Mirzə Şəfi VAZEH
(1794-1852)
Bu il ədəbi ictimaiyyətimiz görkəmli Azərbaycan şairi, xəttatı və pedaqoqu Mirzə Şəfi Vazehin anadan olmasının 230-cu ildönümünü qeyd etdi.
Düz on il bundan əvvəl almandilli mütəxəssislərimizin sətri tərcümələri əsasında ustad şairin 270 şeir və poemasını ana dilimizə çevirmək missiyası mənə qismət oldu. Nəzmə çəkdiyim həmin lirik mətnlər "XalqBank"ın 2019-cu ildə yüksək zövqlə nəşr etdiyi "Mirzə Şəfi Vazeh. Bütün əsərləri" toplusunda yer aldı. Sözügedən önəmli layihənin redaktoru və nəşrin tərtibçisi isə şair dostum Səlim Babullaoğlu idi.
Həmin mətnlərdən biri kimi Fridrix fon Bodenştedin 1876-cı ildə Almaniyada nəşr olunan "Mirzə Şəfinin irsindən" kitabına salınmış "Yusif və Züleyxa" poemasını bu gün oxuculara təqdim edirəm.
Yaqubun həm ən gözəl, həm də sevimli oğlu
Yusifdən eyləyibdir "Əhdi-Ətiq" hekayət:
Necə qoyun otarıb hələ uşaq yaşında,
Sonra necə qul kimi Misirə edib hicrət.
Putifarın xanımı aşiq olsa da ona,
Ağasına xəyanət etməyibdir bu cavan.
Bir neçə illiyinə atılsa da zindana,
Sonradan bəxt günəşi sıyrılıbdır buluddan.
Fironun sarayına gələndə şərqli Yusif
Putifarın quluymuş... xoşmuş görkəmi, üzü.
Bələd olunca bir az bu saf qəlbə, simaya
Ona aşiq olubmuş Putifarın da qızı.
Arvad kimi alıbmış övladın o xoşqeyrət...
(Nədənsə bu məqama kimsə yetirmir diqqət).
Xeyli müddət Züleyxa gizli tutdu eşqini,
Qar altında uyuyan ürkək novruzgülütək.
Bir gün dözməyib artıq gözəl Yusifə açdı
Ən çılğın hisslərini məktubla bildirərək.
Yusif baş çıxartmadı qəliz heroqliflərdən,
Onun da yazdığını anlamadı dilbəri.
Çarəsiz qalınca qız him-cim ilə anlatdı
Sevgiylə dolub-daşan könlündən keçənləri.
Züleyxa Putifarın dost-doğma qızı idi,
Əlbət, xəbərdar idi hər cür fitnə-feildən.
Bir gün təam alanda, guya heç istəmədən,
Toxundu o, Yusifin bir əlinə qəfildən.
İçində alovlandı şəhvət, süzüldü gözlər,
Umurdu ki, eşqini sezdirər incə-incə.
Ancaq dərdə büründü, əsil çılğına döndü,
Oğlanda daşlara xas soyuqluğu sezincə.
Həm Yusifi sevirdi, həm tuturdu qəzəbi,
Buna son qoymaq üçün o, dəyişdi gedişi.
Bir gün dedi Züleyxa:
"Dostum, nəsə dərdin var?
Bunu büruzə verir solğun üzün, yerişin.
Addımların heysizdir, dalğındır baxışların",
Belə deyərək qadın uzandı ona sarı.
İncə, sıcaq əliylə oxşadı alnın, üzün,
Bundan qızdı, isindi Yusifin gicgahları.
Dedi: "Qızdırman varmış". Oğlan tərpətdi başın.
Qayğısına qalmaqla yar onu saldı bəndə.
Tükənməz cazibəsi necə şəfəq saçdısa,
Əks olundu oğlanın o məsum gözlərində.
Züleyxanın tubatək gözəldi boy-buxunu,
Gənc idi, gözəl idi, həyat eşqi böyükdü.
Necə ovsunladısa tək təmasla Yusifi,
O binəva oğlanın beyninə duman çökdü.
Qıza cəsarət gəldi, bir az da yaxınlaşdı,
Görəndə ki, ondan çox çəkinir bu yəhudi,
Üzünü yana tutdu, sanki qarşısındakı
Misir xanımlarının o mömin ruhu idi.
Səsini çıxartmadan onlara göz qoyurdu
Bir cüt qaravaş qadın pərdələrin ardından.
Züleyxanın qolları arasında Yusifin
Dünyanın dərdi-qəmi tamam çıxdı yadından.
Qəfildən atasının ruhu zühur eylədi,
Qaşqabaqlı, zəhmli görünürdü o qoca.
Tənəli baxışlarla süzərək övladını,
Deyirdi: "Nə görürəm?! Öyüdüm döndü puça!
Yoxsa, sən unutmusan Tanrıya ibadəti?
Şəhvətə qul olmusan, üstünü alıb bəla?
Ancaq hələ gec deyil, misirli məşuqənin
Cadusundan birtəhər qaç, bala, qurtul, bala!"
Diksinən oğlan çıxdı tez onun ağuşundan,
Qız ardınca cumsa da, gecikdiyin anladı.
Şikarını qaçıran ovçu kimi cırnayıb,
Züleyxa tənələrlə Yusifi yamanladı:
"Ay yəhudi balası, niyə belə ürkəksən?!
Məndən niyə qaçırsan üzümə də baxmadan?!
Baxan sanar ar-iffət tək sizlərə xas imiş".
Bu sözlərlə kinini qız boşaltdı qorxmadan.
Pərdənin arxasında gizlənən bir cüt qadın
Bütün baş verənlərin canlı şahidi oldu.
Niyyətləri - Memfisin kübar xanımlarına
Bunları çatdırmaqdı, susmasın dedi-qodu...
Səhəri gün şəhərdə şayiələr yayıldı,
Düşdü elin dilinə Putifarın arvadı.
Necə qanad taxdısa Memfisdə dedi-qodu,
Dolanıb Züleyxanın qulağına da çatdı:
"Nə məcbur edib qula aşiq olsun görəsən,
Firona, taxtı-taca məhrəm olan qadını?!
Niyə alçaldıb axı, çevirib məsxərəyə,
Öz kübar soyadını, əsilzadə adını!
Yəhudi bir oğlana vurulmağı - ayıbdır,
Ancaq bu da deyildir ən betər məqam yenə:
Qarşısında bu qədər arsızca alçalsa da,
O, qarşılıq görməyib atəşin sevgisinə".
Buna yamanca qızıb, yamanca hiddətləndi
Ən varlı, ən nüfuzlu xanımları Memfisin.
Yüksək zümrəyə mənsub Züleyxanı saydılar
Qadınların ən pisi, ləçəri, şərəfsizi.
Qərar beləydi: şəhrin ağbirçəyi, cavanı
Kəssin Züleyxa ilə hər cür salam-kəlamı.
Guya ad-sanlarına ləkə düşməsin deyə,
Onunla arasına sədd qoymalıydı hamı.
Züleyxanınsa eşqi günbəgün alışırdı:
Sevən könül dinlərmi şahdan gələn fərmanı?!
Memfisin zəngin, harın xanımlarına qarşı
Nifrət ilə, kin ilə coşub-daşırdı qanı.
Gözdən düşməsin deyə, o da düşmənlərinə
Çox düşünüb-daşınıb, hiyləgər tələ qurdu:
Onların hər birinə tək-tək dəvət göndərdi,
Hər kəs elə sandı ki, dəvətli... təkcə odur.
Arxayındı hər xanım: şahid-filan olmasa,
Bura gəldiyi üçün olmaz onu qınayan.
Züleyxaya sirdaşlıq etmək üçün həmin gün
Hərəsi bir tərəfdən axın etdi saraya.
Bir araya gəldilər qonaqlar ziyafətdə,
Hər dəvətli digərin görcək, hədsiz karıxdı.
Vəziyyətdən çıxaraq, üzünə məcbur qalıb,
Niqab yerinə hər kəs saxta təbəssüm taxdı.
Unudub məkri, kini, deyib-güldü qonaqlar,
Daddıqca bol süfrədə çeşid-çeşid təamı.
Züleyxaya şahzadə müamiləsi edib,
Durmadan yaltaqlandı, təzimlər etdi hamı.
Alma yedikləri vaxt içəri girdi Yusif,
Hər kəsi sərxoş etdi onun hüsnü, camalı.
Cavan xanımlar sandı gördükləri yuxudur,
Çünki orda mümkündü görmək bu xoş xəyalı.
Oğlanı şəhvət ilə süzənlər arasında
Rast gələrdin bu şəhrin ən gözəl dilbərinə.
Yusifə necə heyran, hayıl-mayıl oldusa,
Əlini kəsdi onlar... alma soymaq yerinə.
Elə qızları qədər analar da gizlicə
Vurulmuşdu Yusifə bəxş olunan o hüsnə.
Unutmuşdu yaşını, adi davranışını
Yanaqları heyvatək saralan ahıl nənə.
Hər kəs dərin ah çəkdi, içi dışına çıxdı,
Xəfif addımlar ilə Yusif gələndə ora.
O, qızıl bir kuzədən mey süzdü qədəhlərə,
Anlamadı o ara nə olub qonaqlara.
Yusif rəng verib, aldı, atəş sardı çöhrəsin,
Hiss etdikcə özünə bəslənən ehtirası.
Sanki o, bir günəşdi, başına dolanırdı
Cazibəsinə düşən səyyarələr sırası.
Özündənrazı bir cüt xanım bayıldı, getdi
Saqi mey süzmək üçün kuzəsini əyəndə.
Bundan məmnun Züleyxa əda satdı Yusifə:
"Əcəb tündmüş şərabın, bayılır içməyən də!
Ən xoş cəhət odur ki, qızıl kuzəndəki mey
Qəlblərə atəş salır, nəşələnir qonaqlar.
Unudulur məkrli niyyətlər və duyğular,
Şərabın xumarıyla allandıqca yanaqlar".
Yusif alıb öz qızıl kuzəsini əlinə,
Gəldiyi kimi səssiz tərk elədi o zalı.
Qadınlar da süfrədən qalxdılar, gecdi artıq,
Çoxunun sinəsində qövr edirdi məlalı.
Vidalaşarkən onlar gözəl Züleyxa ilə
Gülümsədilər şux-şux, etdilər dərin təzim.
Qəribədir: qadınlar bəs necə dağılışdı
Çıxartmadan cınqırın, bildirmədən nəşəsin?!
Alınca bu ovsunun sorağını Putifar
O günahsız Yusifə zindanlar oldu məkan.
Allah bir səbəb salıb, açdı məhbəs qapısın,
Yusif üzüağ çıxdı o cür çətin sınaqdan.
Allahın köməyiylə Yusifə əyan oldu
Fironun yuxusunun ardında duran məna.
Məhz onun əli ilə bəxti üzünə güldü -
Qovuşdu gözəl Yusif sadiq Züleyxasına.
O, Yusifə dönüklük etmədi illər boyu,
Vecinə də almadı min yasağı, təkidi.
Kübarlıq sədlərini yıxaraq, o, hər gecə
Qəlbinin hökmü ilə zindana baş çəkirdi.
Yusif olan-bitəni saf-çürük eyləyirdi,
Əridirdi eşqiylə qalın həsrət buzunu.
Züleyxa düşünürdü: qovuşsaydı yarına,
Nə qədər sevilərdi ötən illər uzunu.
Putifar da Yusifi sevdi, kürəkən seçdi,
Bu cavan qazanınca Fironun etimadın.
Elə möhkəm sarıldı aşiqlər bir-birinə,
Misli-bərabərinə tarixdə rastlanmadı.
Dünyanın harasında eşqdən söz düşsə, hamı
Yusiflə Züleyxanın sevgisindən bəhs edər.
O dastan indiyədək nəğmələrdə yaşayır
mübarək Nil çayından ta qutsal Qanqa qədər.
Almancadan sətri tərcümələr
əsasında dilimizə çevirdi: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!