Görkəmli ədəbiyyat adamları Məmməd İsmayıl haqqında

Məmməd İsmayılın kitablarını varaqladım və bir neçə misal götürdüm: İnsan yaşlananda oğul-uşaq asılır şairin çiynindən və onu uçmağa qoymur. Bunu poetik şəkildə bu cür deyir Məmməd İsmayıl:

Dönər budaqlara ömrün illəri,

Asılar çiynindən oğul-uşaqlar.

Yəni, oğul-uşaq səni çox da uçmağa qoymur, deyir "hara gedirsən, məni dünyaya gətirmisən, yaşatmalısan".

Yaxud da 1941-45 davasından sonra namuslu qadınlarımız kişi nəfsini öldürdülər, övladlarını böyütdülər, mən bunu proza ilə deyirəm, görün, şair necə deyir?

Ağlımız təzəcə kəsirdi onda,

Bir həsrət didirdi ürəyimizi.

Bir ad dolaşırdı söz arasında,

Ümiddən asılan qılınc kimiydik.

Analar qınından sıyırıb bizi,

Qoymuşdu nəfsiylə öz arasında.

Bu yerlə, bu göylə, bu dünya ilə

Eşqiylə, əhdiylə öz arasında.

 

Şeiri bu cür yazarlar, sözü belə deyərlər.

Bir misal da gətirim:

Bir qızı sevəndə necə deyirik? Ay qız, "səni sevirəm". Bəs, xalq nə cür deyir?

 

Əzizim, mənəm sənsiz,

Deyib-gülmərəm sənsiz.

Dağda ahu mələsə,

Bil ki, o mənəm sənsiz.

 

Görün, şair Məmməd İsmayıl necə deyir?

"Ürəyim bir gözələ müstəmləkə". Görün, necə müasir deyim tərzidir.

"Müstəmləkə tutub e ürəyi"...

Bəxtiyar Vahabzadə,

Xalq şairi

 

"Məmməd, gələrsən Bakıya sənə kömək edərəm. Hələ əlimdə elə bir imkan yoxdur, imkan düşən kimi sənə kömək edəcəm".

 

Nəbi Xəzri,

Xalq şairi

 

Poeziyamıza şimşək kimi çaxaraq, doğma Əsrik çayıtək kükrəyərək gələn Məmməd İsmayıl Azərbaycan poeziya hüdudlarını yararaq beynəlxalq aləmə çıxan azsaylı çağdaş şairlərimizdəndir. O, 60 ilə yaxın söz üstə əriyərək enişli-yoxuşlu, ağrılı-acılı şair ömrü yaşayıb. Yaşyarımda atasını, otuz yaşında anasını itirən Məmməd İsmayılı taledən gələn qismət, həyatın keşməkeşləri məhvərindən çıxara bilməyib, daim yüksəkliklərə can atıb, çağdaş poeziyamızın öncüllərindən biri olub. Mənim də Məmməd İsmayıl haqqında "Taleyinə baş əyməyən şair" adlı məqaləm çıxıb. Yazıçı Turan Uğura da təşəkkür edirəm ki, o da "Tale şairi: Məmməd İsmayıl" adlı xatirə-roman yazdı. Vətən nisgili, Vətən həsrətini ömrünün sonuna kimi saxladı Məmməd İsmayıl. Yəni Vətən üçün qəribsəmək hissindən təmiz hiss yoxdur. Onun yazılarından, poemalarından, şeirlərindən, romanından da bunu hiss edirik.

 

Qəzənfər Paşayev,

Əməkdar elm xadimi, professor

 

- Biz hələ tələbə idik. Məmməd ilk gənclik şeirləri ilə məni o vaxtdan ovsunladı. Xüsusən, anasına həsr etdiyi "Sənsiz" şeiri ilə:

 

Nə deyim həyatın qanunlarına,

Gör, niyə fəryadlar qoparıram mən?

Sən məni dünyaya gətirdin, ana,

Sənisə dünyadan aparıram mən.

 

Bu, anasının ölümünə yazdığı şeirdir, ananı çiyində aparanların hamısı bu duyğuları yaşayır. Tale elə gətirdi ki, təxminən 3 il Məmmədlə Bakının müxtəlif yerlərində kirayəşin yaşadıq. Doğrudan da, çox macəralarımız olub. Bu arada bir-birimizin yaradıcılığını izləyirdik.

Mənim anama da "ana" deyirdi Məmməd.

Son dərəcədə cəsarətli, vətənpərvər verilişlər hazırlayırdı televiziyada. Axşam isə evdə cavanlığa məxsus olan güləşmələr, deyişmələr, hər cür şıltaqlıqlar olurdu. Sonra hər ikimiz getdik Dövlət Mətbuat Komitəsinə. O, "İşıq" nəşriyyatında, mən isə "Yazıçı"-da işləyirdik. Kollegiya iclaslarında hərdən darıxırdıq, ona kağızla şeir ötürürdüm, o da cavab verirdi mənə, ürək sözlərimizi yazırdıq bir-birimizə.

 

Deyişmə

 

Sabir Rüstəmxanlı:

Heç uymazdı bu dünyanın felinə,

Onu gözə gətirməsəm yaxşıdı.

Qoca vaxtı gənclik keçib əlinə,

Yerişini itirməsə yaxşıdı.

 

Məmməd İsmayıl:

Dost sözünə, dost səsinə nə deyim?!

Dost köhnəsə, hər şey təzə yaxşıdı.

Bu istəklə qanadlanıb ürəyim,

Hərdən giley, hərdən məzə yaxşıdı.

 

Sabir Rüstəmxanlı:

Gedib çırpdı Cırdaxanın qozunu,

Qozu yedi, bizə verdi tozunu.

Bu minvalla bəslədiyi sazının

Ad-sanını batırmasa yaxşıdı.

 

Məmməd İsmayıl:

Niyə qəlbim öz-özünə dillənir?

Yaz gəlibsə, daş-qaya da güllənir.

Bilmirsənmi, su axmasa, lillənər,

Ömür də ki, gəzə-gəzə yaxşıdı.

 

Sabir Rüstəmxanlı:

Özü üçün Koroğlutək döyüşüb,

Mən qardaşam, deyəmmərəm "nə işim?"

İlhamını şöhrətinə dəyişib,

Qələmini yatırmasa yaxşıdı.

 

Məmməd İsmayıl:

Günahım nə, nə olacaq savabım?

Dost inciksə, nə tavanım, nə tabım.

Özüm kimi bir az köntöy cavabım

Sənin kimi dərdbilməzə yaxşıdı.

 

Mən onu şair kimi çox sevirəm. Çox şeirlərini də gözümün qabağında yazıb. Bir də görürdün rayondan gəlib, otağa keçib, rahatlanmamış başlayırdı şeir yazmağa. Özü də bu şəkildə:

Əlini qaldırdı, "Deyir, deyir..." sanki kimsə deyirdi, amma ilhamı ona diktə edirdi. Sonra da görürdük ki, gözəl bir şeir alınıb. Məmməd İsmayıl söz oliqarxıdır, Azərbaycanın çox görkəmli şairidir.

 

Sabir Rüstəmxanlı,

Xalq şairi

 

Şair Allah deyil, amma şeir Allahın səsidir. Şairin gerçək şeiri ilahi diktənin şair qulağına çatan əks-sədasıdır. Bu gerçək şeiri də yazmaq hər oğulun işi deyil. Onun qulağına gələn ilahi vəhylə yazılmış bir bəndi çözələmək istərəm:

 

Yandı çaxmaq daşı, od daşı yandı,

Ulu babamızın buxarısında.

Ağaclar, deyəsən, od daşıyandı,

Əzəldən yer ilə göy arasında.

 

Misra sığalına baxın, sözlərin bal qohumluğuna baxın, qafiyələrin göydən gəlmişcəsinə gözəlliyinə baxın:

 

Bu sənin ömrünün Koroğlu dövrü,

Bu sənin ömrünün Babək çağları.

Durub, əlverişli zaman gözləmə,

İgidlik zamana, baxta baxmayır.

Taleyə, qismətə, vaxta baxmayır...

 

Məmməd İsmayıl çöldə ilham gözləməyib, həmişə ilham onun evinin içərisində olub.

 

Məmməd Aslan

 

Kitablarımın Azərbaycanda da sevilərək oxunub, əl-əl gəzdiyindən xəbərdaram. "Az i Ya" kitabından dostum Məmmədə 10 nüsxəsini pay vermişəm. Yaxşı ülfətimiz var onunla. Bir dəfə səhərə kimi Məmmədin zoğal arağını, mənim də fransız konyakımı bala-bala vurmuşuq. Mamedcan Türkiyədə 1997-ci ildə "Türkiyə Yazarlar və Sənətkarlar vakfı"nın təsbit etdiyi "Türk Dünyasına Hizmət Ödülü"nün təqdimatı ərəfəsində böyük bir anlaşılmazlığın qarşısını aldı. Buna görə ona öz təşəkkürümü bildirirəm.

 

Oljas Süleymenov,

Türk dünyasının böyük oğlu,

Qazaxıstanın Xalq yazıçısı

 

Məmməd İsmayıl "Türk Dünyasına Hizmət Ödülü"nü ilk dəfə almış Azərbaycan mütəfəkkiri, şairidir.

 

Çingiz Aytmatov,

Qırğızıstanın Xalq yazıçısı

 

20 Yanvar ərəfəsində - o çətin anlarda komendant Dubinyak belə bir qayda qoymuşdu ki, "Gənclik" jurnalının çapa getməsi üçün "mən qol çəkməliyəm".

Məmməd İsmayıl o vaxt hayqırdı ki:

"Siz kimsiniz ki, mənim mənəviyyatıma qol çəkəsiniz".

Bax, belə adamdır Məmməd İsmayıl!

 

İsa İsmayılzadə

 

Məmməd İsmayıl bizim gənclik dövrümüzün əfsanələşmiş şairidir. Məmməd İsmayılı ilk dəfə necə görmüşəmsə, bu gün də həmincə görkəmdədi - qüruru, vüqarı ilə. Özünü illər qocaltsa da, sözünü qocaltmağı bacarmayıb. Sözü həmişə gəncdir. İlk dəfə şairi "Yazıçı" nəşriyyatında görmüşəm. "Çinar pöhrələri" almanaxı üçün 49 şeirimin içindən 9-nu seçib götürdü. Sonra da onlardan 3-nü götürüb "Maşınkada vurdur, gətir" - dedi.

Lakin o 3 şeir də almanaxda gedəsi olmadı. Almanax çıxanda yanına getmişdim.

- Olmaya dava döyməyə gəlmisən?  Şeirlərin mənə aid olmayan bir səbəb üzündən getmədi.

- Mən "Canın sağ olsun!" deyəndə zəndlə üzümə baxdı:

- Görürəm, yaxşı oğlana oxşayırsan. Gəl, səninlə dost olaq!

Mən əlimi uzatdım. Və doğrudan da, o vaxtdan etibarən bizim dostluğumuz başladı.

Mən SSRİ Yazıçılar İttifaqının da üzvü oldum, Azərbaycan Yazıçılar Birliyinin də üzvüyəm. Ancaq mənim üçün önəmli olan budur ki, mən nə yaxşı bütün bunlardan qabaq Məmməd İsmayıl ədəbi məktəbinin üzvü olmuşam!

 

Barat Vüsal,

Əməkdar incəsənət xadimi, şair

 

Məni televiziyaya Məmməd bəy gətirib. 1992-ci ilin payızında gəlmişəm. Aydın Qurbanoğlu "Ədəbi-dram verilişləri" redaksiyasının baş redaktoru idi. 4-5 aydan sonra Məmməd İsmayıl məni musiqi şöbəsinə göndərdi, dedi ki, "get, düzəlt oranı". Qayıtdım ki, "ay Məmməd bəy, mənim musiqidən nə başım çıxır, kalam bu sahədə". Hirsləndi ki, "yox, get, oranı düzəlt". Saday Budaqlını, Əhməd Oğuzu "Xarici verilişlər" redaksiyasına göndərdi. Vaqif Bayatlını, Akif Səmədi radioya, Məti Osmanoğlunu "Gənclik" şöbəsinə. Hə, az qala unutmuşdum, Akif Əhmədgili də Məmməd İsmayıl televiziyaya gətirmişdi. Məmməd İsmayıl nər kimi döyüşkən kişidir. Məmməd İsmayılın şairliyində taleyin rolu böyükdür, amma o, zaman şairidir, ruh şairidir, yer-göy şairidir. Ötkəmliyi daş yaran bir şəxsiyyətdir Məmməd İsmayıl.

 

Avdı Qoşqar,

Əməkdar jurnalist

 

Hər adamın həyatı da roman üçün mövzu olmur, lap böyük şair də ola bilər. Məmməd İsmayılın yardıcılığını gətirirəm xəyalıma, onun bütün uğurları, sarsıntıları, bütün həyatı, yaşadığı epoxa, idealı, dostları onun həyatını əks etdirir. Bu, böyük şair xoşbəxtliyidir. Yəni şairin həyatı cəmiyyətlə qaynayıb-qovuşur, cəmiyyətin bir parçası olaraq görünür. Məmməd İsmayıl çox gözəl bir mühitdə böyümüş insandır. Saz da, ana laylası da, dastanlarımız, nağıllarımız da gəlib-keçir o mühitdən. Məmməd İsmayıl bizə məlum mövzulardan yazıb. Bu mövzular nədir?

- Vətəndir, anadır, sevgidir, ədalət hissidir, qürbət həyatıdır. Bütün mövzular onun içindən gəlib keçir. Məmməd İsmayılın şairliyi də buradan qaynaqlanır.

 

Vaqif Bəhmənli

 

Hazırladı: Turan Uğur

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!