Corc Bernard Şou - irlandiyalı dramaturq, nasir, amansız satirik, hazırcavab insan...
1856-nın iyulunda dünyaya gəlib. Özü haqda deyir ki, "mənə oxumaq-yazmaq öyrədildiyimi xatırlamıram; yəqin, elə savadlı da doğulubmuşam"... Bir də deyir, "çılğınmı doğulmuşdum, yoxsa, həddən artıq ağıllıydım, bilmirəm; mənim dünyam yer üzünə uyğun deyildi"... Bir başqa etirafına görə isə, hələ düşünməyi öyrənməzdən azaddüşüncəliymiş...
İstəyi İkinci Mikelancelo olmaqmış, amma görüb, rəsm çəkə bilmir; musiqiçi olmaq arzusuna düşüb, baxıb ki, ifaçılıq bacarığından da məhrumdur; müğənni olmaq istəyib, onda da bəlli olub ki, səsi yoxdur.
Yazmaq fikrində deyilmiş, istəyi xilafına, bir də gözünü açıb ki, yazmaya bilmir... Bundan sonra şöhrəti də hər uğursuzluğuyla birgə boy atıb.
...İngiltərə İrlandiyanı işğal eləmişdi, ona da gəlib İngiltərəni işğal etməkdən başqa heç nə qalmamışdı.
Deyirdi, Mikelancelonun əsərlərində nə qədər anatomiya varsa, onun da pyeslərində cəmiyyətin iqtisadiyyatı bir o qədərdir.
Üç ingilis dili bilirmiş; birində pyeslərini yazır, birini rəsmi təmaslarda işlədir, o biri ingiliscədə dostlarıyla ünsiyyət saxlayırmış.
...Ən çox xoşladığı - hər zaman özüylə bir yerdə olmaqmış.
Mütəfəkkir kimi daim dövrün intellektual münaqişələrinin atəş xəttindəydi. Danışmağa qorxanların səsinə və qəlbi səssizcə parçalananların fəryadına çevrilə bilmişdi.
Nobel mükafatını sahilə artıq salamat çatmış üzgüçüyə atılan xilasedici kəmər sanırdı. 1925-də qazandığı bu mükafatın medalını qəbul eləmiş, pul hissəsindən imtina etmişdi.
...Düzgün vegetarian idi. Həkimlər onu inandırmağa çalışırmış ki, rasionuna ət əlavə eləsin. "Özünüzü necə hiss edirsiniz?" sualına həmişə yumorla: "Əla, amma həkimlər ət yeməsəm öləcəyimi iddia eləyib mənə narahatlıq verirlər" - deyərmiş. Eyni suala 90 yaşlarında cavabı isə fərqli olub: "Əla, artıq heç kim məni narahat eləmir; ətsiz yaşaya bilməyəcəyimlə məni qorxudan həkimlər artıq ölüblər."
Bir dəfə də gonbulluğu ilə tanınan lord Nortklif: "Cənab Şou, sizə baxanda düşünmək olar ki, ölkədə aclıqdır" - deyəndə Şounun cavabı belə olur: "Sizə də baxanda, cənab Nortklif, adam fikirləşir ki, bu aclığın səbəbkarı elə sizsiniz".
Bernard Şou çox çalışdıqca çox yaşadığını deyirdi; yəqin çox çalışıb da, çox düşündüyü üçün bir elə uzun ömür sürdü. O, 1950-ci il noyabrın 2-də, 95 yaşında dünyasını dəyişdi.
...Şounun sadəcə, adının xatırlanmağı üzlərə təbəssüm qonmağı üçün yetir. Həqiqətən, dərin fikirlər hər zaman ironikdir. Onun da ironik düşüncə tərzinin ifadəsi olan gözlənilməzlik dolu parlaq zarafatları, paradoksal aforistik deyimləri zəkanın və xeyirxahlığın təntənəsi naminə dünyanı dolaşaraq bu günlərəcən zehinləri işıqlandırıb, ürəklərə hərarət bəxş edibdir. Həyatın ən rəngarəng yönlərinin aynasına çevrilən, çoxlarının davranış norması bilib qəbul elədiyi həmin həkimanə sözlər insanların mənəvi aləmini innən belə də zənginləşdirəcəkdir...
Şou bir çox aforizm ustası kimi, demək olar, ayrıca aforizmlərdən ibarət kitab-filan qələmə almayıb. Adıyla bağlananlar əsasən, pyesləri, tənqidi yazıları və fəlsəfi-publisistik məqalələrindən, məktub və müsahibələrindən götürülübdü.
Şounun sözləri sadəcə, aforizm deyil, həm də intellektual zarafatın çox dəyərli, çox ləzzətli nümunələridir. Onun "İnsanlar yeganə heyvanlardır ki, onlardan dəhşətli dərəcədə qorxuram" sözləri, bir Allah bilir, hansı ağrı-acılardan, necə həyat sınaqlarından yaranıbdı...
Şou ciddi mətləbləri şüurların dərin qatlarına daha tez çatmağı üçün gülgü yoluyla anladırdı. Ona görə deyirdi: "Mənim lağlağı tərzim - doğruları söyləməkdir"...
Başqalarının söylədiyi nə qədər hikmətli kəlam hələ sağlığında ikən Şounun adına çıxılırdı. Söz də yayılmışdı ki, "bütün şübhəli hallarda sitat Corc Bernard Şouya aid edilməlidir". Yəni aforizmlər kimin olur-olsun, qəlbə yatanını, xoşa gələnini və mənaca gözəlini kim yaradırdısa, o da insanların gözündə Bernard Şounun elə özüydü...
Cəlal BƏYDİLİ
***
Xoşbəxtlik qapınızı gündə azı bir yol döyür, amma təəssüf, o an evdə olmursunuz.
***
Getdiyiniz yolda heç hansı əngəl yoxsa, bilin ki, o yol sizi heç hara aparmır.
***
Uzun yaşadıqca daha çox bu fikrə gəlirəm ki, Yer Günəş sistemində dəlilər evi vəzifəsini görür.
***
Özümüzü Yaradanın son sözü saymaq üçün əlimizdə ağlabatan hansısa əsas yoxdur.
***
Allahı göydə olan adamlardan qorxun.
***
İncil söyləyir ki, Allah dünyanı xəlq elədi və dedi: "Yaxşıdır". Görən, indi nə deyərdi?
***
Ruhunu təmiz saxla: dünyaya baxmalı olduğun pəncərə odur.
***
Çirkin və bədbəxt bir dünyada ən zəngin adam belə çirkinlik və bədbəxtlikdən savayı heç nə alammaz.
***
İnsanlar yeganə heyvanlardır ki, onlardan dəhşətli dərəcədə qorxuram.
***
Adamların ikicə faizi düşünür, üç faizi elə sanır ki, düşünür, doxsan beş faizi isə ölməyi düşünməkdən üstün tutur.
***
Çox az adam olar ki, ildə bir neçə dəfədən artıq düşünə. Mən həftədə bir-iki kərə düşündüm də dünyaca məşhur oldum.
***
Acıqlı olduğunuz hər dəqiqə ərzində xoşbəxtliyin altmış anı itirilir.
***
Məktəbə getməsəydim, nə qədər çox şey öyrənəcəyimi düşünəndə dəhşətə gəlirəm.
***
Xoşbəxtəm ona görə ki, xoşbəxt olmadığımı düşünməyə əsla vaxtım yoxdur.
***
Hərəkət halındakı cəhalətdən daha qorxunc heç nə yoxdur.
***
Sizin ikinci dəfə ilkin təəssürat yaratmaq imkanınız bir də olmayacaq.
***
Əgər düşünmədən deyibsinizsə, demək ki, düşündüyünüzü deyibsiniz.
***
Bəyənmədiyiniz nəyisə alqışlamaq yalan danışmağın neçə növündən biridir.
***
Əbədi yaşamağa can atmayın, onsuz da heç nə alınmayacaq.
***
Heç vaxt imkan verməmişəm ki, məktəb məşğələləri təhsilimə mane olsun.
***
Əgər oxuyanları yoxdursa, kitablar bundan yalnız qazanclı çıxır. Məsələn, klassiklərimizə nəzər yetirin...
***
Ən başlıcası - can evində sahman yaratmaqdır.
***
Əgər ağıllanmaq istəyi yoxdursa, həyat öyrətməyəcək.
***
Kütlənin onda birindən çoxunun təriflədiyi əsər yandırılmalıdır.
***
Yoxluğum sənin həyatında heç nəyi dəyişmirsə, o zaman orada var olmağımın da heç hansı anlamı qalmır.
***
Öz dilini bilməyən kəs başqa dil öyrənə bilməz.
***
Bircə yol həqiqəti söyləsəniz, sonra istədiyiniz qədər yalan danışın, daha sizə inanmayacaqlar.
***
İnsanlara qarşı işlənə biləcək ən böyük günah onlara... laqeyd qalmaqdır - vicdansızlığın zirvəsi elə budur.
***
Mən hələ düşünməyi öyrənməzdən əvvəl azaddüşüncəli olmuşam...
***
Azadlıq məsuliyyət deməkdir. Elə bu üzdən də adamların çoxu azadlıqdan qorxur.
***
Heyvanlar mənim dostumdur və ...mən dostlarımı yeyə bilmərəm.
***
Qətiyyətsiz adamlara dözəmmirəm - onlar mənə özümü xatırladırlar.
***
Amerikanın Azadlıq heykəli olmalı olduğu, yəni dəfn olunduğu yerdə də qoyulub.
***
Birisini tənqid etmək istəyiriksə, ən münasib yer aynamızın qarşısıdır.
***
Əgər sizinlə mənim hərəmizin bir almamız varsa və biz onları dəyiş-düyüş edəriksə, yenə hərəmizdə bir alma olacaq. Yox, əgər hərəmizin bir ideyamız varsa və onları öz aramızda dəyişiriksə, onda hər birimizin iki ideyamız olacaq.
***
...Desən, göydə 978301246569987 ulduz var, adam inanacaq. Amma desən ki, oturacaq yenicə rənglənib, mütləq barmağını toxunduracaq.
***
Qəzet velosipedin aşmağıyla sivilizasiyanın çökməyi arasında hədd qoymayan mətbu orqandır.
***
Göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi bacardığımız indiki vaxtda bir tək qalıb Yerdə adam kimi yaşamağı öyrənməyimiz!
***
Kəlməbaşı özümə istinad edirəm. Bu da danışığıma kəskinlik qatır.
***
Hamımız yenidən doğulmalıyıq, sonra bir daha və yenə bir daha...
* Sərlövhə "Bernard Şou. Aforizmlər"
(Kişinyov, 1985) kitabındandır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!