Dünya ədəbiyyatının ən azman və bənzərsiz söz ustadlarından olan Füzuli daha çox eşq şairi kimi tanınır. Füzulinin həyatından, dövründən, ictimai-siyasi görüşlərindən, fəlsəfi baxışlarından, elmi-dini təmayüllərindən və başqa nəyindən yazsan, yenə mütləq eşqinə toxunmalı, eşq fəlsəfəsinə gəlib çıxmalısan. Bunsuz Füzulini bütünlüklə anlamaq, dərk etmək və tanıtmaq mümkün deyildir. Çünki onun bütün yaradıcılığının özəyini təşkil edən türk və fars divanları, eləcə də ən sanballı əsəri - "Leyli və Məcnun" məsnəvisi məhəbbət mövzusunda yazılmış, heç vaxt dəyərini itirməyəcək, şahanə incilərdir. Təsadüf deyil ki, dahi şair bir qəzəlində aşağıdakı beytlə sanki öz yaradıcılıq kredosunu açıqlamışdır.
Məndən, Füzuli, istəmə əş'ari-mədhü zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.
Göründüyü kimi, özünü eşq şairi, aşiqanə söz ustadı kimi tanıdan Füzuli sevgiyə ən ülvi insani özəllik, ən yüksək mənəvi kateqoriya kimi baxır və hamını bu prizmadan dəyərləndirir. İstər lirik-aşiqanə qəzəllərində, istərsə də epik əsərlərində hər bir obrazın - qəhrəmanın fərdi insani keyfiyyətləri onun eşqə münasibəti kontekstində saf-çürük edilir. Buna görə də Məcnun öz rəqibi İbn Səlamın şəxsiyyətini aşağılamır, sevgilisi Leylini sevdiyini biləndə ona hörmətlə yanaşır, özünə dost sayır. Hətta dünyasını dəyişdiyini eşitdikdə halına acıyır, üzülür, "öz mərtəbəsində kamil aşiq" kimi səciyyələndirir. Fikrimcə, yuxarıdakı beytdəki incə bir nüansı da ayrıca qeyd etməliyik; yəni Füzuli burada özünü şairdən çox, "aşiq" adlandırır, aşiqliyi daha çox qabardır, şairliyi ikinci plana keçirir.
Elə Füzulini dünyada tanıdan, bütün şairlər arasında fərqləndirən, fövqəladə üstünlük qazandıran da məhz aşiqanə qəzəlləridir. Füzuli hisslərinin coşqunluq və təbiiliyi, fikirlərinin dərinlik və tutumluluğu, söz ehtiyatının son dərəcə zənginliyi, bədii təsvir vasitələrinin çoxçeşidliliyi ilə lirik-aşiqanə qəzələ yeni məzmun vermiş, şəkilcə də kamilləşdirmişdir. Bu qəzəllərin romantik qəhrəmanı sevgidə sonsuz fədakarlıq və təmənnasızlığı, insani təbiilik və səmimiyyəti, bütün canı və qanının, ruhu və varlığının məhəbbətdən yoğrulması ilə başqa aşiq-qəhrəmanlardan kəskin surətdə fərqlənir. Şair indiyədək bütün Yaxın və Orta Şərqdə ən fədakar məhəbbət qəhrəmanları kimi tanınmış Məcnun, Fərhad, Vamiq və başqalarını öz romantik qəhrəmanı ilə tutuşdurur - müqayisə edir, özünün hər hansı müsbət və özəl keyfiyyətləri ilə onlardan üstün olduğunu sübuta yetirir. Özü də bu, elə bir səmimi etiraf, elə bir dahiyanə ustalıq, elə bir incə irad, yaxud kinayə ilə edilir ki, qətiyyən özündən razılıq və eqoizm təsiri bağışlamır:
Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,
Bir ah ilə verərdi min Bisütunu badə.
Versəydi ahi-Məcnun fəryadımın sədasın,
Quşmu qərar edərdi başındakı yuvadə?
Derlər ki, var Vamiqü Məcnun, əcəb degil,
Dağılmış ola atəşi-ahim şərarəsi.
Özüylə müqayisə - tutuşdurmada Məcnun, Fərhad, Vamiq və b. aşiqlərdə özünəməxsus qüsurlu cəhətlər görüb, yüngül istehza və giley üsulu ilə onları tənqid edən şair bir məşhur qəzəlində isə Məcnundan artıq "aşiqlik istedadı" ilə doğulduğunu bəyan edir:
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.
(Məcnun əfsanə qəhrəmanıdır, nağıldır, rəvayətdir, keçmişdir, real deyildir, yalnız adı qalıb. Mən isə canlı aşiq, real eşq sərkərdəsi, məhəbbət cəbhəsinin fədakar əsgəriyəm. Məni görə-gərə məndən söz etmir, heç vaxt görmədikləri, yalnız adını eşitdikləri Məcnundan danışırlar).
Başqa bir qəzəlində Məcnundan sonra "eşqin namusunu" çəkmək məsuliyyətinin onun boynuna düşdüyünü fəxrlə dilə gətirir:
Eşq namusu mənü Məcnuna düşmüş lacərəm,
Ğəm yükün çəkməkdəyiz
mən bir zaman, ol bir zaman.
Bəli, burda da poetik dövriyyəyə daha gözəl, daha gözlənilməz, təbiri caizsə, xoruz səsi eşitməmiş başqa bir ifadə girir: "Eşqin namusu", "Eşq namusunu çəkmək". Eşqdə, sevgidə qəmdən və kədərdən başqa nə var ki? Yəni eşqin namusunu çəkmək, Füzuliyə görə, elə qəm yükü çəkmək, kədər boyunduruğunun altına girməkdir. Deməli, bütün insanlıq tarixində eşqin namusunu çəkmək qüdrət və məsuliyyəti yalnız iki nəfərə: Məcnunla Füzuliyə qismət olub. Görəsən, bu orijinal metaforanı da Füzulidən öncə və sonra bütün Şərq ədəbiyyatında kimsə işlədibmi? Onu da bilmirəm.
Füzulinin bu qəhrəmanlar içərisində Məcnun və Fərhada ayrıca hörmət və sayğı ilə yanaşması, fikrimizcə, şairin ədəbi-estetik prinsipləri ilə bağlıdır. Yəni onlar da sevgiliyə yalnız cismani qovuşmaq deyil, fəda olmaq, "dildara dil", "canana can vermək" qayəsini üstün tutmuşlar. Fikrimizcə, Füzulinin "Leyli və Məcnun" mövzusuna müraciət etməsində də bu faktorun ayrıca rolu vardır.
Dediyimiz kimi, sevgi və kədər fəlsəfəsində özünün hamıdan öncüllüyünü, üstünlüyünü, daha fədakar və mütəvazi olduğunu tez-tez vurğulayır. Əzəli-əbədi eşqi tərənnüm edən türk divanında özünü Məcnunla tutuşdurma - müqayisə fonunda təqdim edən şair bəzən bir qəzəldə bir neçə dəfə onun adını çəkməli olur. Bir qəzəlində isə nə az, nə çox, düz beş dəfə Məcnunu xatırladır, özüylə bu və ya başqa baxımdan tutuşdurur.
Neçə illərdir səri-kuyi-məlamət bəkləriz,
Ləşkəri-sultani-irfaniz, vilayət bəkləriz.
Yatdısa Fərhadü Məcnun məsti-cami-eşq olub,
Ey Füzuli, biz olar yatdıqca söhbət bəkləriz.
"Bəkləriz" rədifli təsəvvüf məzmunlu bu qəzəlində isə iki dəfə Məcnunun, bir dəfə isə Fərhadın adını çəkir və əlbəttə ki, özünü onlarla müqayisədə daha cahanşümul və daha fədakar eşq mücəssəməsi kimi təqdim edir. Öncə Məcnunla özünün fəna yolunun karvanının gecə növbəsini çəkdiklərini deyirsə, sonrakı beytdə Fərhadla Məcnunun eşq camından məst olub yatdıqlarını, yəni gecə növbəsini sonadək çəkə bilmədiklərini bildirir. Özünün isə onlar yatdığı dövrdə məclisi qoruyub saxladığını, oyanandan sonra yenə onlarla söhbəti davam etdirəcəyini söyləyir. Deməli, şairlik və alimlikdə "dövrünün yeganəsi" olmaq iddiasıyla yaşayıb-yaradan Füzuli eşq və kədər qəhrəmanı kimi də həmişə birinci və sonuncu olmaq istəyir.
Maraqlıdır ki, bir rübaisində Şərqin əfsanəvi sevgi qəhrəmanlarını bir yerə cəmləyən şair özünəməxsus nəticəyə gəlir, özünün çoxdan dünyanı tərk etmiş həmin eşq fədailərinin torpağından yarandığını, onların cövhəri olduğunu göstərir:
Məcnun oda yandı şö'leyi-ah ilə pak,
Vamiq suya batdı, əşkdən oldu həlak.
Fərhad həvəs ilə yelə verdi ömrün,
Xak oldular onlar, mənəm imdi ol xak.
Təəssüf ki, Füzulinin ölkəmizdə nəşr edilmiş çox kitablarında bu məşhur rübainin ikinci misrasında gedən iki hərf səhvi əsas məzmun və ideyaya xələl gətirmiş, Füzuli poetikasına ziyan vurmuşdur. Yəni, şeirin məna və məzmununa uyğun olan "əşk" sözünün yerinə "eşq" sözü getmişdir ki, bu da "ənasiri-ərbəə" - dörd ünsür (hava, su, od, torpaq) birliyinin dağılmasına səbəb olmuşdur.
Füzulinin romantik sevgi qəhrəmanı elə bir aşiqdir ki, həyata yalnız sevmək üçün gəldiyi öz yerində, həm də hələ dünya yaranmamışdan, dövri-aləm bərqərar olmamışdan öncə öz sevgisi ilə sərgərdan imiş. Bu dünyada isə yalnız sevmək, sadəcə, sevmək və sonda, pərvanə özünü şama qurban verdiyi kimi, sevdiyinə özünü fəda etməklə öz missiyasını bitirəcəkdir.
...Ey Füzuli, mən dəm urmuşdum səfayi-eşqdən,
Mətlə'i-xurşid icad olmadan sübhi-əzəl.
...Vadiyi-eşqdə sevda ilə sərgəştə idim,
Gəlmədən gərdişə bu günbədi-dəvvar hənuz.
Nöqteyi-xalinə bağlanmış idi canü könül,
Gəzmədən daireyi-dövrdə pərgar hənuz.
Füzulinin sevgi qəhrəmanı bülbül, pərvanə, şam, ney, gül və b. canlı və maddi varlıqlarla da tutuşdurulur, təbii ki, onların da müəyyən çatışmayan cəhətləri, əsl aşiqə yaraşmayan tərəfləri tapılıb göstərilir. Bülbül və pərvanə kimi müsəlman Şərq ədəbiyyatında geniş yayılmış dilsiz-ağızsız məhəbbət "fədailəri" belə bu insan-aşiqin yanında kölgədə qalır, bəzi nöqsan və günah "sahibinə" çevrilir:
...Əhli-təmkinəm, məni bənzətmə, ey gül, bülbülə,
Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var.
Ney kimi hər dəm ki, bəzmi-vəslini yad eylərəm,
Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm.
Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm,
Od çıxar ağzından, etməzmi həzər kim, yanə şəm?
Mayası sevgidən yoğrulan, bu dünyaya yalnız sevmək üçün gələn, sevərək yaşayan və sevgisi uğrunda həlak olan, öz məhəbbəti ilə də dünyasını dəyişən romantik aşiq bu dünyada sonsuz dərd, bəşəri kədər, tənə-danlaq, acı göz yaşı və iztirabdan başqa bir şey görmür. Demək istəyirik ki, Füzuli lirikasında sevgi və kədər anlayışları həmişə qoşa çəkilir, sonsuz eşq və sağalmaz dərd motivləri çox zaman bir-birini izləyir. Bu sevgi və kədər, demək olar ki, bir-birindən ayrılmazdır. Füzuliyə görə dərdsiz həyat yoxdur, kədərsiz insan əsil aşiq ola bilməz. Böyük şairin uzaqları görən qartal baxışları, sanki dərd-qəm olmayan yerdə də o böyük ictimai-bəşəri kədərdən bir iz, bir nişan tapır. Adi, xırda ağrı-acıları belə əsl şair məntiqi və təxəyyülü ilə "böyüdüb" ümumbəşəri dərd, ictimai kədər səviyyəsinə qaldırır. Doğulub boya-başa çatdığı Ərəb İraqını da dərd-kədərlə ilgili, daha doğrusu, bu kədərin maya və mənbəyi kimi anan, yada salan sənətkar dərdi "şairliyin əsas sərmayəsi" sayır, dərdsiz-kədərsiz şeiri poeziya örnəyi hesab etmir. "Həyatdan kam almaq üçün ağlamağı", göz yaşı tökməyi gərək bilən şair dərdi, kədəri insanın ən yaxşı bəzəyi, var-dövləti, bu dünyadan qazancı hesab edir:
Ey fələk, yoxdur libasi-fəqrdən arım mənim,
Ətləsindəm bilmişəm üstün mühəqqər şalimi.
Yetər tavus tək ücbilə qıl arayişi-surət,
Vücudundan keçib aləmdə bir ad eylə ənqa tək.
Fəqr imiş, fəqr, Füzuıi, şərəfi-əhli-vücud,
Özünə eyləmə həmdəm füqəradən ğeyri.
Ümumən romantik ədəbiyyata xas bir anlayış olan bəşəri kədər motivi Füzuli poeziyasında daha qabarıq, daha sirayətedici və daha cahanşümuldur. Sonralar Avropada Bayron yaradıcılığında özünü göstərən "dünya kədəri" konsepsiyasının Şərqdə ən dolğun örnəyi məhz Füzuli poeziyasıdır.
Füzuli eşqinin başqa bir özəlliyi, onu başqa şairlərdən fərqləndirən daha bir üstün cəhəti bu eşqin yüksəkliyi və ucalığı, az qala müqəddəslik dərəcəsinə çatan ülviliyi və ilahiliyidir. İstər lirik qəzəllərində, istərsə də məhəbbət məzmunlu "Leyli və Məcnun" qarışıq başqa əsərlərində aşiqin yalnız əl, ayaq, ayaq tozu, saç, ətək və s. öpməsindən danışılır, başqa fiziki yaxınlıq və təmasdan söhbət gedə bilməz. Yalnız bircə beytdə "dodaq dişləmək" ifadəsi vardır ki, bu da sırf fizioloji-intim anlamda başa düşülməməlidir. Sadəcə, xalq düşüncə və danışıq psixolojisindən su içən "qana-qan etmək" frazeoloji birləşməsini şeirə gətirmək istəyən şair həmin ifadəni ən uyğun və yerinə düşən məqamda işlətməkdən özünü saxlaya bilməmişdir:
Dişlədimsə lə'lin, ey qanım tökən, qəhr eyləmə,
Tut ki, qan etdim, ədalət eylə, qanı qanə tut.
Görünür, elə buna görə də Füzuli eşqini ilahiləşdirən, Tanrı-mələk səviyyəsində izah və təhlil etmək istəyən tanınmış tədqiqatçılar da çoxdur. Füzulini dərindən anlayan böyük bir ingilis şərqşünasının sözlərilə desək, "olduqca saf, dünyəvi və çirkin şübhələrlə ləkələnməmiş" olan Füzuli eşqi "doğrudan da, mələklərin səmada biri-birilərinə daşıyacaqları dərəcədə təmizdir" (Gibb). Yeri gəlmişkən, bu nüans da, Füzulidən başqa hər hansı bir şairdə, çətin ki, olsun.
Füzulidə sevgi özünü anlama məqamı, dünyanı dərketmə pilləsidir.
Füzulinin sevgi dünyagörüşünün biçimlənməsində təsəvvüf fəlsəfəsinin də özəl yeri vardır. Dahi şairimizin yaradıcılığında real-həyati təsvir və təsəvvürlərlə ilahi-mistik obrazlar daimi qarşılıqlı əlaqə və zənginləşmə halındadır. Buradakı real-bəşəri başlanğıcla sufi-irfani motivlərin qarşılıqlı ilgi və çulğaşması, fikrimizcə, aşağıda daha dəqiq və dolğun izah olunmuşdur: "Füzulinin qəzəllərindəki məhəbbət nə qədər real, həyati, dünyəvi olsa da, onu sufizmin həyata və insana fəlsəfi baxışından ayırmaq mümkün deyildir. Sufizm Füzuli məhəbbətini insandan, dünyadan ayırmır, onun məhəbbətinin humanist insani məzmununu rədd etmir. Füzuli qəzəllərində real insani duyğular əsas təşkil edir.
Böyük şair gözəllik və məhəbbəti o qədər ülvi, yüksək, nəcib duyğu və fikirlərlə süsləyib rövnəqləndirir ki, oxucu bu müdhiş gözəllik və ilahi sevgi qarşısında heyran qalır. Bu, elə bir ideal gözəllik və ilahi məhəbbətdir ki, onun qarşısında yalnız susmalı, heyrət etməli olursan:
Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,
Surəti-halım görən surət xəyal eylər məni.
Füzuli qələmi gözəllik və sevgini, bütün şairlərdən fərqli olaraq, yalnız ideal pillədə, ən uca heyrət məqamında təqdim edir. Oxucularını da, təbii ki, xırda, cılız duyğu və düşüncələrdən silkinib çıxmağa, daha yüksək, daha humanist və ümumbəşəri səviyyədə düşünməyə və yaşamağa çağırır.
Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur,
Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.
...Zahidi-xudbin nə bilsin zövqini eşq əhlinin,
Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur.
Şair gözəllik və sevginin qarşılıqlı bərabərlik və mütənasiblik həddini götürür, hüsn ilə eşqin ayrılmaz olduğunu poetik formul şəklində verir. Özü də bu, elə bir məhəbbətdir ki, yalnız bəsirət, gözüaçıqlıq, huşyarlıq yaradır.
Füzuliyə görə, həqiqi aşiq öz bədənini, canını və ruhunu ona görə qorumalı, tərbiyə edib kamilləşdirməlidir ki, vaxtında onu öz yiyəsinə - əsl sevgiliyə, sufi-irfani anlamda mənəvi məşuqa - ulu Yaradana təqdim edə bilsin. Yoxsa, çoxları kimi, sevgilinin ayrılıq, əzab və biganəliyindən yalnız ah-zar etmək və şikayətlənməkdən başqa bir işi olmazdı. Şairin lirik-romantik qəhrəmanını başqa məhəbbət qəhrəmanları içərisində seçdirən, üstün keyfiyyətlər qazandıran məhz bu cür fövqəladə özəlliklərdir. Belə ideal gözəllik və ilahi məhəbbət nəğmələri ilə zəngin Füzuli poeziyasında sevib-sevilməyin bütün dövrlər üçün ideal poetik düsturu da verilmişdir:
Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər.
Həqiqətən, bu beyti Füzuli sevgisinin əsas qanunu, bütün zamanların isbat və sınağından çıxmış məhəbbət teoremi adlandırmaq olar. Əlbəttə ki, buradakı "canan" bütün canların yaradıcısı və sonda onların qovuşacağı yeganə ali varlıq məqamındadır. Eyni zamanda bu misraları tamamilə real-təbii əsaslardan da məhrum etmək olmaz. Yəni beytdəki başlıca fikir iki sevən insan - aşiqlə məşuq müstəvisində də özünü tam doğruldur. Yaxud başqa bir misal:
Pərişan xəlqi-aləm ahü əfğan etdigimdəndir,
Pərişan olduğum xəlqi pərişan etdigimdəndir.
Xalq, ətraf aləm şairin ah-zarından, fəryad və əfqanından sonsuz kədər və pərişanlığa qərq olub. Şair özü isə ona görə qəmli və pərişandır ki, xalqı, bütün ətrafını - günahsız adamları dərd-qəm dəryasına qərq edib, yəni o, öz dərdindən daha çox, "başqaları"nın dərdini çəkir, halına yanır. Eynilə bu fikir şairin başqa bir beytində tamam başqa bir şəkildə, başqa yöndən, altruizm səviyyəsinə çatan fədakarlıq cizgilərilə təqdim olunur:
Pərişanlıqdan, ey xəlqi-cahan, siz cəm edin xatir
Ki, mən cəm eylədim hər qanda vardır bir pərişanlıq.
Ey insanlar, ey dünya əhli, dərd-qəm və pərişanlıqdan gözünüzü çəkin, çünki mən dünya-aləmdəki bütün dərd və pərişanlıqları cəmləyib özümə götürmüşəm. Dünya ədəbiyyatında buna bərabər ikinci bir fədakarlıq, yaxud oxşar bir romantik dərdsevərlik, qəmkeşlik örnəyi tapmaq mümkündürmü? - Fikrimizcə, yox. Bu, yalnız orta yüzillər müsəlman Şərq ədəbiyyatında təbii-real duyğuların sufi-irfani məzmunla zənginləşdirilmiş dolğun poetik təqdimatından ibarət olan Füzuli poeziyasına xas bir özəllikdir.
Füzuli divanında sufi-panteist məzmunun, mənəvi-irfani yozum qatının real-təbii gözəllik və sevgi anlamlarını üstələdiyi qəzəllər də vardır. Bu qəzəllərdə yuxarıda haqqında danışdığımız ikili tarazlıq sufi-mistik tərəfə əyilir, qarşılıqlı mütənasiblik, az da olsa, pozulur. Məsələn:
Ey könül, yarı istə, candan keç,
Səri-kuyin gözət, cahandan keç!
...Laməkan seyrinin əzimətin et,
Bu xərab olacaq məkandan keç!
...Məskənin bəzmgahi-vəhdətdir,
Ey Füzuli, bu xakdandan keç!
Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, şair-filosof Füzuli F.Əttar, C.Rumi, Hafiz, eləcə də Nəsimi kimi sufizmin ideoloqu, yaxud hər hansı sufi təriqətinin təbliğatçısı olmamış, hətta o dövrdə çox geniş yayılmış hürufiliyə və səfəviliyə belə soyuq yanaşmışdır. Dövrünün bütün təriqət və cərəyanlarına sanki yuxarıdan eyni dərəcədə və eyni bucaq altında nəzər salan filosof şair onların hamısının müsbət və mütərəqqi cəhətlərini mənimsəyib, öz əsərlərində onlardan yeri gəldikcə müəyyən bədii obraz və məcaz şəklində yararlanır. Bu, Füzuli poeziyasının tam fərqli və orijinal üslubi-poetik üstünlüyü kimi yadda qalır.
Füzuli lirikasında sonsuz və ülvi məhəbbətin doğurduğu cahanşümul dərd və kədərlə yanaşı, qəriblik və kimsəsizlik motivi də çox qabarıqdır. Füzuli eşqindən qaynaqlanan Füzuli qəribçiliyi də Füzuli kədəri kimi orijinal və bənzərsizdir, təsirli və yoluxucudur. Bu qəriblik həm həqiqi, hərfi mənada, həm də məcazi, mistik anlamda başa düşülməlidir.
Füzuli lirikasında yalançı, riyakar, saxta və öz xeyrini güdən din xadimlərinin ümumiləşdirilmiş bədii obrazı olan zahid, vaiz, fəqih, şeyx və b. da məhz insani-bəşəri eşq cəbhəsindən tənqid hədəfinə çevrilirlər. Çünki bunlar öz saxta və qondarma dəlilləri ilə romantik qəhrəmanın başlıca amalına - sevib-sevilmək istəyinə qarşı çıxır, insanın mənəvi-ruhi tələblərini qadağan edirlər. Eyni zamanda şair onların bu dünyanın hər cür naz-nemətindən, bütün təbii və mənəvi zövqlərdən əl çəkib ömrü boyu yalnız o dünya, axirət üçün yaşamaq prinsipi ilə də barışmır, buna tamamilə xəlqi və demokratik mövqedən öz etirazını bildirir:
Ey əsiri-dami-ğəm, bir guşeyi-meyxanə tut,
Tutma zöhhadın müxalif pəndini, peymanə tut.
Vaiz övsafi-cəhənnəm deyər, ey əhli-vərə,
Var onun məclisinə, bil ki, cəhənnəm nə imiş.
Bəllidir ki, Bağdad kimi bir dini-mədəni mərkəzdə yaşayan, Kərbəla və Nəcəf türbələrində qulluq edən Mövlana Füzuli, dövrünün qabaqcıl görüşlü, demokratik ziyalısı kimi, hətta onu narahat edən zahiri ibadət və dini ayinlərə qarşı kəskin etiraz etmək cəsarətini özündə tapır. Bəlkə də elə bu kimi şeirlərinə görə şairi bir müddət tutduğu dini vəzifədən uzaqlaşdırmış, sonralar isə ona Sultan Süleymanın təyin etdiyi doqquz ağçanı verməkdən boyun qaçırmışlar.
"Qəlb şairi", sevgi və gözəlliyin tərənnümçüsü kimi ad qazanmış Məhəmməd Füzulinin romantik eşqi tərənnüm etməyən bəzi qəzəlləri, yaxud başqa əsərləri də vardır. Eyni zamanda lirik-aşiqanə qəzəllərində də, yeri gəldikcə, sosial-ictimai, elmi-tarixi, ailə-məişət və b. məzmun bildirən elə misra və beytlər işlədir ki, oxuyub heyran qalmamaq olmur. Ayrı-ayrı lirik-romantik qəzəllərində öz dövrünün bioloji, coğrafi, kimyəvi, hətta astronomik bilgilərinin əks olunduğu məqamlar da çoxdur. Məsələn:
Nədir, - dedim, - rüxi-safində
əksi-mərdümi-çeşmim?
Dedi: gəlmiş gəmilə
Rumə dərya, qət' edib hindu.
Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir,
Nə kim, bir gəz yanar,
yandırmaq onu ğeyri-mümkindir.
Birinci beytdə orta yüzillərin məşhur bir coğrafi kəşfi - Hindistan-İstanbul dəniz yolu ticarətinin başlanması hadisəsi, ikinci beytdə isə yanmış və yanmamış maddələr haqqındakı fiziki-kimyəvi bilgilərin ifadəsindən ortaya çıxan misilsiz lirik-aşiqanə məzmun nə qədər təbii, səmimi və heyrətləndiricidir. Ancaq bütün bunları görməyənlər, Füzuli poetikasını birtərəfli dəyərləndirənlər də, təəssüf ki, olmuşdur. Misal üçün, "Füzuli-Hafiz" monoqrafiyasının müəllifi, tanınmış türkiyəli alim H.Mazıoğlu daha çox eşqdən bəhs edən Füzuli qəzəllərinin mövzu dairəsinin, Hafizə nisbətən, guya dar və bəsit olduğu qənaətinə gəlmişdir. Əslində isə bu, ilk baxışdan, Füzuli dünyasına yaxından bələd olmamaqdan irəli gəlir. Füzuli ümmanına dərindən baş vuran, onun eşq və kədər dalğalarına köksünü gərən həssas oxucu yaxşı bilir ki, dünyada, insanlar arasında, ictimai-siyasi sferada, yaxud ailə-məişət məsələlərində elə bir mövzu yoxdur ki, şairimizin hansısa bir qəzəlində, yaxud qitə və rübaisində bu və ya başqa şəkildə toxunulmamış olsun. Eyni zamanda unutmamalıyıq ki, "Füzuli sevir, - Füzuli düşünür deməkdir. Aşiq Füzuli ilə mütəfəkkir Füzuli ancaq vəhdət halında alındığı zaman onu duymaq olur. Füzuli başqa cür dərk edilə bilməz" (M.Cəfər).
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!