Min ilin başında
Zamanın əlyazması
çevrilir varaq-varaq,
Keçmişə boylanıram min ilin zirvəsindən.
Nifrət rüzgarlarında
sönür neçə od-ocaq,
Milyon nəğmə qırılır silahların səsindən.
Azıb vaxtın axarı savaş burulğanında,
Önündəki düşməndi -
vur, kəsilsin nəfəsi!
Qan çayları çağlarkən qurudu damarda qan.
Göz yaşları sel oldu - itən çaylar əvəzi.
Əllər tüfəng tutdusa,
tapılmaz tarix yazan,
Bacaranlar uydurur,
yalanlar başdan aşır.
Hamısı bir Allahdan gələn ismarışdısa,
Min il nəfəs dərmədən dinlər niyə savaşır?..
Min ilin başındayam!
Neçə sual dilimdə...
Haqqımı arayıram min ildir, dayanmadan.
Allaha yalvardıqca fürsət çıxdı əlimdən,
Atdım özümü oda, taleyimə yanmadan.
Eyni sevgi bəslədim qoyunuma, qurduma
Əritdim iştahımı halallığın odunda.
Kafir söylədiyimiz soxulanda yurduma
O da fitva verirdi
öz allahı adından...
Min ilin o üzündə eyni şər, eyni hədə,
Allaha pənah deyən sonucunu bilmədi.
Dünya insan əliylə bəzənib-düzənsə də,
İnsanın qəlb dünyası azca dəyişilmədi...
Nədən başlayaq
Yay qışa tələsir, bağçalar solmur,
Yazın sonu harda, əvvəli harda,
Sualsız-cavabsız yaşamaq olmur,
Baş açmaq da olmur bu sorğulardan,
Qələmim kağızdan ayrılmadı heç,
Di gəl, yazacağım vərəq hələ ağ,
Nədən başlayaq?
İlahi, qismətim düşərli imiş,
Bütün gözəlliklər keçdi içimdən.
Səninlə görüşün vədəsi gəlmiş,
Hər gün xatırladır saçımdakı dən.
Mən çoxdan hazıram son sınağa da,
Yüz-yüz imtahandan keçdim üzüağ...
Nədən başlayaq?
"Bütün xoşbəxtliklər"... Yanıldım bir az,
Ağırdır xalqımın aldığı yara.
Közlə yandırılan sözlə sağalmaz,
Sözüm əlac deyil ayrılıqlara.
Təbriz bir əldədir, Kərkük bir əldə,
Bu qanlı əllərdə dünyam baş-ayaq,
Nədən başlayaq?
Adamlar hiyləgər, əməllər yalan,
Dünyada milyonla şər fırlanmada.
Payverən qismində gəlir canalan,
Başıma Günəşlə Yer fırlanmada.
Bu şeytan təkəri dayanmalıdır,
Çəkilsin bu pərdə, Tanrıya baxaq,
Nədən başlayaq?
Qaldı ürəyimdə
Soldu ürəyimdə gül arzularım,
Baharı könlümə keçirəmmədim.
Yerlərin, göylərin minbir rəngini
Sözün yaddaşına köçürəmmədim.
İldən-ilə keçdi - yaz aylarında
Gecəni Şuşada yatmaq həvəsim.
İsa bulağından, Turşsudan ötüb,
Kirsdə gül-çiçəyə batmaq həvəsim...
Qalxam Kəlbəcərə Tərtər boyunca,
İstisu soyutsun həsrətimizi.
Büllur aynasında Alagöllərin
Yenə uca görək şöhrətimizi.
Bir günüm dostlarla, çay süfrəsində,
Gəncə çinarının altında keçsin.
Bir gün salam verim Buynuz kəndinə,
Ardını Dağdağan ağacı seçsin.
Bu yaz Təbriz eşqi vurub başıma,
Dərmanım olardı Savalan qarı.
Keçib Naxçıvandan İqdıra gedəm,
Sevinə dostumun yadigarları.
Bu bahar Volqada balıq tutaraq,
Əkdiyim ağacla qucaqlaşardım.
Kazanda yanardım xatirələrdən,
Ufada yenidən uşaqlaşardım.
Çıxardı yoluma Altay gözəli
Dəli maralların nəğməsi ilə.
Qazax çöllərində bir yurd qurardım
Gələcək Turanın həvəsi ilə.
Sonra İssık-Kulda qopuz dinərdi,
Manas axıb gəlir qırğız qanından.
Keçib Buxaradan, keçib Xivədən,
Bal dadam hər özbək dəstərxanından...
Yenə qanad aça türkmən atları,
Gedib Aşqabadın aşiqi olam.
Krımda ucalam Qız qalasına,
Sonra bir Borçalı aşığı olam...
İndi adamlara söz də toxunmur,
"Ənəlhəq" söyləyər Hələbdə ahım.
Dəyişər Kərbəla qəmxanasını
Füzuli adlanan ziyarətgahım.
Tonyuquq üstündə heykələ dönüb,
Orxonun suyunda durulmalıydım.
Yenə salam verib Tanrı dağına,
Xatuna yenidən vurulmalıydım.
Şükür, qanadlarım açıqdır hələ,
Tanrı güc verincə uçmaq istərəm.
Bir gündə yüz elə düşsün sorağım,
Yüz qardaş qapısı açmaq istərəm...
Mənə yol ömrünü yaradan yazıb,
Tale yüz ünvana bağladı məni.
Yenə də gedərdim, savaş havası,
İntiqam fürsəti saxladı məni...
Cıdır düzündə
dost adları
Gənc idik. Cıdır düzündən Daşaltına enən bir cığırın sonunda, yolumuzu
kəsən qayada adlarımızı yazmışdıq: Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli,
Sabir Rüstəmxanlı...
Gözüm qara dumanı yarır qurd gözü kimi,
Əbədi ayrılıqdır qarşıdakı uçurum.
Xatirələr daş olub sıxsa da ürəyimi,
İllərlə gözlədiyim bir görüşə uçuram.
Dizlərimə güc gəlir, yenə qaynayır qanım,
Bəlkə dönəcək geri vaxtın cilovsuz atı.
Çingiz tamamlayacaq Qarabağ dastanını,
Bir şerə çevriləcək Nüsrətin zarafatı.
Ayağımda titrəyir köhnə bir cığır sapı,
Ona qaya qaşında düyün vurubdur zaman.
Bizə əli çatmayan daşla çəkib hesabı,
Sanki üç düşmənini nişan alıb alnından.
O illərin həvəsi dartındıqca irəli,
Köhnə izlər sızlayır ayaqların yasında.
Bir möcüzə olacaq, sanki aşıb illəri
Dostlarım görünəcək bir qaya aynasında.
Onda üç qartal idik, mənzilimiz yüz ölkə,
Qanadlarım qırılmış, ayaqlarım titrəyir.
Arxadan iki nəfəs, iki ruh, iki kölgə
Qırx il öncə keçilmiş bir yola itələyir.
Düşmənim havalanıb, hər gün yandırıb onu,
Qobustan qayasına bənzəyən yazılı daş.
İllərlə əzib onu, qaçırıb yuxusunu
Bir qaya yaddaşına həkk olunmuş üç qardaş.
Birdən cığır qırılır, aşağıda Daşaltı...
Burda sal qayalardan asılıb durur zaman.
Savaşın qanlı əli dayandırıb saatı,
Ağ qaya, bizim qaya seçilmir ağ dumandan.
Silinib, silinməyib?
Görünməzdir adımız,
Sanma düşmən niyyəti ruhuma toxunacaq.
Elə bir ad yazdı ki, bu daşlara Ordumuz
Yüz illərdən sonra da fərəhlə oxunacaq.
Oyan, qaya yaddaşım,
Damarında coşsun qan,
Burdan cavan getmişdim, bura qoca gəlmişəm.
Səni salamlayıram dostlarımın adından,
Bayrağımla bir yerdə, uça-uça gəlmişəm!..
Niyə darıxıram?..
Niyə darıxıram, bilmirəm, niyə?
Onsuz da yaralar bitişəcəkdir.
Qar yeri bələsin, "mənimdir", - deyə
Bahar öz vaxtında yetişəcəkdir.
Ürəklər yorulmaz, tükənməsə iş,
Ondan nə istədin, nə əsirgəmiş,
Yarsan da köksünü, bir aşıq demiş:
Torpağın cavabı güldür, çiçəkdir.
Aldı yelkənimi başsız axınlar,
Süddən sümüyəcən qara yaxanlar.
Başımdan dağılıb getdi yaxınlar,
Qalan can sirdaşım yenə ürəkdir.
Bulağa çevrildi eşqin şərbəti,
Xatirəyə döndü Araz həsrəti,
Ən dərin sevgilər yenə də yetim,
Ən uca zirvələr yenə də təkdir.
Həsrət nəğmələri sığmaz kamana,
Sözün imtahanı dərsdir zamana,
Cığır tənhalığı yükdür dumana,
Mənzil başınacan yürüyəcəkdir.
Ulduzlar bir işıq salxımı idi,
Bu ömür tarixin axını idi,
Sözüm azadlığın toxumu idi,
Onu millətimin könlünə əkdim...
İt nəsli
Gözünü yumaraq ağzını açan,
Pişik dərisində bir oğru siçan,
Bu söyüş adamlar, bu kin adamlar
Xalqın ayağının çirki adamlar
Dünyanın dadını qaçırır, heyif.
Bir əxlaq məbədi tikmişdi millət,
Onlar bu məbədi uçurur, heyif.
Nə ana tanıyır, nə bacı bilir,
Söyüşü dərdinin əlacı bilir.
Dediyi hər kəlmə başının daşı,
Yerinə utanır doğma qardaşı.
Bacısı soyunur hər kəlməsiylə,
Anası ət tökür onun səsiylə.
Söyüşlər nəsilin payına azdır,
Bircə yolu qalır - dilindən asdır!
Bütün iydəyəni itin nəslidir,
Sözün satılmışı, fahişəsidir...
Torpağın yükü
Ömrün zirvəsinə çatanda illər,
Arzular yorulub varanda sona
Qəlbimdə yeni bir ümid göyərər
Başqa bir həyatın olacağına.
Tanrı imkan verə, öz başdaşıma
Başımı söykəyib ağlayam, bir az.
Alovsuz-tüstüsüz yananlarıma
Qoşulub yasımı saxlayam, bir az.
Dönəm evimizə bir qərib axşam,
Yayın ortasında, ya yağanda qar.
Yüz-yüz dost-tanışa yas saxlamışam,
Bir gün də özümə yansam, nə olar!
Zamandan-zamana yol saldı ağlım,
Qovdu ürəyimi işıqla kölgə.
Ölümdən sonrakı sonuncu ağrım
Birinci sevincim olacaq, bəlkə.
Torpaqdan dikələn bütün məzarlar
Ağrıdır, təsəlli məbədi deyil.
Ölməzlik arayır sözdə
Yazarlar,
Heç sözün özü də əbədi deyil.
Mərmərdi, ya daşdı son sığınacaq,
Bütün yazılarım bitdi ağıyla.
Bir yol incidərəm yurdumu, ancaq
Qəbrimin torpağa yük olmağıyla.
Yanvar, 2023
İşçi qadınlar
Qadınlar yer qazır, ağac doğrayır,
Bu evin qadınlıq işimi yoxdur?
Onu bu külüngdən, baltadan ayır!
Bu işi görməyə kişimi yoxdur?
Torpağı şumlayır başıaşağı,
Bel daşa ilişir, sözünə baxmır.
Göylər taleyinə yanmadı onun,
O da heç göylərin üzünə baxmır.
Sərvət də zəhərdir, mayası qansa,
Ona yağış əziz, ona qar əziz.
Yanından ötüşən cənablardansa,
Ona su verdiyi ağaclar əziz...
Ətrində boğulan xanımlara bax,
Ədası həm sola, həm sağa vurur.
Xanım öz-özünü bəzədi, ancaq
Qadın bəzəyini torpağa vurur.
Bu bağ əllərinin bərəkətidir,
Payızın süfrəsi baharda boşdur.
Ona "Şanel"lərin, "Armani"lərin
ətrindən yovşanın qoxusu xoşdur.
Asta addımından yol gəlir cana,
Bu bağda qayğıdan, qəmdən uzaqdır.
Bilir ki, bu axşam öz ocağına
Halal çörəyiylə qayıdacaqdır...
Başqa həyat
Baharı yarpaq-yarpaq saralan,
Sevinci yarpaq-yarpaq əriyən
ağaca bənzəyə bilsəydim,
yenidən oyanardım
gələn baharda.
Dipdiri sıyrılıb çıxa bilsəydim,
kəfən adlı qardan
Köklərimlə daha möhkəm
yapışardım torpaqdan.
Hər yarpağım bir tarix səhifəsi,
Hər çiçəkdən cənnət alması
yetişdirmək həvəsim.
Hər anını ilə çevirərdim baharımın,
Çiçək-çiçək dünyaya yayardım arzularımı.
Bütün sevdiklərim kölgəmdə,
Quşlarım uçub getməzdi ölkəmdən.
Nə ocaqdan qopardım,
nə enərdim dağdan.
Nə bunca qaralardı,
nə şəkər yığardı qan.
Quşlarım uçub getməsin ölkəmdən,
Meyvələrim qopmazdı budaqdan
Bu yükü daşıdıqca daşıyardım,
Bir başqa həyat yaşayardım...
Ata yurdunda
Ev kimsəsiz, həyət boş,
Sərələndim otluğa.
Göydə bulud qaynayır,
Allah, bir şimşək çaxa!
Sərçə, arı, qarışqa...
Hərəsi öz işində.
Şükür, hələ əl çəkmir
Torpaq öz vərdişindən.
Uzaq bir xatirədir
Yoncanın tünd qoxusu.
Yatmağa imkan vermir
Ölüb-qalmaq qorxusu.
Ata, ana, qardaşlar...
Kim qalıb ki başımda?
Yağış gözləyən mənəm,
Diksinmə göz yaşımdan!
***
Ay quş, hardan gəlirsən?
- Balama dən yığmaqdan!.
Ay dost, hardan gəlirsən?
- Könlümə qəm yığmaqdan...
Dünyanın sonsuz yolu -
Dən gəzəndə qəm bulmaq.
Bir ağrıdan ölürkən,
Min ağrıdan doğulmaq.
Kim saldı bu dünyada
Dənlə Qəmi qarışıq?
Dən - kökünə əlvida,
Qəm - ölümlə barışıq.
Sənsiz sözüm dondu
Damarlarımda qan, dənizdə dalğa,
Göylərdə ulduz dondu.
Bir sözü öldürmək
Bir eşq ölümündən daha betər.
Sevgi dənizdə bir dalğa,
Söz min sevgi fırtınası.
Dondu sözüm, sən də onun içində.
Orda alovlu bədən,
ağıl alan təbəssüm.
Dan yerinə boyanmış dodaqlar.
Gecəni uzadan saçlar,
Tanrının ətəyindən üzülməyən əllər...
Hər şey dondu bir anda.
Daha qorxma,
Günlərin ucuz xərclənməsindən,
Varlığından güc alan
Vampirlər dəstəsindən.
Üzünə qırış salan gülməkdən,
Qocalmamış ölməkdən.
Sözümdə sən də dondun,
Qaldın gənclik yaşında.
İlləri aşan olsa,
dünyanı heyran qoyar
qoruduğum gözəllik
zamanın o başında.
Ordakı ruhlar da...
Min ildir torpağı arıdır insan
Alaq nə azalan, nə də itəndir.
Yüz il bundan əvvəl çəkib atdığın
Çayır daş üstündə yenə bitəndir.
Dağda yanğılanıb dönürsə səsin,
Ocaq yandırırsa isti nəfəsin,
Çölündə qum axsın, ilan mələsin,
Bəxtinə düşdüsə - sənə Vətəndir.
Günbəgün artsa da yolumuzda daş,
Tələsmə, bu yükü çək, yavaş-yavaş.
O yana köçməyə tələsmə, qardaş,
Ordakı ruhlar da burdan gedəndi...
Çay gəlir
"Elə ki, aldın ələ,
heç yerə qoymalı deyil"
Musa Yaqub
Şair qardaş, ölüm kəsdi aranı,
Günlər keçir, ay dalınca ay gəlir.
Torpaq yenə ağa örtür qaranı,
Dost yerinə bir təpəcik pay gəlir.
Ayrılacaq buğdasıyla samanı
Sovrulduqca xırmanları zamanın.
Qara daşı tükənməz ki, dünyanın,
Biri getsə, beşi ona tay gəlir.
Daha yoxdur sizə gəlmək həvəsim,
Solğun bağda, susqun dağda nə gəzim?
Təsəlli yox gəlhagəldə, əzizim,
Yaxşı gedir, əvəzinə zay gəlir.
Qırılıbdır sözün qartal qanadı,
Yorulubdur yollar yoran inadım.
Dost olmasa, bu evlərin nə dadı?!
Musa desəm, boz qayadan hay gəlir.
Çox məclisdə dinləyirəm şerini,
Çox süfrədə boş görürəm yerini.
Masabəyi söz deməyə ərinir,
Mey də çəkmir, süfrəmizə çay gəlir.
2022
Bir yastıqda qocalın
Bir yastıqda qocalın, ürəklər dağa dönür,
Söz də şirin şərbətdir, istəyidir hər kəsin.
Ürəklə baş qoyanda, daş da pambığa dönür,
Daşı pambıq eləyən pambıqla baş kəsməsin!
Bu şərbət tükənməsin, ömrün sonuna kimi.
Paylansın neçə evə bu günün toy havası.
Yastığın ağ üzündən ölüm donuna kimi,
Sevənlərin alnından silinməsin bu yazı.
Yastıq ağa çevirsin ömrün hər qarasını,
Baş yastığa çatınca, coşsun damarlarda qan.
Bağlayın bu arzuyla könlün hər yarasını,
Nəvələrin dilində adınız ballanacan...
Bəylə gəlin adına! Hər dodaqda bir dilək,
Solmaz çiçəklər kimi bu sevginiz solmasın.
Sevinc yaşı islatsın bu yastığı ömürlük
Göz yaşı selə dönsün, ancaq Araz olmasın!
Nəyə gərəkmiş?
Niyə zövq almışam bu qovhaqovdan,
Nə idi ruhuma güc verən inad?
Obadan-obaya, kənddən-şəhərə,
Arzudan-arzuya uçuran qanad?
Niyə düşünmədim yolun sonunu?
Təkləndim, yollarda ələndi dostlar.
Mən, məzlum millətin haqq arayanı
Haqqı arayanı anlayanmı var?
İlahi ədalət hardadır, hanı?
Dünya bahar olsa, bizə yağır qar.
Torpağa səpdiyim göz yaşı oldu,
Biçdiyim - payımı sovuran rüzgar.
Qəm çaldı sazımın sarı simini,
Hər mənzil başında bir sürü nadan.
İlahi, ağzımı dirədin dağa,
Başqa yolun yoxmu ayrılıqlardan?
Min elçi göndərdin imtiyaz ilə
İnsan yenə cəllad, yenə gözü ac.
Min il kürəyimə sancılıb qalan
Xəncər yarasına bulmadın əlac!
Sənə giley-güzar eləmirəm, yox,
Bu dərdi ürəyim çəkir min ildir.
Məni cəhənnəmdən keçirtdin, ancaq
Mən onu dünyanın cənnəti bildim.
Öndə son mənzilim, yol çatır başa,
Tək vərəqə dönüb çevrilir keçmiş.
Onsuz da düzələn deyilmiş dünya,
Onda bu savaşlar nəyə gərəkmiş?
30.07.2023
Kiçik adam
Hərdən küncdə-bucaqda yorum yazıb, söz atan,
Bizi uca görəndə sözü kiçilən adam,
Mən, Tanrı sevgisinin zərrəsiylə varlıyam,
Sən, nəfsi böyüdükcə özü kiçilən adam.
Nə sözün peşindəyəm, nə şöhrətin, nə işin,
Daşıdığım qanaddır, yox çiynimdə başqa yük.
Kainat boşluğundan uçub gəldim, demişdim,
Balaca qum dənəsi! Ancaq dünyaca böyük.
Yanır Tanrı dağında ruhumun ocaqları,
Başqa bir ocağım da Savalanın başında.
Sahilimi bulunca dünya boyu çağlaram,
İlk nəğməm ilk andımtək dolandıqca başımda.
Mənim evim də bəlli, əslim-nəslim də bəlli,
Min illər qartal kimi zirvələrdə yaşayan.
Qismətimə bu xalqın sevgisi düşüb, bəli,
Sən də böhtan üyüdüb, pislikləri daşıyan...
Yaşa! Yaşa! Bu ruhla bəxtəvərsən, görürəm,
Görünür, öz zəhərin özünə yetincədir.
Anla ki, mənim ömrüm ölümümdən başlanar,
Səninsə, yazıq ömrün zəhərin bitincədir...
Necoldu
Yerdə cəhənnəmi yaşadıq niyə,
O cənnət havalı illər necoldu?
O ruhlar biryolluq çəkildi göyə,
Ruhların əkizi - güllər necoldu?
Birisi min düşmən qalası yıxan,
Birisi gül olub, külündən doğan,
Birisi qitədən-qitəyə axan...
O dağlar titrədən sellər necoldu?
Qığılcım axtardıq farsın külündə,
Yol gəzdik ərəbin bitməz felində,
Üz tutduq Allaha özgə dilində
Bəs Tanrı söyləyən dillər necoldu?
İnancı günəşə, duası aya,
Ədalət göyərdən, həqiqət yayan,
Gücünü tükənməz, əbədi sayan,
Mayası göylərdən ellər necoldu?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!