Oqtay Rzanı xatırlarkən... - Allahverdi Eminov yazır

Oqtay Rzanın itkisi həmişə biz nəsli göynədəcək. Qəzet səhifələrini vərəqləyəndə onun şeirlərini görməyəndə ürəyimiz sancacaq, yəqin növbəti sayında veriləcək şeirləri. Və inamla günləri, ayları, illəri yola salacağıq. Və bir gün Oqtay Rza sevərlərin ruhu onunla görüşəcək....

Bir gün "Azərbaycan" nəşriyyatının dördüncü mərtəbəsindəki aşxanada (indi yoxdur) Oqtay Rza dostu, mərhum yazıçı Nahid Hacızadə ilə nahar edirdi. Məni görcək süfrəyə dəvət elədilər. Əhvalları düzəlirdi. Maraqlı söhbətlərinə qoşuldum. Nahid müəllimin güclü hafizəsi vardı... O: - Allahverdi müəllim, - dedi. - İrəlidə Oqtay Rzanın 75 illiyi gəlir, yəni 2009-cu il! - Badələr toqquşdu. - İndi elə dövrə gəldik, kimsə kim haqqında təmənnasız kitab yazmır. Ortada, ya vəzifə kultu, ya da nəsə bir nəsnə olmalıdır. Səni biz istisna ədəbiyyatşünas, pedaqoq kimi tanıyırıq. Bəlkə dostumuz haqqında monoqrafiya qələmə alasan. Bu, mənim xahişimdir.

Söz verdim... Bu vəd təsadüfi deyildi mənimçün. Çünki bələd olmadığım, yaradıcılığını izləmədiyim, şəxsiyyətinə hörmətim yoxsa, nə işim var meydanda?!

...Mən Salyan rayonunun Kərimbəyli kənd orta məktəbinə təyinat almışdım (1964), cani-dildən ədəbiyyatı və Azərbaycan dilini tədris edirdim. Müntəzəm yerli "Qələbə" qəzetində irihəcmli publisist yazılarım işıq üzü görürdü. Eyni zamanda ədəbi şəxsiyyətlər və onların kitabları haqqında resenziyalar yazırdım. Xatırlayıram: M.Araz, Söhrab Tahir, Əlisa Nicat, Gündüz Abbasov, Əfrayıl Məhərrəmov, Mövlud və başqalarını... Bir gün Bakıya yolum düşəndə aldığım kitablar içərisində Oqtay Rzanın "Torpağı dinləyirəm" (1970) şeirlər məcmuəsi də vardı. Oxudum, ilk görüşü idi oxucuları ilə. Kövrək, həzin poetik nümunələr tutdu məni. Tələsmədim yazmağa, düzü, Salyana yolu düşməsini gözləyirdim. Bu həvəs və maraq qismətimə düşmədi. Vaxt gəlib 1969-cu ilə çıxdı, aspiranturaya yenicə qəbul olunmuşdum. Nəhayət, yazıb "Qələbə"də çap etdirdim.

Keçmiş adı ilə APİ-yə bağlı olmuşam, bu gün də. Oqtay Rza bu institutda dosent vəzifəsində dərs deyirdi. Tanış olduq. Güclü yaddaşlı Oqtay Rza adımı və soyadımı eşitcək sevindi: - Axtarırdım səni, öz təşəkkürümü çatdıram. Mənə qəzetdən bir nüsxə göndərmişlər. Təşəkkürlər Allahverdi Eminə!

İstədim düzəliş verəm ki, "ov"u hara atdın? Susdum... Beləcə biz tez-tez görüşürdük, dərs verdiyi fakültəyə dəvət edirdi. Və bir gün məzunu olduğu Azərbaycan Neft və Kimya İnstitutuna apardı məni, gənclik və tələbə dostu, böyük alim, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Ramiz Qurbanovla tanış oldum və az sonra salyanlı alim haqqında "Dəniz niyə tələsmir" adlı oçerkimi "Qələbə" qəzetində çap etdirdim. Professor Ramiz Qurbanov Oqtay Rzanın son günlərinə qədər münasibətlərini, dostluğunu qorudu, ağır itkini yaşadı...

Mən Oqtay Rzadan yazacağıma şübhə etmirdim, ona görə ki, təxminən, 40 il zaman kəsiyi çox mətləbləri mənə diqtə etmişdi, şairin şəxsiyyətindən irəli gələn nüanslar idi: onun düzlüyü və təmənnasızlığı, ata və ana sevgisi, cəmiyyətin və fərdlərin yaşayış tərzləri...

 

Həmişə dəyişməz, saf qalıb qızıl,

İnsan çoxaldıqca azalıb qızıl.

Heç bir qarışığı olmadığından

Paklıq sırasına yazılıb qızıl.

 

Rübaidəki dərin əxlaqilik əyanilikdir şair şəxsiyyəti üçün, bu, daxili tələbatdır, onu əksinə çevirmək çətindir, bəlkə də mümkünsüzdür. O, heç bir halda hazır hərəkət etalonlarına boyun əyməmişdir, necə deyərlər, "etalon hisslərdə" insan vücudunu sezmişdir. Onu tanıyanlar bilir ki, Oqtay Rza süni əxlaqi münaqişəyə getməmişdir, real intriqa situasiyalarda yalançı, süni prosesləri ayırmışdır.

Oqtay Rzanı tanıyanlarda bir təsəvvür dəyişməz idi: o, xoşbəxtdir! O, həyatdan ləzzət alır! O, azad, həssasdır! Zahirən də, daxilən də beləydi, ona görə ki, dünya sərvətində heç vaxt gözü olmamışdı. Filosoflar da təsdiqləmişlər ki, xoşbəxtlik uzun müddət davam edən, yaxud bir-birini əvəzləyən həzzdir, zövq almaqdır, sevdiyi xoş duyğulardır. Şair Oqtay Rzanın xoşbəxtliyinin psixoloji təkanı budur:

 

Bir gül üçün dağ laləsi dərəm gərək,

Bir qəribə yolu nişan verəm gərək.

Bir yetimin toy gününü görəm gərək,

Yaxşılığı əzəl borcum bilə-bilə yaşayıram.

Demək, hələ yaşayıram...

 

Bəli, ustad, sən daima yaşayacaqsan ruhunla. Sən elə iz buraxmısan - bunu fəhminlə bildirmisən.

 

El içində izim qalsa, odum qalsa -

Saçıb şölə yaşayıram,

Demək, hələ yaşayıram!

 

Bəli, ustaddan xoşbəxtliyi, aldığı həzz insana - ətraf mühitinə ehtiyacıdır.

Bəli, ustad, cəmiyyətin də borcu səni, şairi, müəllimi, dostu yaşatmaq idi və yaşatdı da!

Oqtay Rza atasını repressiyada itirmişdi, bütün arzusunu, sevgisini, ümidini anasına bağlamışdı. Yaşının 60-da, yetmişində də... anasını xatırlayanda göz yaşını saxlamağı bacarmırdı, dəfələrlə bunun şahidi olmuşam.

 

Obamı dünyama dəyişmərəm mən,

Könlümü dəryaya dəyişmərəm mən.

Analı pis günün bircə anını

Anasız xoş aya dəyişmərəm mən.

 

Bir gün Oqtay Rzaya institutdan çıxanda rast gəldim: - Mirzə, sabah vaxtın varmı? - Soruşdu. - Necə məgər? - Xəbər aldım. - Olmasa da, yaradarıq. - Uzağa getməyəcəyik, professor Ramiz Qurbanın kafedrasına baş çəkərik. Vədələşərik. Səninlə onu lap yaxından tanış edərəm. - Nikbincəsinə dilləndi. Səhəri səmimi, təvazökar, yüksək elmi erudisiyalı alimlə xeyli vaxt keçirdik, elmi məsələlərdən danışdıq. Oqtay Rza bəzi suallara aydınlıq gətirməsini xahiş elədi. Sən demə, Oqtay Rza bu şeiri təxəyyülündə "layihələşdirmiş", bir məsələ onun üçün qaranlıq imiş. "Cüt qüvvə"nin müəllifi Ponsele olduğuna əminlik hasil etmək imiş. Professor Ramiz Qurbanla "Nəzəri mexanika" kafedrasına gəlişimizin əsas səbəbi bu imiş.

Az sonra Oqtay Rza özünə xas jestlə:

- Bu şeiri sənə həsr etmişəm, - dedi əzbərdən. Bəzi misraları möhtərəm oxuculara xatırladacam.

 

Cüt qüvvə fırladır anamız Yeri,

Cüt qüvvə möhtəşəm, qoşa qanaddır.

Odur fırlandıran səyyarələri,

Bir an fırlanmamaq aləmə yaddır.

 

Fırlanır dərə-dağ, fırlanır dəniz,

Adalar, qitələr fırlanır müdam.

Qatil! Cüt qüvvəsiz yox olarıq biz,

Cüt qüvvə yaşamaq, məhəbbət, inam!

 

Cüt qüvvə qanunu! Səslən, əzm ilə!

Sən nə əfsanəsən, nə də rəvayət!

Səni kəşf eləyən alim Pansele

Ömür-gün dostu da tapıb, nəhayət...

 

Bu gün nisbətən cavan (sənətkarın "cavanı-qocası" olmur, istedadı və enerjisi olur) şairlərin özündən müştəbeh fikirləri baş alıb gedir, qəribəsi odur ki, iki-üç dilə gətirəcək şeir yoxdur, amma sənətkarları (yaşlıları, hətta yaşayanları) kateqoriyalara ayırır: - filankəslər intellektualdırlar, fəlsəfi düşünürlər, filankəslər aşıqsayağı yazırlar, filankəslərinki artıq "qurtarıb" və s. Deyək ki, həmin "filankəslər"dən biri də Oqtay Rzadır. Əvvələn, şeir hansı janrda yazılırsa, fəlsəfidir, inteqral prosesdir, fikrin intellektual və emosional ifadəsidir. Misralar təbii qafiyələnirsə (qrammatik yox), demək, ilahi pıçıltının səslənməsidir. İkincisi, vaxtilə bəzi tənqidçilər S.Vurğunda, Rəsul Rzada, B.Vahabzadədə belə bir fikir ortaya atmışdılar... Sözümün canı var: Oqtay Rzanın poeziyasına varanda duydum ki, onun bir çox şeirlərində intellektuallıq güclüdür, çünki özünün səviyyəsi güclüdür, elmlərin inteqrasiyasına bələddir. Mən bir oxucu olaraq intellektin şeiri tam hakimiyyətinə alıb "çürütməsi"nin tərəfdarı deyiləm, çünki poeziyanın öz azadlığı mövcuddur, şair də bu hissi qorumalıdır. Məsələn, şairin Minskdə yazdığı "Daş həsrəti" şeirində daşın xassələrini elmi baxımdan bildiyi üçün bu xüsusiyyətlərdən çıxış edib poetik məna verir, "vətən", "qaçqın" məfhumlarının talelərində oxşarlıq tapır:

 

Buzlaq onu uzaqlardan gətirib,

Yaşı yüz-yüz dərinədir ən azı.

Sinəsində dövran mamır bitirib.

Bu qranit yurdu kimdən soruşsun?

Gözü olsa, ancaq baxar şimala.

Mümkün deyil kökü ilə qovuşsun,

Bu qranit çata bilməz vüsala...

 

Oqtay Rza şeirə hörmətlə yanaşırdı, bu maddiyyatda məna və gözəllik görürdü, fərqləndirmirdi. Mənim aləmimdə bu "ikilik" bir-birindən ayrılsa, şeir intihar edər və şairin ürəyində doğulmamışdan heçliyə gömülər. Bu yanaşma yeni deyil. Məşhur İran alimi Seyid Əli Xameneyi yazmışdı ki, şeirin xüsusi dəyəri var, həm də imtiyazı: baxın, bəşərin ta qədimdən mədəni anlayışıdır. Şeirin dili, ifası çox-çox qədimdir, tarixdir. Bu, onu göstərir ki, bəşərin əvvəldən şeirə ehtiyacı olubdur. Oqtay Rzanın yaradıcılığına qayıdanda söyləniləndə bir həqiqət gördüm. Zamanla Məkan maddiyyatında poetik hissin "çevrilməsi"ni duydum. "Doğmalıq", "Əksilik", "Dünya, yaman yiyəsizsən", "Körpü" və sair şeirlərində dünyanı, onun sakinlərini epik əhval-ruhiyyədə qavramaq məziyyəti leytmotivdir, mətndə pafosla səslənir. Həyat və Zaman anlayışları vəhdətdə götürülür, fikirlə hiss ziddiyyət yaratmır.

 

Körpüyə baxıram - vüqarlı, göz-göz,

Sahili sahilə birləşdirən qol.

Körpü küsənləri barışdıran söz,

Yerdən kəhkəşana gedən uzun yol.

 

Filosof Spenser müqayisələr aparmaqla həyatın enini uzununa vurub "Həyat miqdarı" nəticəsini çıxarmışdır. Oqtay Rza da yerində saymır.

 

Nə qədər dərdi var qoca dünyanın,

Suyu zəhərlənib neçə dəryanın,

Sürüsüz ceyranın, yalqız durnanın

Səsinə səs ver!

 

Yaxud:

 

Bir gül üçün dağ laləsi dərəm gərək,

Bir qəribə yolu nişan verəm gərək.

Bir yetimin toy gününü görəm gərək.

Yaxşılığı əzəl borcum bilə-bilə yaşayıram...

 

Mən köçəndə səsim qalsa, sədam qalsa,

El içində sözüm qalsa, adım qalsa,

Ürək boyda gözüm qalsa, adım qalsa,

Saçıb şölə - yaşayıram,

Demək, hələ yaşayıram.

 

Şeirin yazılma tarixini müəllifin ölümündən 30-35 il ayırır. Nə qədər uzaq, nə qədər yaxın. Nə qədər həqiqət, nə qədər yalan. Nə qədər qəmli, nə qədər nikbin. Oqtay Rza şəxsiyyətində və poeziyasında harmoniya birləşir, bir-birini tamamlayır, ona görə ki, əsas obraz İnsandır, hərəkətdə olan varlıqdır. İnsan obrazının davranışına həssas yanaşır, riyakarlıqdan, xəbislikdən, yaltaqlıqdan uzaq bir mövcudat! İnsana belə bir yanaşma şair üçün təbiidir ona görə ki, o hər nəsnənin meyarında yaşamalıdır, xeyirxah, vətənpərvər, təəssübkeş parametrləri özündə təcəssüm etdirməlidir. Oqtay Rza estetikada qəbul olunmuş "şəxsiyyət modeli"nə üstünlük verir, insanla cəmiyyətin qarşılıqlı münasibətlərini hesaba alır. Məşhur estetik M.S.Kaqanda belə bir fikir səsləndirmişdir ki, incəsənət ictimai insanın real həyati təcrübəsini yaratmaq, genişləndirmək və dərinləşdirmək naminə həyatı təcəssüm etdirir. Şahidiyəm ki, Oqtay Rza Vətənə, torpağa sadiq, işgüzar, təmənnasız adamların poetik obrazını yaratmışdır, hansı ki, onları mən yaxından tanımışam. Mühəndis Firdovsi Rzayev belə insanlardan idi. Salyanda məşhur sayılan-seçilən xeyirxahdır. Şair "Firdovsi Rzanı" şeirini ona həsr etmişdir - meviator - mühəndisə.

 

Muğanın seyrinə çıx sabah-sabah,

Axşam ulduzlara dönsün inamın.

Şor su mühəndisi olsan da, vallah,

Bal-şəkər kimidir sözün, kəlamın.

 

Yaxud məşhur şair ürəkli pedaqoq - müəllim Cəfər Mehdiyevə həsr etdiyi şeir. O, sözü ötkəm, həqiqətpərəst, əyilməz idi və aramızda hörmət-izzət vardı. Oqtay Rza Cəfər müəllimi öz ustadı səviyyəsində görür: ədalətli, dönməz, Salyan elatında parlaq insan kimi yaddaşda yaşayan:

 

Haqqı, ədaləti sevdiyi üçün,

Köksünü qabağa verdiyi üçün,

Sözünü şax üzə dediyi üçün,

Guya qorxuludur Cəfər müəllim.

 

Qışın bəyazlığı baxır saçından,

Keçib təhlükəli yol ayrıcından.

Son günlər tutsa da əl ağacından -

Həm gənc, həm uludur Cəfər müəllim.

 

Şair Oqtay Rza nə qədər nikbin olsa da, onun içində həsrət yaşayırdı, amma hiss etdirmirdi. Onun yaradıcılığını araşdırarkən, şeirlərini oxuyarkən bunu başa düşürdüm. O, daxilində, işıqsız qalan duyğularına da həsrət rəngi səpir, gümanı köçəri quş kimi uçur. Həzin hisslərilə üz-üzə qalır, işıq həsrətində olduğunu dilə - şeirə gətirir.

 

İşıq axtarırdım, köç axtarırdım,

Yolum Qəbələdən Qazağa düşdü.

Yar üçün sehrli saz axtarırdım,

Yadın ağsaqqalı qabağa düşdü.

 

Yaxud:

 

Hicran alovunda qovruluram mən,

Çox da ki, çağlamaq çağımdı indi.

Aya hey baxıram pəncərəmizdən

Ay mənə o qızdan yaxındır indi.

 

Bəli, şairə bircə Ay qaldı, bir də həsrətinə bükülmüş sevgisi...

Oqtay Rzanı tanıyanlar fikrimi təsdiq edərlər ki, o, nakam sevgidən bir kəlmə də danışmazdı. Amma başqa poeziyaya, müəllimliyə, dostlara aid suallara uzaqda qalmış olaylara aid də cavablar verirdi. Bir dəfə ondan soruşdum ki, ilk şeirlərini nə vaxtdan yazmısan? Cavabı: - 1946-cı ildən, birinci sinifdən, "Qələbə" qəzetində çıxıb: şeirə gəlişinin tarixidir, bu möcüzəli aləmə qədəm qoymağının etirafıdır. Həqiqətdir ki, elə bir hissdir, hansı mənbədən qaynaqlandığını şairin özünə də bəlli olmur, baxmayaraq vücudu - canı - ruhu özünə məkan seçir, amma uçub getmir, müəllifini tənha buraxmır. İngilis ədəbiyyatşünası Dilan Tomas (1914-1953) yazmışdır ki, "mənim nədən və necə şeir yazdığımı, hansı şairlərdən, şeirlərdən hərəkət  etdiyimi, təsirləndiyimi öyrənmək istəyirsiz, başlanğıc sözlərə vurulduğum üçün şeir yazmaq istədiyimi söyləyəcəyəm. İlk şeirlər cocuq şeirləriydi, yalnız sözlərinə vurulurdum". Təbii analogiyadır ki, Oqtay Rza ilk şeirlərindən birini S.Vurğuna həsr etmişdir.

 

Üzündə əzəmət, gəncliyə qayğı,

Yetərdin köməyə, çatardın dada.

Səndən öyrənirik necə yazmağı,

Bizə bələdçisən yuxularda da.

 

Oqtay Rza müharibədən sonrakı illərdə Salyan ədəbi mühiti heç vaxt yaddaşından silməmişdir. Əliağa Kürçaylı, Ağacavad Əlizadə, Xəlil Rza, Cəfər Mehdi, Aşıq Pənah Pənahov o dövrdə poeziyaya təzəcə gəlmişdilər. Sonralar bu sətirlərin müəllifi həmin şairləri şəxsən tanıdı, görüşdü, şeirlərini onların öz dilindən eşitdi. "Təki sən səslə məni", "Daşlar", "Qəbirlər" Ə.Kürçaylı, "Çinarın söhbəti", "Torpağa tər düşəndə" A.Əlizadə, "Bahar gələndə", "Azadlıq" Xəlil Rzanın o illərin dillər əzbəri şeirləri idi...

Oqtay Rzanın isə "Bulud", "Yerqurşağı", "Cüt ulduz axdı" şeirləri oxucuların ünvanını tapmışdı.

 

Göyün dərin qatlarında

Dincəlir ağ buludlar,

Aşağıda acı-acı yel əsir.

Yenə qara bürüncəkmi

Qalaq-qalaq qara buludlar

Qamçılana-qamçılana

Harayasa tələsir?!

 

Bu şeiri təsadüfən nəzərə çarpdırmadım. Oqtay Rzanın uşaqlığı da, gəncliyi də təbiətin qoynunda keçmişdir, Muğan torpağının duzluluğu, Kür çayının dəlisovluğu, salxım söyüdlərin titrək yarpaqları. Məsələn, "Mənzərə"si peyzajdır, poetik təsvirdir.

 

Yayla vidalaşır meşə, dağ, dərə,

Son bahar tələsir xəzəldən ötrü.

Günəş nur içirir çəmənliklərə,

Çaylıqlar darıxır gur seldən ötrü.

 

Maral mələməsi gəlir uzaqdan,

Son yarpaq üzülüb düşür budaqdan.

Qırqovul su içir sərin bulaqdan,

Bülbül səfərdədir tər güldən ötrü...

 

Böyük şairimiz Nəriman Həsənzadənin fikrini xatırladım, yazmışdır ki, Oqtay daima həyatla ünsiyyətdədir, təbiətin qoynundadır. Onun gözəlliklərini şair kimi duyur, geoloq kimi axtarır, bu da onun şeirlərinin təravətini artırır.

Belə ki, "Xınalıq", "Bayılın işıqları", "Muradxanlıqda", "Dənizçi nəğməsi", "Çaylar" və sair nümunələr poetik ilhamın "meyvələri"dir.

Oxuculara bəllidir ki, Oqtay Rza geoloq-alimdir və bu elmi tədris etmişdir, bu elm onu dünyanı qarış-qarış gəzdirmişdir. O, iki dolu ürək daşımışdır həyatında: elmlə və poeziya ilə nəfəs alan ürək. Hər ikisini peşəkarlıqla yaşatmağı bacarmışdır. Bəllidir ki, görkəmli alimlər, deyək ki, Darvin, Openqeyemer, Lomonosov, Yusif Məmmədəliyev və başqaları. Yəni "fiziklər və liriklər" tendemi. Oqtay Rzaya belə bir ovqatımda və ovqatında sual vermək həvəsində bulundum: elmə, yoxsa, şeirə üstünlük verirsiz? O, bir xeyli susdu, yayınmaq istədi təvazökarlığından. Əlbəttə, yaradıcılıq psixologiyasından araşdırma aparan müəllif kimi "sirri" bəlliydi mənə. Lakin hər bir alimin öz yanaşma fərdiliyi: ovqatı mövcuddur, asudəliyi, azadlığı, intizarlı dəqiqələri, saatları və günləri - sonraya qala bilməz, şeir vaxtında qələmə alınmalıdır. Bu prosesdə psixoloji niyyət üstünlük yaradır, aparıcı olur. Məşhur rus alimi, akademik A.B.Miqdal yazır ki, elmi yaradıcılıqda əsas psixoloji niyyətin özünəməxsusluğudur, yaxud təsdiqidir, özünüifadəsidir... Nəhayət, Oqtay Rza sualıma şeirlə cavab verdi:

 

Elə bil uca dağ aşıb Arximed,

Nə vaxt sirr qapısı açıb Arximed.

Üzmə qanununu kəşf edən zaman

Uşaq tək sevinib, qaçıb Arximed.

 

- Mirzə, - dilləndi. - Bəs sənin fikrin?

- Ustad, - dedim. - Epikürün sözləridir ki, bədəni müalicə etməyən təbabətin faydası olmadığı kimi, insan qəlbini təzələməyən, əxlaqına təsir göstərməyən fəlsəfənin də xeyri yoxdur. Poeziya da, həmçinin oxucusunu ünsiyyətə, xeyirxahlığa səsləyir.

Oqtay Rza ömrünün son illərində "Səkkizlik"lər yazırdı. Çap olunmamışdan xeyli əvvəl o, qovluqda xeyli sayda "Səkkizlik"lərdən verdi və: - Oxuyarsan, vaxtın olanda, - dedi. Mən xətrini çox istədiyim şairin "Səkkizliklər"i haqqında məqalə yazdım. Artıq o, həyatda yox idi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!