Qısa hekayələr - Təranə Vahid

Sarı ovqat

 

...Payız kəndin üstündən keçib sapsarı məktublar göndərdi adamlara. Məktubların içində iç-içə bir əlçim külək, bir ovuc yağış, bir çimdik qüssə, bir az xatirə, bir qatar durna və bir də... sapsarı yarpağın üstündə solğun xətlə alt-alta yazılmış sətirlər vardı...

Telli arvad məktubu açan kimi külək havalandı, durnalar uçdu, yağış başladı... Qarı qorxa-qorxa məktubun içindəkiləri oxudu, rəngi qaçdı, ömür boğçasını açıb o ki var ağladı. Sonra ürəyi soyusun deyə, yupyumru göz yaşlarını ovcuna yığıb qoynuna tökdü. Handan-hana ayağa durub üstünün qaramatını çırpdı, həyətə çıxdı. Titrək barmaqlarıyla damcılar süzülən nar ağacından üç qıpqırmızı nar dərib ətəyinin küncündə evə gətirdi. Narları pəncərənin ağzına qoyub Payızın könlünü almaq istədi. Alınmadı... Payızın göndərdiyi məktubda alt-alta bu sözlər yazılmışdı:

Bu gecə qapının cəftəsini bağlama!

Bu gecə qapının cəftəsini bağlama!!

Bu gecə qapının cəftəsini bağlama!!!

 

II hissə

 

...Qapının cəftəsini bağlamadı Telli arvad. Ev-eşiyə əl gəzdirib yerə xalı döşədi. Qab-qacağı üst-üstə çinlədi ki, sabah qara xəbər kəndi ev-ev gəzib-dolaşanda qonşular əl-ayağa düşməsin. Qara gün üçün təqaüdündən oğurlayıb daldaladığı pulları sonuncu dəfə sayıb göz qabağındakı boş qəndqabına qoydu ki, hər kəs görsün. Beş il qabaq dükançı Səlimdən aldığı kəfəni, pambıq dəsmalı, öz barmaqları ilə didib oxşaya-oxşaya hazırladığı pambıq döşəyi, lazım olan hər şeyi üst-üstə yığıb hazır saxladı.

Sonra yuyunub-darandı, qüsullandı, qapının cəftəsini açıq qoyub son yuxusunu görmək üçün sonuncu dəfə uzanıb yatdı...

 

III hissə

 

...Səhər xoruzlar səs-səsə verib banlayanda Telli arvad diksinib oyandı. Olanlara mat qaldı. Barmaqları titrəyə-titrəyə stolun üstündəki lampanı yandırıb dünənki məktubu höccələyə-höccələyə yuxarıdan-aşağı, aşağıdan-yuxarı təkrar-təkrar gözdən keçirdi. Telli arvad gözünə yox, həm də qulağına inanmaq üçün məktubdakıları ucadan oxudu:

Məktubda yazılmışdı: Bağışlayın, məktub ünvanına düzgün çatdırılmayıb. Sizə çatacaq məktubu oxuyun.

Qapının cəftəsini bağlayın!

Evinizi isti saxlayın!

Adınız uzunömürlülər siyahısındadı, özünüzə yaxşı baxın!!!

 

IV hissə

 

...Telli arvad bu dəfə dünənkindən betər ağladı. Öz halına yox ha, o ünvandakının halına. "Görən, onun da adı Tellidi? Görən, o da mənim kimi?.."

Sualına kimsə cavab vermədi. Telli arvad yuxarı baxıb, "Biz kimik ki, hər şey Onun əlindədir", - pıçıldadı. Təskinlik tapıb, ayağa qalxdı. Tələsik pulu qoynundan çıxardı , "ehtiyacbank"da - torbadakı düyünün içində gizlətdi, qab-qacağı öz yerinə düzdü, xalçanı büküb küncə itələdi.

Həyətə çıxıb ölümdən qayıdan adam kimi doyunca, uzun-uzadı dünyaya baxdı! Dodağının ucunda "Adam da bu gözəllikdə dünyanı qoyuf ölərmi", - dedi.

Sonra toyuqlara dən vermək üçün qısqıvraq yerişlə hinə tərəf getdi...

 

V hissə

 

...Lütfən, hər yazılana inanmayın!

 

Sevginin şəkli

 

Qırx ilin rəssamı ömründə ilk dəfə qəribə sifariş aldı. Müştəri ondan sevginin şəklini istəyirdi. Rəssam saatlarla fikirləşdi, günlərlə düşündü, rəngdən-rəngə düşdü, əlindən gələni etdi. Vaxt-vədə yetişəndə tablonu ehtiyatla büküb sahibinə göndərdi.

Sifarişçi bağlamanı aldı. Həyəcanla, barmaqları titrəyə-titrəyə açdı və heyrətdən donub qaldı. Fırça toxunmamış ağ kətan sevginin şəkli idi...

 

Təbəssüm

 

Həyat onu sıxdıqca üzündəki təbəssüm bir az da artırdı. Dərdləri çoxaldıqca qəhqəhələri bir az da şəffaflaşırdı, ac-yalavac qaldıqca bir az da səxavətlənirdi, ətrafındakılar bacardığı pisliyi ona etdikcə, mərhəməti bir az da qol-budaq atırdı. İnsanın mələyə çevrilməsi Tanrını təəccübləndirdi. Dünya yaranandan bu, şeytanın ilk məğlubiyyəti idi...

            

Uçan dünya

 

Ovcundakı dünya qəfildən titrədi. Uşaq yumruğunu qulağına yaxınlaşdırdı.

Ovcundakı vızıldayıb dedi:

- Bilirsən, mən kiməm?

- Kimsən? - uşaq sadəlövhcəsinə soruşdu.

- Mən dünyanın özüyəm.

Uşağı maraq bürüdü. Dünyanı görmək üçün ovcunu açdı. Qırmızı xallı qara parabüzən havaya qalxdı.

Uşaq uçan dünyanın arxasınca baxıb ağladı...

           

Son

 

Hər dəfə bu nöqtəyə gəlib çatanda qəribə hisslər keçirirdi. Sonra nə olacaq, sonranın sonrası necə olacaq? Bir düyün sualın əlində mağmın qalırdı.

Bir dəfə nədənsə qəribə hiss-zad keçirmədi. Sondan sonsuzluğa keçdi. Sən demə, son o qədər də qorxulu deyilmiş.

 

Həqiqətlə yalan haqqında ən gerçək nağıl

           

Biri vardı, biri yoxdu. Bu dünyada Həqiqət, Yalan, bir də adamlar vardı. Bir dəfə Yalan gözləri parıldaya-parıldaya hamını inandırdı ki, Həqiqət elə mənəm. Həqiqət bunu eşidəndə utandığından qulağına kimi qızardı. Adamlar onu Yalan bilib dar ağacından asdı...

 

İki şəkil

 

Bazarın küncünə sığınmış qarı həmişəki yerində oturub köhnə parçaya bükülmüş şəkli çox ehtiyatla, ədəb-ərkanla açıb əntiq mal kimi piştaxtanın üstünə qoydu. Şəkildəki qızın təbəssümü bir anda ətrafı işıqlandırdı. Qarının da kefi açıldı. Bütün gün ötüb-keçənlər şəkildəki qıza, qarı da adamlara baxdı.

Belə-belə, çox günlər keçdi. Hamı şəkli görüb ayaq saxladı, gülümsədi və keçib getdi... Bir axşam qarı şəkli qoltuğuna vurub bazardan çıxdı. Başa düşdü ki, özü qocaldığı kimi şəkli də keçmişdə qalıb, day heç kimə gərək deyil. Sadəcə, buna inanmağı gəlmirdi...

 

Səs

 

Qırx yaş hara, sevgi hara? Utandı, özü də bərk utandı sevgisindən. Düşündü ki, qırx yaş peyğəmbər yaşıdı. Onu da bilirdi ki, daha Yer üzünə peyğəmbər gəlməyəcək.

Göylər titrədi, yaxından, çox yaxından ilahi bir səs gəldi:

- Sevmək elə peyğəmbərlikdi...

 

...Yol...

 

Buğdadan zəhləsi gedirdi. Ona elə gəlirdi ki, insan bir ovuc buğdanın günahına batıb. Nə illah eləyirsə, o günahdan yaxa qurtara bilmir ki, bilmir.

Zəmilərdəki sünbülə də birtəhər baxırdı. Dəniz kimi dalğalanan zəmi ona ölümü və gözəlliyi xatırladırdı.

Heç dəyirmanı da xoşlamırdı. Dünya kimi əlinə keçəni əzirdi, sındırırdı, üyüdürdü...

Ələyi heç sevmirdi. Ələk öz gözündən yalnız xırdaları keçirirdi.

Elə bu fikirlərlə ötüb keçirdi ki, burnuna yenicə bişmiş çörəyin ətri dəydi. Qoxunu axtara-axtara gəlib təndir üstə çıxdı...

 

Gözlə məni...

 

Bacarsan, gözlə məni - dəli küləklər qara buludları başımızın üstündən qovanacan.

Bacarsan, gözlə məni -ağ yağış yağıb ruhumuzu yuyanacan.

Bacarsan, gözlə məni - ilk görüş yerini unudanacan, bacarsan, gözlə məni - "ayrılıq bitdi" deyənəcən...

Bacarmasan, gözləmə məni. Gəldiyimiz yolun ipini kəs. Qoy bizdən canı qurtarsın o yolun. Yolunu təzədən başla, gözün qorxmasın, hər yağan qar olmur ki... O yolda daş-kəsək ayağını kəsməyəcək, o yolda vaxtsız-vədəsiz küləklər əsməyəcək. O yolda hər şey ürəyincə olacaq. Ancaq həyatında xəfif bir külək kimi nəsə, nəsə çatışmayacaq...

Bacarmasan, gözlə məni...

 

Dəniz və ürək

 

- Sən bilirsən, dəniz nəyə oxşayır?

- Nəyə?

- Ürəyə.

- Niyə?

- Bütün gün çırpınır.

- Amma eşitmişəm ki, dənizin ürəyi olmur.

- Doğrudan?

- Vallah. Amma göylərin ürəyi var. Göy guruldayanda, şimşək çaxanda bilirsən, nə olur?

- Nə olur?

- Göylərin bağrı çatlayır, od tutub yanır. Bizim dilnən desək, göylər infarkt keçirir. O çatdan ağ qan tökülür. Biz ona yağış deyirik.

- Deyirsən, yəni dənizin də ürəyi olur? İnanmıram...

- Öz işindi. Ürəyi yoxdursa, bəs bütün gün niyə çırpınır? Heç özünə bu sualı vermisən?

- Yox.

- Çırpınır. Gör içində nə qədər canlı var. Hər canlı bir ürəkdi, hər döyüntü bir çırpıntıdı.

- Dediklərin ağlabatan olsa da, ürək məsələsində bir az şübhəliyəm. Əgər dənizin ürəyi varsa, gərək kardioqramını çıxarsınlar.

- Bax da...

 

Səma çiçəyi

 

Ona heç kim, heç vaxt çiçək bağışlamamışdı. Bircə dəfə dünyaya gələsən, bir çiçəklə adını anmayalar. Fikirləşdikcə ağlı başından çıxırdı.

İllər keçdikcə dünyadan, adamlardan, elə özündən də bezirdi. Bir axşam bostandan qopardığı günəbaxanı qoltuğuna vurub həyətdəki kötüyün üstündə oturub yerini rahatladı. Günəbaxanı dizlərinin üstünə qoyub bir xeyli çırtladı. Bir anlıq əlini saxladı. Hər yan səssiz idi. Arabir cırcıramaların gülüşməsi, bir də su içən ağacların qurultusu eşidilirdi. Başını qaldırıb göylərə baxdı. Bu gecə səma başdan-başa qırmızı çiçək açmışdı. Gördüyü gözəllik onu həyəcanlandırdı. Boş qəlbinə haradansa bir ovuc sevinc doldu. Gülümsədi. Hiss etdi ki, çiyninə nəsə qondu. Qorxa-qorxa qanrılıb baxdı. Səma çiçəyindən biri saplağından üzülüb onun çiyninə qonmuşdu. O an, o an anladı ki, dünyadakı bütün qadınlara çiçək bağışlanılır. Mütləq bağışlanılır. Kiminə torpaqdan, kiminə səmadan dərilmiş çiçək...

 

Yük atı

 

Elə bil gözünü qan örtmüşdü. Meşədə doğradığı odunları bir ucdan ata yükləyirdi. Qoca yabı arabir dönüb tərs-tərs sahibinə baxsa da, xeyri olmadı. Sahibinin əlacı olsaydı, meşəni bütövlükdə bu zavallı heyvanın belinə yükləyərdi.

Qoca yabı tamah dişi uzandıqca-uzanan sahibinin əmrinə itaət edib yerindən qımıldandı. Eh, ayğır vaxtlarında bu yükü yük saymazdı. İndi kindirini qocalıq kəsmişdi, yüklərin hamısı ona ağırlıq edirdi.

Bu yol onları dərəyəcən aparırdı, sonra qaratikanlı yoxuş başlayırdı.

Sahibi buğda yeyib fınxıran at kimi onu hey dəhmərləyirdi. Canını dişinə tutub dərəyəcən endi, yoxuşu qalxanda dirəndi. Şallaq zərbələri od kimi bədənini yandırsa da, xeyri olmadı. Elə bil dörd ayağı yerə yapışıb, torpağa kök atdı.

Axırda sahibi söyə-söyə atın yükünü boşaltdı.

Çər dəymiş! Gərək çoxdan rədd eləyəydim səni. Məni yarı yolda qoymağına bax!!! - deyib ata bir-iki karlı təpik ilişdirdi.

At yenə tərpənmədi. Bu, sahibini təəccübləndirdi. Bir-iki addım irəli yeridi. At başını yerəcən sallamışdı. Elə bil nəfəs almırdı. Sahibi şallağı qaldıranda at böyrü üstə yerə sərildi...

Sonralar bu əhvalatı kəndin çayxanasında domino oynaya-oynya baytara danışanda, mal doxturu əl saxlayıb kədərlə dilləndi:

- Atın ürəyi partlayanda belə ölür. Gərək qədərindən artıq yükləməyəsən. Bu, insanlara da aiddir...

 

 Ovcundakı güzgü

 

Ovcundakı qabara güzəranının güzgüsü kimi baxırdı. Qabarlar böyüyəndə, düyünlənəndə güzəranı bir balaca yaxşılaşır, qabarlar soluxanda həyatı da soluxurdu.

Hərdən ovcundakı güzgüdən özünə suallar verirdi: Ey, dəmbələngöz, bəsdi qaçdın, bəsdi yüyürdün. Ömrün bitib, amma eyni nöqtədə fırlanırsan. Ovcundakı qabar itsə, nə olacaq? Bu sualı verəndə dili-dodağı əsirdi, karıxırdı, üşüyürdü. Ovcundakı güzgüdə günəş gülümsəmir, dünya çiçəkləmir, quşlar civildəşmirdi. Ovcundakı güzgüdə ağ buludlar su daşıyırdı gözlərinə.

Ovcundakı güzgü ona ümidli heç nə vəd etmir, yalandan aldatmır, gözünü yolda qoymurdu. Bircə gecələr daşa dönmüş əllərini başının altına qoyanda, ovcundakı qabarlar ürək kimi döyünür, mələklər qabarlı əllərinə sığal çəkir, o da dünyanın ən şirin yuxusunu görürdü.

Səhərlərsə əlindəki qabarlar zəng çalıb onu oyadır, ovcunun güzgüsündə yeni gün başlayırdı...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!