Allah ağır eşidir Üzünü göyə tutma. - Şeirlər. Xosrov NATİL

***

Sənə məktub yazmışam, yalvarıram, oxuma çərşənbə axşamları

Camal Süreya

 

Heç sənə layiq deyil

sənə yazdığım yazı.

Ömür də, gün də, keçir

Nə qışı bəlli, nə yazı

 

Yalvarıram, oxuma,

vərəqləri qaralıb.

Sevdiyim ağacların

yarpaqları saralıb.

 

Nöqtələrin yerinə

bir "ah"ım var yazıda.

Yalan deyil, şahiddi

o bir Allah özü də...

 

***

Deyirsən yağış yağır

Havalar da soyuyub.

Nəmişlik dizə çıxıb

Körpüləri su yuyub.

 

Deyirsən duman gəlib

Sizin dağlara yenə.

Onsuz da uzaqdasan,

əlim çatmır rayona...

 

Bu duman duman deyil

Nə də yağış, çən çisək

Hər şeyin bir sonu var,

Hər şey olub-bitəcək.

 

***

Yəqin yetişib indi     

Sarı-sarı limon dər.

Nə olur-olsun, amma

Mənə bir şəkil göndər.

 

Çiçəkli limon olsun,

Budaqları sapsarı.

Yazılı şəkil olsun,

bir üzü mənə sarı.

 

***

Yaşımız ötüb-keçir,

Adımız da kiçilir.

Yadlaşır xatirələr,

Ayrılıqlar dirilir.         

 

Duman gəlib, pozulur

uzaq yolun güzgüsü.

Yaxında bir kədərdi,

bir də ölüm qoxusu.

 

***

Eyni ayda doğulduq,

Payız adlı fəsildən.

Əvvəlində səniydin, 

bu ayın sonunda mən.

 

İndi atəş üstünə

həsrətli nəğmə asım.

Yenə yağış, duman, çən

"yenə aylardan qasım".

 

Neçə payız, qış keçdi,

sular axdı, duruldu.

Görən, neçə ayrılıq,

neçə sevgi doğuldu.

 

Yaddaşımda yaşadı

sadəcə payız kimi.

Ayrılıqlar sonunda

eynəkli bir qız kimi.

 

***

Gör harda yada düşür

yenə dəniz qırağı.

Mən şamımı itirdim,

sən "sehirli çırağı".

 

Yenə dəniz qırağı,

oyandı xatirələr.

Yalın ayaqlarını

öpürdü ağ ləpələr.

 

Damla-damla sıxırdı

Kirpiklər yaş çəpəri.

Göz yaşını gizlətdi 

Eynəyin şüşələri...

 

Qaranlıq çökdü nə tez,

dəydi şəhər şəstinə.

Gecələr ay doğulmur

65 yaş üstünə.

 

Hərdən bulanıq göydə

Sayrışır veyil-veyil.

Ulduzlar da seyrəlib

Sayı o sayda deyil.

 

Heç kimə demə, yerin

qulağı var unutma.

Allah ağır eşidir

Üzünü göyə tutma.

 

İndi bu gecələrdə

Bir sevgi izimiz yox.

Sığınmağa köksümüz,

Baş qoysaq, dizimiz yox.

 

Damla-damla axırdı

Kirpiklər yaş çəpəri.

Göz yaşını gizlətdi 

Eynəyin şüşələri...

 

Dənizli xatirələr...

Dayanmışıq yanaşı.

"Olum gözlərin qurbanı",

Sənə gülmək yaraşır.

 

Minas abi

 

Döşünə alıb isti havanı,

iri qabarlı əlləriynən

cənub küləyini mişarlayır Minas abi,

budayır yamyaşıl feyxoa kolunu.

 

Cənub küləyi isti,

Mişarın nəfəsi şimal soyuğu, çox soyuq,

Qorxudan qarın-qarına girmişdi yaşıl budaqlar.

 

Dağdan enmişdi - Minas abi,

uzun boyunu,

iri əllərini,

at ayaqlarını,

tünd baxışını,

bir də səsinin yoğun yerini gətirmişdi şəhərə.

 

63 ildi döşdəşirdi şəhərnən,

Öyrəşə bilmirdi yay havasına,

Nə qış havasına, yaz havasına,

Nə də qaraörtük asfalt yoluna.

 

Ən yaxın göy üzünə

Taadım uzaq torpağına əli çatmırdı.

şəhərli ola bilmirdi, Minas kişi.

Sevdiyini itirib oturmuşdu kirimiş,

(indi o qız da yoxdu

"Bir şüşə "sevgilim",

            saçaqlı pendir və göy-göyərti

Ya da təzə "madera",

Bu eşqi unut deyən yüzlərin acığına

İki bilet alırdı kinoya, teatra").

 

Ayrı xatirəsi yoxuydu daha,

Bəyənmirdi şəhəri:

"Bu şəhərin otu yox, əncəri yox,

Reyhanı, nanəsi, pəncəri yox.

Atı yox, qatırı yox,

Bir həyası, abırı yox" bu şəhərin.

 

Deyirdi ki,

Bu şəhərin dəmir atı, qır atı,

Yerin altında

Qanadlı qara qarışqası uçaq-uçaq,

Göyün yeddinci qatında.

 

Xırda karlik itlərinin səsi yox, səmiri yox,

Çörəyi dizinin üstündə olan adamların

Balatası, xəmiri yox.

Bir ev qurub tikəni yox,

Cızığından çıxanların vaxt-bivaxt

Abırını ətəyinə bükəni yox.

Bir qonşunun dəftərində adı yox,

Yediyinin damağında dadı yox.

...

Çər dəymiş atının çılpaq belində

rahat-rahat oturmuşdu oğlan çağında.

indi yumşaq Buslarda

yanını yerə basa bilmir.

rahat ola bilmir

            göydələn binalarının yuxarı qatlarında

oynaqları göyüm-göyüm,

sümükləri sızım-sızım,

dağ havası həsrətinin sözlü-sazlı nəğməsinə,

səsinə bənddi.

 

Arsız-arsız gülür hərdən...

Bilirdi arsızlıq yaş məsələsidi,

qocalıq nişanəsidi arsız gülüşlər.

 

Yola verməkdi itən illərin hayıfını çıxa bilmək,

ayaq verib itənləri unutmaqdı arsızlıq,

Ömrə-günə od vurmaqdı arsızlıq.

Ot ələfi vərənmiyən biçənəkdi,

Susuzluqdan qabıq verən bir tənəkdi.

Sevdiyi gülü əliylə özgəsinə verməkmi...

(İndi o qız da yoxdu

"Bir şüşə "sevgilim",

            saçaqlı pendir və göy-göyərti

Ya da təzə madera,

Bu eşqi unut deyən yüzlərin acığına

İki bilet alardı kinoya, teatra").

...

Böyüyüb, böyüyüb tayını tapan

Bir çopur, ucaboy adamdı -

Arsızlıq.

Arsızlıq hər töhməti udmaqdı -

Udmaqdı, udqunmaqdı,

Unutmaqdı arsızlıq.

 

(arsızlıq yaş işidi, yaş məsələsidi,

qoca təntiyir,

uşaqlar arsız olmur, ağlıyır, kiriyir)

Arsızlıq uşaqlardan xeyli uzaqdı,

Uşaqlar ağlayar, uşaqlar kiriyər.

Gülər uşaq kimi, gülər şeytanlar,

Uşaqlar ağlıyar ac olanda da,

Elə ... altı yaş olanda da.

Qulaq ağrısına məəttəl olar,

Ağlayar-ağlayar, sora böyüyər.

Böyüyər arpa boyu

hər gün, hər saat.

Böyüyər atanın, ananın qolu,

Uzanar bağçanın, məktəbin yolu.

Uşaqlar böyüyər, başı böyüyər,

Uşaqlar böyüyər, gözü böyüyər,

Uşaqlar böyüyər, yaşı böyüyər,

Uşaqlar böyüyər, sözü böyüyər...

 

***

Tikanlı, kölgəsiz innab ağacına

Oxşarı vardı Minas abinin.

Suyunu döndərib arxın önündə,

söykənib əlində yarağa nəsə

düşünürdü sakitcə

Yorulub əldən düşüncə.

 

***

Abşeron günəşi - yay xəstəliyi

Canını bişirəndə mazut qoxulu təri

Yapışıb xirtdəyindən

İçərişəhərin divarlarına dirəyəndə küləyi.

Zopanın, dəyənəyin yeri - qançır olmuş kürəyi

Qız qalasının damında

            günəşlənən zağlı polis çəkməsi

Yadına düşəndə...

Sinəsindən qopan ah nəfəsini qarsırdı,

Dodağı çatlayanda yüz yerdən

qan rəngli nar koluna yaman oxşuyurdu

Minas abi.

...

Qaratelin boxçasındakı

quru otlar - ədviyyələr

otaq-otaq gəzirdi satılmaq üçün.

Boxçanın arxasına qısılmışdı uzunətəkli qadın,

 

uzunətəkli, iriyanlı Qaratel arvadın

quru istiotu, mixəşəri, turş alçası -

quru qaxac qızların sevdiyi ədviyyədi.

 

Uzun boyun, dik burunlu, tünd baxışlı

dağ təkəsi təkin

səsinin yoğun yerinə salıb üstünə çəmkirirdi -

uzunətəkli , iriyanlı Qaratel arvadın.

"Durma qapı daaaaalında,

Gözüm qalıb xaaaalında".

İllər uzun-uzun keçdi ömürdən,

burnu dik oğlan çağı,

bir az səbri dar,

genbalaq şalvar,

ağappaq köynək,

platformalı çustlar.

bir az havalı -

alnının qırışı yoxuydu hələ,

taleyin qarğışı yoxuydu hələ.

 

70 il ötdü, Minas abinin

Qoruya bildiyi

Uzun boynu,

iri əlləri,

at ayaqları,

tünd baxışı və səsinin yoğun yeriydi.

 

Uzun-uzun illər keçdi ömürdən

83 cür səs gəlir göydən...

qulaq as, qulaq as, abi,

Allah ömür versin, Minas abi.

   

Azadlıq prospekti, 2023

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!