Qulu Məhərrəmli - 70: Ustad - Hafiz Ataxanlı

Köksünün altı yüksək ideallar və mənəvi dəyərlərlə genişlənən aydınların tərcümeyi-halı üçün statistik göstəricilər cılız görünür. Onların ömürlüyünü daha çox milli məfkurə yolunda saçdıqları işığın radiusu, təfəkkür mücadiləsinə verdikləri töhfə və hər daim ruhlarını diri tutan istiqlal təşnəsi səciyyələndirir, bir də əqidədaşlarının epitetləri. Öz fəzası olan kamil şəxsiyyət, əqidəli jurnalist, millətimizin sərvəti, elmdə yeni istiqamət açmış alim, xalqın adamı, mənəvi missiya daşıyıcısı, Azərbaycan efirinin demokratik siması, dar günün dayağı, gələcəyin adamı, ətalət buzunu qıran ziyalı, ekranın incəliklərini bilən peşəkar, milli köklərə bağlı şəxsiyyət, Zərdabinin arzuladığı Azərbaycan jurnalisti, mənəvi zənginlik və ləyaqət rəmzi, jurnalistika üzrə ölkədə ilk elmlər doktoru - bu təyinlərin hər biri ayrı-ayrılıqda qənimət sayılan şəxsiyyətlərin Qulu Məhərrəmli haqqında düşündüklərindəndir. Əslində bənzətmələr çoxdur, hamısını xatırlatmaqsa mümkünsüzdür.

Təbii ki, Ustad tərcümeyi-halı həm də ərsəyə gətirdiyi elmi-pedaqoji əsərlər, nəzəri-konseptual fikirlər, dərsliklər, metodiki vəsaitlər, yetişdirdiyi tələbələrin uğurlarıdır.

Və bu yerdə, görünür, sözümüzə qüvvət üçün dəyərli diplomat Ramiz Abutalıbovun yazdıqlarına istinadsız keçinə bilməyəcəyik:

"Adının qarşısında təmtəraqlı sözlər, təşbehlər yazmağa, elmi dərəcələrini, titullarını sadalamağa ehtiyac yoxdur. Qulu Məhərrəmli demək kifayətdir ki, onun obrazı və kimliyi bütövlükdə göz önündə canlansın, titulları isə bu adın kölgəsində qalsın".

 

"Gül güldanda gözəldir"

 

Rəhmətlik Tofiq Rüstəmovun sevimli tələbəsi Qulu Məhərrəmli 1978-ci ildə, yəni hələ sovet ideologiyasının bütün sahələrdə, o cümlədən, jurnalistikanın nəzəri əsaslarında hökmranlığı dövründə təyinatla Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə göndərildi.

İlk reportajlarından hadisələrə fərqli baxışı, şablondan kənar yazı manerası, quru, rəsmi xəbərə xalq dilinin poetikasını qədərincə qatmaq bacarığı, bir-iki dəqiqəlik videosüjetdə bitkin dramaturgiya komponentlərinin yükünü çəkmək ustalığı, içindəki işığı, milli təəssübkeşlik duyğusunu qələminə bələmək səxavəti dərhal onu fərqləndirdi, həmkarlarından, həmyaşıdlarından üstün etdi.

Bu üstünlüyün ali təminatçısı isə ilk növbədə cəsarət idi.

Qulu Məhərrəmlinin ilk reportajlarından olan "Gül güldanda gözəldir" videosüjeti haqqında uzun müddət danışılırdı.

İdraka güvənən təhlilləri, yalan və qərəz anlayışlarına müharibə elan etməsi, sözün dəyərinə ehtiramı, analitik təfəkkür tərzi, peşə etikasına sadiqliyi qısa müddətdə diqqət çəkdi. Tanındı, sevildi, xalqın özünə simsar bildiyi, yalanın şirinini yox, həqiqətin acısını söyləyən reportyora, siyasi icmalçıya çevrildi. Ən çətin situasiyalarda təmkinini itirmədi, çəkinmədi, sənət meyarını itirmədi.

 

Düşünmək üçün informasiya

 

1982-ci ildə "Azərbaycan dünya meridianlarında" proqramına görə Moskvadan Azərbaycan televiziyasına xüsusi komissiya göndərilir. Qulu Məhərrəmlinin proqramı siyasi süzgəcdən keçirildikdən sonra "bu verilişdən müstəqillik iyi gəlir" ittihamı ilə veriliş bağlanır.

 

İşığa doğru

 

Qulu Məhərrəmli daşlaşmış qəlibləri dağıtmaqla, siyasi materiallara Azərbaycan dilinin şəhdi-şirəsini qatmaqla fərqli jurnalist və icmalçı obrazını təqdimata çıxartdı. Onun xəbərləri də, siyasi-analitik şərhləri də, sosial problemlər üzərindən araşdırmaları da dil və üslub gözəlliyi ilə seçilirdi. Xalq şairi Bəxtiyar Vahabzadə demiş: "Mürəkkəb siyasi prosesləri doğma dilimizdə Qulu Məhərrəmli qədər gözəl, cazibədar, səlis və obrazlı tərzdə çatdıran ikinci şərhçi tanımıram".

Ötən əsrin doxsanlarında dünyada siyasi kataklizmlərin, inqilabi çarpışmaların baş alıb getdiyi, milli mücadilə yoluna əngəllərin atıldığı həssas məqamlarda, bəzən doğru yol əvəzinə populist çağırışların əsirinə çevrilib məchulluğun zillətində girinc qalınan döngələrdə, bəzi dil pəhləvanlarının suyu üfürə-üfürə içdiyi illərdə Qulu Məhərrəmli yolunu bəllədiyi işığı gerçəklərin üzərinə saldı. Hər saniyənin informasiya yükünün qədrini bildi, tamaşaçını "1000" saniyədə min bir dərddən, problemdən hali etməyin ekran estetikasını tapdı, "24 saat" tikan üstdə oturmuş kimi çalışdı, olaylara dörd bir yandan güzgü tutdu. Tamaşaçı diqqətini olaylarla bərabər ehtimalların və ola biləcəklərin analiz bucağına yönəltdi. Ölkənin kükrəyən, coşan ictimai-siyasi həyatına "7 gün" prizmasından yanaşdı, həqiqəti bəzən siyasi, bəzən bədii-publisistik dildə söylədi. İnfoteyment üzərindən də variasiyalardan qalmadı. İstənilən anda yüzlərlə soydaşımız "7 gün" güzgüsündə içini gəmirən təbəddülatları darayıb sahmana saldı.

Yalançı olmayım, bəlkə də böyük yazıçımız Afaq Məsud o proqramların təsirindən Qulu Məhərrəmli analitikasının məğzini mükəmməl gəzişmələrlə açıqlamışdı: "Qulu Məhərrəmli bu gün Azərbaycanın yeganə icmalçısıdır ki, toxunduğu, söz açdığı ən quru, ən inzibati, cod mətləblər ictimaiyyətdə və siyasətdə baş verən, qəlb, duyğu ərazisindən uzaq hadisələr öz rəsmiliyini, süni qabığını itirib adiləşir, insanda bütün baş verənlərə - siyasi əndişələrə, millətlərə və insanlara qəribə bir mərhəmət hissi, anlaşılmaz, sərhədsiz doğmalıq yaradır".

Şəksiz, bu yön Qulu müəllimin ahənrübasına yan aldığı, qidalandığı və paylaşdığı işığın haləsindən köz götürür.

                       

Cəsarət

 

Bir neçə il öncə publisist Elman Eldaroğlu ABŞ-ın Miçiqan ştatından Qulu Məhərrəmliyə ad günü təbrikini "jurnalistikada cəsarət anlamı başqa ixtisaslardan fərqli olaraq, dərhal nəzərə çarpar" cümləsi ilə başlamışdı.

 

Düşünmək üçün informasiya

 

"Çəkiliş qrupunun mindiyi vertolyot havaya qalxarkən Noqağux kəndindən ermənilər onu pulemyot atəşinə tutmuşdular. Güllələrin vertolyotun gövdəsinə dəyərək qorxunc səslər çıxarması həmin an dəhşətli panika yaratmışdı. Vertolyot güllə yağışı altında olsa da, xoşbəxtlikdən lazımi yüksəkliyi yığaraq təhlükədən qurtara bilmişdi. O əhvalatdan sonra Qulunu bir az dəyişən gördüm, sanki daha prinsipial və qətiyyətli olmuşdu, həm də elə bil qorxu hissini itirmişdi".

 

Vasif Babayev,

Xalq artisti, Beynəlxalq

Teleradio Akademiyasının üzvü

 

Bu hadisə 1991-ci ilin dekabrında baş vermişdi. AzTV-nin əməkdaşları - Qulu Məhərrəmli, Adil Əsədov və Vaqif Cabbarov Ağdamdan min bir zillətlə Xocalıya uçmuşdular. Çəkiliş bitdikdən sonra ordan çıxa bilmirdilər. Havaya qalxan bütün vertolyotlar atəşə tutulurdu. Rəhbərlik qrupdan ümidini kəssə də, Qulu Məhərrəmli on gün ərzində günaşırı telefonla efirə çıxır, gerçəkləri çatdırırdı.

Qulu Məhərrəmlinin cəsarəti həm döyüş bölgəsində, güllə yağışının altında, həm də həqiqəti çılpaq göstərməkdə təcəlla edib.

Peşəkarlığı, özünə inam və cəsarəti, geosiyasi prosesi düzgün qiymətləndirməsi, hadisələrin proloq hücrəsindən epiloqun diaqnozunu müəyyənləşdirmək peşəkarlığı ona ulu öndər Heydər Əliyevin xarici səfərlərindən reportajları belə, müasir televiziya estetikasında, fərqli təhkiyədə təqdimata rəvac verirdi.

Hər zaman yeniliyə açıq, kreativ təkliflərə, peşəkarlıq inadına qiymət verməyi bacaran görkəmli dövlət xadimi Qulu Məhərrəmlinin reportaj tərzini təqdir edir, onun dolğun publisistik ruhuna, reportyor avanqardizminə, ana dilinin bal kimi şirinliyi qatılmış siyasi analizinə və illah da, cəsarətli priyomlarına yüksək dəyər verirdi.

 

Düşünmək üçün informasiya

 

"Norveç səfərindən çox maraqlı bir məqamı xatırlayıram. Gündüz Qulu müəllim Prezidentlə birlikdə "Sleypner" platformasında olmuşdu. Axşam "Statoyl"un ofisində Azərbaycanın dövlət başçısının şərəfinə ziyafət verilirdi. Ziyafətdə ulu öndərin unikal, zərif yumorunun, şux zarafatlarının şahidi olduq. Sonra Heydər Əliyev həmin videomaterialın AzTV-də efirə verilib-verilməməsi ilə bağlı siyasətçilərin və jurnalistlərin fikrini soruşdu. Qulu müəllim çoxlarından fərqli olaraq, ziyafətdən hazırlanmış videomaterialın verilməsinin məqsədəuyğun olmamasını məntiqlə əsaslandırdı. Heydər Əliyev diqqətlə qulaq asıb "Qulu düz deyir" söylədi.

 

Aynur Bəşirli,

BSU-nun yeni media kafedrasının müdiri

 

"Səhər" qurtarandan sonra AzTV başlayır"

 

O illərin məşhur aforizmidir. "Səhər" proqramı Qulu Məhərrəmlinin intellekti, peşəkarlığı, prinsipiallığı və təşkilatçılıq qabiliyyəti sayəsində kanal içində kanala çevrilmişdi. Qulu müəllimin "Səhər"i qlobal düşüncəli, milli ruhlu müdrik qəhrəmana dönüb səhər açılar-açılmaz insanlarla könül söhbətinə başlayırdı. Tamaşaçılar tezdən oyanıb yuxularını axar suya yox, axar su kimi ruhu toxtadan "Səhər"ə danışırdılar. El havacatına yüklənmiş maarifçilik missiyası, yeni estetik prinsiplər, maraqlı təqdimat forması, qonağa sıcaq münasibət operativliyin və səmimiyyətin örnəyi, aktual mövzulara qərəzsiz yanaşma, sözlə təsvirin mükəmməl vəhdəti, şipşirin təhkiyə - bu nüanslar ehtiva olunurdu "Səhər"in dramaturgiyasında.

Və bir də "Səhər"çilər Ustaddan komanda monolitliyini, komanda şərəfini qorumaq dürüstlüyünü əxz etdilər. Tanınmış jurnalist İlhamiyyə Rzayevadan ötrü "Səhər"li illər elə biləsən, dünən idi: "Onunla "Səhər" proqramında çiyin-çiyinə işlədiyim illərdə yaradıcılıqla funksionerliyin, jurnalist və direktorun birgə mövcudluğunun mümkün və qeyri-mümkün tərəflərini çoxlarına, o cümlədən, mənə də öyrətdi".

Zənnimcə, bu yerdə akademik Ziyad Səmədzadədən sitat gətirməmək günah olar: "Onun ekran incəliklərinə dərindən bələd olması, sənət prinsiplərinə sadiq qalması və şübhəsiz, jurnalist ləyaqətini hər şeydən üstün tutması kimi keyfiyyətləri bizim teleməkanımıza "Səhər" kimi bir proqram bəxş etdi".

                       

Demokratik təfəkkür sahibi

 

"Bir jurnalist və tədqiqatçı alim kimi onun ən başlıca məziyyəti müasir və demokratik təfəkkürə malik olmasıdır".

 

Hacı Hacıyev

 

1996-1997-ci illərdə efirə gedən "Təfsilat", 1998-2000-ci illərdə "Gerçəklik" proqramları Qulu Məhərrəmli zəkasının, demokratik təfəkkürünün ekran təcəssümüydü.

2001-ci ildə Azərbaycan Televiziyasında ərsəyə gətirdiyi "Xalqın sözü" tok-şousu ilə Qulu müəllim aktual mövzuların açıq müzakirəsinə nail oldu. Dəyərli alım Şahlar Göytürkün sözümüzə qüvvət verdiyi ifadəsi yerinə düşür: "Analitik təfəkkürünün diktəsi ilə barmaqları həmişə cəmiyyəti narahat edən problemlərin nəbzi üstündə olub".

Sısqa bulaqların işi gur çeşmələrə həsəd hissi ilə baxıb ahu-zar etməkdir. İmkanı iddiasından kiçiklərin gözləri qəflət kataraktasına tutulanda Qulu Məhərrəmli təmkin atını sürüb keçdi. Sadəcə gülümsədi. Çünki ondan ötrü efir problemi mövcud deyildi. İtirən AzTV oldu. 2007-ci ildə Qulu müəllimin "Xəzər" televiziyasında hazırladığı "Dost məclisi" və "Gündəm" proqramları izlənildi, sevildi.

 

Sözə qüvvət

 

"Professor Qulu Məhərrəmli mənim üçün ətrafda gedən mürəkkəb proseslərdən baş çıxaran, mahiyyətə tez varan, müxtəlif dünyagörüşlü insanları birləşdirə bilən müasir düşüncəli, intellektual, doğma insandır. Mənə Azərbaycanı tolerant ölkə kimi tanıdan, sevdirən, Qarabağ həqiqətlərini anladan görkəmli bir jurnalist və politoloq olaraq çox minnətdaram".

 

Rostislav Rıbakov,

Akademik, Rusiya Elmlər Akademiyası,

Şərqşünaslıq İnstitutunun direktoru

 

Düşünmək üçün informasiya

 

"İçimdə bir əminlik vardı: Qulu Məhərrəmli "Nyu-York Tayms" qəzetinin siyasi icmalçılarının suallarına ağıllı cavab verəcək. "Fox" televiziyasının prodüserləri ilə müasir tv-lərin problemlərini müzakirə edəcək, Dövlət Departamentində Azərbaycanın xarici siyasətini incələyəcək, Söz Azadlığının Müdafiə Komitəsində mətbuatımızın gerçək mənzərəsini cızacaq. Qocalar evinin 80 yaşlı sakinlərini maraqlandıran ən qəribə sualları da hövsələ ilə cavablandıracaq, böyük qarğıdalı sahəsini gəzib fermerlərlə də danışmağa mövzu tapacaq. Və onu kənardan seyr etdikcə media mühitimizdə belə səviyyəli və yetkin bir insanın olmasından qürur duyurdum.

 

Rəşad Məcid,

Mətbuat Şurasının sədri

            Televiziya alımı

 

Qulu Məhərrəmli 1989-cu ilə "Radiodramaturgiya dili" mövzusunda namizədlik, 2004-cü ildə "Televiziya dili: funksiya və struktur" mövzusunda doktorluq işini müdafiə edib.

Onun 30-a yaxın kitabı, dərs vəsaitləri, metodiki vəsaitləri, təhlilləri zəka nuru kimi gənc mütəxəssislərin yolunu aydınladır. Şota Rustaveli adına Tbilisi Dövlət Kino və Teatr İnstitutunun audiovizual sənədlər üzrə Dissertasiya Müdafiə Şurasının sədri, professor Tamara Bokumacanın verdiyi qiymət Qulu Məhərrəmlinin şöhrətinin daha böyük coğrafiyanı əhatə etdiyindən xəbər verir: "Artıq uzun müddətdir ki, rəhbərlik etdiyim Müdafiə Şurası mübahisəli məsələlər üzrə qərar qəbul edərkən nüfuzlu beynəlxalq ekspert kimi onun rəyini əsas götürürük".

Qulu Məhərrəmli inanılmaz bir sürətlə, şövqlə Azərbaycan televiziyaşünaslığı üçün mənbələr yaradır. Bunu mən demirəm, akademik Tofiq Hacıyev yazıb: "Teleradiomuzun tarixi inkişaf mərhələlərinin araşdırılması, həmin mərhələlərin sistemli elmi-nəzəri təhlilinin verilməsi professor Qulu Məhərrəmlinin adı ilə bağlıdır. Ölkəmizdə jurnalistikanın nəzəri təhlilinin yaradılması və medianın müasir fəlsəfəsinin elmi cəhətdən formalaşmasında onun əsərləri əhəmiyyətli rol oynamışdır".

Qulu müəllim məşğul olduğu bütün sahələrdə dilin saflığını qoruyub, onu korlayanlara qarşı cəsarətli mübarizə aparıb. Sözü başı üstündə tutub. Sözü əziz-giramisi sayıb, sözü urvatdan salanlarla barışmayıb.

2014-cü ilin mayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri təyin edilib.

 

Sözə qüvvət

 

"Qulu Məhərrəmli Azərbaycan dilçiliyində çox az araşdırılan, adətən diqqətdən kənarda qalan bir sahə üzrə əsas mütəxəssisdir. O, radio, televiziya, mətbuat dilinin həm praktikasını, həm də nəzəriyyəsini yaxşı bilir".

 

Nizami Cəfərov,

Akademik

 

"Professor Qulu Məhərrəmli kommunikasiya və dil mövzusunda araşdırmaları ilə dilçilik elmimizdə tamamilə yeni bir istiqamətin əsasını qoymuşdur".

 

Fəxrəddin Veysəlli,

Professor

 

 

Müəllim ucalığı

 

Qulu Məhərrəmli üçün məşğul olduğu sahələrin ən önəmlisi müəllimlik fəaliyyətidir. Öyrədir, yol göstərir, uğur cığırını nişan verir. Azərbaycan jurnalistikasının sabahı üçün baza yaradır. Bakı Dövlət Universitetində dərs deyir, həm də kafedra müdiri seçilib. Tələbələrinə tez-tez ingilis yazıçısı Alen Milndən sitat gətirir: "Bir çox qədim mədəniyyətlər əxlaqi dəyərləri itirdiyinə görə dünya səhnəsindən silinmişlər" və hər zaman gələcək jurnalistlərə "jurnalistika - əxlaqdan başlanır" sloqanını təlqin edir.

 

Düşünmək üçün informasiya

 

"Hər insana nəsib olan iş deyil ki, özündə bir neçə sənət sahəsini birləşdirə bilsin. Qulu müəllim televiziyaçı kimi mahir televiziyaçıdırsa, alim kimi mahir alim, müəllim kimi də bir o qədər mahir müəllimdir. Təsadüfi deyil ki, BDU-da dərs dediyi tələbələrinin onun haqqında dilləri ağızlarına sığmır. Hətta bir qız onun feysbuk-dakı şəklinə beləcə şərh yazmışdı: "Mənim bircə gözəl və sevimli müəllimim!"

 

Azad Qaradərəli,

Yazıçı-publisist

 

Düşünmək üçün informasiya

 

"Niyə bu, bizə bənzəmir" deyən və hər addımda səni qaralamaq fürsətindən bəhrələnməyə çalışan xəbis və nadan adamların əlindən nələr çəkdiklərini görmüşəm. Yazıçı dostlarımızdan biri nadan adamların vaxtilə sənə qarşı hücumları ilə bağlı maraqlı yazısına uğurlu bir ad qoymuşdu: "İşığa daş atanlar". Ömrünü xalqın tərəqqisinə, elmin, biliyin yayılmasına, cəmiyyətin maariflənməsinə, ictimai əxlaqın möhkəmlənməsinə sərf edən sənin kimi insanları yalnız işığa bənzətmək mümkündür. Belə insanlara daş atanlar həmişə olub və yenə olacaqdır. Önəmlisi bu işığın dan ulduzu kimi hər yerdən görünən, duyulan şüası və hərarətidir. Bu mənada sən bizim jurnalistikamızın, bütövlükdə mənəvi həyatımızın gur işıqlarından birisən".

 

Rejissor Rövşən Almuradlının

"Əziz dosta məktub"undan

 

İşıqlı adam

 

Qulu Məhərrəmli tarixi-mədəni irsi, milli mücadilə tariximizi, əxlaqi dəyərlərimizi özündə ehtiva edən 20-dən çox sənədli filmin ssenarisini yazıb, çəkiliş prosesində prodüser, layihə rəhbəri kimi iştirak edib. İmam Rzanın həyatından bəhs edən "Eşq vilayəti" filminin dublyajına rəhbərlik edib.

Və gördüyü bütün işlərdə gur bir işığın haləsi yayılıb. Professor Nizaməddin Şəmsizadənin söylədiyi kimi: "Qulu Məhərrəmli öz həyat tərzi, insaf və insanlığı, jurnalistikamızdakı novator mövqeyi, yazdığı əsərlərin elmi dərinliyi və milli ruhu, yaddaşa ehtiramı, həqiqi dövlətçilik duyğusu, səmimi ünsiyyət mədəniyyəti, müstəqil Azərbaycan vətəndaşı kimi doğru və prinsipial mövqeyi ilə ziyalı olmaq səlahiyyəti qazanmış mərd, idraklı və mənəviyyatlı müasirlərimizdəndir".

Qulu müəllimin içindəki işıq, idrak nuru onun zahirinə də yansıyıb və hər kəsi öz ahənrübasına çəkir. Qulu Məhərrəmli işığı studiyada, çəkiliş meydançasında qurulan işıq deyil, fitrətindən süzülüb gəlir.

 

Sözə qüvvət

 

"Kristalloqraf alim Xudu Məmmədov deyirdi ki, minerallarda kristalların düzülüşü hər hansı maddənin dəyəri üçün xüsusi önəm daşıyır. Sözünün canı buydu ki, hər şeyi maddədə kristalların necə düzülməsi həll edir. Misal çəkirdi ki, almazın da, qrafitin də kristalları eynidir. Lakin almazda bu kristalları fərqli düzüldüyünə görə xüsusi dəyər və keyfiyyət qazanır. Deməli, əsas məsələ həcmdə, ölçüdə, sayda deyil, keyfiyyət və mahiyyət yaradan sistemdə, kristalların daxili molekullarının düzülüşündədir. Mənim nəzərimdə Qulu müəllim millətini və xalqını sevən layiqli vətəndaşdır, əsl ziyalıdır, başdan-ayağa mənəviyyat adamıdır, illərin və şəraitin ağırlığı onu yolundan sapdırmayıb, həmişə nəfsinə hakim olub, həyat prinsiplərini, peşə ləyaqətini qoruyub saxlayıb, dostlarına sədaqətini də, həmçinin".

 

Elçin Şıxlı,

"Ayna", "Zerkalo" qəzetlərinin baş redaktoru

 

Qulu müəllim ünsiyyətə açıq adamdır. Onu heç vaxt özünü çəkən, kiməsə yuxarıdan aşağı baxan görmədim. Dinləmək mədəniyyəti, hətta qarşısındakı bəsit fikirləri ilə yorucu olsa belə, örnəkdir. Onu tanımayan adam qarşısındakının uzun bir siyahını dolduracaq titullara sahib Qulu Məhərrəmli ilə üzbəüz oturduğuna heyrətlənər. Çox sadədir, çünki.

Sadəliksə müdriklikdən doğur. Müdriklik - özündə ədalətli, insaf-mürvəti, parlaq zəkanı, dərin həyat təcrübəsini və insanlıq fəlsəfəsini ehtiva edir.

                                   

Yeri gəlmişkən...

 

Birdən fərqinə vardım ki, Qulu müəllimin həyat və fəaliyyət kodeksi, şəxsiyyət və sənətkarlıq vəhdəti yeddi sahəni əhatə edir:

- jurnalist-publisist.

- siyasi icmalçı-analitik.

- televiziyaşünas alım.

- dilçi alım.

- müəllim.

- təşkilatçı-rəhbər.

- şəxsiyyət-mənəvi missiya daşıyıcısı.

Qarşımdakı sitatlardan yeddisini seçdim.

"Görkəmli jurnalist, istedadlı alim Qulu Məhərrəmlini insanlar obyektivliyinə, ləyaqətli və vicdanlı söz sahibi olmasına görə sevir və qiymətləndirirlər".

 

Şirməmməd Hüseynov,

Professor

 

"Bu gün Qulu Məhərrəmli kimi özündə xalq müdrikliyini, ziyalılığı, həqiqi dövlətçilik təfəkkürünü birləşdirən insanlara çox nadir hallarda rast gəlmək olar".

 

Rüstəm İbrahimbəyov,

Yazıçı-dramaturq, "Oskar" mükafatçısı

 

"Milli jurnalistikamızın korifeylərindən biri kimi, professor Qulu Məhərrəmli bir səviyyədir, peşəkarlıq etalonudur".

 

Elmira Axundova,

Xalq yazıçısı, Dövlət mükafatı laureatı

 

"Qulu Məhərrəmli haqsevər, yurdsevər, sənətsevər ali insan, kamil şəxsiyyətdir".

 

Əjdər Ağayev,

professor

 

"Cəmiyyətimizdə mənəvi ölçülər daraldıqca, dəyərlərə etinasızlıq artdıqca Qulu Məhərrəmli kimi dürüst və vicdanlı adamların varlığını daha aydın hiss edirik. Milli əxlaqımız - məhz belə şəxsiyyətlərin hesabına öz varlığını qorumaqdadır".

 

Qəzənfər Kazımov,

Professor, Əməkdar elm xadimi

 

"Yazılarındakı dərin sətiraltı mənalar, incə eyhamlar, bəzən də açıq sarkazm onun publisistikasına ayrı güc verir".

 

Rafiq Əliyev,

AMEA-nın müxbir üzvü, professor

 

"Qulunun peşəkarlığının kökündə onun böyük istedadı ilə yanaşı, həm də təmiz vicdanı və əxlaqı dayanır".

 

Ramiz Rövşən,

Xalq şairi, kinodramaturq

 

Rəqəmlərin mistik yükünə inanan adamam, nə gizlədim? Yazını bitirib "70 yaşı tamam olan Qulu Məhərrəmli üçün müqəddəs, rəmzi rəqəm yeddidir, yəqin" düşüncəsi ilə saata baxdım: səhər saat yeddi!

Səhəriniz hər zaman müqəddəs dəyərlərlə, ülvi duyğularla, günəşin zərrin şəfəqləri ilə açılsın, dəyərli Qulu müəllim!

"Qələmin müqəddəs vəzifəsi"ndə yorulmayasınız, Ustad!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!