...Hesab elə ki, bir çölün düzündə üzünü Şimala və ya Qərbə tutub
durmusan. Deməli, özün də bilmədən arxanı Günəşə çevirmisən...
Yox, əgər üzünü Cənuba və ya Şərqə tutub dayanmısansa, deməli,
üzü Günəşə sarısan.
Amma Günəş gözlərini elə qamaşdırır, elə qamaşdırır... çox şeyi görə
bilmirsən. Elə buna görə də
Şimaldakılar, Qərbdəkilər adına cahil deyir. Bu fani dünyaya özün də
bilmədən belə gəlib, belə də gedirsən...
1
Heç kim insan taleyinin ucu-bucağı görünməyən bir səhraya bənzədiyini təsdiqləyə bilməz; heç kimin də onu inkar etməyə gücü çatmaz; çünki bu məsələdə təzadlar xirtdəyəcəndi... Əlbəttə, yanağı al-qırmızı, iri bir almanın üstünə gül rəsmi cızılıbsa, ona aludə olub, həssaslıqla baxıb heyran qalan adam ayrı bir şey fikirləşər; o rəsmə etinasızcasına göz yumaraq, budaqdan qoparıb, acgözlüklə dişləyib-yeyən isə tamam başqa bir şey... Amma bir gün şeytan körpüsündə bəni-adəm olduğunu anlayıb da bu kəslərin necə bir həyat sürdüyünü, yaxud da nə qədər öz nəfslərinə qulbeçə olduqlarını, ya da tam əksinə, toxluq rəmzi kimi uca bir şahlıq məqamında dayandıqlarını izah etməyə çalışan tapılsa, yəqin təpəsinə dəyən gerçəklik adında güclü, sanballı qapaza görə susmağa məcbur olar... Təbii ki, başqa yanaşmalar da var, sadəcə, çoxları onu görə bilmir. Daha doğrusu, görürlər, ancaq barəsində danışmağa gücləri çatmır, yəni söz tapa bilmirlər. Bu məqamda adam düşünür ki, qoy özləri danışsın, öz hərəkətlərindən, tavırlarından bilinsin haqq nədir, nahaq nə. Həm də gerçəklik adlı o sirli, o güclü qapaz sonda kimin başına dəyməlidir, ağı ağ, qaranı qara yerinə necə qoymalıdır, qoy özü aşkar edib çıxartsın ortaya. Təki, almanın yanağındakı gül rəsmi ona vurğun olan adamın gözləri önündə solmasın, heyranlıqla ağzını ayırıb baxan o aşiq timsallının ağlını çaşdırmasın. Acgözün isə qoy ağzının suyu axsın, amma o almanı dərə bilməsin; eləcə nə baş verdiyini anlamadan kor-peşman çıxıb da getsin...
***
...Məsinin özü belə deyirdi ki, Nuh əyyamından qalma yaşlı bir adam olduğuna görə, həm də törətdiyi ağır cinayət ucbatından, yəqin adı Əzrayılın dəftərindəki siyahıda ilk səhifələrdən birindədir. O, qaçhaqaç, köçhaköç dövründə zati-betərinə gecə-gündüz lənətlər yağdırdığı bu miskin dünyanın məsum bir parçasına - türmənin barmaqlıqları arasından gözünün gördüyü bircə əlçim göy üzünə o vaxt dustaq kimi deyil, qəfəsdə olan yalqız bir quş sayağı büzüşərək küskün-küskün baxırdı. Özü demişkən, artıq içəridə bir kösöv kimi közərib, közərib çoxdan sönmüşdü, haçansa kürünüb çölə atılacağını səbirsizliklə gözləyirdi. Amma türmədə olanda da, çıxandan sonra da bilirdi ki, o dövrü yaşamış insanların yaddaşına həmin günlərin ab-havası qəddarcasına həkk olur. Günü bu gün də yaddaşlarda göydən düşən işıqla yerdən qalxan nalələr o lövhədə bir-birinə dəyib çiliklənir, elə bil dil açıb: "gücün çatırsa, ayaqla məni, keç üstümdən indi, görüm, necə keçirsən..." - deyir. Bilirdi ki, yaddaşları xarabazara çevirmiş o mənzərədəki ülgüc misallı gerçəklərin üstündən keçmək heç cürə mümkün deyil, cəhd eləyəndə adamın ruhu şırım-şırım olur, içi laxta-laxta qanla dolur. Başa düşürdü ki, həmin andıra qalmış illərdə baş verənlərin ağrı-acısı bu gün də o əzabları yaşamış insanların könül viranələrində eşələnir. Saysız-hesabsız günahsız məsumun qana bulaşmış nəşi, cəsədi göz önündən keçdikcə, elə bil onlar indi göy üzündən əllərini uzadıb imdad diləyir, qisas gününün nə vaxt olacağını soruşur. Qoca bütün bunları özlüyündə götür-qoy etsə də, son dərəcə səbirli insan olduğuna görə heç vaxt dilə gətirmirdi. Düşüncəyə dalanda, həmişəki kimi kəhrəba təsbehinin dənələrini bircə-bircə çevirib siqaretini sümürürdü.
Amma bəzi adamlar da var ki, bu cür məsələlərə çox soyuqqanlı yanaşır, ümumiyyətlə bu sayaq dərdi, ələmi yaxına buraxmır. Dəhşətli olan odur ki, hələ də nəfəs aldıqlarına şükürlər edən, baqi ilə fani arasında "ya haqq!" deyə-deyə necə ruhən çırpındıqlarından heç özlərinin belə xəbəri olmayan o "pak-pakizələr" qisasın yalnız qiyamətə qaldığına cani-dildən bel bağlayır, bu minvalla özlərinə təskinlik verirlər. Elələri də var, suyu üfürə-üfürə içir, belələrinə vasvası deyirlər. Bir gün bir cüt barmaq uzanıb o adamların gözlərini qapayanda, "ölüm budurmu, İlahi..." deyib canlarını tapşırdıqlarına sevinməkdənsə, baxırlar, görsünlər o barmaqlara milçək-filan qonmayıb ki? Birdən qonmuş olar, o dünyaya murdarcasına, günah içində gedərlər, haa, cəhənnəm odunda yanarlar birdən...
Təbii, nə qədər soyuqqanlı olsa da, Məsi belələrindən deyildi, tamam başqa bir adam idi. Şəhərin kənar rayonlarından birində, uzun illərdir yarımçıq qalmış beşmərtəbəli bir binanın qarovulçusu işləyirdi. Binanın dörd tərəfdən çəpərlənmiş həyətində bu gün lap ölülər yığışıb çılpaq-çılpaq rəqs eləsəydi belə, onu heyrətə gətirməzdi. O, elə indiki kimi gözlərini qırpmadan, kəhrəba təsbehinin dənələrini çevirərək, siqaretini sümürüb köksünü ötürər, onlara ciddi baxmaz, bəlkə də vecsiz-vecsiz gülümsünərdi. Kim bilir, bəlkə lap çıxarıb başlarına şabaş səpmək də keçərdi ürəyindən. Bir sözlə, xeyli yaşı olsa da o, nəyi necə etməyin, harda necə davranmağın mahir ustasıydı, çünki özü demişkən, cəhənnəmin bacasından keçib gəlmiş birisiydi, dünyanın altını da bilirdi, üstünü də... Çünki on üç il türmə, üstəlik, Qarabağda gedən savaşda gözünün ağı-qarası cavan bir oğul itkisi ona çox şeylər diktə eləmişdi.
Məsi neçə vaxtdır, demək olar ki, hər gün qaçaraq gəlib onun qarovulçu daxmasına sığınan, qonşu uşağının - balaca Elmarın halına acıyır, hər dəfə başını sığalladıqca ürəyi üzülürdü.
- Məsi baba, yenə o gəlmişdi... yenə o...
Bu uşaq ona "baba" deyəndə, halı pis olurdu. Həm də ona görə ki, Qarabağ savaşında şəhid olmuş öz doğmaca balası Məliyin heç bir yadigarı qalmamışdı. Qızı Sənubər isə əri və iki körpəsilə birgə Türkiyədə yaşayırdı. Nəvələrin ikisi də qız uşağıydı. Amma Məsi onların üzünü hələ görməmişdi. Sadəcə, şəkillərinə baxıb yanğılı-yanğılı köksünü ötürmüşdü.
Elmar köçkün balasıydı, bu yarımçıq tikilinin yanında, qeyri-qanuni salınmış yosmaca daxmalardan birində anasıyla birgə yaşayırdı. Qarabağ savaşına gedəndən beş gün sonra atası şəhid olmuşdu. Onda Elmar beş yaşındaymış. Himayədarları olan nənəsi də bu yaxınlarda dünyasını dəyişmişdi. Bu uşaq mehrini Məsiyə necə salmışdısa, yanından əl çəkmir, yaşına uyğun omayan tərzdə hər şeyi ancaq ona danışırdı. Sərt, bir qədər də qaradinməz olan Məsinin də elə bil könlünün quşu qonmuşdu bu uşağa. Bu balacanı çox istəyirdi, dediklərini axıracan dinləyir, başını sığallayıb ürək-dirək verirdi.
- Məsi baba, yenə gəlmişdi o... Gəlmişdi yenə...
Bu uşağın "o" dediyi kim idi bəs?
Hə, məsələ qəliz idi...
"O"nun uzun illərdi ki, yarımçıq qalmış bu tikintinin kol-kos basmış həyətində - qarovulxananın yaxınlığında divarın dibinə uzadılmış Marksın, Leninin, bir də ki, arxası üstə sərili qalmış, süngülü tüfəngi indi göy üzünə tuşlanmış qızıl ordu əsgərinin heykəlinə heç bir aidiyyəti yox idi. Amma hər dəfə bu uşaq "o..." deyəndə, Məsi daxmanın kiçik pəncərəsindən həmin heykəllərə sarı boylanıb, təsbehini bir az da bərk şaqqıldadır, siqaretini bir az da möhkəm sümürüb fikrə gedirdi... Uşağa bircə kəlmə onu deyirdi ki, "darıxma..."
...Həmin ilin ilanmələyən yayı bezdirmişdi hamını. Məsi istinin, bürkünün əlindən qarovulxanada gecə də yata bilmirdi, çırpına-çırpına qalır, yerindəcə eşələnir, üzülüb əldən düşürdü. İsti olmağına baxmayaraq, əlinə içki düşən kimi bir az vurub, çıxıb həyətdəki heykəllərlə danışırdı. Daha doğrusu, sualı da özü verirdi, cavabı da... Həyətin bir küncündə, ot-əncərin arasında arxası üstə sərələnib qalmış heykəllərin - gah qızıl əsgərin, gah Marksın, gah da Leninin sinəsi üstündə oturub siqaretini tüstülədirdi. Axırda da elə bil, ayılırdı, "tfu!" eləyib qalxırdı ayağa. "Kişiliyiniz çatmadı!.. Yaman günə qoyduz camaatı!.. Elə biri mən... Sizin ucbatınızdan oğulsuz qaldım ee, oğulsuz!.. Guya davaların, qırğınların səbəbkarı siz mütrüflər deyilsiz?" - deyirdi. Ən azından fikirləşib, fikirləşib, çənəsini ovuşdurur, hirsini-hikkəsini boşaldır, ardınca da acıqlı-acıqlı püskürürdü: "Heç nə demirəm, bax, belə götürək dəə, lap elə o uşaqdan - Elmar balamızdan danışaq, qaraçuxası ondan niyə üz döndərməliydi? Baxtı-taleyi niyə belə olmalıydı axı, niyə? Hə?.. Keçək içimi yara eləyən başqa məsələlərə: mən türmə görmüşəm ee, a kişilər, türmə! Sir-sifətinə peşab olunan, zornan sidik içirdilən adamlar görmüşəm. Hələ başlarına açılan başqa oyunları demirəm... Axı niyə? Axı niyə mən türmədən çıxanacan arvadım Gülarə ölməliydi? Ona görə ki, onun nəfəsindən gələn qoxunun tayı-bərabəri yoxuydu yer üzündə? Ona görə ki, mən gəlib o qoxunu bu çürümüş ciyərlərimə çəkib təzədən bəxtəvər olacaqdım? Olmazdımı ki, qara toyuqla ağ toyuğu qırmızı xoruzun həndəvərində bəxtəvərcəsinə dənlənən görüb də "off... həyat gözəldir!.." - deyəydim? Olmazdımı ki, bacımla əlli oyundan çıxan o dəyyusun - gorbagor Müseyibin əməlindən xəbər tutunca onu öldürməyəydim? Axı nə biləydim ki, bacım məhkəmədə üzümə duracaq!.. Günahkar mən olacam axırda, ay Marks, ay Lenin! Ay düdüklər!!! Türmə çəkdim ee, türmə! And içmişdim, çıxan kimi bacımı - Mehparəni öldürəcəm... Amma alınmadı. Mən çıxanacan özü zəhər içib özünü oyanlıq elədi... Guya xəbəriniz yoxdu?.. Hamınız indi dalı üstə uzanıb donuq bəbəklərinizi göyə zilləmisiz. Orda nə yazılıb, hə? Deyin də... nə yazılıb? Kefli İsgəndər üstəgəl Makedoniyalı İsgəndər, onun da üstünə gəl Əlisgəndər Nevskidi, nədi, o düdük?.. Cavabı mənim taleyim eləyir? Ayıb deyil?.. Ona görə mən indi ayaqyolu yerinə sizin başınızı islatmalıyam həmişə? Özü də düz elədiyimə şübhəm yoxdu haa!. Barı, bu gününüzü düşünəydiniz gərək, düzgün qayda-qanun yaradaydınız gərək... Yaradaydınız ki, məni nahaqdan tutub içəri qoymayaydılar, həm də mənim kimi minlərlə, milyonlarla qaraçuxası yatmış bədbəxti məhv etməyəydilər... A biqeyrətlər, anlayırsınız dediklərimi?.. Hələ qoy gedim bir yüz qram da vurum, görün başınıza nə oyun açacam!.."
Sonra da ögüyüb qusurdu. Özü də bilə-bilə qusurdu...
Deməli, məsələ beləydi ki, Elmarın anası Xatirə vaxtilə zorla ərə verilən bədbəxtin biriydi. Yazılmamış qanunlar çərçivəsində öz taleyi özgələrin əliylə cızılmışdı. Əri Qarabağ savaşında, qayınanası isə burda öləndən sonra taleyin hökmü dəyişmişdi. Orta məktəbdə bir sinifdə oxuduğu, hamıdan gizli ona çoxlu sevgi məktubları yazan uşaqlıq dostu Muxtar gəlib bu dul gəlini tapmışdı. Yaşı az da olsa, uşaq da olsa, Elmar onların görüşməsini həzm edə bilmirdi. Muxtar hər dəfə bu dar, birotaqlı mənzilə sevgilisilə gecələməkdən ötrü gələndə, Xatirə Elmarın yerini mətbəxdə salırdı. Elə bil, onun lap körpəlikdən qıcolma, ürəkkeçmə xəstəliyi olduğunu unudurdu. Düzdür, həmişə olmasa da, arabir bu uşaq özündən gedirdi. Anası isə onu heç bir dava-dərmanla deyil, nənəsindənqalma bir üsulla özünə gətirirdi: qaşığı odda qızdırıb toxundururdu yanağına, uşaq diksinib ayılırdı...
Elmar: "o yenə gəlmişdi..." deyəndə, Muxtarı nəzərdə tuturdu. Bu ifadə hər dəfə Məsini haldan-təbdən çıxarırdı, amma neyləyəcəyini bilmirdi. Hərdən qorxurdu ki, mehrini doğmaca bir nəvəsi kimi sidq-ürəkdən saldığı bu uşağa görə qəfil beyni çönər, gedib tanımadığı o adamı vurub oyanlıq eləyər. Siqaretini sümürüb, təsbehini şaqqıldada-şaqqıldada ona qısaca, lap bircə kəlməylə ürək-dirək verirdi: "Darıxma..."
Amma "darıxma..."nın da bir qədər-qəsəmi olmalıdır. Müəyyən bir məqamacan belə demək mümkündür, sonrasından isə qan iyi gəlir. Hər halda, Məsi belə düşünürdü. Oturub fikirləşirdi: orta məktəbdə tarixdən həmişə beş alırdısa, sonra bəs niyə oxumadı, niyə təhsil almadı? Ali savad almaq cəhənnəmə, niyə orta məktəbin özünü belə yarımçıq qoydu? Bəs görəsən, sonralar birdən-birə niyə belə bir həyata düçar oldu? - amma heyif ki, bu sualların heç birinə cavab tapa bilmirdi. Əslində, bilirdi... Onu bilirdi ki, həyatda nə qədər dolanbaclarda azmışsa, günahkar ancaq özü olmuşdur, ancaq özü!...
***
...Gözqamaşdıran bir işığa bürünmüş əllər görünürdü gözünə. O bir cüt əlin açılmış ovcunda üstünə gözəl, zərif, az qala adama "gəl-gəl" deyən gül rəsmi cızılmış bir alma vardı. Həmin almanı səssiz-səmirsiz ona sarı uzadıb, elə bil, nəyisə gözləyirdilər. Hə, işıqla qaranlığın qovuşuğunda görünən ancaq o bir cüt əl, bir də həmin sirli-sehrli alma idi... Qalan heç nə gözə görünmürdü. Neyləsin? Götürsünmü o almanı, ya yox? - bilmirdi. Çimhaçim tərin içindəydi. Heç nə eşidilmirdi. Təkcə almanın bihuşdar kimi ağılı başdan alan qoxusunu acgözlüklə çəkirdi ciyərlərinə... Bir kəlmə də olsun nə söz deyə bilirdi, nə söhbət edirdi...
Pəncərənin o üzündə heykəllərin donuq sifəti ay işığına bürünmüşdü. Hər biri səsini içinə çəkib elə bil oxuyan cırcıramaya qulaq asırdı.
Gözünü açınca ilk dediyi sözlər bunlar oldu: "Lənət sənə, kor şeytan!.." Ardınca da taxta çarpayıdan dikələn kimi əlini siqaretə uzatdı.
Həyətə düşüb Leninin sinəsinə çökdü. Siqaretini tüstülədə-tüstülədə beynində götür-qoy eləməyə başladı: "Yaxşı, deyək ki, almanı başa düşdük, bəs üstündəki o gül rəsmi nə idi? Ancaq gərək götürəydim ee... nə olacaqdı, olacaqdı daa... dünya dağılmayacaqdı ki... " Bir qədər key kimi dayandı amma yuxusuyla bağlı bütün əhvalını qarışdırmış düşüncələrindən qurtula bilmədi: "o almanı mənə uzadan kimin əlləriydi bəs?"
Qırmızı yanağında gül rəsmi cızılmış o sirli-sehrli alma, o bir cüt əl o gün Məsinin yadından heç cürə çıxmadı. Neçə yol özünə: "gic-gic şeylər başımı tamam xarab eləyib haa... yuxudu daa..." deyib hər şeyi unutmaq istəsə də, qapıldığı ovqatdan qurtula bilmədi. Niyə belə olduğunu özü də anlamırdı heç.
Həmin gün Elmar da gəlmədi.
Axşam düşən kimi həyətə endi, Qızıl ordu əsgərinin sinəsində oturub bir siqaret yandırdı. Darıxdı. Hiss elədi ki, acından ürəyi sıyrılır. Qarovulxanaya qayıdıb köhnə dolabdan kolbasa-çörək götürdü, küncdə yarım butulka araq olduğunu gördü, yadına düşdü ki, çoxdankıdır, sadəcə unudub. Gülümsündü. İçəridə hava boğanaq olduğuna görə, şam süfrəsini həyətdəki taxta yeşiyin üstündə açdı. Birinci yüzü vurandan sonra kolbasadan bir tikə ağzına qoyub, gözlərini qıydı, aram-aram çeynəyə-çeynəyə yenə fikrə getdi: "Heç o qırmızılığında alma olar? Heç alma üstünə də gül rəsmi cızarlar? Özü də o gözəllikdə... həm də elə-belə rəsm yox ee, - möcüzə! Lap möcüzədən də o yana!.."
Bu vaxt ağır, xırıltılı, adamın sümüyünə işləyən, vahiməli bir gülüş eşidildi: "ha-ha-ha!.." Məsi stəkana araq süzdüyü yerdə bu səsdən diksindi. Ətrafda heç kim yox idi. Sinəsində oturduğu Qızıl əsgər də, bir az aralıda uzanmış Lenin də qaşqabaqlıydı, amma deyəsən, Marksın dodağı qaçmışdı...
Məsi gözünü qurumuş qanqalların arasında arxası üstə uzanıb qalmış Marksın büstünə zillədi, doğrudan da, dodağı qaçmışdı. O da qımışdı: "Ay köhnə oğrubaşı!... Ay köhnə fırıldaq!... Nəyə gülürsən? Mənim halıma?.. Məni bu günə qoyan da siz, indi baxıb gülən də..."
Məsi ikinci yüz qramı başına çəkmək istəyirdi ki, həmin tükürpədici gülüş səsi yenidən eşidildi: "ha-ha ha!.."
Stəkanı yerə qoydu. Ağır, səbirli, çoxbilmiş Məsinin canından qəribə bir gizilti keçdi, başladı titrəməyə... Amma gözucu baxıb gördü ki, Marksın dodağı qaçıb eləməyib. Sadəcə, təzəcə doğmuş on dörd günlük Ayın işığı qurumuş bir qanqal yarpağının kölgəsini onun dodağına necə salıbsa, adama elə gəlir ki, dodaq qaçıb, Marks gülümsəyir, özü də acı-acı, yəni tikanlı-tikanlı.
Özünü ələ alıb Məsi də gülümsədi: "Ay qırışmal!.."
Arağı başına çəkib yavaş-yavaş kolbasadan gəvələdi. Sinəsində oturduğu, arxası üstə uzanmış Qızıl ordu əsgərinin, sanki göy üzünü nişan alan, yuxarı dikəlmiş tüfənginə söykənib gözlərini qıydı, mürgülədi.
***
...Qollarını qandallamışdılar. Kürəyinə dirənmiş süngü az qalırdı deşib ürəyinə keçə. Ağır-ağır, sözləri astadan söyləyə-söyləyə üzünü heykəllərə tutdu:
- Elə bilirsiz, sizin qarşınızdakı aciz kişidi? Hördüyünüz hörgüdən çıxa bilməyəcək? Ay-hay! Onu yazda görərsiniz, qırışmallar!
Heykəllər çox idi, topayla durmuşdular. Yox idisə, on-on beş Lenin, bir o qədər də Marks vardı. Hələ hardansa Stalinin bığıburma heykəlləri də peyda olmuşdu, özü də bir neçəsi. Məsinin həndəvərində var-gəl edirdilər, hamısının da üzündən zəhirmar tökülürdü.
Hə, qollarını qandallamışdılar. Dörd tərəfində də əli tüfəngli qızıl ordu əsgərlərinin heykəlləri keşik çəkirdi.
- Qurtarın məşvərətinizi! Qarşınızdakı uşaq-muşaq deyil! Zülümə də hazıram, ölümə də! Amma kişi olun, düz qərar verin ki, söyülməyəsiz!..
Bu zaman heykəllər tərpənişdi, öz aralarında nə pıçıldaşdılarsa, heç nə anlaşılmadı. Qəfildən araya ağır bir sükut çökdü, heykəllər kənara çəkildi, kiməsə yol verdilər. Bu gələn kim olsa yaxşıdır? - üzünə gur işıq düşdüyündən tanınmayan, Elmar yaşlarında bir uşaq. Bəlkə elə Elmardı? - işıq qoymurdu ayırd etməyə. Əllərini irəli uzadıb ovuclarını qoşalamışdı. Ovcunda nə olsa yaxşıdır? - alma! Əlbəttə, həmin alma! Üstündə o ecazkar gül rəsmi cızılmış qızıl alma!..
Məsi ixtiyarsız dizləri üstə çökdü. Qandallı qollarını irəli uzatdı. Qızıl ordu əsgərləri qarşısını kəsdi, ona aman vermədilər ki, nəsə etsin. Onun bu halına heykəllər, ağır-ağır, həm də acı-acı gülüşdü...
...Kimsə asta-asta üzünü sığallayırdı. "Baba!.. Baba!.." - deyib hönkürürdü.
Məsi gözlərini açıb özünü qızıl ordu əsgərinin həyətdə qurumuş qanqalların arasında arxası üstə yıxılıb üzü göylərə qalmış heykəlinin sinəsindən aşaraq yerə yuvarlanmış halda gördü. Yanında dizləri üstə düşüb onu yüngül-yüngül sığallayan isə Elmar idi...
Qocanın gözləri açılınca Elmar sevindi:
- Baba, bir az da gec ayılsaydın... bax, qaşıq cibimdəydi, qızdırıb üzünə dağ basacaqdım...
Məsi kövrəldi, amma özünü o yerə qoymadı:
- Gedək bala, gedək içəri.
- Yox, baba... Evimizə qayıdıram. Bayaqdan burdaydım. Gecdi, qorxuram anam axtarar...
- O, gəlmişdi?
- Hə... Yəqin gedib indi...
Araya sükut çökdü. Məsi Elmarın başını sığalladı, həmişəki kimi "Darıxma..." - dedi.
- Yox, darıxmıram. Qəşəng şəkillər çəkmişəm, baba. Gətirib göstərəcəm sənə. Çox qəşəngdi, çox...
Qoca gülümsədi. Uşağın başını sığalladı.
- Gətirərsən. Baxacam, bala, hökmən baxacam.
Onu rəsm çəkməyə elə Məsi ruhlandırmışdı. Çünki Elmar xəstəliyinə görə məktəbə getmirdi. Məsi latın hərflərini bilmədiyinə görə, ona kiril əlifbasını öyrətmişdi. Lap ilk gündən bu uşağın qabiliyyətli olmasını sezmişdi; "kimsəsiz uşaqdı, qoy öyrənsin, gələcəkdə gərəyi olar" demişdi. Çəkdiyi rəsmlərə isə söz ola bilməzdi. Əsil uşaq aləminə aid şeylər çəkirdi. Məsi isə rəsmlərinə həmişə baxıb sevinir, onu tərifləyirdi. Niyə? Axı o, rəssamın nə olduğunu bilirdi. Vaxtilə öz atası da rayon kino-teatrında afişa yazan, filmlərə eskiz çəkən rəssam işləmişdi.
Elmar getdi. Gedərəkdə Məsi onun əlində yarıyacan yeyilmiş bir alma olduğunu gördü. Uşaq almasından dişləyib yoluna davam elədi. Almanı görən Məsinin vücudu yenidən gizildədi. Qurumuş qanqallığın arasında arxası üstə sərilib qalmış heykəllərə qanrılıb bir də baxdı, köksünü ötürüb, yenə "lənət sənə, kor şeytan!" pıçıldadı, ardınca da bir siqaret yandırdı. "Bu qədər ömür sürəsən, adam öldürüb türmələrdə can çürüdəsən, dünyanın altını-üstünü ələk-fələk eləməyə gücün olduğuna inanasan, amma bir-iki dəqiqəlik yuxunun əlində giriftar olub qalasan... Tfu, belə işin içinə!.." - ağlından keçən bu fikirlər onu girinc-giriftar etsə də, əlini yellədi, "cəhənnəm olsun hər şey, cəhənnəm olsun!.." dedi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!