Vüsal dəstə üzvləriylə birgə kəşfiyyatdan qayıdıb taqımdakı əsgərləriylə görüşdü. Onlar təpədəki yeganə ağacın kölgəsinə toplaşıb, nəyisə qızğın müzakirə edirdilər. Baməzə zarafatlar, gülüş səsləri son günlərdəki uğurlu döyüşlərin yaratdığı xoş ovqatdan xəbər verirdi. Komandirin kəşfiyyatdan nikbin, yüksək əhvalla qayıtması hamının kefini açmışdı. Xüsusi tapşırıq yerinə yetirilmiş, yeddi nəfərdən ibarət kəşfiyyat qrupu qiymətli məlumatla geri dönmüşdü. Gənc komandir döyüşçülərə bir-bir nəzər yetirib uca səslə:
- Həə, uşaqlar, görürəm, bu yüksəkliklərin düşməndən təmizlənməsinin sevincini yaşayırsınız. Oğulsunuz, oğul! Vətən keşiyi, el təəssübü çəkirsiniz. Halal olsun sizə, - dedi.
Fərasəti ilə döyüşçü dostlarından seçilən Ülvi dil boğaza qoymadan:
- Uşaqlara baxıram, ürəyim dağa dönür, komandir. Dava meydanına nər kimi şığıyırlar. Dözümümüz, iradəmiz gavurların axırına çıxacaq, inşallah!
Vüsalın şaqraq səsi dağda-daşda əks-səda verdi:
- Az qaldı, igidlər! Yağının başını əzməyə lap az qaldı.
***
Vüsal hünərli yaşıdları kimi, cəbhəyə könüllü yollananda çox gənc idi. Ömrünün 21-ci baharını yaşayırdı. Çöhrəsindən səmimiyyət, baxışlarından mehribanlıq oxunurdu. Onunla ilk dəfə üz-üzə gələnlərdə, bəzən "bu ki yeniyetmədir" təsəvvürü yaransa da, əslində belə deyildi. Vüsal ilə ünsiyyətdə olan, onun dünyaya baxışını, həyata münasibətini duyan hər kəs bu gəncin əqidəsinə, insani keyfiyyətlərinə heyran qalırdı. O sanki yaşını xeyli qabaqlamış, vaxtından əvvəl kamala dolmuşdu.
El-oba üçün əsim-əsim əsən vətənpərvər ürəyi vardı. Belə olmasaydı, torpaqlarımızın bütövlüyü, Qarabağımızın düşmən tapdağından nicatı uğrunda mübarizəyə can atmazdı.
Vüsal Cəsarət oğlu Muradov 1999-cu ildə Sumqayıtda ziyalı ailəsində dünyaya göz açıb, əslən ağdamlıdır. Sumqayıt şəhərindəki 25 saylı orta məktəbin yetirməsidir. O, hərbçi olmaq istəyi ilə 2014-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunub. Bu liseyi əla qiymətlərlə bitirdikdən sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirməyə qərar verib. Kəşfiyyatçı olmaq arzusundaydı. Vüsal 2017-ci ildə imtahanları uğurla verərək bu hərbi məktəbin kəşfiyyat bölməsinə qəbul olunub. Seçdiyi ixtisasa mükəmməl yiyələnməsi ağır təlimlər zamanı köməyinə çatıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda dördüncü kursda oxuyurdu. Sentyabrın 29-da leytenant rütbəsi aldığı gün cəbhəyə yola düşür. Hərbi biliklərini nəzərə alıb onu taqım komandiri təyin edirlər.
***
Vüsalın başçılıq etdiyi yeddi nəfərlik qrup Qubadlının strateji əhəmiyyətli kəndlərinə kəşfiyyata göndərilmişdi. Xüsusi tapşırıqla gələn kəşfiyyatçılar öhdələrinə düşən işi bacarıqla görür, erməni quldurların möhkəmləndikləri döyüş mövqeləri, düşmənin canlı qüvvələri və texnikası barədə məlumatları dəqiqləşdirirdi. Vüsalın dil bilgiləri hamının karına gəlirdi. O, Qubadlıda olduqları ərazidə qarşılarına çıxan, erməni dilində yazılmış lövhələri, plakatları asanlıqla oxuyur, istiqaməti dəqiq müəyyənləşdirirdi. Bütün cəhdlər uğurlu alınmışdı. Bu, qarşıdakı hücum əməliyyatının müvəffəqiyyətini təmin etmək deməkdi. Vüsalın kəşfiyyat dəstəsinin üzvləri rabitədən baş çıxarır, dalğanı tutmağı bacarır, silahsız və səssiz işləyə bilirdi. Bəzən qisamüddətli kəşfiyyata getsələr də, əlavə tapşırıqlara görə yeni plan üzrə işləməli olurdular. Təpələrə qalxır, saatlarla dinməz-söyləməz müşahidə aparır, düşmənin mövqeyini gözdən qoymur, masxalat hərbi geyiminə bürünüb dağda-daşda dizin-dizin sürünür, xəritə çəkirdilər. Sonra isə Zəngilanda və digər bölgələrdə apardıqları uğurlu kəşfiyyat əməliyyatlarını, üzləşdikləri riskli anları bircə-bircə xatırlayırdılar.
Cəbhədəki ən yaxın dostu Niyaz Yaqubovun dediklərindən:
- Xocavənd istiqamətində irəliləyərkən ehtiyat ərzağımız tükənmişdi. Uzun yol bizi yormuş, taqətdən salmışdı. Döyüşə girməyimizə sayılı saatlar qalırdı. Əsgərlərimizdən bir neçəsinin yorğun haləti komandirimizin gözündən yayınmadı. O, öz su qabını və çantasından axtarıb tapdığı üç-dörd şokoladı həmin əsgərlərə verdi. Vüsalın bu qayğıkeşliyi, son tikəsini bizimlə bolüşməsi elə xoş təsir bağışlamışdı ki... Onun döyüş zamanı cəsarəti, qorxmazlığı, daim öndə gedib, bizi arxasınca aparması qəlbimizi titrədir, ruh yüksəkliyimizi, uğur qazanacağımıza inamımızı artırırdı. Vüsalın ən böyük arzusu Qarabağımızın tacı, həsrətində olduğumuz Şuşanı və ata-baba yurdu, doğma Ağdamı görmək idi.
Oktyabrın 20-də xüsusi tapşırıqla Füzuli istiqamətinə yollandıq. Alabəzək payız fəsli, necə deyərlər, özünü göstərməkdəydi. Meşənin ayaq altına rəngbərəng xalıtək döşənmiş xəzəl xışıltısına qarışıb gedirdik. Hava soyuq və çiskinliydi. Gənc komandirimiz başını qaldırıb səmaya nəzər saldı. Tutqun, gözü dolmuş buludlara baxıb:
- Hansısa şairin bir şeirində payız saralıb solan bahara bənzədilmişdi. Qarabağımızın payızı kimi. Amma nə etməli, Qarabağımızın payızı da, yağmuru da, çiskini də gözəldi, - dedi.
Sonra üzünü əsgərlərinə tutub, onlara ürək-dirək verdi:
- Həə, uşaqlar, ruhdan düşməyin. Sabah yenə qızılı payız günəşi bərq vurub, yolumuzu aydınladacaq! Gün o gün olsun ki, Qarabağımıza tezliklə bahar gəlsin!
...Təyin olunmuş əraziyə gecə saatlarında çatdıq. Digər taqımların şəxsi heyəti ilə bir araya gəldik. Vüsal komandir heyəti üçün ayrılmış yerdə yox, öz əsgərləriylə birgə quru yerdə, taxtanın üstündə gecələdi.
Oktyabr ayının ortalarında Zəngilan bölgəsində uğurlu hərbi əməliyyatlar aparılır, ordumuzun gücü, qüdrəti uzun illər nisgilli qalan ürəklərimizdə qürur hissi doğururdu. Əsgər və zabitlərimizin hünəri sayəsində yeddi yüksəklik və üç kənd bir gündə alınmışdı. Artıq bu bölgənin bir neçə kəndindən ermənilər qorxu-hürkü içində təxliyə olunurdu. Vüsalgilin taqımı itkilər vermişdi. Nemət Həsənov Qrad qəlpəsindən aldığı yaradan şəhid olmuş, taqım komandirinin müavini Qənbər Salayev isə ağır yaralanmışdı.
***
Leytenant Vüsal Muradovun taqımı Xocavəndə, Hadrut istiqamətinə yol aldı. Dolanlar kəndinə getməliydilər. Komandir bərk soyuqlamış, hərarəti qalxmışdı. Xəstəhal vəziyyətinə baxmayaraq, əsgərlərini ayıq-sayıq, sərvaxt olmağa çağırırdı. Ertəsi gün komandanlığın döyüş əmrinə əsasən, əsgər və zabitlərimiz hərəkətə keçdilər. Vüsalgilin döyüş mövqeyi erməni quldurlarla 200 metr məsafədə idi. Öndə gedən igid komandir üç-dörd erməni gavurunu cəhənnəmə vasil etdi, amma düşmən gülləsi onu yaxaladı. O, sol çiynindən yaralanmışdı. Vüsalla eyni döyüşdə olan əsgər Ülvi Mustafazadə nəql edir ki, komandir şirtək vuruşan silahdaşlarına hər vəchlə dəstək verir, həm də bizə özümüzü qorumağı tapşırırdı. "Şəhidlik uca zirvədir, amma nahaq güllənin qurbanı olmayın", deyirdi. Vüsal yaralansa da, döyüşür, silahı əlindən yerə qoymurdu. Az sonra ratsiya ilə onun şəhid olduğunu bildirdilər.
Əsgər Məhərrəm Aslanlının dediklərindən:
- Həmin döyüş əməliyyatı zamanı bizim taqım iki qrupa bölünmüşdü. Komandirimiz Vüsal Muradov birinci qrupun önündə gedirdi. Mən ikinci qrupda idim. Onun vurulduğunu rabitə vasitəsilə eşidəndə köməyə getmək istədiyimi bildirdim. "Komandirin nəşini indi çıxarmaq mümkünsüzdür, hamınız şəhid olarsınız" cavabını eşitdik. Amma döyüş yoldaşlarım Daməd Abbasov, Elmin Əliyev, Zahir Məmmədov, Mustafa Şirinli və mən qərarımızda israrlı idik. Biz taqımdan ayrıldıq və hadisə yerinə gəldik. Vüsal bu ərazidəki Ziyarət dağının ətəyində şəhid olmuşdu.
Duyuq düşən ermənilər indi də bizi nişan almağa başladılar. Snayperimiz Zahid Məmmədov (Molla təxəllüslü) Vüsalı vuran erməni qruplaşmasını zərərsizləşdirdikdən sonra biz şəhid komandirimizin nəşini atəş xəttindən çıxara bildik. Onu da deyim ki, səhidimizi çıxarıb meşəyə girdiyimizi görəndə gavurlar bu dəfə yaşıllığa divan tutmağa qalxdılar, ağacları mərmi ilə odlayıb yandırırdılar.
Məhərrəm sonrakı olayı da nəql elədi. Bildirdi ki, təhlükəsiz bir yerdə ayaq saxlayan sadiq döyüş dostları düşmənlə çarpışan, ölüm-dirim savaşında şəhadətə yüksələn igid Vüsalla vida anlarını yaşadılar. Cəsur komandirin alnından öpüb, silah tutan, tətik çəkən əlini, biləyini sıxdılar. Önündə sayğı duruşuna qalxdılar. Baxışlarını Vüsalın həyatdan doymayan yarıaçıq gözlərinə dikib bir an xəyala daldılar.
Ülvi üzünü çiyindaşlarına tutub:
- O musiqi səsini, nəğməni eşidirsiniz? - deyə soruşdu. Sonra təkrar xəbər aldı:
- Eşitmirsiz? Hardasa uzaqlardan əzəmətli olduğu qədər həzin və ümid dolu bir nəğmə ətrafa yayılır:
Barıt qoxulu bu yollar
Səni bəs nə vaxt qaytarar?
Səndən təsəlli bir zabit mundiri,
Bir cüt ulduzlu, aylı poqonlar.
Hay ver mənə, cənab leytenant!
Xoş müjdəli bir savaşdan
Pay ver mənə, leytenant...
Bu kövrək melodiya gerçək idi, yoxsa, gerçəyin əks-sədası? Bəlkə intizarında olduğumuz, yaxınlaşan, artıq astanaya çatan Qələbəyə çağırış idi? O möhtəşəm Zəfərə qovuşmaq eşqiylə soyuq səngərlərə atılan, torpaqlarımızı işğaldan qurtarmaq naminə oddan-alovdan keçən, düşmənin başını əzən oğullarımızın harayı, haqq səsiydi, yəqin.
Əsgərlər cəsur komandirin nəşini piyada briqadasının yanındakı toplanma məntəqəsinə gətirib təhvil verdilər. Bir gün sonra isə kəşfiyyatçılarımız həmin ərazidə erməni mövqelərinin arxa tərəfinə keçərək dəqiq məlumatlar çatdırdı. Artilleriyamız işğalçı ordunun texnikasını və canlı qüvvəsini məhv etdi. Sevinirdilər ki, şəhidlərimizin, o cümlədən, "bizim cənab leytenantın" - Vüsal Muradovun qanı yerdə qalmadı. Onun şəhid olduğu son döyüşündən bir həftə sonra Şuşamız işğaldan azad edildi.
Dürüst, azad fikirli, mərd oğul, mərhəmətli, saf insan idi Vüsal. Əsgərlərinin əksəriyyəti yaşca ondan böyük olsa da, silah yoldaşlarını çox sevir, hər birinə ehtiramla yanaşırdı. Odlu yollarla birgə yürüdüyü döyüşçü dostlarının fərasətini, sərrast atıcılığını dəyərləndirir, zarafatından qalmayıb onlara "sükanı belə saxlayın" deyirdi. O, əsgərlərinə örnək idi. Döyüşkənliyi, yurdsevərliyi ondan öyrənirdilər.
Anası Kəmalə xanımın sanki ürəyinə dammışdı. Evdə də, işdə də qərar tuta bilmirdi. Aci bir xəbər onu kabus kimi izləyirmiş, sən demə. Həmin günlərdə şəhərə gətirilən üç şəhiddən birinin oğlu Vüsal olduğunu biləndə ananın gözündə yer-göy qaralmış, aləm başına fırlanmışdı. Amma nə qəm! Gözünün nuru, bir nəslin oncülü, qədd-qamətli zabit oğlu Vüsal Vətən, yurd naminə canından keçmiş, şəhadətə yüksəlmişdi. O, Sumqayıtdakı Şəhidlər Xiyabanında torpağa tapsırıldı. Atası Cəsarət, qardaşı Yusif onun qəhrəmanlığı ilə qürur duyur. Vüsal indi təkcə bir ailənin yox, bütün şəhidlər kimi, Azərbaycan xalqının övladı, fəxr-fəxarət yeridir.
***
Cəmaləddin Ruminin belə bir deyimi var: "Ürəklə istədiyiniz, etdiyiniz hər şey sizə hökmən geri dönəcək". Nəhayət, istəyimizin gerçəkləşdiyi bir zamana yetişdik. Vəhdət və güclü inam möhtəşəm Zəfərə apardı bizi. Vulkantək püskürən, bir cınqı himə bənd Vətən oğulları öz müdrik Sərkərdəsinin qətiyyəti, dəmir yumruğun gücüylə qalibiyyətlə bitən 44 günlük Vətən müharibəmizdə düşməni susdurub, tar-mar etdi. Qarabağımız və digər yurd yerlərimiz işğaldan azad edildi.
Bu günlərdə yurdumuzun hər yerində Zəfər təntənəmizlə bağlı tədbirlər keçirilir. "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülən şəhid leytenant Vüsal Muradovun xatirəsinə Beynəlxalq Muğam Mərkəzində düzənlənmiş tədbirdə maraqlı anlar yaşanıb. Tədbirin təşkilatçısı və aparıcısı, istedadlı gənc şair Qabil Ədalət və qəhrəmanın silah yoldaşları onun döyüş yolu, göstərdiyi şücaət barədə danışıblar. Səhnəmizdə, bəlkə də ilk olan gözlənilməz sonluq hamını sevindirib. Şəhid Vüsalın hərbi paltarını geyən aparıcı, Kəmalə ananı səhnəyə dəvət edib, şəhid anasının əlini öpərək "anam, daha qaralar bağlama" deyib,əlindəki mavi kəlağayını onun çiyninə atıb. Həyəcan içində olan ananın gözlərində şəhid balasının yaşarılığına, ölməzliyinə inamın doğurduğu sevinci bir görsəydiniz...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!