Limit - Fazil Sənanın hekayəsi

Nəzakət arvad çox qənaətcil, qəpiyin qədrini bilən idi. Oğlunun ev üçün etdiyi bazarlığı nəzərdən keçirəndə, "bunu çox almısan", "bu lazım deyildi", - deyə etirazını bildirəndə, oğlu: "Ay ana, nəyinə lazımdı? Ye-iç, otur orda. Az oldu, çox oldu, sənin ki, pulun xərclənməyib", - deyərdi. Oğlunun cavabını eşidən Nəzakət "Arxda da su çoxdu. Evdə nizam-intizam olmalıdı", - deyərək açıb sandığı, tökərdi pambığı:

- Başa düşmürəm, gəlin gələnə kimi mən bir qab paraşokunu iki ay işlədirdim. Gəlin bir həftəyə bir qab paraşoku işlədir. Evə nə qədər paltar paraşoku, sabun almaq olar? Bişən yeməyin yarıdan çoxu zibil qabına tökülür. Deyəndə ki, a gəlin, a bala, yemək niyə zibil qabına tökülür? Cavab verir ki, neynim, uşaq bir az yeyir, qalanı qalır qabda. Gəlini başa salmaq olmur ki, uşağa yeməyi yeyəcəyi qədər çək. Uşağının qabında qalan artıq yeməyi zibil qabına tökdüyünə, hazır, özün ye də. Tez dillənir ki, bıy, mən artıq yeyənəm? Başa düşmürəm, sən öz uşağının artığını yemirsənsə, başqası sənin uşağının artığını yeyəndir? Bu nə deməkdir? Ana da uşağından iyrənərmi? Ana uşağının artığını yemirsə, demək, uşağından iyrənir. Adama sual verərlər, əgər uşaqdan iyrənirsənsə, onda neynirdin onları dünyaya gətirib? Biz belə arvad olsaydıq, indi küçələrdə dilənirdik. Arvad ki, yeyib əllərini yanına sildi, ondan arvad olmaz. Neçə gəlinim varsa, hamısı bir bezin qırağıdır. Elə bil milyonçu qızlarıdır. Nə veclərinə, işləmirlər-eləmirlər, pulun qədrini hardan biləcəklər?! Ancaq sifariş verməyi bilirlər. Haranı eşələyirsən, meyvə çıxır, şokolad çıxır. Belə də şey olar, a başına dönüm. Alınan meyvənin bir-ikisini uşaq dişləyib atır, yesə yenə dərd yarıdı, qalanı sellofan torbalarda xarab olur, hara baxırsan, şokolad kağızıdı. Uşaq açıb dişləyir və atır xalçanın üzərinə. Evə bir adam gələndə iki konfet tapmırsan ki, qonağın qarşısına qoyasan. Deyəndə ki, a gəlin, o günü bir dünya konfet alınmışdı, hanı, bir dənə də yoxdu. Nə desə, yaxşıdı? Cavab verir ki, nə bilim, uşaq yeyib. Mən qıyıb alınan meyvənin, konfetin birini ağzıma qoymuram ki, uşaq yesin, qonaq gələndə ikisini stolun üstünə qoyaq. O da belə. Mən belə şey görməmişəm. Gəlin elə bil evə qəsd eləyir.

- Ay ana, sən Allah, az danış. Alınan şey yeyilməlidir, işlənməlidir. Allah verəndən ye-iç, otur. Hər şeyə fikir verib əsəbiləşmə. Pul var, alıram, - deyən oğlu anasının könlünü alıb sakitləşdirmək istədikdə, elə bil alovun üstünə neft tökürdün.

- Sən bilmirsən axı, bir ətək pensiya alıram. Əynimə almıram, başıma almıram. Hamısını evə xərcləyirəm. Hələ işıqpulu, qazpulunu demirəm. Ayda iki kisə un görmür. Gündəlik çörək alınsa, gör nə günə qalarıq. Bişən çörəyin yarısı zibil qabına tökülür. Toyuqlara dən əvəzinə çörək atıram.

- Ana, burda nə var? Dədəmin pensiyasını kommunal xərclərə ver, öz pensiyanı da nəvələrinə, evə xərclə. Mən də artırdığım pulla gəlinə əyin-baş alım, gəzməyə aparım, - deyən oğul zarafatla cavab verib, anasını qucaqlayıb üzündən öpəndə, oğlunu özündən kənarlaşdıran Nəzakətə elə bil od qoyurdular.

- Dədəni qanına bələnsin. Dədənin aldığı pensiya, gör, dədənin qarnını doydurur heç? Ömrü boyu dədən evə bir qəpik gətirib ki, indi də işıq pulu, qaz pulu verə?! İndiki gəlinlər kimi qazandığımı əynimə-başıma verməmişəm. Zülümlə ev-eşik qurmuşam, toy eləmişəm. Dədənin heç xəbəri olub ki, arvad-uşaq nə yeyir, nə içir. Aldığını harda xərcləyir, neynir, xəbərim də olmaz. Ərə gələndən dədəni də mən saxlamışam.

- Ana, danışanda insafla danış. Elə hey deyirsən ki, dədənizi mən saxlamışam. Sən nətəri qoçaq arvad olmusan ki, həm işləmisən, həm uşaq saxlamısan, həyət-baca əkib-becərmisən, ev tikmisən, toy eləmisən, dədəmin xəbəri olmayıb? Bəs bu kişi sənlə bərabər işləməklə yanaşı, qapı-bacadan başqa, kolxoz işində də çalışıb. Bunu biz böyüyəndə özümüz görmüşük. Bu kişinin qazandığı hara gedib? Ayrı arvadı olmayıb ki, deyəsən ki, aldığını başqa arvada xərcləyib?

- Aldığını neynib? Verib arağa, töküb qarnına. Nə bilim, neynib?

- Ana, dədəm nətəri araq içəndi ki, hələ indiyə kimi nə bir toyda dava salmayıb, nə bir adama ilişməyib, nə də ki, evə bir dəfə də olsun sərxoş gəlməyib. Biz gözümüzü açıb, ağlımız kəsəndən görmüşük ki, pul sənin əlində olub. Yazıq kişinin cibində pul olub ki, araq da içə? Araq içmək elə-belə məsələ deyil. Araq içənin cibində pulu olmalıdır. O da dədəmin cibində olmayıb. Nə ilə içib, hansı pulla içib, biz bilmirik, amma sən bilirsən? İndi də aldığı pensiyanın quyruğu 40 manatdı, 50 manat da deyil, onu götürüb, qalanını sənə verir. Daha nə istəyirsən? İndi də başlamısan ki, aldığı pensiya dədənizin öz qarnını doydurmur. Dədəm nə eləməlidir? Oğurluq eləməlidi, yol kəsməlidi, neyləməlidir?

- Neyləməlidir? Onun yaşıdları bağda işləyir, bazarda meyvə alıb-satır. Canı çıxmayacaq ha, o da getsin işləsin. Cavan oğlana oxşayır? Arsız-pirsiz adamdı. Yemək stolunun arxasında oturanda qarnını fələk doydurmur. Aldığı pensiya təkcə içdiyi qəndi eləmir. Bir stəkan çayı bir qəndqabı qəndlə içir.

- Ana, daha bəsdi. İndiyə kimi işlədiyinin qədrini yaman bilmisən, qalıb indən sonra işləməyi. İndi də gedib yaşının bu vaxtında bağda fəhləlik edəcək, yaxud bazarda meyvə satacaq. Niyə başa düşmək istəmirsən ki, iş qüvvəsi tükəndiyi üçün hökumət onu pensiyaya göndərib? Sən də aç qulağını eşit, dədəm iş qüvvəsini itirib. Qalan ömrünü rahat yaşamalıdır. Ona da sən imkan versən. Övladı ona görə saxlayırlar ki, qocalanda övlad ata-anasına baxsın. Sizdən heç kim heç nə istəmir. Aldığınız pensiyanı yığın, gedin istirahətə. O qədər gözəl yerlər var ki. Bilmirəm, nə vermisən bu kişiyə, əl çəkmirsən. Dədəmin ən böyük səhvi bilirsən nədi, ana?

- Nədi? - Nəzakət içindən gələn sevinclə tez oğluna baxdı.

- Dədəmin səhvi odur ki, vaxtında səndən canını qurtarmayıb. Xətrinə dəyir-dəysin, sən bir gün də saxlanılası arvad deyilsən. Allaha şükür elə ki, dədəm sənin kimi arvadla indiyə kimi ömrünü çürüdüb, amma səni boşamayıb. Mən elə başa düşürəm ki, uşaqlarının xətri üçün sənin əzablarına dözüb. Bir ayağın gora titrəyir, hələ də ər-arvad nədi, bilmirsən. Bəsdi daha.

Mən oğlunam, sənin dır-dırına dözə bilmirəm, yazıq dədəm bu illəri necə dözüb? - deyən İlqar əsəbi şəkildə otaqdan çıxdı.

- Hə... Belə de. Düz deyirsən, dədənizin umuduna qalsaydınız, indi küçələrdə veyillənirdiz. Sizi kişi elədim. Əlbəttə, mənim kimi ananın qədrini bilməzsiniz. - Nəzakət acıqlı-acıqlı oğlunun arxasınca qapıya baxdı.

 

***

Axşamdı. Nəvələr televizorda cizgi filminə baxırlar, gəlin yemək bişirir, Oruc divanda əyləşib qəzet oxuyur. Bu zaman mətbəxə girən Nəzakət acıqlı-acıqlı üzünü ərinə tutub, "Otaqda işığı yanılı qoyub, özün də burda oturmusan. İşığı niyə söndürməmisən? Səni nətəri başa salım, adama nə cür deyərlər, limit çoxdan keçib. Filan qədər pul eləyəcək qazla işığın pulu. Sən verəcəksən? Bəsdi də, adam evinə nə qədər ziyan vurar?" deyinməyə başlamışdı ki, "Ana, atam səhərdən burda əyləşib qəzet oxuyur, yəqin uşaqlar yandırıb", deyən gəlin qayınanasının kükrəyən əsəbini sakitləşdirməyə çalışdı.

- Uşaq eləməz, sən tez müdafiə eləmə.

Gəlin üzünü uşaqlara tutaraq "Babanın otağına kim girmişdi?" soruşdu.

- Mən girmişdim. - Ayan dilləndi.

- Nəyə girmişdin?

- Babanın stolunun üstündə qələm var idi. Onu götürürdüm.

- Bəs işığı niyə söndürməmisən?

- Ana, yadımdan çıxıb.

Nəzakət Ayanı qucaqlayıb üzündən öpərək, - Allah, bunun başına dönüm, qələmi neynirdin? - dedi.

- Şəkil çəkirdim, nənə.

- Balaca barmaqlarına canım qurban. Nənənin də şəklini çək. - Nəzakət Ayanın barmaqlarından öpdü.

- Yaxşı, nənə. Babamın da şəklini çəkəcəm, sənin də.

- Baba pisdi, onun şəklini çəkmə.

- Baba niyə pisdi, nənə?

- Ana, uşağa elə söz deməzlər. İşığı Ayan yanılı qoyduğuna görə heç dillənmədin. Bilmirəm, baba sənə nə pislik edib ki, ondan əl çəkmirsən. - Gəlin kinayəli təbəssümlə qayınanasına baxdı.

Nəzakət gəlinin sözünü eşitməməzliyə vurub "Yemək bişmədi? İlqar indi gələcək. Uşaqlar da acdı." sözü ilə məsələdən yayındı. Bu zaman İlqar əlində sellofan torbada meyvə qapıdan içəri daxil oldu. Axşamınız xeyir, deyib torbanı yerə qoyaraq stolun arxasına keçdi və "Dədə, nətərisən? Kefin yoxdu, yoxsa, yenə arvad xətrinə dəyib?" zarafatla soruşdu.

- Sağ ol, yaxşıyam.

- Yox, düzünü de, kefin yoxdu, yoxsa, ağrıyırsan?

- Sol ayağı ağrıyır, axsayır. Deyəsən, qrip də tutub. - Gəlin dilləndi.

- Səhər dərman alıb gətirərəm.

Nəzakət yuyulmamış çömçə kimi, tez özünü ortaya atdı.

- Heç nəyi yoxdu, qorxma, ölüb-eləməz. Gör neçə ildi döşüm məni öldürür, boğazımın zobu da bir yandan. Dərmanın birini alanda, birini də almıram. Hamı ağrıyır də. Bu dəyqa zəng gəlsə, özünü çatdıracaq şəhərə. Ağrıyan gəzməz, evdə oturar.

- Ana, ağrıyırsan, səni aparım həkimə. Başa düşmürəm, bu kişidən nə istəyirsən? Dərmanı mən alacam, bax, sənlik burda nə var?

- Nəynən alırsan? Dərman od qiymətinədi.

- Ana, bəsdi daha, - deyən İlqar "Bir stəkan çay ver", dedi gəlinə.

Gəlin iki stəkan çay süzüb stola qoydu.

- Dədə, dur gəl çay iç. Fikir vermə, arvad səni çox istədiyindən səndən əl çəkmir. - deyən İlqar gərginliyi aradan qaldırmaq istədi.

Boşalmış çay stəkanlarını götürüb kənara qoyan gəlin yemək çəkib boşqabın birini İlqarın, birini isə qayınatasının qarşısına qoydu. Oruc əlini boşqaba uzatmaq istəyirdi ki, Nəzakət cəld boşqabı ərinin qarşısından götürüb: "Hələ də bu gəlin yemək çəkməyi bilmir, nə vaxt öyrənəcək, bilmirəm? Yeməyi bir boşqaba doldurur gəlin. Daha demir ki, uşaq da var. Qazanı da qabağına qoysan, onun qarnı doyası deyil. Fələk də onun qarnını doydura bilməz", - deyərək boşqabdakı yeməyin çoxunu qazana boşaldıb qalanını Orucun qarşısına qoydu. Bu zaman İlqar qarşısındakı boşqabı götürüb atasının qarşısındakı boşqabla dəyişmək istədikdə Oruc and-aman elədi ki, xəstəyəm, iştahım yoxdu, yeyə bilməyəcəm, yeməyi artıq eləməyə dəyməz.

Süfrə yığışdırılandan sonra Oruc otağına keçib yatağına uzandı. Nəzakətin hərəkətlərini təhlil etməyə başladı: "Bu yaşda boşanıb uşaqlarına, nəvələrinə qaxınc qoysunmu, yoxsa, dözsünmü? Bu adam "ayıb" sözünü qanmır. Dinib danışacaqsan, gəlindən, qonşulardan ayıbdı. Dinmirsən, getdikcə arvad daha da üstünə qoyur. Bu gen dünyanı başıma dar eləyib. Boşayacaqsan, eldən-obadan ayıbdı. Vurub öldürəcəksən, beş günlük ömrün qalıb, onu da həbsxanalarda çürüdəcəksən. Bəs neyləməli?" Çıxış yolunun axtarışında nə vaxt yuxuya getdiyini özü də bilmədi.

Gecə oyanan Oruc balkonun işığını yandırıb ayaqqabılarını geyinərək ayaqyoluna getdi. O, ayaqyolunun qapısındakı işığı yandırıb yenicə içəri keçmişdi ki, işıq söndü. Ayaqyolunun içəri işığı da çöldən qapının yan tərəfindən yandırılırdı. İşıqların söndüyünü zənn edən Oruc qaranlıqda birtəhər ayaqyolundan çıxaraq yıxılmamaq üçün ehtiyatla pilləkənlərlə yuxarı qalxıb zala daxil olanda gördü ki, Nəzakətin yataq otağının qapısından zəif işıq gəlir. Qapını açıb otağa girəndə Nəzakətin telefona baxdığını gördü. Güclə əsəblərini cilovlayaraq: "İşığı sən söndürmüşdün?" - dedi.

- Hə. Mən söndürmüşdüm. - Nəzakət gözünü telefondan çəkməyərək saymazyana cavab verdi.

- Niyə söndürmüşdün? Qaranlıqda gərək yıxılam, qol-qılçam qırıla?

- Niyə yıxılırsan ki? Şəhərə gedəndə yıxılmırsan, ayaqyolundan çıxanda yıxılırsan? Noolub sənə, qorxma, yıxılmazsan. Yıxılsan da, heç nə olmaz, - kinayə ilə güldü Nəzakət.

- Ayıbdı. İşin-gücün yoxdu, məni güdürsən?

- Sənin nəyini güdürəm? Yox bir gözüm uçur səndən ötəri. Limit qurtarıb. Səhər işığın, qazın pulunu kim verəcək, səən?

- Zirzəmiyə girirsən, işığı yanılı qoyursan, tövləyə bir yumurta gətirməyə gedirsən tövlənin işığını yanılı qoyub gəlirsən, onda limit yadına düşmür, mən ayaqyoluna gedəndə işığı yandıranda limit yadına düşür? Yatdığım otaqda işıq yandırmağa imkan vermirsən, isidicini söndürürsən ki, limiti keçib. Bəsdi də daha, ayıbdı, utan, qızar. Niyə məni məcbur eləyirsən ki...

- Məcbur olub neyniyəcəksən? Pah, qorxdum. - deyən Nəzakət gözünü telefondan çəkməyərək meydan oxudu.

Nəvələr oyanmasın deyə söhbəti uzatmayan Oruc öz otağına keçdi.

Səhəri gün axşam yeməyindən sonra süfrə yığışdırıldı. Gəlin qayınatasının dərmanlarını verib ayaqlarını isti su ilə vanna edəndən sonra Oruc otağına keçib yatağına uzandı. Yanında qoyduğu stulun üstündəki qəzeti götürüb yenicə nəzərdən keçirməyə başlamışdı ki, qapı yavaşca açıldı. Nəzakət içəri daxil oldu və otağı nəzərdən keçirib işığı söndürdü. "Adama nə cür deyərlər ki, limit qurtarıb, sayğac işıqpulunu ikiqat yazır. Zəhmət çək, qəzetini gündüz oxu", - deyib otaqdan çıxaraq qapını örtdü.

Arvadının hərəkətini özlüyündə götür-qoy edən Oruc yuxuya necə getdiyindən xəbəri olmadı.

Səhərə yaxın oyanan Oruc işığı yandırıb ayaqqabılarını geyinib ayaqyoluna tərəf gedəndə qaranlıqdan qulağına zarımaq səsi gəldi. Ətrafı dinşəyən Oruc səsin ayaqyolu tərəfdən gəldiyini hiss edərək cəld ayaqyolunun qapısının yanındakı işığı yandıranda gördü ki, Nəzakət yerdə soyuqdan bürüşüb zarıyır. Tez Nəzakəti qucaqlayıb qaldırmaq istəyəndə güclə eşidiləcək səslə "Yavaş, yeriyə bilmirəm, ölürəm" sözlərini eşitdi. Baxdı ki, arvadının başından axan qan yerdəki çaylaq daşın üzərində və sifətində axaraq laxtalanıb. Nəzakətin zarımağına fikir verməyən Oruc onu birtəhər qucağına alaraq evə gətirib çarpayısına uzatdı. Qapını döyüb İlqarı və gəlini oyatdı. Gəlin cəld su gətirib qayınanasının üst-başının və üzünün qanını təmizlədi.

- Ana, nolub, nə iş görürdün? Başa sal görək, niyə bu hala düşmüsən? Bəlkə səni vurub eləyiblər? - deyən İlqar atasının üzünə baxdı.

Oğlunun baxışlarından Nəzakəti onun vurmasından şübhələndiyini hiss edən Oruc dedi:

- Heç kəs onu vurmayıb. Ayaqyolundan çıxanda içərinin işığını söndürüb, çölün işığını da yandırmayıb ki, limit dolub. Öz aləmində guya işığa qənaət eləyir. Bu zaman ayağı dolaşıb yıxılıb, başı da çaylaq daşına dəyib. Sözsüz ki, onun ayağı qırılıb, ayağa dura bilməyib, yıxıldığı yerdə də qalıbdır. Qışqırsa da, səsini eşitməmişik. Nə vaxtdan yıxılıbsa, zarıya-zarıya qalıb ayaqyolunun qabağında. Yaxşı ki, mən oyanmışam, yoxsa, bir az da qalsa, soyuqdan donub öləcəydi.

- Ana, atam düz deyir? Elə olub? - İlqar anasının üzünə baxdı.

Yavaş-yavaş özünə gələn Nəzakət güclə "hə" deyə bildi.

- Xətrinə dəyməsin, ana, öz günahlarındı. "Limit dolub" deyə-deyə kişidən əl çəkmirdin. İndi gördün, axırda kişiyə möhtac oldun. Atam olmasa, elə ayaqyolunun qabağında da öləcəydin, heç kəsin də xəbəri olmayacaqdı. Heç olmasa, indi başa düş, sənin sağ qalmağın atamın hesabınadır. Görürsən, atam yaxşı adamdır, ölüm ayağında sənə sahib çıxıb. Sözünü bitirən İlqar üzünü gəlinə tutaraq, - arvadın əynini dəyiş, həkimə aparım, - dedi.

Nəzakət isə yanağı aşağı axan göz yaşlarını Orucdan gizlətməyə çalışırdı. Ayağının qırılmasına görə Nəzakət üç aydan sonra əsanın köməyi ilə güclə qapıda gəzinməyə başladı.

 

21.01.2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!