Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik, "Şöhrət", "Şərəf" və "Birinci dərəcəli Vətənə xidmət" ordenləri ilə təltif edilmiş İsa Həbibbəyli Naxçıvan mahalının Şərur elində dünyaya göz açmışdır. Hamı bildiyi kimi, Naxçıvan Azərbaycanın ən dilbər guşələrindən biridir. Bəlkə də, Naxçıvanın, eyni zamanda Şərurun əsrarəngiz gözəlliyi orda doğulub boya-başa çatan insanların kamil bir şəxsiyyət kimi formalaşmasına səbəb olmuşdur. Elm-sənət, ədəbiyyat həvəskarları bunu da çox yaxşı bilirlər ki, Naxçıvan mahalından çox sayda elm-sənət adamları, ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, siyasi xadimlər çıxmışdır. Təbii ki, bunları saymaq üçün cild-cild kitab bağlansa, yenə azlıq edər. Bunu da hamı bilir ki, Naxçıvan qədimdən qədim tarixə, zəngin mədəniyyətə malik bir torpaqdır və sadəcə, ordakı memarlıq abidələrinə, ziyarətgahlara nəzər yetirmək, Naxçıvanın tarixinə ekskursiya etmək, Naxçıvana məxsus olan əlyazmalarla maraqlanmaq Naxçıvanın heyrətamiz və möcüzəvi bir şəkildə zənginliyini açıq-aydın sübut edər. İsa müəllim Naxçıvanın elmi-ədəbi mühitinin yetirməsidir.
İsa Həbibbəyli özünün "Ədəbi yüksəliş" kitabında Naxçıvan haqqında fikirlərini bu şəkildə ifadə edir:
"Tarixi insanlığın ən uzaq dövrləri və böyük hadisələrlə bağlı olan, müxtəlif Şərq xalqlarının rəvayətlərində dərin iz buraxan Naxçıvan Azərbaycanın qədim şəhərlərindən biri olmaqla yanaşı, həm də ilk mədəniyyət mərkəzlərindəndir. Burada zamana müvafiq maarifçi ideyalar geniş intişar tapmış, qiymətli ədəbiyyat, memarlıq, musiqi əsərləri yaradılmış, elmin müxtəlif sahələri təşəkkül etmişdir".
İsa müəllim ədəbiyyatşünas alimdir. Azərbaycan ədəbiyyatı onun həyatının mənasıdır, desək, yəqin ki, yanılmarıq. Çünki o bütün həyatını ədəbiyyata bağlamışdır. Gecələrini gündüzlərinə, gündüzlərini gecələrinə qatıb Azərbaycanın ədəbiyyatşünaslıq xəzinəsinə misilsiz töhfələr, cəvahirlər bəxş etmişdir. Odur ki, İsa müəllim Azərbaycan ədəbiyyatını çox gözəl bir şəkildə xarakterizə edir:
"Azərbaycan ədəbiyyatı - uzun bir dövr ərzində Azərbaycan xalqının bədii dühasının yaratdığı çoxəsrlik və zəngin ədəbiyyatdır. Azərbaycan xalqının milli-mənəvi dəyərləri, adət-ənənəsi, mənəviyyatı, mübarizəsi və idealları bu ədəbiyyatın ana xəttini, əsas qayəsini təşkil edir. Bu - böyük ənənələri olan, Azərbaycan xalqının milli varlığını əks etdirən və onu dünyaya təqdim edən ədəbiyyatdır. Bu, Azərbaycan xalqının milli özünəməxsusluğunun ədəbi kimliyidir. Bu, ümummilli idealları əsrdən-əsrə yaşadan və inkişaf etdirən böyük ədəbiyyatdır. Bu, azərbaycançılıq idealının ədəbi manifestidir!".
Rəhmətlik Bəkir müəllim İsa Həbibbəylinin Mirzə Cəlil yaradıcılığına olan intəhasız sevgisini, hüsn-rəğbətini və ədibin yaradıcılığının tam külliyyatını əks etdirən ilk dəfə "Klassik Azərbaycan Ədəbiyyatı" seriyasından dörd sanballı cilddə, kütləvi tirajla nəşr edilib oxuculara çatdırılmasında müstəsna xidmətləri olduğunu da xüsusilə qeyd edir:
İsa Həbibbəylinin tədqiqatları öz ardıcıllıqları, miqyası, mükəmməlliyi baxımından cəlilşünaslığımızın tarixində mühüm yer tutur və sözügedən cildlərin işıq üzü görməsi alimin bu sahədə apardığı tədqiqatların fərəh doğuran qiymətli nəticəsidir. Bu nəşr, onun tərtib prinsipləri, yüksək səviyyədə yazılmış "Ustad Mirzə Cəlil Məmmədquluzadə" müqəddiməsi, səriştəli izah və qeydləri də bir daha subut edir ki, indi böyük sənətkarın çoxsahəli, çoxproblemli irsində İ.Həbibbəylinin öz tədqiqat işığını salmadığı bir məqam qalmamışdır. Bu yerdə bir el məsəli yadıma düşdü: "Çörəyi ver çörəkçiyə, birini də üstəlik". Külliyyatın hazırlanması da buraya daxil olmaqla, İsa müəllimin yaradıcılığı bu gün cəlilşünaslığımızın mötəbər örnəklərindən biri, bəzi göstəricilərinə görə birincisidir. Onun altmışdan artıq kitabının (monoqrafiya, dərslik, məqalələr toplusu, tərtib və s.) çox sanballı bir hissəsi məhz Mirzə Cəlilə, ədibin əsərlərinin taleyinə, təhlilinə, təbliğinə həsr edilmişdir. Yazıçının yaradıcılığı ətrafında bundan sonra aparılan tədqiqatlarda, ali və orta məktəblər üçün yazılacaq yeni ədəbiyyat dərsliklərində, nəhayət, Mirzə Cəlil irsinin nəşri məsələlərində bu örnək çox kara gələcəkdir. Heç də təsadüfi deyil ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu hazırlamaqda olduğu çoxcildlik "Azərbaycan Ədəbiyyatı Tarixi" üçün "Cəlil Məmmədquluzadə" portret-oçerkini yazmağa İ.Həbibbəyliyə sifariş vermişdir".
İsa müəllimin elmi axtarışlarına bələd olanlar çox yaxşı bilirlər ki, o, yaradıcılığının bir qolunu "Azərbaycan ədəbiyyatının bayraqdarı" adlandırdığı Cəlil Məmmədquluzadəyə həsr etmiş, zaman-zaman ədibin həm ədəbi fəaliyyəti, həm də mətbuat sahəsində gördüyü işlər barədə orijinal tədqiqatlar meydana gətirmişdir. "Öndər nəşriyyatı"nda (Bakı, 2004) Cəlil Məmmədquluzadənin əsərlərinin tam külliyyatı ilk dəfə "Klassik Azərbaycan Ədəbiyyatı" seriyasından dörd sanballı cilddə, kütləvi tirajla oxuculara hədiyyə edilmişdir. Cildləri tərtib edəni və izahların müəllifi akademik İsa Həbibbəylidir.
Mərhum akademikimiz Bəkir Nəbiyev bu olduqca məsuliyyətli və çətin işə rəğmən İsa müəllim haqqında yazır:
"Böyük elmi səriştə və ciddi məsuliyyət tələb edən bu işə girişməzdən əvvəl İ.Həbibbəyli də uzunmüddətli hazırlıq yolu keçmiş, alim kimi püxtələşmişdir. Hələ keçən əsrin 60-cı illərinin sonlarında o, ali məktəb tələbəsi ikən elmi-tədqiqat işinə xüsusi maraq göstərmiş, bu sahədə fərqləndiyi üçün Pedaqoji İnstitutun tələbə elmi cəmiyyətinin sədri seçilmiş, Azərbaycanda və xaricdə keçirilən tədbirlərdə maraqlı məruzələrlə çıxış etmişdir".
Bəkir Nəbiyevin 2006-cı ildə İsa müəllimə verdiyi layiqli qiymət zaman keçdikcə özünü daha yüksək göstəricilərlə sübuta yetirdi. İsa müəllim yorulmadan çalışdı, səsi-sorağı uzaq ölkələrdən gəldi, bir çox dövlətin Elmlər Akademiyasının həqiqi üzvü seçildi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Şərəf", "Şöhrət", "Birinci dərəcəli Vətənə xidmətə görə" ordenləri ilə təltif edildi, lakin qələmi yerə qoymadı, arxivlərdə araşdırmalar aparmaqdan doymadı, gecə-gündüz çalışdı, "Molla Nəsrəddin"ə olan intəhasız sevgisi isə tükənmədi və nəhayət, 2020-ci ildə "Molla Nəsrəddin ensiklopediyası" kimi olduqca vacib, dəyərli və nəhəng bir salnamə yaratmağa müvəffəq oldu. Baş redaktoru olduğu ensiklopediyanın tərtib edəni və çapa hazırlayanı filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktor filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, koordinator filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir. Ensiklopediya tək "Molla Nəsrəddin"lə bağlı məqalələrin, felyetonların məcmusu kimi, yaxud "Molla Nəsrəddin" məcmuəsində iştirak edən "mollanəsrəddinçilər"in deyil, həm o dövrdə yaşayıb-yaratmış, həm sonrakı dövrlərdə ədəbi və publisistik fəaliyyət göstərmiş bir sıra sənətkarların həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verən nəhəng salnamədir.
İsa Həbibbəyli dövlətimizin "Molla Nəsrəddin"ə qayğısını xüsusi qeyd edərək yazır:
"Ümummilli liderimiz Heydər Əliyevin "Molla Nəsrəddin" və mollanəsrəddinçilərlə bağlı həyata keçirdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar 6 fevral 2009-cu ildə imzaladığı sərəncamda deyilir: "Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə çap olunan "Molla Nəsrəddin" jurnalı ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynamış, milli məfkurənin formalaşmasına öz layiqli töhfəsini vermişdir. Klassik Azərbaycan və dünya ədəbi fikri ənənələrindən bəhrələnən sənətkarın milli oyanışa səsləyən yaradıcılığı həm Qafqaz xalqlarının, həm də bir sıra Şərq ölkələrinin ədəbiyyatına böyük təsir göstərmişdir".
İsa Həbibbəyli Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra Azərbaycan ədəbiyyatında "sovetlərdən müstəqilliyə" aspektindən dəqiq-dürüst təhlillər apararaq azərbaycançılıq konsepsiyası və dövrləşmə kontekstində Azərbaycan ədəbiyyat tarixinin inkişaf mərhələlərini təhlil etmiş, hər mərhələnin Azərbaycan ədəbiyyatının inkişafındakı rolunu xarakterizə edərək, aydın bir şəkildə oxuculara təqdim etmişdir.
Məsələn, İsa müəllim M.F.Axundzadənin Azərbaycan ədəbiyyatında, eyni zamanda Azərbaycan xalqının maariflənməsində nə qədər mühüm bir rol oynadığını sadə, qısa, konkret cümlələrlə, fəqət zəngin bir şəkildə ifadə edir:
"M.F.Axundzadənin ədəbiyyata gətirdiyi Yusif Sərrac obrazı xalqın hakimiyyətdə təmsil olunması zərurətinin ilk parolu idi. "Kəmalüddövlə məktubları" (1863) traktatında isə despotizim və monarxiya üsul-idarəsinin kəskin şəkildə tənqid edilərək, respublika tipli dövlət quruluşunun təbliğ olunması dövrün maarifçi mühitində ildırım kimi çaxmışdır. Böyük ədibin ictimai-siyasi baxışları və bədii yaradıcılıq istiqaməti dövrünün Avropa və Rusiyadakı bir çox mütəfəkkirlərini də ideya cəhətdən qabaqlamışdır".
İsa Həbibbəyli azərbaycançılıq konsepsiyası və dövrləşmə təsnifatını zamanla əlaqələndirir və zamanın ədəbiyyatın bütün inkişaf mərhələlərində əsas hərəkətverici qüvvə olduğuna fəlsəfi baxışları ilə aydınlıq gətirir. Artıq hamıya bəllidir ki, Zaman nisbi anlayışdır, yəni zaman kimin üçün ucu-bucağı görünməyən yaradıcılıq üfüqləri yaradar, kimlər üçünsə daralıb məcrasına sığmaz. Təbii ki, İsa müəllim Zamanın ədəbiyyata təsirini təhlil edərkən, Zamandan səmərəli istifadə edən sənətkarları nəzərdə tutur. Çünki İsa müəllimin yorulmadan apardığı təhlillərə və tədqiqlərə nəzər yetirərkən, onun elmi yaradıcılığının əsas qayəsini təşkil edən sənətkarların məhz Zamandan səmərəli şəkildə istifadə etdiklərinin şahidi oluruq. Buna baxmayaraq, həm də İsa müəllimin özünün də Zamandan nə qədər səmərəli bir şəkildə istifadə etdiyini görürük. İsa müəllim Zaman faktorunun yazıçı və şairlərin inkişafında, dünyabaxışında misilsiz bir rol olduğunu qeyd edir.
İsa Həbibbəyliyə görə, zaman və məkan faktorunun qabardılması üçün hadisə əsasdır. Hadisənin ilk yaratdığı sual isə onun harada, nə vaxt baş verməsidir. Bu sualın isə məntiqi əsası odur ki, hadisənin məzmununda zaman və məkan faktoru əhəmiyyətli dərəcədə iştirak edir. Baş verənlərin mahiyyətinin qavranılması üçün onların harada və nə vaxt baş verməsi əsasdır. Odur ki, bədii əsərdə yazıçı zaman və məkan anlayışlarını dəqiq konturlarla göstərməsə də, hansısa məzmun komponentləri vasitəsi ilə oxucuda onunla bağlı təsəvvür yaratmağa çalışır. Ədəbiyyat tarixinin dövrləşdirilməsi, həmin dövrlərdə yazıb-yaradan ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığının zaman, dövr kontekstində öyrənilməsi olduqca mühüm işdir. Lakin bu prosesdə müəyyən çətinliklər meydana çıxır. Ən əsası da budur ki, dəqiq dövrləşdirmə aparmaq mümkün olmur. Hər cür dövrləşdirmə nisbi xarakter daşıyır. Lakin bütün çətinliklərə baxmayaraq, İsa Həbibbəyli dövrləşdirməni milli ədəbiyyatın qanunauyğunluqlarına uyğun aparmış, yalnız ədəbi-tarixi faktlardan çıxış etmişdir. Buradakı dövrləşdirmə Azərbaycanın gerçək ədəbiyyatının prinsiplərinə tamamilə uyğun aparılmışdır. Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin müasir konsepsiyası üçün müəyyən edilmiş meyarlar ədəbiyyatımızın çoxəsrlik tarixində baş vermiş ictimai-mədəni və ədəbi-tarixi proseslərin reallıqlarını, inkişaf yolunun özünəməxsusluqlarını obyektiv şəkildə özündə əks etdirməyə imkan yaradır. Ədəbi-tarixi proseslərin reallıqları dedikdə, ayrı-ayrı inkişaf mərhələlərində Azərbaycan ədəbiyyatının daxili təkamülündən doğan sənət idealları ilə xalqın müxtəlif dövrlərdəki ümummilli ideallarının dialektik əlaqəsi, sintezi və vəhdəti nəzərdə tutulur. Qeyd olunan prinsiplər: azərbaycançılıq, sivilizasiya amili, ədəbi cərəyanlar və ədəbi-tarixi prosesin reallıqları Azərbaycan ictimai-mədəni fikrinin və ədəbiyyatının əsrlər boyu keçdiyi inkişaf yolunun ana xətlərini və başlıca məzmununu, əsas inkişaf istiqamətlərini müəyyən etməyə imkan yaradır. İsa müəllim "Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri" kitabında Azərbaycan ədəbiyyatının yeni dövrləşdirmə modelini irəli sürür. Beləliklə, Azərbaycan ədəbiyyatını 10 dövrə ayırır:
1. Qədim dövr Azərbaycan ədəbiyyatı: etnosdan eposadək (ən qədim dövrlərdən VII əsrə qədər). 2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc mərhələsi (VII-X əsrlər). 3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər). 4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər). 5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər). 6. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr). 7.Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək). 8. Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960-cı illər). 9. Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi (1960-1980-ci illər). 10.Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).
İsa müəllim eyni zamanda azərbaycançılıq konsepsiyasını aşağıdakı prinsiplərlə şərtləndirir: Azərbaycançılıq məfkurəsi, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, Azərbaycan dili, milli-mənəvi dəyərlər, Azərbaycan ədəbiyyatı.
İsa müəllimin bu əsərində Azərbaycan ədəbiyyatının bütün dövrləri əks edilir. Bununla İsa müəllim Azərbaycan ədəbiyyatı tarixinin nəhəng tablosunu yaradır və oxucuya bəlli olmayan bir şey qalmır. İsa müəllim "Kitabi-Dədə Qorqud"dan başlayaraq müasir əsərlərə qədər, qısa və konkret münasibət bildirir və bütün, istər klassik, istərsə də müasir sənətkarların Azərbaycan ədəbiyyatının inkişafında nə qədər mühüm rol oynadıqlarını ətraflı şəkildə qeyd edir.
İsa Həbibbəylinin tədqiqat əsərlərinin ən səciyyəvi xüsusiyyətlərini bu şəkildə qiymətləndirmək olar: filoloji faktların zənginliyi ilə elmi ümumiləşdirmənin uğurlu, inandırıcı sintezi. Məsələ burasındadır ki, İsa müəllim, hələ elmdə ilk addımlarını atmağa başlayandan dəqiqliyə fikir vermiş, daim ədəbiyyat institutlarında saxlanılan əlyazmalara istinad etmiş, bir sözlə, ədəbiyyat arxivlərini öz sənətkarlıq süzgəcindən keçirərək meydana çıxarmışdır.
İsa müəllim Azərbaycan ədəbiyyatında realizmin banisi, Azərbaycan ədəbiyyatına həm məzmun, həm də forma cəhətdən xəlqilik, demokratiklik gətirmiş Molla Pənah Vaqif (1717-1797) haqqında, eyni zamanda şairin yaradıcılığını zəngin şəkildə əks etdirən mükəmməl bir monoqrafiya yaratmışdır. Fil.f.d., dos. Gülbəniz Babayeva bu barədə yazır:
"Bu monoqrafiyanı akademik İsa Həbibbəylinin yaradıcılığında tamamilə yeni bir səhifə kimi dəyərləndirmək olar. Monoqrafiyanın girişində "Hər oxuyan Molla Pənah olmaz" müdrik xalq deyimini epiqraf seçən müəllif, bütövlükdə tədqiqat boyunca bu fikrin məna siqlətinin özünü doğrultduğunu təsdiqləməyə müvəffəq olub. Alim tədqiqatda Molla Pənah Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti, diplomatik fəaliyyəti haqqında müfəssəl məlumat verərək, XVIII əsrdə Azərbaycanın xanlıqlar dövrünü əks etdirən mürəkkəb bir mərhələsinin dolğun mənzərəsini yaradır, Qarabağ xanlığının taleyi, qonşu dövlətlərin əbədi və əzəli torpaqlarımıza qarşı işğalçılıq siyasəti, bu mürəkkəb və çətin situasiyada diplomat Vaqifin rolu, hadisələrə ayıq münasibəti konkret faktlara istinad edilərək aşkarlanır. Üç yüz illik bir mərhələ keçən Qarabağ xanlığının tarixi taleyi 10 Noyabr - Zəfər gününədək ardıcıl və sistemli şəkildə izlənilir. Çox böyük keşməkeşlərdən adlayaraq son yüzillikdə dəfələrlə erməni təcavüzünə məruz qalan Qarabağımızın çətin sınaqlardan keçməsi, vaxtilə Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğıkeşliyi sayəsində Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin Şuşada ucaldılmış heykəllərinin düşmən gülləsinin qurbanına çevrilməsi, nəhayət, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin müdrik siyasəti, uzaqgörənliyi, müzəffər və yenilməz ordumuzun qəhrəmanlığı və misilsiz şücaəti ilə yenidən doğma, əsrarəngiz yurdumuza qayıdışın təmin olunması yüksək vətənpərvərliklə və müfəssəl şəkildə tədqiqatda işıqlandırılıb".
İsa müəllim Azərbaycan ədəbiyyatının "ana kitabı" - "Kitabi-Dədə Qorqud"dan yan ötməmiş, tarixi şəxsiyyət, övliya dərəcəsinə yüksəlmiş Dədə Qorqud haqqında olduqca sanballı əsər meydana gətirmişdir:
"Akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud" eposu: Heydər Əliyevdən İlham Əliyevə" kitabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mühüm tarixi əhəmiyyətə malik olan sərəncamları əsasında dövlət səviyyəsində keçirilmiş tədbirlərin əhəmiyyəti elmi-ədəbi cəhətdən dəyərləndirilmişdir. Müəllif eyni zamanda Prezident İlham Əliyevin "Kitabi-Dədə Qorqud" haqqındakı qiymətli fikirlərini də sistemli şəkildə elmi-ədəbi mühitin diqqətinə çatdırmışdır. Beləliklə, "Kitabi-Dədə Qorqud" dastanlarının tədqiqi və təbliği ilə bağlı olan İlham Əliyev dövrü yeni inkişaf mərhələsi adlandırılmışdır.
"Kitabi-Dədə Qorqud" eposu: Heydər Əliyevdən - İlham Əliyevə" kitabında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu möhtəşəm ədəbi abidə haqqında imzaladıqları fərmanlar və sərəncamlar, habelə ölkə rəhbərləri tərəfindən müxtəlif vaxtlarda edilmiş nitqlərin və çıxışların mətnləri oxuculara təqdim olunur. Kitabdakı rəsmi sənədlər və dövri mətbuat materialları filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı tərəfindən toplanılıb tərtib edilmişdir".
İsa Həbibbəyli Dədə Qorqudu Azərbaycanın Homeri adlandırır:
"Homer Avropada və Yunanıstanda, Dədə Qorqud isə türk dünyasında və Azərbaycanda qəhrəmanlıq eposunun yaradıcılarıdır.
Akademik Kamal Abdullanın 1991-2009-cu illərdə meydana çıxmış "Gizli Dədə Qorqud" araşdırmalar silsiləsi ilə "oxşarlıqlar və fərqlərin" dairəsi genişləndirilərək "Kitabi-Dədə Qorqud"dakı digər obrazlarla Homerin fərqli qəhrəmanlarının müqayisəsi aparılmışdır. "Gizli Dədə Qorqud"dakı "Odissey, Basat və Beyrək", "Edip və Buğac", "Sarı donlu Selcan xatun və gözəl Yelena", "Salur Qazan və Aqamemnon", "Banuçiçək və Penelopa" və sair kimi paralelliklər və müqayisələr "Kitabi-Dədə Qorqud və dünya ədəbiyyatı" mövzusuna yeni nəfəs gətirmişdir. Hazırkı mərhələdə isə müqayisənin dairəsi daha da genişləndirilərək bənzərliklərin və fərqlərin miqyası Dədə Qorqud və Homer səviyyəsinə qaldırılmışdır. Həmin nöqtədə "Kitabi-Dədə Qorqud"un, "İliada" və Odisseya"nın bədii əsər kimi özünəməxsusluqları bu möhtəşəm ədəbi abidələrin qüdrətli yaradıcılarını: Dədə Qorqudu və Homeri dünya ədəbiyyatının ön mövqeləri sırasına çıxarır.
"Kitabi-Dədə Qorqud" da Homerin "İliada" və "Odisseya" əsərləri kimi dünya ədəbiyyatının şedevridir. "Kitabi-Dədə Qorqud" dünya epos sənətinin əfsanəsidir.
Homer həm də çoxallahlılıq üzərində qurulan qədim Yunanıstan cəmiyyətində əsatiri yarımallah kimi təqdim olunur. Dədə Qorqudun da "qayibdən dürlü xəbər" söyləyən, "Həqq-təala könlünə ilham edən", yəni qəlbinə vəhy gəlmiş, gələcəkdə olacaqlardan qabaqcadan məlumat verən bir övliya olduğu bildirilir. Görkəmli rus alimi Vasili Bartold və böyük Azərbaycan qorqudşünası Məhəmməd Hüseyn Təhmasib Dədə Qorquddan gələcəkdən xəbər verən övliya, ərən kimi bəhs etmişlər.
Dünya ədəbiyyatında yazı üsulu ilə yox, şifahi şəkildə əzbərdən söyləmək əsasında bədii əsərlər yaratmaq işini bundan daha əvvəl qədim yunan şairi Homer həyata keçirmişdir. Homerin şifahi yolla yazılı ədəbiyyatın mükəmməl nümunələrini yaratmaq baxımından Yunanıstanda gördüyü işi Qalın Oğuz elində - Azərbaycanda Dədə Qorqud yerinə yetirmişdir. Dədə Qorqud Azərbaycan ədəbiyyatının Homeridir".
Hamıya bəllidir ki, "Dədə Qorqud" eposu əcdadlarımızın yüksək mənəvi keyfiyyətlərini, dini və milli dəyərlərini özündə ehtiva edən möhtəşəm bir abidədir. İsa müəllim öz çoxşaxəli yaradıcılığında "Dədə Qorqud" dastanına xüsusi yer ayırmış və təkrar-təkrar, lakin başqa-başqa çeşidlərlə bu mövzuya müraciət etmişdir. Belə ki, İsa müəllim Dədə Qorqud dastanı haqqında dəfələrlə tədqiqatlar apararaq möhtəşəm abidənin açılmamış sirlərini meydana çıxarmışdır.
Akademik Teymur Kərimli yazır: "Azərbaycan ədəbiyyatının ən qədim dövrünü təmsil edən, mifologiya ilə bağlı olan bir sıra boylarının miladdan öncə, əsas özəyinin isə eramızın VII yüzilliyində - İslam Peyğəmbəri "Məhəmməd əleyhissalamın zamanına yaxın" yarandığı təkzibedilməz dəlillərlə sübuta yetirilən "Kitabi-Dədə Qorqud" dastanları haqqında İsa Həbibbəylinin, "Kitabi-Dədə Qorqud" dastanlarının tədqiqi yeni mərhələdə araşdırmasıdır ki, 1998-ci ildə qələmə alınıb, dastanların (hamıya məlumdur ki, "Kitabi-Dədə Qorqud" dastanının iki - "Drezden" və "Vatikan" variantları mövcuddur. Buna görə akademik Teymur Kərimli "Dədə Qorqud dastanları" ifadəsini işlədir) 1300 illik yubileyi ilə bağlı, 1999-cu ildə "Basatın Təpəgözü öldürdüyü boy"da Naxçıvan" məqaləsi və Fransanın Strasburq Universitetinin Elmi Əsərləri jurnalında (N 4, 2002) fransız dilində çap olunmuş "Dədə Qorqud" dastanları dünya eposunun nadir nümunəsi kimi" məqaləsi".
İsa Həbibbəylinin dramaturgiya sahəsində də peşəkar bir teatrşünas kimi tədqiqatları mövcuddur.
İsa Həbibbəylinin "saf, xalis lirikanın yaradıcısı" hesab etdiyi Xalq şairi Nəriman Həsənzadəni "Azərbaycan dramaturgiyasını tarixi mövzular və müasirlik ideyası ilə" zənginləşdirməsini qeyd edərək, mənzum dramlarının şeiriyyət baxımından da kamil olduğunu vurğulayır. Şairin əsərlərini təhlil edən İsa Həbibbəyli "Atabəylər" mənzum dramını "...ideoloji təmayüllər deyil, dövlətçilik maraqlarının və milli mənafelərin əks etdirilməsi əsas qəbul edilməsi zamanına görə müəllifin vətəndaşlıq cəsarətinin və uzaqgörənliyinin ifadəsi" kimi təqdim edir.
Akademik İsa Həbibbəyli "Böyük qazax mütəfəkkiri Abay və Azərbaycan" başlıqlı məqaləsində yazır: "Qazax ədəbiyyatının əsas yaradıcılarından biri olan Abay Kunanbayev çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. O, çoxsaylı lirik və satirik şeirlərin, bir sıra liro-epik poemaların, maarifçi realist şeirlərin müəllifidir. Dünyagörüşü etibarilə maarifçi olan Abay Kunanbayevin bütün əsərləri həyatdakı ictimai ədalətsizliklərin tənqid edilməsinə, nadanlıq və cəhalətin aradan qaldırılmasına, elm və maarifin təbliğinə həsr olunmuşdur".
Çoxuna məlumdur ki, dünyaşöhrətli qazax mütəfəkkiri Abay Kunanbayev Azərbaycanda da çox sevilir, çox tədqiq olunur. Azərbaycanın çox məşhur və görkəmli ziyalıları Abay Kunanbayevin yaradıcılığı haqqında olduqca dəyərli yazılar yazmış, onu türk dünyasının müqtədir söz ustalarından biri kimi zəngin şəkildə xarakterizə etmişlər. Tək Azərbaycan ədəbiyyatı ilə deyil, bütün dünya ədəbiyyatı ilə maraqlanan İsa Həbibbəyli də bəzi yazılarında Abay Kunanbayevi xatırlamış, eyni zamanda böyük mütəfəkkirin ədəbi irsini tədqiq və təhlil edən ziyalıların müqəddəs işlə məşğul olduğunu qələmə almışdır:
"Azərbaycanda Abay Kunanbayevin həyatı və yaradıcılığına dair əhəmiyyətli tədqiqat əsərləri yazılmışdır. Xalq yazıçısı Mirzə İbrahimovun "Xalqın böyük ədibi" məqaləsi (1977) Abay Kunanbayevin xidmətlərinə Azərbaycandan mütəfəkkir yazıçı baxışının ifadəsidir. Xalq yazıçısı Anar "Ağaclar quruyur qocalar kimi" adlı məqaləsində (2020) Abayın mükəmməl elmi-ədəbi portretini yaratmışdır".
"XX əsr ərzində aparılmış elmi tədqiqatlar, məqalə və kitablar əsasında Azərbaycan Abayşünaslığı formalaşmışdır. Tanınmış Azərbaycan alimlərindən filologiya elmləri doktorları, professorlar - Pənah Xəlilov, Məmməd Əliyev, Elman Quliyev, Nizami Tağısoy, Firuzə Ağayeva, Yaşar Qasımbəyli, Salidə Şərifova, Xuraman Hümmətova, filologiya üzrə fəlsəfə doktorları - Qulamhüseyn Əliyev, Arif Əmrahoğlu, Turan Teymurov, Eşqanə Babayeva, Fəridə Vəliyeva, Ağahüseyn Şükürov, Mehman Həsənli, Pərvanə Məmmədova və başqalarının tədqiqatlarında Abay Kunanbayevin həyat yolu və ədəbi irsi müxtəlif mövqelərdən təhlil edilib qiymətləndirilmiş, Azərbaycan ədəbiyyatı ilə müqayisələr aparılmışdır".
Lakin İsa Həbibbəylinin qardaş qazax xalqının ədəbiyyatına, onun dahilərinə olan sevgisi təkcə Abay Kunanbayevlə bitmir. Ədəbiyyat sahəsində çalışanların hamısı bilir ki, İsa müəllim qazax ədəbiyyatının dahilərindən biri Muxtar Auezovun da türk dünyası üçün nə qədər dəyərli bir mütəfəkkir olduğunu qeyd etmişdir, Nizami Məmmədov Tağısoyun 2019-cu ildə qələmə aldığı "Muxtar Auezovun yaradıcılığı: ənənədən navatorluğa" monoqrafiyasına "Türk dünyası ədəbiyyatının fəxri və qazax ədəbiyyatının görkəmli klassiki" başlıqlı ön söz yazmışdır.
Sosializm ideologiyası dövründə Azərbaycan xalqının mütəfəkkirlərindən biri Ə.B.Hüseynzadənin naşiri və baş redaktoru olduğu "Füyuzat" jurnalını "Molla Nəsrəddin"ə qarşı qoyur, "Füyuzat"ı Azərbaycan xalqının düşməni olan bir mətbuat orqanı kimi qələmə verirdilər. İsa müəllim "Füyuzat"a atılan bu böhtanların, ləkələrin üstündən qara xətt çəkərək yazır:
"Sovet ideologiyasının hakim olduğu illərdə yanlış olaraq "Molla Nəsrəddin"lə "Füyuzat" jurnallarını bir-birinə zidd mövqedə dayanan mətbuat orqanları kimi qələmə vermişlər. "Füyuzat" və "Molla Nəsrəddin" jurnallarının yolları, üsulları fərqli idi, qayələri, nəticələri, amalları, idealları yaxın, bir çox hallarda eyni idi. Cəlil Məmmədquluzadə və Əli Bəy Hüseynzadə Azərbaycanın qoşa dayanan yüksək zirvələridir, elmimizi, ədəbiyyatımızı, mədəniyyətimizi çiyinlərində bu günlərə çatdıran qoşa sütunlardır, nəhəng, çox parlaq simalardır. Bu böyük mütəfəkkirləri birləşdirən və yaxınlaşdıran kifayət qədər yaxın amallar və amillər vardır".
Canlı, ədəbi proseslə yanaşı, hər zaman İsa Həbibbəyli ədəbiyyat tarixini təhlil və tədqiq edir. Azərbaycan ədəbiyyatının bütün dövrlərinə, istər klassiklərimizin, istərsə də müasirlərimizin elmi-bədii irsinə yeni çalarlarla, yeni vasitələrlə aydınlıq gətirir, sovetlər dönəmində paslı qıfıllarla bağlanmış sandıqları açır, onları ictimaiyyətə olduğu kimi təqdim edir. Azərbaycan ədəbiyyatı tarixinin və nəzəriyyəsi problemlərinin tədqiqi İsa Həbibbəylinin ədəbiyyatşünaslıq fəaliyyətində ön cərgədə dayanır. Azərbaycan ədəbiyyatının tarixi inkişaf xüsusiyyətlərini azərbaycançılıq konsepsiyası hərəkətilə qarşılıqlı əlaqədə təhlil, ədəbi prosesin yüksəliş meyillərinin ümumiləşdirilməsi, bu meyillərin dövrləşmə təsnifatı ilə konkret ifasının dürüstlüklə təyini İsa Həbibbəylinin elmi fəhminin işıqlı şəkildə təzahürüdür.
Ədəbiyyatşünas alim Azadə Rüstəmova ürək yanğısı ilə vaxtilə M.Y.Quluzadənin X.H.Koroğlu ilə birgə yazdığı bir oçerkin "Azərbaycanda ədəbiyyat" sərlövhəsilə oxuculara təqdim edildiyini qeyd edir.
İsa müəllim "Ədəbiyyatda azərbaycançılıq konsepsiyası və dövrləşmə təsnifatı", eyni zamanda "Azərbaycançılıq analitiklik və kreativlik" əsərlərini yazmaqla "Azərbaycanda ədəbiyyat" deyil, Azərbaycan ədəbiyyatının dünya xalqlarının ən qüdrətlilərinin sırasında yer tutduğunu təkzibolunmaz dəlillərlə sübuta yetirir.
İsa müəllimin yaradıcılıq üfüqləri geniş olduğu qədər pedaqoji fəaliyyəti də müstəsnalıq təşkil edir. O, Naxçıvan Dövlət Universitetindən başlayaraq Azərbaycanın bir çox ali təhsil ocaqlarında mühazirələr oxumuşdur. Onun oxuduğu mühazirələr, təbii ki, tələbələrin elmi fəhminin işıqlanmasına böyük təsir göstərmişdir. Lakin İsa müəllimin məziyyətləri bununla da bitmir. Onun elmi rəhbərliyi altında 7 elmlər doktoru, 39 fəlsəfə doktoru yetişmişdir ki, onlar Azərbaycan ədəbiyyatına böyük xidmətlər göstərmiş və göstərməkdədirlər. Lakin İsa müəllimin fəzilətləri bununla da bitmir. O, olduqca xeyirxah, alicənab, yüksək-mənəvi keyfiyyətlərə, zəngin təbiətə malik, gözəl bir insandır. O, Azərbaycan ədəbiyyatına, Azərbaycan elminə xidmət göstərən hər kəsə yardım əlini uzatmağa hazırdır və bunu dəfələrlə nümayiş etdirmiş və əsl azərbaycanlı kişisi kimi hər kəsə örnək olmuşdur. Bu yaxında İsa müəllim Gürcüstan Milli Elmlər Akademiyası Ümumi yığıncağının 10 iyul 2024-cü il tarixli qərarı ilə bu qurumun xarici üzvü seçilmişdir. Bu məqsədlə Tbilisi şəhərində Gürcüstan MEA Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilmişdir. Belə ki, İsa müəllimin Gürcüstana səfəri çərçivəsində iki ölkənin Milli Elmlər akademiyaları arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memoranduma hər iki ölkənin milli və dövlətçilik maraqlarına cavab verən birgə tədqiqatların aparılması, layihələrin hazırlanıb həyata keçirilməsi, zəruri ixtisaslar üzrə elmi kadrların hazırlanmasına və mübadiləsinə dəstək verilməsi, müştərək elmi konfransların və seminarların təşkili, elmi nəşrlərin mübadiləsi və sair kimi mühüm məsələlər daxildir.
Möhtərəm İsa müəllim! Siz bizim həm müəllimimiz, həm ustadımız, həm də ağsaqqalımızsınız! Biz sizdən öyrənmişik, öyrənirik və inşallah, həmişə öyrənəcəyik! Sizin yaradıcılıq üfüqləriniz o qədər genişdir ki, ucu-bucağı görünmür! Siz lap yeniyetmə vaxtlarınızdan Azərbaycan ədəbiyyatına xidmət göstərmisiniz və göstərməkdəsiniz. Lakin bu hamısı deyil! Siz yüksək mənəvi keyfiyyətlərə, nəcib sifətlərə malik, mənəvi cəhətdən çox zəngin, gözəl bir şəxsiyyətsiniz!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!