışır. Qulağımı tutdum gövdəsinə. Mənə elə gəldi ki, ağac nəsə dedi, ancaq başa düşmədim...
4-5 yaşım olardı, yazın gəlişiylə həyətimizdə cücərən rəngbərəng otların sehrinə düşmüşdüm. O rəngləri indi də nəinki xatırlayıram, hətta görürəm! Budur, şabranı armudla lətənc armudun qoşa calağının evə baxan səmtindəyəm. Buradakı dünya mənimdir, heç yanda bu gözəllik yoxdur, ola bilməz! Olsa da, bu gözəlliyə çatmaz, bu, bir başqa dünyadır. Bu sehrli dünyanı həm də ağlımda, ruhumda yaradıram ardıcıl olaraq, ona görə də illərdir yaz gəlir, o əlvan otlar torpağın bağrından sıyrılıb çıxdıqca yamyaşıl olur, sonra xırdaca güllər açır, o güllərdən dəstə bağlayıram, doyunca baxıram, baxıram... Bu gözəllik məni bəxtiyar eləyir, düşüncəyə dalmağı öyrədir. Kimsəyə nəsə deyə bilmirəm. Sanki duyuram, desəm, gülərlər. Bəlkə də məni anlayan tapılardı, bilmirəm...
İllər ötmür, ötə bilmir, ona görə ki, yaddaşımda zamanı tutub saxlamışam: kəndimizi gəzirəm, tez-tez eşitdiym Azərbaycan kəlməsini elə Kalvaya aid eləyirəm. Ona görə ki, Azərbaycanı həm bu gözəlliyin ruhu olaraq anlayıram. Hələ uşaqlıq çağındayam, o yaşdır ki, başqa yerlərə getməmişəm, heç Kalvadan başqa kəndlərin olduğu haqqında təsəvvürüm belə yoxdur...
***
Kəndim ömrümün əzəli, yəni başlanğıcıdır: Təbiətdə doğulmaq, uzun illər Təbiətin qoynunda yaşamaq, onunla iç-içə olmaq xoşbəxtlyini verdi mənə. Uşaqlığımın keçdiyi, içimdə ağac kimi bitdiyi kəndim! Duyğularımın boy atdığı, böyüdüyü kəndim! O illərin hamısı təzəydi, bənzərsiziydi. Ona görə ki, ilk dəfə yaşayırdım. Hər gördüyüm mənim üçün yeniydi, maraqlıydı. Dünyaya heyran-heyran baxırdım, sevinirdim, kövrəlirdim, inanırdım, şübhələnirdim. Dərdimi deməyə kimsə tapmayanda özümə qapılırdım. Özümlə dost olmağı o zaman öyrəndim.
İndiyə kimi Təbiətə saysız şeirlər yazılıb, mahnılar qoşulub, ancaq yenə də yadlıq baş alıb gedir. İndi yaşımın bəlli vaxtında o gözəllikləri nisgilli xatırlamağım insanın kökündən az qala qopub Təbiətə özgələşməsinin qarşısını ala bilmir. Ümidsizləşməyə isə haqqım yoxdur: kədərim Təbiətə doğmalığımı artırır. Elə bil Q.Rüstəmovun "Sona bülbüllər"inə qulaq asıram.
Nədən İnsan Təbiətə qənim kəsildi? Ona görə ki, özümlüyündən ayrıldı.
Son illər kəndə gedəndə meşələrin, yolların qırağında, dərələrin yaxasında zibilin hər cür çeşidini görürəm, nəfəsim tıncıxır. Plastik qablar ağacların gövdəsinə sarmaşıq kimi sarılıb, köklərinə ilişib bağrını yarır. Kim eləyir bunu? Sənayeləşən, Doğasızlaşan İnsan. Kənd şəhərə oxşayacaqsa, şəhərləşəcəksə, artıq insan yaşamının kənd janrı yoxa çıxmaqdadır, demək. Kəndə gedənin içində Ağaclarla, Yollarla, Dağlarla, Bulaqlarla, Çaylarla, Göylə, Günəşin doğmasıyla, batmasıyla (qürubuyla), Səhərin heyranlığıyla, Gecənin sehriylə, sükutuyla danışmaq ehtiyacı yoxdursa, deməli, içlərdə o həsrət ölüb. Təbiət - öyrətmənimdir! Bunu özümə deyirəm, deyirəm, ağlıma yazıram. Sonra da hamıya deyirəm. Deyirəm ki, ilahiliyi (insaniliyi) unutmayaq. İlahilik - Təbiətdə olduğu kimi həm də İnsandadır. İnsan Təbiətdən ayrılanda özündən ayrılır. İnsanın qəribliyi nə zaman başlayır? Özüylə - Ruhuyla bir olmayanda.
Özümləyəm, Ruhumlayam, bu səbəbdən də bədbəxtliyim yoxdur. İçimdə kəndimin Təbiətini yaşadıram. Bu gün o Təbiət yoxdur əslində. Hər kəndə gedəndə uşaqlığımdakı o Təbiəti axtarıram. Getdiyim yerlər gözümdə adiləşir də. Ancaq yaddaşımda, ruhumda həminkidir, adiləşməyə qoymuram. Hətta istəsəm də, axıracan adiləşməz. Ona görə ki, ruhumla qoruyuram. Aqibətlə zarafat etmək olmur. İnsanlararası ilişgilər virtuallaşdıqca Təbiətə yanaşmada da yadlıq artır. Təbiətin qoynunda insanları indi daha çox yeyib-içmək düşündürür, nəinki Təbiətin mənasına dalmaq, onunla bir olmaq, ruhlanmaq. İnsanlıq imkanını az-çox aşkarlamayanın, Təbiətdə İnsan görməyənin ruhlanması baş tutmur. Çünki Təbiətlə birlik doğmalıqdan yaranır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!