"Hollowen şeirləri" silsiləsindən - Həmid HERİSÇİ

Tabutunu yonacaq rəndə

 

Dərin sükut məzarlığa tam hakimdi.

Bənnanın iti baltası, qəfil, daşa dəydi.

Səsi, ancaq daxilimi oyatdı,

Zahirdə elə əvvəlkiydim.

Tabutumu yonacaq

Rəndə!

Bəndə!

Nümayəndə!

Oyundan tam kənar vəziyyətdə,

Futbolun 89-cu

Dəqiqəsində

Bax, bu gördüyum mənzərədəydi.

Bəlkə də.

Bu Tağıyev Azər,

            bizim ailə məzarlığımızda divar,

                        gor qonşusudur.

Həm də

Dünyasını dəyişib 30 apreldə.

Eynən mən doğulduğum

Tarixdə!

Bəxtə bax ey,

Bu bədbəxtdə!

Bir gün

Mənlə də

Qonşu olacaq.

Eyni tarix bir mənzərədə,

Ancaq fərqli

Qəbirlərdə!

Eyni rəqəmlərdə!

 

Tabutunu yonacaq

Rəndə!

Bəndə!

Nümayəndə!

Bax, bu gördüyum mənzərədəydi.

 

Rəndə təzəydi.

Məni yonmaq həvəsində,

musiqisindəydi.

Buludların kəfənindəydi

Sütunsuz göylərim,

Məsum mələyim.

 

Ancaq sən tələsmə,

uyma, məzarım üstəki

Bu sui-qəsdə

tabutumu yonacaq rəndə...

Bəndə!

 

Sən də Brut, sən də...

 

Ququşun ağ yaxtası

 

Bakı zülmətlərinin it səsi,

özgələrə yoxxxx...

sırf mənə aid səsi,

dünyanın bu ən uzun sait səsi,

Əliağa Vahidinmi səsi,

oyatdı məni o gecə?

 

Konyakım da vardı, yadımdadı,

adı "Gəncə"...

 

Yadımdadı, özünü yoxxxx,

Şah hədiyyəsi ağ yaxtanı,

bu cırıltılı, musiqili taxta-tuxtanı,

üzümlərin, talvara dartınan vaxtı

Gətirdilər 1977-də Bakıya

təmirə...

 

Çox baxdım Xəzərdə çırpınan

bu nəğməli dəmir-dümürə,

sənə aşiq suitilərə,

bütün nakam sevgilərə

nəğmə oxudu bu ağ gəmin...

Bu cür keçdi, qismətimdəki,

Bakıdakı lal konsertin...

 

Mən təbrizlini heç sevmədin.

 

Qəfil, zivələrin paslı çarxı

cırıldadı,

pişiklər zibil qutularından sıçradı,

hamı özünə yoxxx... kölgəsinə oxşadı,

tamamlandı...

özüm yox, gözüm yox,

zivədəki ağ köynəyim ağladı,

qismətimdəki bu paya,

Xəzərdəki nurlu aya...

 

Mən, su navalçalarını

yağışıma layiq yol bilməm...

mən, yağışa, şimşəklərə, güllələrə

başqa yol fikirləşmişəm...

 

Sənlə yox... mən, ağ gəminlə sevişmişəm

o vaxt...

 

Var...var, məndə

o nisgilli baxt.

 

Turistik marşrut

 

Köhnə dostlarımın çoxu

Haqqın yolunu tapıblar indi;

bələdçi işləyirlər turistlərə,

Deyəsən, çox kiçildi,

daraldı

həyatımızdakı dairə.

Bəlkə mən də

Bələdçi işləyim xaricilərə?!

Deyim: əvvəl kitabları,

Sonra, təbii, kitabxanaçı qızı sevdim.

Son finalda nəyim varsa,

itirdim.

Yetimlədim.

Bir nəğmə qaldı mənə

            o günlərdən - adı "Sevgilim"...

İndi neynim?

Neynim?

Sonra əlavə edim:

Rəhmətlik atam bir gün,

            Xaqani Şirvani qəsidələrini vərəqləyir,

Bakı qala divarlarını Şirvanşah Mənuçöhr

            inşa etdiyini öyrənir,

Girişir

İşərişəhər qala divarlarına...

Turistlərə bunu sakitcə söyləyim...

Sonra xeyli fikirləşim,

Sözümü yox...

özümü bir sətirdən digərinə keçirdim...

Əlavə edim:

Yaxınlaşır Qoşaqala qapılarına.

Sonra divardakı bir nöqtəni göstərim...

Gizli mətləbimi

bildirməyim,

Axıracan deməyim,

Vəziyyəti gərginləşdirim.

Bir xeyli danışıb dinməyim...

Qulağımdakı küləyi diqqətlə dinləyim,

Gözlərimdə özümü gizlədim.

Axır deyim:

Qala bürclərinin biri

            qəfil dağılıb sökülür öz-özünə,

İçindən daş kitabə aşkarlanır.

Kitabədə yazılıbmış - "Bu divarları

            Şirvanşah Mənuçöhr inşa edib".

Sənədləşdirilib

Dediklərim...

Budu mənim

kəşfül-kəramətim.

 

Öpüşmək təhlükəlidi

 

Bu beşmərtəbənin yan divarını

"Gillette" üzqırxanının çılğın reklamı

bəzəsə də,

bəzilərini bezdirsə də,

cin atına mindirsə də...

Sakinləri üzütüklüdür ucdantutma...

Zirzəmisində bir mahnı özünü təkrarlayır daim

"Məni unutma. Unutma!"

 

Mən də,

O üzütüklülərdənəm burda,

Mənlə öpüşmək təhlükəlidi.

Bir də görərsən, əl güzgündə

Sifətin azca ala-bula ləkəlidi.

 

Mənlə öpüşmək təhlükəlidi,

Yanağımdakı çapığım da çox dərindi.

Fincanımı bəzəyən dodaq boyan,

deyəsən, əbədidi...

artıq məşhər gününəcən mənimkidi.

 

Mənlə öpüşmək təhlükəlidi.

Sənlə öpüşənlərin hamısı,

Öz əl telefonunu unutdu yatağında.

Mən isə yalnız özümü unutdum...

 

Boş siqaret qutusundan ayrılmadı bir xeyli

Baxışlarım...

Axır anladım

Sənlə...

Sənlə öpüşmək təhlükəlidi.

 

Zərif, bahalı əl çantan, görürəm

Çəkidə də,

əlində də

çox yüngüldü...

Çəkmir heç nəyin,

hətta bu öpüşümüzün yükünü...

 

Məni bu mənzərə

Lap öldürdü.

Otellərdə unutduqlarım

 

Otellərdə unutduğum köynəklər...

Məndən bezmişdiz, bəlkə?

Bəlkə, bəlkə...

"Narşərab" restoranında

yaxanıza saldığım silinməz ləkə...

Ləkəydi, sizi məndən

bezdirib qaçırdan.

Fitvanı almışdız, bilirəm,..

o qaratoxmaq qadından...

 

Zövqünüzü də bilirəm,

Bilirəm, hansı içkini çıxarsam buz dolabımdan,

Hansı cini çıxarsam şüşə qablardan,

öz canımdan...

Bilirəm, hansı sevdalarım, qadınlarım

Dirilib qayıdacaq bu ağır külqabılarından.

 

Bəlkə, bezdiz Yasamaldakı davalarımdan?!

Sizi bulaşdırdığım al qanlardan?!

 

Otellərdə unutduğum köynəklərim,

Bəlkə, başqa bədən ölçüləri ilə

            sevişmək istəyirdiz?!

Mənsiz, Həmidsiz indi necə?

Xoşbəxtsiz?

 

Halal edirəm sizi yad gödəkçələrə,

pencəklərə...

 

Bethoven ifaçılarının tərli, yaş bədənlərinə.

 

Antimif

 

Hollivud kinokamerası üçün

əlaltında nə varsa...

Anında ölüm alətinə çevrilir.

 

Saçquruducu fenləri də, adətən

Əzrayıl dəryazını uğurla əvəzləyir,

Düşür sarışın modelin ağ köpüklü vannasına,

Vəssalam.

Nöqtə qoyur filmin miss Hannasına,

gətirib çıxarır süjetin azca uzanmasına.

 

Yunan əsatirlərində

bu cür oxşar köpükdən

            gözəllik ilahəsi Afrodita yaranırdısa,

 

Hollivudda süjet tərsinədir,

O gözəlliyə biganədir,

Tərs sillədir.

Hollivud köpüyündən adətən

ölü çıxır Afroditalar,

Hind oxşarları Zita və Gitalar.

 

Səbəb?

Çünki Hollivud antimifdi,

Çünki o, arifdi,

ən son qiymət tarifidi

metrostansiyalarının gediş kartlarında...

Gözəlliyi, gözəlləri, həyatı məhv etməyi

O tam modernləşdirdi.

Həm də təriflədi bizimçün.

Eynəyinin şüşəsində gör bu filmləri...

Kokteylin uzun çöpünə çək, dart

bu ləzzəti...

"X lady"

 

Hə... striptiz klubdamı?

Youtubdamı?

Səni lümlüt gördüm?

Başqasıyla cüt gördüm,

Həyat süjetini çox şit gördüm,

Baxışlarını çox küt gördüm.

Lap axırda...

Bizim nağılda?

 

Uşaqlıqda gördüyün

hər köhnə, unudulmaz film,

naxışları itmiş hər kilim

öz axırını, son naxışını

mütləq sənə yazdıracaq.

Bəlkə, hələ pozduracaq...

 

Həyat bir gün mütləq öz süjetindən

kənara sıçrayacaq

Bahalı qolf kluba gedib burulan yolda,

Bankomatdan azca solda.

Niyə, qara eynəyin gözündən sürüşdü?

Niyə, qəfil baxışlarımız görüşdü

Bu filmə, bu qədim kilimə,

Qiymətlərdəki endirimə

Baxdığımız zaman?

Heç... Mən indi

"X men" brendi reklamçısıyam, sən "X lady".

Mən indi Dartanyanam, sən Miledi,

Gəl dəyişək bütün romanların, yalanların

şit süjetini...

 

Qırmızı limuzin

 

Bərkgedən bir avtohərracda,

sonra, öz bəxtindən küsmüş,

            son ümidlərini üşütmüş,

müştərisinə bir qədəh araq süzmüş,

kasıb sərnişinini yarı yolda düşürtmüş

köhnə bir qarajda,

narın qumlu, bahalı,

şəhərdən xeyli aralı

özündənrazı bir plyajda,

Sən də vardın orda qırmızı plaşda!!!

Bu kütləvi satışda!

gördüm hərraca çıxarıblar,

fotosessiyada bol tirajlayıblar

bir vaxt içində sevişdiyimiz

            qırmızı avtomobilini...

Sənin də fotolarını çox çəkmişdilər,

Deyərdim, şok çəkilişdilər...

Ancaq hələlik gizləmişdilər,

qiymətini çox qaldırmışdılar, endirmişdilər,

qulağına nəsə demişdilər...

bu bahalı çimərlikdə...

Harda kütlə tez əriyir...

Hamı çox tez qalır ikilikdə.

Yaxud...

Tam təklikdə...

həəəə... silibsən,

tam itiribsən

bu avtomobildəki sevgi izlərimizi,

siqaretimlə yandırdığım bütün yerləri...

səni qucaqlayarkən ikiəlli,

sürtmüşdüm bu avtomobilin böyürlərini...

Güzgüsündən şeytanmı, ceyranmı

təsvirini asmışdın?

Mən axıracan bunu anlamamışdım.

Əyləcə, həmişə, vaxtındamı

pəncəni basmışdın?

Yoxsa, həmişə son nöqtəsinədək uzatmışdın

yolundakı təhlükəni?

Necə sildim o silinməz ləkəni?

Hələ demirəm sənədləri...

Yol müfəttişini görəndə

əl atırdın cibə,

Gedib girirdin ən bahalı cipə.

Ən axırda bir FM radio təranəsində

Tapardın öz istədiyini...

Sevgini.

O vaxt həmişə itirərdin məni...

Musiqiyə titrədərdin incə çənəni...

Cavabsız buraxardın bütün telefon zənglərini.

Bütün bu mənzərələri

görəcəkmi

avtohərracdakı təzə müştəri?

 

Napoleon tortu

 

Bakıda,

bütün SSRİ-də olduğu kimi,

dahi Fransa imperatoru Napoleon Ponapartın ölməz ruhuyla,

Şipşirin "Napoleon" tortu vasitəsiylə görüşmək təhlükəsi vardı hamı üçün.

Amma...

Amma şükür, mən bu bayağı, şit tanışlıqdan anamın dayısı Surxay Qeydaroviç vasitəsiylə öz xəstə canımı qurtardım.

Soyuq qış günlərinin birində anam, Surxay dayıgildən qayıdarkən:

- Al, oxu. Surxay əmi göndərib, - sözlərinin müşayiəti ilə, akademik Tarlenin qalın "Napoleon" kitabını qonaq otağımızdakı dəyirmi masa üzərinə atdı.

Kitab 1941-ci ildə, Hitlerin Moskvaya lap yaxınlaşdığı vaxt nəşr edilmişdi.

Canında o dövrün hərarəti, nəbzi, gərginliyi, müharibə nəfəsi duyulmaqdaydı.

Surxay bu kitabı, görünür, elə o vaxtlar, 1941-ci ilin soyuq, təhlükəli oktyabr ayında almışdı.

Müharibə dövrünün qara çörək qırıntıları vardı, yadımdadı,

Bu kitabın sapsarı səhifələri arasında.

Surxaya o gərgin, əsəbi günləri tablamağa, görünür, həmin o kitab kömək eləmişdi.

Anama "Napoleon" tortunu hədiyyə etmişdi o, mənə akademik Tarlenin eyniadlı kitabını.

Anam, hamı kimi, eyniadlı tort vasitəsi ilə Napoleon ruhuyla təmasa keçmişdi.

Mən...

Mən isə o kitabın köməyi ilə...

 

Ömür kitabı

 

Notarial kontora gəldim.

Həyat yoldaşıma etibarnamə verməliydim.

- Neçə illiyə yazaq etibarnaməni?

Məntiqi sual məni təəccübləndirdi.

Fikirləşdim öz-özümə:

            "neçə il ömrüm qalıb axı?

Hansı rəqəmi deyim?"

Elə bil gələcək ömrümün

dəqiq uzunluğu bu cavabımdan asılıydı.

- Otuz il. - Notariat işçisi

            cavabımı yubatdığımı görüb

əvəzimə danışdı.

Elə bil otuz il ömür yazdı gələcəyimə.

Möhürlədi qərarını.

Rüsum da ödədim.

Səmt küləyi doldu yelkənlərimə.

Yol tapdım bax bu cür -

Özümə!

 

İki seyid (rep)

 

Əvvəl, lap əvvəl

əllərində qara tüstülü məşəl

Seyidcəfərlə Mircəfər

Girdilər Azərbaycan tarixinə.

Banalda

Fərqliydilər guya.

Fatalda

Eyni... bir adam idilər.

Həm realda, həm xəyalda,

Həm gizli parolda

Kölgələri də, adları da eyniydi

Ölkə, əvvəl bu cür birləşdi

Tarixi jurnalda.

Realda

Seyid Cəfər 1313-cü ilin

Səfər ayının 13-də doğulmuşdu.

Nəhsdi, tərsdi rəqəmləri.

Kənd münəccimi Rəhim kişi dedi:

- 7 il tərəzi qurun evdə bayram günü.

Tərəzinin bir gözünə balaca Cəfəri qoyun,

Digər gözünə ehsanlıq buğda, arpa... Şirniyyat.

Xata-bala sovuşar,

İnşallah.

Bir gün o tərəzinin bir gözünə

Tale

Atamı da qoydu...

Məni də...

Gözəl bir filmin

İlk kadrlarıydı

Bu səhnə...

Fatalda.

Banalda.

Xəyalda.

Realda.

Bəladaaaaaa!!!

 

Malakanlar

 

Malakanlar, bu dini xuliqanlar,

Amerikanlıların diliylə danışsaq,

sonuncu mogikanlar...

Altıqanadlı, altıbarmaqlı Serafim mələyini

Axtarırdılar

Qafqazda.

Altıbarmaqlı Şeşpər babanın ocağını,

Pirini tapınca Qəbələdə...

Sakitləşdilər azca.

Danışdılar Şeşpər babayla həm rusca...

Həm türkcə...

İvanovka kəndini saldılar bu görüş yerində.

Sonralar, sovetin burdan bütün Şərqi güddüyü

Nəhəng hərbi radarlar da

Altı antenalıydı.

Gəlirəm

 

Biri var idi, biri yox idi, Allahdan başqa heç kim yox idi.

Bir basketbolçu vardı, bir voleybolçu, bir də həndbolçu.

Üçü də indi yoxdular...

Bu foto, göydəki Ay kimidi.

Görünən tərəfi də var, görünməyən də.

Ayın görünən tərəfində bizik - mən, xanım əmməm Zinət, əri Aslan kişi.

Görünməyən tərəfdə isə...

Görünməyən tərəfdə isə 1981-88-ci illərdə, Təbrizdə əlisilahlı həlak olmuş doğmaca bibioğlanlarım, Zinətin üç oğlu - Səyavuş, Nadir, Musa.

Yəni, üstdə, üzdə, bizik - guya dirilər...

Altımızda isə onlar - guya ölülər.

Qısası, tam fotoda altı nəfərik guya... Dirilərlə ölülərin birgə çəkdirdiyi nadir foto.

Ağır fotodu.

Təbrizdə, Vadeyi-rəhmət məzarlığındayıq guya...

Bir neçə şəhidimiz də Tehranda, Behişti Zəhradadı...

Bəzi digərlərinin heç cansız cəsədi, ölüsü tapılıb ki, məzarları da olsun, hə?..

Hələ, necə deyərlər, "qeybdədirlər"... Zühur da edə bilərlər...

Bir də gördün...

Atam da, rəhmətlik, bu cür "qeybi"lərdəndi bir müddət...

1958-də "zühur" edənədək...

Eh...

Yoxxx... biz Herisçilər, day, ağlamırıq... çoxdan ağlamırıq... Keçib ey o fəqan, o nalə anları...

Uzatmayaq bu qəmli söhbəti.

Nadir, Musa, Səyavuş da mənim kimi solaxay idilər. Təbriz basketbol, voleybol, həndbol yığmalarının vurucu oyunçularıydılar.

Start sol zərbəni, məhz onlar vururdu.

Ölüm öncəsi, oyun öncəsi, - fərqi nədi? - pıçıldarmışlar Allaha: "Şirlər gərək pəncə vura şir ilə, saxlamaq olmaz şiri zəncir ilə"...

Allahım, bu fədai duasın məndən əskiltmə.

Qanınız yerdə qalmayacaq,

Bibimin göz yaşları da.

 

Şifrələr məndədir

 

"Robinzon" romanı çantamda,

Mən də bir gün həyatımda

bütün körpüləri yandırdım.

Düşdüm öz Robinzon adama,

Robinzon həyatım başladı.

Hədiyyəsiz qalmadı ancaq bu təkliyim.

Daniel Defonun "Robinzon" romanı qəfil

öz-özünə açdı öz gizlinlərini mənə.

"Açar kəlmə"

Robinzonun adadakı

            ilk və son dostunun adıydı,

Həmin o "Cümə" adı romanın açarıdır.

Afrikadakı aşanti tayfasında

            cəmi yeddi ad mövcuddu.

Kim həftənin hansi günündə doğulubsa,

Həmin o adı da daşıyır.

Misal üçün Seneqal, aşanti əsilli,

Sabiq BMT sədri Kofi Annan belələrindəndi.

Cümə günü doğulmuşdu,

Bu səbəbdən adı Kofi idi.

Qısaca, buna əsaslanaraq kitabdakı Cümənin əsl adını deşifrələdim - Kofi idi bu ad.

Sonra kitabdakı digər kodlar da açıldı mənim üçün.

O adanın dəqiq coğrafi koordinatlarını bildim.

İndi qalır adadakı dəfinələrin yerini dəqiqləşdirmək

və sairə detallar.

Xatırladıram - romanın müəllifi Britaniya kəşfiyyatını yaradanlardandı.

Romanı həm də tədris, imtahan kitabıdır.

Şifrələrini mənim kimi açsan,

bəxtin sonmacalda tapacaq səni,

Kral ziyafətinə, yaxud AzTV-dəki yeni bir verilişə dəvətnamə alacaqsan.

 

Fenlə göz yaşlarımı

 

Yenidən sevmək istəyirəm səni.

GPS xidmətinə üz tuturam bu dəfə...

Ünvanını dəqiq et bu sevdanın,

qoy, səyyar pizza satıcıları da dəqiq tapsınlar

bu qapını...

bu qadını...

Siqaret qutusuna yazdığım

köhnə telefon nömrən

bu dəfə ürəyimə də yazıldı,

gecənin ulduzları azaldı

gözlərin parlayınca...

Bu dəfə teflon tavalarda

Qızardacam ehtirasımızı.

Day heç nəyi yandırmayacam

həyatımızda,

yatağımızda.

Köhnə taxta talvarlarda

yetişdirəcəm salxım öpüşlərimizi,

Gecikmiş məhəbbətimizi,

FM dalğalarındakı musiqimizi.

Yenidən sevmək istəyirəm səni,

Fenlə göz yaşlarımı,

Dinlə, sözlərimi yox,

göz-qaşlarımı.

Fenlə göz yaşlarımı,

Fenlə.

Kriminal xəbər başlıqlarında

            görəcəksən simamı bu dəfə.

Başqa adla etiraf edəcəm cinayətlərimi.

Bank kartımda yad adımı oxuyacaqsan.

O cür də, o adla da,

yenidən sevmək istəyəcəm səni.

Çarpayına bu dəfə özümü yox...

Kölgəmi sərəcəm astaca.

Həəə... dəyişmişəm bir balaca,

Fenlə göz yaşlarımı.

Bu köhnə göz yaşlarımı...

 

Momento more

 

Müslüm Maqomayevin

dəniz haqda "O more" mahnısında

"Momento more", yəni "ölümü xatırla"

ifadəsinimi?

musiqisinimi?

eşitdim qəfil?

Ey dili-qəfil...

Gördüm bir an içində

tabutumun üstünə necə qondu

bir dəstə qırmızı qərənfil.

Çaşdım.

Gördüm, vaxsey,

fincansızdı masadakı çayım.

Sudaşıyan KamAz avtomobili kimi,

bütün Bakı küçələrində ağladım

özüm üçün,

Bəlkə də ölüm üçün.

"Sibriz" restoranındaydım bu vaxt.

Toy sahibi, bilməm niyə

tort göndərdi masamıza.

Nələr gəlmədi, qonmadı qarşımıza.

Düz qapımıza!

Tərslikdən, milçək də qondu qarpızımıza...

Hamı "O more" mahnısına qulaq asırdı,

Mənsə, "Momento more" mahnısına.

Başladı həyatımın

            ultrabənövşəyi şüalanma dövrü,

Külək Bakını da, məni də

Xəzərə süpürürdü.

 

Blüz

 

Özümə və Ölumə

Bənzədim bu gün

bir az.

Lap az.

Az-az...

Hadisələrin sonrasını indi

artıq düşünmürəm.

Qarderobumdakı ən köhnə paltarımı

Əvvəlcə azca qoxuladım

Qorxmadım...

Geydim əynimə.

Öz dilimdə daxilimə bir blüz pıçıldadım:

"Məni bu axşam mütləq sevəcəklər

Ən azı, köynəyimdəki naxışlara görə".

Ancaq tam yad bir səs diksindirdi məni:

"İndi yoxdu bu cür naxışlar. Bu cür çiçəklər.

Ləçəklər".

Anında həyatımın, gözlərimin

jalüzləri tam qapandı.

Soldu bütün köhnə çiçəklər.

İşdə bossum mənə

nifrət etməyə başladı.

Yeni pinkod istədi həyat məndən...

Yeni çicəklər,

Yeni naxışlar.

Köhnə nə varsa,

tam unudulub.

 

Şah cadusu

 

İranın son şah sülaləsi,

Pəhləvilər, "Reza" adına

bərk aludəydilər.

Rzaşah Pəhləvidən sonra bu ad

            yenə də yerdə qalmır,

Oğlu Məhəmməd Reza Şahın

            simasında yenidən canlanır.

"Reza" adını mistikcəsinə,

            xüsusi ahənglə geri,

tərsinə oxusan,

bizim adımız,

Azərbaycanın qısaldılmış

"Azər" adı doğacaq.

Hadisələrin reallığı nə qədər önəmlidirsə,

mistikası da bir o qədər əhəmiyyətlidir.

Pəhləvilərin əsl canlı mistikası

bax, bu məxfi şifrədə

- "Azər-Reza" şifrəqramında idi.

Cadunun müəllifi falçı Fəriştə Tehrani idi.

Məhəmmədrza şaha, arvadı Fərəhə demişdi:

"Vaxsey, özünüzü "Azəri"lərdən qoruyun.

Bəs adınızda "bu şifrə, bu tale var".

Bəs adınız hər an ulduzların

            hökmü ilə geriyə fırlanıb,

hakimiyyəti yenidən

            azərbaycanlılara qaytara bilər.

Şahənşah bu sözləri eşidən kimi

dərhal "21 Azər" üsyanını,

Təbriz mənzərələrini gözlərində canlandırır.

Anında bu cadunun qurbanına çevrilir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!