Ayrılığın havasına, yol gedirəm qarasına... - Şeir. Oktay ŞAMİL

Yeddi il ayrılığın

 

Yeddi il ayrılığın

balışımın içində,

başımın altında!..

 

Yeddi min ilməsi var

yeddi il ayrılığın;

hərəsi bir çeşnidə...

Yeddi il ayrılığın

yeddi siqaret kimi

Külqabımın içində!

 

"Yeddi gümbəz"də yatan

yeddi illik məzardır,

yeddi il ayrılığın,

üst-başını ot alıb...

 

Yeddi il ayrılığın

yeddi illik şərabtək

Dumanlıdır, dumandır;

Ayrılığın yamandır!..

 

Yeddi il ayrılığın

yeddi gün, yeddi saat,

Yeddi dəqiqə deyil.

Yeddi illik ömrümü

ot basıb, güvə yeyir;

Balışımın içində,

başımın altında!..

 

1970

 

Allah rizasına

 

Ayrılığın havasına

Düşdüm səfər sevdasına

Səfər etdim,

axır yetdim,

məhəbbətin məcrasına...

 

Ordan o yan görünməzdi,

"Həyat"-"ölüm" bilinməzdi.

Bu sevdanın qanadında

ölməyə də ərinməzdim...

 

Əyləndirdi bir qız məni,

Dilləndirdi "dilsiz" məni.

Bir od vurdu, alovlandım,

Yandırdı da külsüz məni.

 

Hey alışdım heysiz-heysiz,

Kefləndim də şərab-meysiz.

Sonra gördüm o qız yoxdu,

Dünya yasdı o mələksiz...

 

Ayrılığın havasına,

Yol gedirəm qarasına.

Düşdüm səfər sevdasına,

Yazın Allah rizasına...

 

1994

 

Hardasan

 

Başımda hay salan, qıy çəkən

küləklər,

Könlümü hey ələk-vələklər.

Bu işə mat qalıb fələklər,

Hardasan,

sevgili böcəyim,

adaxlım?

 

Səsin yox,

sözün yox,

özün yox,

Saçların yadımdan silinib,

kipriyin, gözün yox!

Mən dəli, gülməli

təkəm tək,

Təsəlli verən bir kəsim yox,

Hardasan,

sevgili böcəyim,

adaxlım?

 

Bu yanda vəlvələ,

o yanda zəlzələ,

Gəl tutaq illəri əl-ələ,

Mən dərddən uçulan Şamaxı,

Sən min il əvvəlki Qəbələ.

Hardasan,

sevgili böcəyim,

adaxlım?

 

1976

 

Ulu külək

 

Ulu külək,

Dəli külək,

İçi hirslə dolu külək,

Uca çinar boylu külək...

Kefi gəlsə

yarpaqları dilləndirər,

Bayraqları yelləndirər!..

Dəliləşsə

çəpərləri aşıb keçər,

ağacları qırıb tökər...

Yol gedəndə saymaz gedər,

Gəmiləri,

maşınları,

adamları qoymaz gedə...

Ona görə

külək adı çəkiləndə

dəniz coşub qəzəblənər,

acıqlanıb şirə dönər...

 

Ulu külək,

dəli külək,

İçi hirslə dolu külək

baxmaz sağa, baxmaz sola,

Başı lovlu düşər yola;

Çox görübdü zırpılar o,

hara gəldi çırpılar o.

Amma,

kiçik dalanlarda, qalalarda

başı kəsik toyuq kimi

çırpınar o...

 

Ulu külək,

dəli külək

İçi hirslə dolu külək

Bir kimsəni görməz gözü,

Göz açmağa qoymaz bizi...

 

1979

 

İnsanın bir zəif nöqtəsi haqqında

 

İnsanın bir zəif nöqtəsi varsa

o puldu!

Toxunsan o nöqtəyə

insan ölə bilər!

Pulsuz-parasızlar

quldu, quldu, quldu...

Qullar nə danışar, nə dinə bilər!...

 

İnsanın bir zəif nöqtəsi də var...

o yalandı!

Yalan söz ilandı,

gizli çalandı.

Baxma yalançılar yağ içindədir,

Bu miras

Adəmdən bizə qalandı!..

 

İnsanın bir zəif nöqtəsi də var...

o sevgidi!

Sevgisi qaldırar ərşə igidi

Sevgidən yüksəkdə tək Allah durur,

Allah tək sevgidi,

İnsan ikidi...

 

İnsanın bir zəif nöqtəsi də var...

o ölümdü!

Ölümsüz yaşayıb ölmək zülümdü...

Zülmətdən yol keçib gəlmişəm ki, mən

Sonrakı ömrümüz

səssiz filmdi...

 

1990

 

Məni dilləndirən

şairliyimdi

 

Biz bir cüt əkizi əksliklərin,

Məni dilləndirən şairliyimdi!

Aramızda çay var, dənizdən dərin,

Səni şullandıran acgözlüyündü!

 

Sən dollar düşgünü, sırf sərvət soran,

Mən yalxı ürəyə barmağın soran

Sən eyzən teyxa yağ,

mən eyzən şoran

Məni dilləndirən şairliyimdi,

Səni şullandıran acgözlüyündü.

 

Hər yerə pul kimi axırsan deyə,

Pulun arxasından baxırsan "göyə"

Göylər də mat qalıb hara söyləyə?!

Məni dilləndirən şairliyimdi,

Səni şullandıran acgözlüyündü!

 

Yallan, yallanan ol, mənsə aldanan

Şullanar it kimi ələ tullanan

Onunçun pullanır belə pullanan

Məni dilləndirən şairliyimdi,

Səni şullandıran acgözlüyündü!

 

Dünyadı, qanana dana böyüdür,

Deyirsən onu da ana böyüdür…

Qutsal anaları məna böyüdür

Məni dilləndirən şairliyimdi,

Səni şullandıran acgözlüyündü!

 

Sən kimsən? Qul! Kölə! Elədən belə,

Cılızsan, cındırsan, "cır-cıp"san, ölə!

Siçantək daşıyıb yığırsan çölə

Məni dilləndirən şairliyimdi,

Səni şullandıran acgözlüyündü!

 

17.10.2003

 

Bu gecə yarısında

 

Bu gecə yarısında

"Qu" desən qulaq batar,

sükut əriyir qulaqlarımda -

qışqırmaq istəyirəm...

Bu gecənin yarısı

İtin quduran çağı -

oturub tək, kimsəsiz

səhəri gözləyirəm...

Bu gecə yarısında

Gecədən sübhə kimi

yol gedən var halbuki...

Bu gecə yarısında

xəstəxanalar oyaq.

Gecələr bir sınaqmış

xəstə xəstəyə dayaq...

Bu gecə yarısında

ürəyi dayananlara heyif!

Bu gecə yarısında

oyananlara heyif!..

 

1979

 

Bayılda nəğmə

 

Bayılda

mənim də

bir gilə

payım var.

Bir o qız,

bir yağışlı gecə

Yadımdan çıxmayır indiyəcən...

 

Bayılda

bir axşam,

bir kərə

olmasan bayırda,

Sevməzsən Bayılı,

sevməzsən ayrıdan...

 

Yağışlar kəsəndə səsini,

Küçələr yuyanda əksini,

İşıqlar yağışdan üşüsə,

Yarpaqlar xəlvəti görüşsə,

Onda döz, döz onda kişisən!..

 

Bayılda ömrümün parçası,

Ömrümdə bir Bayıl bağçası

Gəzirəm, dözürəm - sözüm yox,

Dünyada heç yerdə gözüm yox,

Bayılı sevirəm;

Bayılda

yaşaya biləydim ayrıdan...

 

1974

 

Don Kixotlar

 

Oturanda

yuxarı başda oturardılar...

Danışanda

Məclisi otarardılar...

Yerli, ya yersiz öyünərdilər.

Bir oturar,

bir durar,

bir geyinərdilər...

Dedikləri kəlməyəcən,

aldıqları nəfəsəcən

mükafat gəzərdilər.

Bir sözlə, dostlarımız

o illərin

Don Kixotuna bənzərdilər...    

 

1984

 

Rəsul Rza və Əli Kərim

 

Rəsul Rzanın böyük yaradıcılığı var,

Əli Kərimin - gözəl!

Rəsul Rzanı

Xəzərə bənzədərdim təlatümüylə,

Əli Kərimi Göy gölə,

sözməsəl!

 

1985

 

Dünya qəlizdi

 

Toğrulum otuz yaşındadı;

Cocuqluq havası amma

başındadı.

Gözü hələ də

kenquru torbasındadı.

Bunun günahı ya məndədi,

Ya

anasının şorbasındadı!..

 

Təbrizin

dili dilimdəndi,

eli elimdəndi.

Elə bilirəm amma

hansısa filmdəndi...

 

Dənizə də bel bağlama,

Bir gün elədi,

bir gün belə...

Xeyri yoxdu,

lap soyun gir bel-belə...

Nə boşaya bilirsən,

nə boşlaya bilirsən.

Əcəldi,

Cəncəldi,

Tələdi, tələ...

 

Toğruldu,

Təbrizdi,

Dənizdi...

Bunların işi

qadasını aldığım

Qarabağdan da qəlizdi...

 

2001

 

***

Taleyimin ipliyindən tutub

yatmışdım onda.

Siqaret kayfını da

atmışdım onda.

Ayıldım gördüm röyamdasan,

Röyadan da şirin sevdamdasan.

Qürbətdə qalan

səs olmuşuq indi,

Ayrılıqda yanan kəs olmuşuq...

 

Azərbaycan

 

(Nəğmə)

 

Azərbaycan, Azərbaycan

mətin torpağım,

Çoxum-azım,

alın yazım,

elim-oymağım!

 

Tarlaların

Əlvan paltar geyib əyninə,

Meşələrin

Yaşıl xalı sərib qoynuna.

Qoca Qafqaz

qol dolayıb sənin boynuna

Azərbaycan,

Azərbaycan,

mətin torpağım!

Çoxum-azım,

alın yazım,

elim-oymağım!

 

Anam dedim -

Anam səndə uyuyur indi,

Qalam dedim -

Oğlum səni qoruyur indi

Adın gəzib

ürəklərdə yeriyir indi

Azərbaycan,

Azərbaycan,

mətin torpağım!

Çoxum-azım,

alın yazım,

elim-oymağım!..

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!