Axırın sonrası Tanrıya bəlli,
Nə bilir, səhv bilir çoxbilən fağır.
İstəyən istəsə, yüz olar əlli,
Çatar diləyinə çatlayan bağır.
Halıma yananım, çıxarma yaddan,
Mən sənin eşqinə keçmişəm oddan.
Düşüncə nəm çəkib şeir buluddan,
Torpaq ürəyimə yağışlar yağır.
Küləklər özünə yığışmır axı,
Dərənin başına dağ aşmır axı.
Bu ömrə bir cümlə sığışmır axı,
Bu ömrün sonuna bir nöqtə sığır.
Pozmağa qıymadı yazan tərəzi,
Gördüyüm yuxunu yozan tərəzi.
Quruldu şeirimə mizan-tərəzi,
Gəlmədi bir kəlmə söz güldən ağır.
Görməzin bilməzi görünür gözlə,
Ölü bir sükut da dirilir sözlə.
Min cürə ləpirlə, min cürə izlə,
Bulanır, bulanır... durulur cığır.
Günəşəm, sönəcək adam deyiləm,
Göylərdən enəcək adam deyiləm.
Hər sözə dönəcək adam deyiləm,
Sən məni Allahın sözüylə çağır.
Eşqin badəsindən küsür şərabı.
Danışan sualın susur cavabı.
İmansız bəndənin qısır savabı
Cəhənnəm bətninə günahlar yığır.
***
Gözlərdən yaş qopar göz yaşa düşməz
Süzülər yanaqdan sevdalı axın.
Dəyirman düşünməz, dən daşa düşməz,
Düşməsə səs-küyü başa çaxçaxın.
Çıxarın canımdan köz sırğasını,
Nəzər sırğasını, göz sırğasını.
Qızıl qulaqlara söz sırğasını,
Gülüstan sinəyə gül-çiçək taxın.
Ocaqlar, kül olub, sınmaram odda,
Dəryanı, dənizi anmaram odda.
Mən bir az kövrəyəm, yanmaram odda,
Siz məni alovsuz yandırıb-yaxın.
Danışır pıçıltı səs-küydən uzaq
Hər şeyin sahibi hər şeydən uzaq,
Bəndənin gözündə yer göydən uzaq,
Tanrının gözündə göy yerə yaxın.
Sevsəniz insanı, ürək görərsiz
Hər yeri, hər yanı ürək görərsiz.
Bu kələk dünyanı ürək görərsiz
Gözlərdən boylanıb, ürəkdən baxın.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!