Düz on beş ildir ki, Mürşüdqulu zurnaçalan Məmişin dəstəsində züy tuturdu. Bu, ilk baxışda asan görünən peşə, olduqca məsuliyyətli, ağır və mürəkkəb idi. O, bəzən kənd toylarında qulağını üç gün, üç gecə Məmişin zurnasına dirəməli, onun bəmini zilini diqqətlə izləməli, bircə səsi belə nəzərdən qaçırmamalı olurdu. Belə hallarda gecə yarıdan xeyli keçmiş zurna ağzında mürgü də döyərdi, amma ordu və qulağı uzun illərin təcrübəsində öz vəzifəsinə alışdığından, nə ağız nahiyəsi boşalar, nə də bəmi zilə, zili bəmə qatardı. Elə yata-yata, dan yeri sökülənə qədər gah alçaqdan, gah da ucadan züüüüüü edərdi. Yuxulu züyçünün bu aramsız züyü Məmişə də, nağara vurana da ləzzət verərdi və onun məsum körpə kimi yuxulamasına göz yummağa zəmin yaradardı.
Onların dəstəsi hərdənbir aşıq Qəmbərqulunun yanında, bəzi mötəbər məclislərdə də çalırdı. Bu mənzərəni görmək bir ömrə dəyərdi: qabaqda tökməboy aşıq Qəmbərqulu, ortada eşməbığ, xəşəlqarın Məmiş, onun dalınca nağara vuran Qəmil və lap arxada arıq, uzuntıraq Mürşüdqulu ordunu doldurub züy tuta-tuta süfrənin başına fırım-fırım fırlanırdılar. Qabaqda gedən aşıq və sazançılarla müqayisədə, Mürşüdqulunun vəzifəsi bir az gərəksiz, bir az mənasız görünsə belə, arxada dabanbasaraq addımlayan züyçü yaxşı bilirdi ki, bu dəbdəbəli səs-küydə ağzını sərçə balaları kimi açan sükut boşluqlarını doldurur, buna görə də dəstənin işi onsuz aşa bilməz. Beləcə düşünə-düşünə fərəh hissi keçirir, qabağa məğrurcasına baxaraq züyha-züylə yoluna davam edirdi. Hələ siz təsəvvür edin ki, rayonda bərkgedənlərin izdihamlı məclislərində bu vəzifəni layiqincə yerinə yetirmək, arxada gedə-gedə səsləri bir-birinə qatmamaq, bəmi-zili mahircəsinə ayırd etmək nə qədər mürəkkəb, nə qədər məsuliyyətli məsələ idi, ələlxüsus da, aşıq Qəmbərqulunun səsi Məmişin qara zurnasının səsinə qarışanda məsələ lap müşkülləşirdi. Amma Mürşüdqulu bu cür vəziyyətdən həmişə üzüağ, alnıaçıq çıxmışdı, çıxırdı və çıxacaqdı.
Züy tutmaq hər oğulun hünəri deyil, fəqət, buna rəğmən, Mürşüdqulunun artıq həddi-buluğa çatmış oğul-uşağı atalarının bu peşəsinə dodaq büzür, hərdənbir evdə narazılıq salıb yekəxanalıq edirdilər.
Belə məqamlarda Mürşüdqulu qürur hissi ilə bildirirdi: "Mən sənətkaram, balam, sənətdə hərənin öz yeri var. Biri o birini əvəz edə bilməz!"
Uşaqlar inadlaşıb, züyçülüyün sənətə heç bir aidiyyəti olmadığını isbat etməyə çalışanda, Mürşüdqulu da öz müqavimətini artırar, dərinə gedib daha geniş mənalı dəlillər gətirərdi:
- İki nəfərdən biri züyçüdür! Həyat biney-başdan belə qurulub, lütfən, kimsə kiminsə züyünü tutmalıdır, biri çalır, o biri də ona züy tutur.
- Hamı çalır, züy tutanı-zadı yoxdur! - bu etirazı bir dəfə Mürşüdqulunun arvadı gözlənilmədən, Mürşüdqulu üçün qəti gözlənilmədən ortaya atdı. Mürşüdqulunun matı-qutu qurudu, dili dodağını təpdi. Uşaqlardan hər sözü gözləyərdi, amma indiyə qədər dili-ağzı özündə, hər çətinliyə sinə gərən vəfalı ömür-gün yoldaşından, onun züyünə züy tutan bağrıbadaş qadından bunu gözləməzdi.
Arvad xeylağını nə bilmək olar! Kim bilir, onun ürəyində ağzından qan iyi gələn neçə aslan yatır?! Bu etibarsız arvadın, qəflətən uşaqlara qoşulub öz vəfasızlığını büruzə verən bu qadının kəndin toy-düyünündə neçə dəfə qol qaldırıb Mürşüdqulunun züyünə oynadığını kim saya bilər? Bəli, məhz Mürşüdqulunun züyünə! Çünki Mürşüdqulunun zövcəsinin ağzı nədir, öz halal-hümbət əri dura-dura, həmin məclisdə ola-ola, gözü baxa-baxa özgə bir kişinin çaldığı havaya oynasın!? Mürşüdqulu bilirdi ki, qız-gəlinə qoşularaq qollarını çiçəkləyən şaftalı budaqları kimi açıb süzə-süzə ortalığa gələn arvadı hamıdan fərqli olaraq nə uzunboğaz Qəmilin nağarasının tappıltısına, nə də Məmişin qaydasına oynamaz. Oynayammaz! Qadın, özü bunu özünə rəva bilməz, Mürşüdqulunu el içində rüsvay etməz! O yalnız halalca ərinin tutduğu uzun-uzadı, aramsız züyə oynaya bilər!
Amma sən demə, arvadın da qəlbində gizli etiraz vulkanı qaynayırmış. Qaynaya-qaynaya da püskürmək üçün öz məqamını, öz saatını gözləyirmiş.
Püskürdü. Bir püskürməklə də Mürşüdqulunun üz-gözünü, ömrü boyu arvad-uşağının cəfasını çəkən, bir tikə çörək üçün durmadan dolub-boşalan qara gün dağarcığı ordunu yandırb pörtdədi.
Mürşüdqulu haçandan-haçana təkcə bunu deyə bildi:
- Həə?
- Hərə öz havasını çalır, züy tutanı-mutanı yoxdur! - uzun illərdən bəri gizlin-gizlin qaynayan vulkan alov dilini bir də çıxardı, Mürşüdqulu hiss etdi ki, amansız od bu dəfə onun qalan yerlərini də yandırdı.
Uşaqlar bundan ləzzət alaraq susur, atalarının nə deyəcəyini, indi necə dəlil gətirəcəyini qəribə bir maraqla gözləyirdilər.
Mürşüdqulu daxilindəki səsin zilə qalxdığını hiss edib elə zildən dilləndi:
- Kim tutmur, az!? Hamı züy tutur, hamı! Özbaşınalıq edib mənimlə söz güləşdirmə, əzəl başdan dünya belə qurulub, hər ailədə evin kişisi çalır, ailənin yerdə qalan üzvləri ona züy tutur! Daha geniş mənada desək, - Mürşüdqulu bu yerdə dərindən nəfəs alıb, ordunu vərdişi üzrə doldurub boşaldandan sonra sözünə davam etdi, - Amerika çalır, Avropa ona züy tutur! Eşitdin? Gözünü aç, dünyaya yaxşı-yaxşı bax!
Görünür, arvad eşitdi də, baxdı da, inandı da, çünki onun vulkanı sürətlə püskürdüyü kimi sürətlə öləziyərək alov dilini qatlayıb öz içinə qaytardı. Mürşüdqulu cəfakeş ordlarını yenidən doldurub, sözünə nəsə əlavə etmək istədi, amma arvadın da, uşaqların da yazıq-yazıq susduqlarını görüb fikrindən daşındı, bir müddət beləcə ordu dolu qaldı. Bu əsnada, qadının fikrindən qeyri-ixtiyari belə bir kəlmə keçdi: "İndi ağzında düdük olsa, lap zildən züyüldədərdi, özü-özünə züy tutardı".
Bir gecə dəstə başçısı Məmiş iti hürüdə-hürüdə Mürşüdqulugili şirin yuxudan oyatdı. O, xoş xəbər gətirməsə, bəlkə də, Mürşüdqulu zurna yoldaşını uzun müddət bağışlamazdı. Amma xəbər xoş idi, xoş sözü azdır, zurna səsi kimi olduqca şad və cingiltili idi. Məmiş onu həyətə çağırıb bığını eşə-eşə dedi:
- Göstəriş var, bu yaxınlarda çox hörmətli bir qonağın qarşısında çıxış edəcəyik. Sabahdan etibarən gərgin məşqlərə başlamalıyıq. Bu gün məni çağırmışdılar. Dedilər, ayın sonunda O... - Məmiş bu yerdə gözlərini bərəldib barmağını elə uzağa tuşladı ki, Mürşüdqulu barmaqdan o yanda ləngərlənən müəmmalı sonsuzluğu apaydın gördü, - nə qədər gözlənilməz olsa da, Onun özü bizim ölkəyə təşrif buyuracaq.
Dəstə yoldaşının barmağının qeyri-müəyyən istiqamətini görüb, "O" hərfini eşidəndə Mürşüdqulunun həyəcandan qeyri-ixtiyari ordu top kimi doldu.
- Bildin də, kimi deyirəm?
- Bildim... Adı nədi?
- Adını mən də bilmirəm, amma bilirəm ki, O, bəşərin ən məşhur sənətkarıdır.
- Mən də elə bilirəm.
- Qonaq, rayon mərkəzinə gedərkən, bizim kəndin ayağından keçəcək. Zatən, başqa yol da yoxdur. Odur ki, biz Onun qarşısında çıxış edib gözəl bir zurna havası çalmalıyıq.
- Biz Onun qarşısında çıxış edəcəyik? - Mürşüdqulu heyrətlə soruşdu.
- Bəli, Onun qarşısında!
- Biz?
- Bəli, biz. Xaricdən gələn belə bir qonaq üçün uşaq-muşaq çalmaz ki? Tapşırıq verib dedilər, ayın sonunda yol qırağında durub qədim el havası olsun deyə, "Uzundərə"ni, ya da "Aman nənə"ni çalmalısınız ki, hörmətli qonaq bizim qədim el havalarının ab-havası ilə tanış olsun. Yaxşı hazırlaşın, elə çalın ki, O heyran olsun!...
- Deyirsən, "Aman nənə"ni çalaq? - Mürşüdqulu xeyli udqunandan sonra soruşdu.
- Bəlkə də "Uzundərə"ni çaldıq, hələ baxaq. İndi get, yat, dincəl. Səhər doqquzda bizdə ol. Məşqlərə başlayırıq. Qəmilə də demişəm.
"Gecən xeyrə qalsın!" - deyən Məmişə "xeyrə qənşər", deyib Mürşüdqulu evə elə qayıtdı, elə bil Qaqarindir, kosmosa ilk uçuşdan öncəki gecəni yatmağa, yaxşı-yaxşı dincəlməyə gedir.
Bundan sonra düz üç həftə məşq elədilər; evdən səhər səkkizdə çıxan Mürşüdqulu evə gecə saat onda, on birdə, bəzən bundan da gec qayıtdı. Belə şeylər sizə asan gəlməsin. Otuz illik toy-mağar təcrübələri olsa da, bu nə toy idi, nə də mağar, daha doğrusu, ikisi də bir yerdə idi, hələ bundan qat-qat artıq, son dərəcə məsuliyyət tələb edən bir hadisə idi.
Neçə gün, neçə gecə çala-çala düşündülər, fəqət, heç cür təsəvvürlərinə gətirə bilmədilər, o boyda qonaq yol kənarında durub bunlara nə təhər qulaq asacaq, çaldıqlarını necə dəyərləndirəcək. Görəsən, bunlardan hansının üzünə daha çox, daha diqqətlə baxacaqdır?
Mürşüdqulu dəstənin başqa üzvlərindən fərqli olaraq öz boyunun hündürlüyünə ümid bəsləyir, güman edirdi ki, O aşağıdakıları görə bilməyəcək, məhz onun üzünə zillənəcək, bəyənib yadında qalanı da onun züyü olacaqdır.
Həmin məşq müddətində Mürşüdqulunu evdə-eşikdə tanımaq olmurdu. Fikirli-fikirli gəzir, az dinib, az danışırdı, hər sözə cavab vermirdi, ətrafdakılara yuxarıdan aşağı baxmağa başlamışdı. Qapı-bacada gəzinəndə ordu dolu olurdu, hər yoldan ötənin salamını almır, hamı üçün ordunu boşaltmırdı. Salam verib kəlmə kəsdiyi kənddə sayılan kişilər idi. Arvadının dediyinə görə, gərgin məşqlərdən sonra ordu dolu yatırdı.
Gah "Uzundərə", gah da "Aman nənə" məşqləri sona çatdı və intizarla gözlədikləri gün də gəldi.
Axşamdan danışdıqları kimi, sübh tezdən üzlərinin tükünü təraş etmiş, saçlarını vurdurmuş halda, başlarında buxara papaq, əyinlərində səliqəli pencək və qalife şalvar yol qırağında əvvəlcədən göstərilən yerdə peyda oldular. Amma çalmadılar, özlərini Onun üçün saxladılar.
Yolboyu on metrdən bir məktəbli könüllülərdən ibarət ağ paltarlı oğlan və qız düzülmüşdü.
Mal-qaranı, qoyun-quzunu otarğaya çıxaranlar yola tərəf gəlir, bu qəribə mənzərəyə, zurnaçılar dəstəsinə və yol kənarında seyrək bitən çobanyastığı kimi düzülən könüllülərə heyrətlə baxırdılar.
Gün günortanın yerini haqladı, amma qonaqdan bir xəbər-ətər yox idi. Bomboş trasda ara-sıra rayon sakinlərinə məxsus müxtəlif markalı maşınlar şütüyürdü.
Sazançılar, gözləməkdən gözlərinin kökü saralsa da, dözdülər. Özlərini, vəfalı qadınlar kimi sədaqətlə yolunu gözlədiklərinə saxladılar, vüsal anlarını dönə-dönə, xəyalən canlandırdılar. O isə gecikirdi.
Mürşüdqulu, Onun harada duracağını, onlara hardan tamaşa edəcəyini səhərdən gözü ilə yüz dəfə ölçdü, yerini yüz dəfə dəyişdi: "Yox, orda yox, burda... mən burdan daha yaxşı görünürəm. Yox, yox, bir az bəridə dursa, daha yaxşıdır, birbaşa üzümə baxar". Dəstənin üzvləri yorğunluqdan yerlərini dəyişdikcə, Mürşüdqulu da hörmətli qonağın yerini dəyişməli olurdu: "Bəlkə bura daha yaxşıdır, xeyr, ora lap əladır!"...
Günəş çoxdan qüruba tərəf əyilmişdi. Birdən Mürşüdqulu hiss elədi ki, yolda bir canlanma yarandı. Orda-burda pıçıldaşdılar ki, gəlir! Yaxınlaşır! Lap yaxındadır!..
Rayon rəhbərlərindən biri (Mürşüdqulu onu mədəniyyət şöbəsinin müdiri kimi tanıyırdı) təcili gəlib zurnaçılar dəstəsini özü bildiyi qayda üzrə düzdü. Mürşüdqulu bu mərdimazarlıq ucbatından qonağın yerini yenə dəyişməli oldu. Artıq neçənci dəfə idi ki, gözü ilə Ona layiq və müvafiq yer axtardı.
Bu canlanmadan sonra yarım saat da keçdi.
Birdən yola və ətrafa bir çaxnaşma düşdü ki, Mürşüdqulunun qeyri-ixtiyari dizləri əsdi, ordunun iç divarları qurudu.
- Gəlir! Gəlir! Hazır olun! Lap yaxındadır!
Bu an rayon mədəniyyət şöbəsinin müdiri gəlib dirijor kimi zurnaçıların düz qabağında durdu (Bu mazarrata görə Mürşüdqulu qonağın yerini son məqamda bir daha dəyişdi), o zurnaçılara əmranə səslə:
- Mən "çalın", deyəndə çalın! - dedi.
Məmiş, "baş üstə!" deyib, müdirin əmrini zabitəli baxışla dəstənin daha iki üzvünə ötürdü.
Nəhayət, yolda sürətlə gələn qara maşın göründü, göründüyü kimi də vıyıltı ilə keçib getdi. Mürşüdqulu düşündü: güman ki, bu muştuluqçu, müjdəçi maşın idi.
Bundan sonra çox keçmədi, yolun başında qeyri-adi bir maşın peyda oldu. Mürşüdqulu ömründə belə maşın görməmişdi.
- Çalın! - Rayon mədəniyyət şöbəsinin müdiri əlini yelləyib çevikcəsinə yola tərəf çevrildi.
Mürşüdqulu, keçirdiyi güclü həyəcandan ordu qurumuş olsa da, əlləri əsə-əsə zurnanın ucunu titrəyən dodaqlarının arasına yerləşdirib qulağını Məmişin qara zurnasına dirəyərək "Uzundərə"nin züyünü tutdu. Bir zurnaçı kimi taleyinin burda və bu an həll olunduğunu bildiyindən elə tutdu, elə tutdu, ömründə belə züy tutmamışdı.
Maşın onlara yaxınlaşdıqca zurnaların səsi gurlaşır, zurnaçıların həyəcanı artırdı. Yolunu intizarla gözlədikləri adam indicə gəlib onları dinləyəcəkdir. Görəsən, O, Mürşüdqulu onun üçün təyin etdiyi yerdəmi duracaq?
Elə bu ara gözəlliyi göz oxşayan həmin maşın onların təninə gəldi... və bir az bundan öncə keçən maşınlar kimi bu da vıyıltı ilə keçib getdi.
Maşın keçərkən, Mürşüdqulu ordunu bacardıqca doldurdu və uğultu səsi zurnaların səsinə qarışsa belə, o möhtəşəm anda, o təkrarsız məqamda (bu maşın kimi sürətlə keçən anın içinə sığsa da, sığmasa da) ömründə ən yaxşı, ən vacib, ən məsuliyyətli, ən mənalı, ürəyin dərin qatlarına yatan bir "züüüüüüüüüüüy!" elədi.
O sürətli anda nağara bircə dəfə də olsun, tappıldaya bilmədi, amma həmin həlledici məqama sığan Mürşüdqulunun uzun züyü mühərriyin uğultusundan yaranan divarı yara-yara qonağın qulağına mütləq çatdı, çatmaya bilməzdi, çünki maşın qənşərdən keçərkən qara şüşə arxasından, deyəsən, kimsə Mürşüdqulunun üzünə zilləndi.
Bu "deyəsən" və "kimsə" sözlərini öz aramızda deyirik, yoxsa, Mürşüdqulu o gündən etibarən hər məclisdə, hamının yanında "deyəsən"in əvəzinə, "dəqiq" sözünü, "kimsənin" yerinə isə "O" hərfini işlədirdi.
Deyirdi, cani-dildən çaldığım "Uzundərə"nin könülöxşayan züyünü eşidən kimi, dəqiq gördüm, O, düz gözümün içinə baxdı.
Düzdür, onun bu sözünə inananlar da olurdu, inanmayanlar da, amma inananlar çox, inanmayanlar az, lap az idilər.
Əsas odur ki, buna evdə-eşikdə, elə kəndin özündə hamı inanırdı. Hələ Mürşüdqulunun arvadının dediyinə görə, bu hadisədən sonra üç gün, üç gecə onun ordunun köpü yatmamışdı. Həmin əlamətdar hadisədən sonra el arasında Məmişin dəstəsinə hörmət birə-beş artdı, hamı onları məşhur musiqi xiridarının qarşısında (bəziləri "önündə" deyirdilər) çalan zurnaçılar dəstəsi adlandırırdı. Son zamanlar onları toya-düyünə çox nadir hallarda çağıran imkanlı kişilər, həmin kübar məclisdən sonra bu şanlı dəstəni hər toya, hər şənliyə çağırırdılar. Hətta onlara görə öz aralarında toy cədvəli tutmuşdular. Cavanlar da istəyirdilər onların toyunu elliklə urvat qazanan dəstə çalsın. Zurnaçılar da etibarlı cədvəl üzrə hər yerə gedirdilər, Mürşüdqulu da fürsət düşdükcə, əziz qonağın qarşısında tutduğu züydən, Onun gözünü züyçünün orduna və gözünə zillədiyindən ağızdolusu danışırdı.
Belə möhtəşəm uğura rəğmən, kimsə züyün dəyərini xəyalən belə kiçiltməsin deyə, söhbətinin sonunda mütləq əlavə edirdi: Gör, züy nə qədər əhəmiyyətli şeydirsə, qos-qoca Avropa cavanca Amerikaya züy tutur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!