Adım əsgər, rütbəm Şəhid - Adilə Nəzərin yeni poemasından parçalar

***

Mənim şanlı qəhrəmanım

            Haqq yolunda döyüşçüdür.

Qurşun kimi baxışları, polad kimi biləyi var.

Silahlanıb vətən üçün,

            torpaq üçün, millət üçün,

Onun cəsur ürəyində min arzusu, diləyi var.

 

Ölsə belə döyüşlərdə ondan ötrü ölüm nağıl,

O - adında qəhrəmanım torpaq ilə bütünləşir.

Bu vətənin uğurunda canın verən hər bir oğul

Səngərləşir, heykəlləşir, bayraqlaşır, vətənləşir.

   

***

Savaş varsa demək zəfər də vardır,

Olanlar, olacaq öz sırasıyla...

Qızışmışdı ara iki ay əvvəl

Polad Həşimovun vurulmasıyla.

 

Arada gərginlik hökm sürürdü,

Hər iki tərəfə yox idi dinclik.

Artıq kəsməkdəydi xalqın səbrini,

Uzun sürən xaos, həm də hərc-mərclik.

 

Əsgərin atası - mərd generalın,

Ölümüylə artıq hamı coşmuşdu.

İyirmi yeddisi sentyabrın,

Başlandı. Ordular səddə toqquşdu.

 

***

Azadlıq ərlərinin hayqıran səslərindən,

Sanki bir zəlzələ tək sarsılırdı göy üzü.

İrəli atıldıqca qabarırdı ürəyi,

Gözləri böyüsə də nurlanırdı ay üzü.

 

Ona sadiq olanlar gəlirdi arxasınca,

Dağ sayırdı onları, o qəhrəman, o zabit.

Qorxu yoxdu gözündə qarayanız əsgərin,

Qaşları çatılıydı, baxışlarısa sabit.

 

Yeni bir xəbər gəldi: Atılın sağ cinaha!

Xəbəri tez çatdırın halqada duranlara.

Bir işarə bəs idi tapşırığı anlasın,

Bu ürəkdən-ürəyə əlaqə quranlara.

 

***

Elə ki, al günəşin od-ocağı qalandı,

Sübh çağı on nəfərin adları sadalandı.

İrəli getmək əmri, qərarı qəti idi,

Adları çəkilənlər zabit heyəti idi.

Bu vaxt çıxdı irəli boy-buxunlu bir igid,

İzin verin mən gedim! - deyib eylədi təkid.

Bilirsiniz ki, düşmən hər addımda izləyir,

Sizləri ailəniz-uşağınız gözləyir.

Mənsə subayam hələ, icazənizlə gedim,

O mənfur düşmənlərin hamısını məhv edim!

On ayın əsgəriydi, cəsarətli, azadə,

Adı tək ehtişamlı Cəbrayıl Dövlətzadə!

On doqquz yaşındaydı, tam dəliqanlı vaxtı,

(Sən demə Şəhidlikdə qurulu imiş taxtı...)

Yola düşdülər onlar, gizli yollar seçdilər,

Erməni postlarına üç saata keçdilər.

Arxadan hücum edib bölüklərə daldılar,

Mübarizin, Çingizin qisasını aldılar.

Cəbrayıl boğazladı erməni polkovniki,

Əlləri güclü idi, hərəkəti taktiki...

Generalın boynunu qırdı göz baxa-baxa,

Hünər göstərdi igid döyüşdə əlbəyaxa.

Bir-bir məğlub edirdi qabağa çıxanları,

Gerçək olurdu sanki bir günə xəyalları.

O quduz köpəklərin canını aldı belə,

Neçəsini gəbərtdi tam yalın əllərilə.

O gün tarixə düşdü Cəbrayıl əfsanəsi,

Heyif ki, tək bircə gün döyüşdən gəldi səsi...

Duyuq düşüb gəlmişdi haylar leşin iyindən,

Bir günün qəhrəmanı vuruldu kürəyindən.

On doqquz yaşlı igid qəhrəmana dönmüşdü,

İlk günün zəfərindən Qələbəyə pay düşdü.

 

***

Düşüncələr içində gəzinirdi o yenə,

Baxa bilirdi ancaq işin nəticəsinə...

Bu Bozqurdlarla mütləq qələbə olacaqdı,

Zəfərin ilk yolunu artıq Cəbrayıl açdı...

 

***

Bu gecə qorxulu, hamı təlaşlı,

Acı müharibə - qanlı, savaşlı...

Axşamdan hava da barıt qoxuyur,

O yanda bir əsgər dua oxuyur.

Yayılır ətrafa inilti səsi,

Bir cavan ürəyin bitir həvəsi...

O, son sözlərini pıçıldayaraq,

Közərən sinəsi enib-qalxaraq,

Allaha, vətənə etibarilə,

Kəlmeyi-Şəhadət gətirir dilə...

 

***

Keçib topun arxasına mərmini aldı ələ,

Vurmalıdır hədəfi o,

Əmr verdi komandir:

Düz nişan al, dağı-daşı, yeri-göyü silkələ,

Elə at ki, başdan-başa Qarabağı oyandır.

Atacaqdır, əlbəttə ki, tam hədəfi tuşlayıb,

Mərmini lüləyə saldı, tam üçə qədər sayıb.

Sonra dönüb yumruğunu yuxarıya qaldırdı,

Qalib vəziyyəti idi, hər dəfədə alırdı.

İrəlidə susdu həyat, toz dumana qarışdı,

Əridi gözündə kədər, olanlarla barışdı.

Vətən üçün vuruşuruq, şəhidlik dirilikdir,

Arzumuz azadlıq, sülh, bütövlükdür, birlikdir.

Belə düşüncələrlə qalxdı təpəyə sarı,

Birdən sanki qırıldı dizlərinin bağları...

 

***

Döyüşlər ara vermir, haqq ayrılır gümandan,

Bir-birinin ardınca əmr verir Komandan,

Nəhayət çözüləcək otuz illik bu düyün,

Haydı, cəsur oğullar, irəliyə, yürüyün!

 

***

Şəhidlik zirvəsini paylaşdıqca qardaşlar,

Qızıl qana dönürdü dik təpələr, sal daşlar,

Çoxalırdı yad ikən doğmalaşan sirdaşlar.

Üzüağ çıxan hər kəs bugün haqq döyüşündən,

Zəfər mükafatını asacaqdı döşündən.

Çıxmışdı şahinlərim zirvələrin seyrinə,

Savaş davam edirdi ədalətin xeyrinə...

 

***

Güclü döyüşdən sonra hamı yorğun, ac-susuz,

Pərişan olmuşdular, itkilər də çox idi.

Adları çəkildikcə indi burda olmayan

Hər ad ürəklərinə dəyən qanlı ox idi.

 

Bir azdan keçməliydi qoşun yenə hücuma,

Əsir yoldaşlarını xilas etməliydilər.

And içmişdi ilk gündən hamısı buna görə

Ölüm bahasına da, birgə getməliydilər.

 

Vaxt itirmək olmazdı, tezcə hazır oldular,

Yarıya bölündülər: meşə yolu, dağ yolu...

Çatdılar, gördükləri qarşısında dondular...

Ortalıq qan gölüydü, ətrafsa cəllad dolu.

 

Demək müharibənin soyuq üzü bu imiş,

Dama-dama qafanı dələn elə su imiş...

Torpaq üçün torpağa qarışanlar can idi,

Bir zirehli maşının təkərləri qan idi...

 

***

Az vaxtda bu qədər yol möcüzəydi doğrusu,

Sürətlə irəlləyir Azərbaycan ordusu!

Hamı bir yumruq kimi birləşmişdi bir ayda,

Bir idi xalqla ordu - həm öndə, həm arxada.

Alındıqca hər qarış torpaq düşməndən geri,

İrəli! şüarları titrədir göyü, yeri.

Savaşın ortasından xoş xəbərlər gəldikcə

Bayram edir xalq, düşmən geriyə çəkildikcə.

Hərbi maşın görəndə tökülür küçələrə,

Su, yemək, corab, papaq göndərirlər əsgərə.

Tutur ana duası göyün yeddi qatını,

Pay olsun, deyə verir ata son manatını.

Hər günün axırında bir məlumat gözləyir,

Televizor qarşısında yeni xəbər izləyir.

Yumruğunu havaya qaldırdıqca anbaban

Xalqın qəlbi atlanır danışdıqca Komandan.

Bu gün Füzulinin bir neçə kəndi, sabah

Cəbrayılın kəndləri, Ağdərə, həm Murovdağ,

ardınca da Xocavənd...

Eheyyy, Xudafərinim artıq azaddır, azad...

 

***

Bir-bir azad olduqca kəndləri, şəhərləri,

Üçrəngli bayraq ilə bəzənirdi Qarabağ.

Yağış yuyub üzünü, açırdı gerçəkləri,

Ordumuz da çıxırdı imtahandan üzüağ.

 

***

Beş gündür ki, səngimir burda qanlı döyüşlər,

Səslənir o tərəfdən həqarətlər, söyüşlər.

Əldən salıbdır onu yorğunluq, yuxusuzluq,

Bir yandan da susuzluq...

Xeyli itki veribdi yağı düşmən bu həftə,

Leş-leş üstə qalanıb ermənilər tərəfdə.

Yüksəldir əhvalını bu da bizimkilərin,

Əsir zəfər küləyi dağlardan sərin-sərin.

Ulu Tanrı əli var haqq deyilən bu işdə.

Anası ağlar qalıb düşmənin bu döyüşdə.

 

***

Savaş davam edirdi, sürətlə, dayanmadan,

Qiymətli idi hər an.

Artıq Zəfər yelləri əsirdi Qarabağdan,

"Azad oldu!" nidası gəlirdi hər bir dağdan.

Noyabr özü ilə qar-çovğun gətirsə də,

Ürəklər isti idi, qan coşqun - nəticədə.

 

***

Bakı küçələri ən xoşbəxt günü

Yaşayır, qeyd edir Zəfər gününü,

Bayraq meydanında, çiyin-çiyinə,

Qürurla gəzirdi Qazilərimiz.

Nə sözə gəlirdi, nə saza könül,

O günkü mübarək, xoş hisslərimiz.

Hamı qəlbidolu, hamı sevincək,

Gözlər gah ağlayır, gah parlayırdı,

Bir əlində bayraq, birində çiçək,

Bir şair ən kövrək duyğularıyla,

Qazi qardaşları salamlayırdı:

 

***

Döşünə qəlpəni qızılgül kimi,

Taxan Qaziləri salamlayıram.

Düşmən üzərinə çoşğun sel kimi,

Axan Qaziləri salamlayıram.

 

Üz-üzə dayanıb mənfur yağıyla,

Keçib imtahandan can sınağıyla,

Girdiyi meydandan tək ayağıyla

Çıxan Qaziləri salamlayıram.

 

Gedib babaların şanlı iziylə,

Savaşa atılıb bıçaq-nizəylə...

Gözünü itirib, könül gözüylə,

Baxan Qaziləri salamlayıram.

 

Payız gətirsə də ömürünün yazı,

"Cəngi"də dil açdı qəlbinin sazı,

Qoymadı zəfərə bizi tamarzı,

O xan Qaziləri salamlayıram.

 

***

Qış günündə üzdə çiçək açdıran,

Gecəmizə gün işığı saçdıran,

Yağıları el-obadan qaçdıran

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Səman geniş hey uçduqca uçasan,

Torpağını ana kimi qucasan,

Qələbənlə Qaf dağından ucasan,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Olmaz imiş, sözdür, dostu düşənin,

Dostu aldı qəlbin "qəlbişüşənin",

Söylənəcək yüz il fəthi Şuşanın,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Haqq deyənlər, haqq yolundan azdılar,

Tarix boyu sənə quyu qazdılar,

...Oğulların şanlı tarix yazdılar,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Qürurluydu bu Qarabağ səfəri...

Bu torpağın hər oğlu, hər nəfəri,

Qanımızla qazanmışıq zəfəri,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Şuşamızda dağlar başı dumanlı,

Daha bir də kimsə olmaz gümanlı,

Qazin rəşadətli, Şəhidin sanlı,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Xarı bülbül gələr bu yaz, səcdənə,

Dursam min il, yenə də az, səcdənə,

Dayanıbdı bütün Qafqaz səcdənə,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

***

Hər qarış torpağını öz canınla qorudun,

Sənin adın vətəndir, igid hərbçi qardaş.

Vətənin keşiyində ayıq və sayıq durdun,

Bundan sonra Turanı qurmaq üçün hazırlaş.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!