Azadlıq - Sevinc Elsevərin hekayəsi

Vətən müharibəsi şəhidi Oktay Səfərovun əziz xatirəsinə ithafən...

Tülkü balasına qayğı göstərdiyinə, həyətlərindəki küçüklərdən, mavrulardan ayırmadığına görə hamı Oktaya təəccüblə yanaşırdı.

Tülkü balasını məktəbdən qayıdanda kolluğun kənarında tapmışdı. Soyuq qış günü idi, bala tülkü əsim-əsim əsirdi, üstəlik, qabaq pəncəsinin biri yaralanmışdı. Onun necə yaralandığını heç kim bilmirdi. Oktayın yolunun üstünə haradan, necə gəlib çıxmışdı, o da məlum deyildi. Oğlanın xeyirxah uşaq qəlbi heyvana bağlanmışdı.

Bala tülkünün anası-filan yox idi. Bu dünyada, bəlkə də, ən yalqız tülkü balası idi. Oktay heyvancığazı gödəkcəsinə büküb həyətlərinə gətirmişdi. Anası Zülfiyyə xala tülkü balasını görəndə əvvəlcə nə deyəcəyini bilməmişdi. Oktay anasının ətəyindən yapışıb dil tökmüşdü:

– Yazıqdır, ana, heç olmasa, bir az saxlayaq. Sonra buraxacağam, gedəcək.

Anası Oktayın gözlərindəki aşıb-daşan mərhəmətdən kövrəlib razılaşmışdı:

– Yaxşı, balam. Sən deyən olsun. Amma həmişəlik bizimlə qala bilməz, özün bilirsən.

– Bilirəm! – deyib başını yelləmişdi, – Bala tülkülər küçüklər, mavrular qədər şirin olur. Amma tülkülər haqqında adamlar pis fikirləşir. Tülkülər toyuq-cücələri oğurlayıb yeyirlər deyəmi? Amma pişiklər də göyərçinləri və cücələri oğurlayıb yeyirlər. Həmişə cücələri pişikdən güdməyimi tapşırmırsan? – Oktay fikirli-fikirli əlavə eləmişdi.

– İnsan tülküləri əhliləşdirə bilməyib. Əhliləşdirilən heyvanlar bizə bir köynək yaxındır.

– Məncə, ayrı-seçkilik düzgün deyil! Axı bu balaca məxluqun kimə ziyanı var? Bax gör, nə şirindir?! – Oktay heyvanın üzünü anasına sarı tutdu.

Zülfiyyə xalanın dodaqları qaçdı.

Günlər ötür, tülkü balası Oktaygilin həyətində yeyib-içib yatırdı. Artıq xeyli böyümüş, daha da gözəlləşmişdi. Getdikcə axsamağı da az hiss olunurdu.

Qonşular tülkü balasına görə narahat olur, tez-tez Zülfiyyə xalanın, Əhməd dayının qarşısını kəsib şikayət edir: “Bu gün-sabah qapımıza dadanacaq, toyuq-cücəmizi daşıyıb aparacaq. O heyvanı aparıb çöllüyə buraxın!” – deyirdilər.

Amma qışın bitməyinə hələ vardı. Bala tülkü Oktayın şəfqətinə öyrəşmişdi. Üstəlik, pəncəsi tam yaxşılaşmamışdı. Oktay heyvanı həftədə bir dəfə baytar Əlişin yanına aparırdı. Əliş dayı deyinə-deyinə də olsa, Oktayın yalvarış dolu baxışlarından keçə bilmirdi. Allahtərəfi, bala tülkünün gözləri də mənalı və hüznlü idi. Əliş giley-güzarını bildirəndən sonra Oktayın saçlarını qarışdırır: “Yaxşı, kişibala, sənin xətrinə sağaldacağam bu hiyləgəri. Gör bəxti necə gətirib? Yaxşı adama urcah olub! Heç mənim qarşıma yaxşı adam çıxmaz!” – deyirdi.

Bir dəfə atası Oktayı çağırıb dedi:

– Bala, ver o tülkünü, aparıb çölə buraxım. Kimsə onu dərisinə görə oğurlayıb aparacaq! Yazıqdır!

– Necə yəni, dərisinə görə oğurlayacaq? – Oktay heyrətlə soruşdu.

– Bilmirsən ki, tülkü xəzli heyvandır? Ovçular onları dərilərinə görə ovlayırlar. Sonra da dərisini soyub baha qiymətə imkanlı adamlara satırlar.

Oktay gözləri böyümüş halda bala tülküyə baxdı, qəfildən onu qucaqlayıb köksünə sıxdı.

– Yazıqları gəlmir?

– Ona qalsa, qoyunlar, toyuqlar da yazıqdır! – atası gülümsədi.

-Yox, eyni şey deyil! İnsanlar xəz paltar geyinməsə də, olar! Xəzi başqa şeylə əvəz eləmək mümkündür!

 

* * *

 

Oktaygilin qonşuluğunda bala tülküyə kin bəsləyən iki oğlan yaşayırdı. Bu iki dost bütün yaramazlıqları da bir yerdə edirdi.

Bir qış axşamı Oktay dərsdən qayıdanda onunla paralel oxuyan Samirlə Nəcəfi (Oğlanların əsl adlarını gizli saxlamışıq. Bu dəcəlləri şərti olaraq Samir və Nəcəf adlandıracağıq. Ona görə də Samir və Nəcəf adında bütün xeyirxah qəlbli oğlanlardan üzr istəyirik!) arxın qırağında gördü. Həmin gün məktəbə gəlməmişdilər. Hər ikisi əyilib pıçıldaşa-pıçıldaşa qızğın işlə məşğul idilər. Oktay əvvəlcə yaramazlara baş qoşmadı. Sakitcə yanlarından ötüb keçmək istədi. Hətta bir neçə addım onlardan uzaqlaşdı da.

Qəfildən şappıltı ilə suya nəsə düşdü. Oktay əvvəl qorxdu ki, yaramazlardan biri suya yıxıldı. Amma geriyə baxanda ikisinin də əllərini bir-birinə vurub güldüklərini gördü. Onlar suya düşən şeyi göstərib gülüşür, əylənirdilər.

– Gör necə çırpınır! Belə olarsan! – Samir qəzəblə dedi.

Nəcəf də ona qoşulub əylənirdi.

– Gərək boğazına daş da bağlayaydıq! Sənə dedim, daş bağlayaq!

– Yox, əşi! Ayaqlarını elə möhkəm bağlamışam ki, tərpənə də bilməz! – Samir sanki azğın düşmən üzərində qələbə çalmış kimi yumruğunu düyünlədi.

Oğlanların söhbətindən məsələnin nə yerdə olduğunu anlayan Oktay məktəb çantasını yerə atdı, jaketini, köynəyini, ayaqqabılarını soyunub suya tullandı. Su Samirlə Nəcəfin üz-gözünə, üst-başına sıçradı. Yaramazlar sifətlərini turşutdular. Üzə-üzə bayaq suya atdıqları tülkü balasına çatmağa çalışan Oktayı tanıdılar.

– Bu, dəlidir-nədir? – Nəcəf qışqırdı.

– Özü batmasa, yaxşıdır. Bizi də işə salacaq! Gəl gedək! – Samir dedi.

– Onu tək qoyaq? – Nəcəf qorxa-qorxa soruşdu.

– O üzməyi yaxşı bacarır. Kənddə ən yaxşı üzənlərdəndir. Narahat olma! Tülkünü isə çıxara bilməyəcək.

Uşaqlar bir də ertəsi gün məktəbdə rastlaşdılar. Dostlar tənəffüslərin birində koridorda Oktayın qarşısını kəsdilər.

Əlləri cibində dayanan Samir dişləri arasında tutduğu kibrit dənəsini kənara tüpürdü.

– Qəhrəmanlıq eləmək istəyirsən? Guya sən yaxşı oğlansan da, hə? – deyib Oktayı sinəsindən itələdi.

– Bəs siz niyə qəddarlıq eləyirsiniz? Balaca tülküyə gücünüz çatdı?

– Tülkünü xilas eləyə bildin, qəhrəman? – Nəcəf istehza ilə güldü.

– -Xilas da elədim, evə də apardım! Pisliyiniz özünüzə qaldı! – Oktay yandı-qındı verdi.

– Böyüyüb toyuq-cücənizə divan tutanda sənə deyəcəyəm! – Samir şəhadət barmağını gicgahına aparıb fırlatdı, – Öz toyuq-cücəniz bir yana, bizimkiləri də qırdıracaqsan! Qaytar onu bizə!

– Niyə qaytarmalıyam? Təzədən boğmağınız üçün?

– Özümüz bilərik!

– Özbaşına deyilsiniz ki! Tülkü də canlıdır, oyuncaq deyil. Onunla istədiyiniz kimi davrana bilməzsiniz. Özü də, o mənim tülkümdür!

– İstədiyim kimi davranaram, o yana da keçərəm! – Samir Oktayın üstünə cumdu, – Tülküsü varmış! Adam da tülkü saxlayar?

Oktay dava-dalaşı sevməzdi. Amma kiminsə qabağından qaçan da deyildi. Lap uşaqlıqdan idmanla məşğul olur, çoxlu fəndlər bilirdi. Bu dəfə də maraqlı, gözlənilməz fəndlə Samirin zərbəsindən qorundu. Amma özü onu vurmadı. Samirin əli divara dəyib bərk əzildi.

Oğlanlar yenidən Oktayı təkləmək, əvəz çıxmaq istəyirdilər ki, dəhlizin o başında məktəbin idman müəllimi göründü. Samirlə Nəcəf məcbur qalıb Oktaydan aralandılar.

Amma Samir uzaqdan yumruğunu yelləyib hədələdi:

– Bu iş belə qalmayacaq. Görərsən sən!

Altıncı dərs qurtarmış, uşaqlar yavaş-yavaş çantalarını götürüb evlərinə dağılışmağa başlamışdılar. Oktay da çantasını çiyninə keçirib evə tələsirdi.

Paralel sinifdə oxuyan Gülər qaça-qaça özünü ona çatdırdı. Qız elə tövşüyürdü, elə bil ürəyi ağzından çıxacaqdı. Oktay gözlərini qızın ağzına dikib nə deyəcəyini səbirsizliklə gözləyirdi.

– Samirlə Nəcəf sənin tülkünü öldürmək istəyirlər! – qız qaranəfəs dedi.

– Bilirəm. Artıq bir dəfə cəhd ediblər. Amma imkan verməmişəm! – Oktay cavab verdi.

– Neyləmək istəyirdilər?

– Suda boğacaqdılar.

Gülər başını buladı.

– Yox, tülkünü zəhərləmək istəyirlər. Biologiya dərsində baş-başa verib danışırdılar.

 Oktayın bala tülküyə görə özünü təhlükəyə atmağından sonra ata-anası daha da qətiyyətlə tülkünü çöllüyə buraxmağı tələb edirdilər.

Oktay iki yol ayrıcında qalmışdı. Ya sevimli dostundan həmişəlik ayrılıb darıxacaqdı, ya da bala tülkünü gözləyən təhlükələri nəzərə almayıb onu həyətdə saxlayacaqdı.

Oktay başa düşürdü ki, həmişə bala tülkünün yanında ola, onu qoruya bilməyəcək. Bala tülkünün də bəxti hər dəfə gətirməyəcək. Növbəti dəfə vaxtında yetişməyə bilərdi. Atasının dediyi kimi, kimsə tülkünün xəzinə tamah salıb onu oğurlaya bilərdi. Çətin də olsa, Oktay qərar verməli idi: ya bala tülküyə azadlıq verib ondan ayrılacaq, ya da onu təhlükəli şəraitdə daim qorumaq məcburiyyətində olacaqdı.

Atası ilə motosikletə minib çöllüyə yollandılar. Bala tülkünü sarı, iri bazar səbətində aparırdılar. Oktay şirin, balaca dostunu səbətdən çıxarıb onunla baxışdı. Burnunu balaca burnuna söykəyib qıdıqladı. Sonra sağalmaqda olan pəncəsini sığalladı. Onun belini tumarlayıb dedi:

– Get, dostum! Artıq daha təhlükəsiz yerdəsən! Azadsan!

Bala tülkü əvvəl nə baş verdiyini anlamadı. Bir neçə addım uzaqlaşandan sonra yenə Oktayın yanına qayıtdı; sanki xilaskarının baxışlarını oxuyub bu dəfə qaçmağa üz qoydu.

Bala tülkü uzaqlaşdıqca Oktayın kədəri azalırdı. Sevimli dostu aid olduğu çöllərdə daha azad, daha xoşbəxt yaşayacaqdı...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!