Həyatımıza tutulan güzgü... - Xuraman Hüseynzadə - Xuraman HÜSEYNZADƏ

Xuraman HÜSEYNZADƏ

Yaxşı və pis adamlar teatr səhnələrində təkrar qarşımıza çıxırlar. Aktyor və aktrisaların işlərinin çətinliyini görmək və hiss eləmək üçün tez-tez teatrlara getməyimiz tövsiyə olunur. Gedirik, baxırıq, çiçək dəstələri ilə, əl çalmaqla onların sənətinə sevgimizi bildiririk. Ürəyində sənət sevgisi olan, işinin peşəkarı aktyor və aktrisalar teatrın məbəd olduğunu səhnəyə çıxanda təkrar-təkrar xatırladırlar bizə. Azmı olub başına faciə gəlmiş, ürəyi qan ağlayan aktyorların, aktrisaların səhnədə şən ovqatla tamaşaçı qarşısına çıxması?.. Sənətin böyüklüyü budur...

Somerset Moemin "Teatr" romanında aktrisa Culiya Lembertin timsalında sənət adamlarının ziddiyyətlərlə dolu həyatlarını bir daha görürük. Yazıçı Yaşar Moemin əksər əsərlərində bütün mənalarda adi insanla müqayisədə sənətkarın daha üstün tutulduğunu yazır: "Teatr" romanının baş qəhrəmanı, aktrisa Culiya Lembertin nümunəsində olduğu kimi.  Çünki yazıçının qənaətincə, sənətkarın ömrünün mənası insan talelərinə işıq tutmaqdan ibarət olmalıdır. Ona görə ki, sənətkarın, bəlkə, özü də bilmədən istedadından bütün insanlar hava-su kimi bəhrələnirlər." Culiya səhnədə oynadığı rollarını yaşayır həyatında?

Roman boyu Culiyanın həyatda da səhnədəki kimi rol oynadığını görürük. Məsələn, Dollinin Mayka arvadının Tomla münasibəti haqda gəzən dedi-qoduları xəbər verməsindən sonra Culiyanın özünü necə təmkinli aparması, Dolliylə bu haqda söhbət etməsi və onun Mayka nəsə deməsini hiss etdirməməsi; və Tomun Culiya dediyi kimi, üçüncü dərəcəli aktrisa Evis Kraytona olan münasibətini bildiyi halda soyuqqanlı olması-Culiyanın Tomla ayrılıq səhnəsi... Roman həm də aktrisanın-səhnə adamının həyatda da rol oynamağa məcbur olmasından və eynilə səhnədəki kimi həyatdakı rollarının da öhdəsindən necə məharətlə gəlməsindən bəhs edir... Somerset Moemin oxucu auditoriyasının geniş olmasının əsas səbəbinin "Moem üslubu" olduğu deyilir. Bu üslub onu müxtəlif səviyyəli oxuculara sevdirdi və bu gün də bu sevgi azalmayıb. Yazıçı "Teatr" romanında insan yaşantılarını demək olar ki, hərtərəfli göstərir. Sevgi, qısqanclıq, xəyanət... Başqa nələr var bu romanda? Culiya əri Maykla gənc və alfons Tomla xəyanət edir. Tomun Culiyanın şan-şöhrətinə görə onun həndəvərində dolanması, pullarına görə onu sevməsi xəyanətkar qadınlara səhv yolda olduqlarını diktə edir... Culiyanın Tomun yaşadığı evdə Evis Kraytonun şəklini divarda görməsi və "üçüncü dərəcəli aktrisa"nın hələ karyera qurması səbəbindən evliliklərinin ləngiməsini bilməsi Culiyanın Tomla münasibətinin son səhnəsi olur. Culiya, oğlu Rocerə haqq qazandırır: "...Məhəbbətin ətrafında bu qədər ki, hay-küy yaradırlar, əslində, onun özü buna dəyməz."

Əsərin sonunda Culiya öz nəzəriyyələri ilə Platonun ideyalar nəzəriyyəsinə gəlib çatır: "Bütün dünya bir teatr, oradakı qadınlar və kişilərin hamısı aktyordur... Bu dünyada yalnız biz artistlər gerçəyik... Bütün insanlar bizim xammalımızdır. Biz onların həyatına məna verənlərik. Biz onların cılız, səfeh hisslərini götürüb sənət əsərinə çeviririk, ondan gözəllik yaradırıq. Onların bu həyatda təyinatı bizlərin özümüzü necə ifadə etməyimizə şahid durmaq üçün tamaşaçı olmaqdan ibarətdir. Onlar bizim əllərimizdə dillənən musiqi aləti kimi bir şeydilər. Əgər çalan olmayacaqsa, o alət kimə lazımdır?"

Yazıçı Oskar Uayld isə öz qəhrəmanının dilindən bunların əksini deyir. Bir-birini təkzib edən fikirlərin sahibi kimi qəhrəmanlar göstərilsə də, oxucu bunu həm də yazıçıların subyektiv fikri kimi mənimsəyir... Oskar Uayldın "Dorian Qreyin portreti" əsərində aktrisa Sibil Veyn aktrisa Culiya Lembertdən fərqli olaraq reallığa başqa prizmadan yanaşır. Sibil də səhnədə qarşımıza çıxan sənət adamlarının əksəriyyətinin gerçək yaşantılarını anladır. Amma Culiyadan tamam fərqli şəkildə...

Sibil Doriana deyir: "Sən mənə əsl həyatın nə demək olduğunu anlatdın! Və bu axşam həyatımda ilk dəfə olaraq gözlərim açıldı: səhnədə məni əhatə edən zahiri parıltını, saxtalığı, mənasızlığı və cəfəngiyatı görüb duydum; bu axşam ilk dəfə olaraq anladım ki, Romeo qocadır, yaramazdır, qrimlənib; bağçadakı o Ay işığı da həqiqi Ay işığı deyil, bağça özü də yalançı bağçadır, sadəcə, miskin bir dekordur; və ifa etdiyim sözlər mənə qeyri-təbii göründü! Onlar mənim həqiqi sözlərim deyildi; qəlbimdən gələn səslər də deyildi. Mən yalnız sənə görə anladım ki, həyatda sənətdən də ali bir şey varmış! Mən əsl sevginin nə demək olduğunu anladım! Sənət sevginin yalnız solğun əksiymiş! Ah, mənim sevincim! Mənim gözəl şahzadəm! Mən kölgələr arasında yaşamaqdan yorulmuşam! Sən mənə dünyanın bütün sənətlərindən daha qiymətlisən! O səhnədə məni əhatə edən marionetkalar nəyimə lazımdır, hə? Bu gün teatra gələndə heç özüm də başa düşə bilmədim ki, mənə nə olub! Niyə hər şey gözümə yad göründü?! Düşünürdüm ki, bu gün əla oynayacağam! Lakin birdən anladım ki, məndə heç nə alınmır! Qəflətən başa düşdüm ki, qeyri-təbii ola bilmirəm, buna görə ürəyimdə sevindim, çox sevindim! Mən zalda səs-küy eşidirdim, buna yalnız gülürdüm! Axı orada oturan adamlar bizim sevgimiz barədə nə bilirlər? Dorian, məni buradan apar! Gəl o yerə gedək ki, orada heç kəs olmasın - bizdən başqa!"

"Siz lorda yox, daha çox şahzadəyə bənzəyirsiniz. Bundan sonra mən sizi "Gözəl şahzadə" çağıracağam",-deyir Sibil Doriana. Dorian bunu Harriyə deyəndə Harri miss Sibilin kompliment demək bacarığından danışır... Dorian isə razılaşmır: "Yox, Harri, düz başa düşmürsünüz; mən onun üçün hansısa pyesin bir qəhrəmanıyam." Hansısa pyesin qəhrəmanı da real həyatdakı insanın alter-eqosudur.

 

"Həyat bir səhnədir..."

Hər iki qəhrəmanın-Sibil Veynin də, Culiya Lembertin də dediklərində böyük həqiqət var. Səhnə gerçək həyatın bədii inikasıdır...

Necə demişdi böyük Şekspir: "Həyat bir səhnədir, insanlar aktyor."

Klod Bonfuanın "Əksər pyeslərinizdə, məsələn, "Keçəl soprano", "Aclıq və susuzluq", "Dərs" və "Borc qurbanları"nda son replikalar mexaniki tələffüz olunur. Cansız qurğuları xatırladan personajlar eyni sözü, ifadəni və ya rəqəmi təkrarlayırlar. Bu, sadəcə ədəbi priyomdur, yoxsa hansısa dərin mənası var?" - sualına dramaturq Ejen İonesko belə cavab verir: "Tənqidçi sizsiniz, onu siz daha yaxşı bilərsiniz... Əslində pyesin bitməsi üçün heç bir əsas yoxdur. Kəndiri istənilən yerdə kəsmək mümkündür. Tamaşa həyatın inikası olduğundan istənilən sonluq süni təsir bağışlayır."

Səhnənin real həyatın təsviri olunduğu haqda misalların siyahısını uzada bilərik. Hələlik, Somerset Moem və Oskar Uayldla kifayətlənək. Unutmayaq ki, oxuduğumuz bütün əsərlər, baxdığımız tamaşalar, filmlər real həyatın bədii təsviridir...

 

Atəşfəşanlıq və Günəşin doğuşu

Fridrix Qebbel deyir: "Publika atəşfəşanlığı alqışlayır,Günəşin doğuşunu deyil." Bu mənada real həyat günəşin doğuşu, səhnə isə atəşfəşanlıqdır. Publikanın xoşladığı həmin atəşfəşanlıq təyinatına görə alqışa layiqdir: Biz orda həyatımızı görürük, görüb də nəticə çıxarırıq, heyifsilənirik, qarşı tərəfi anlamağa çalışırıq. Gerçəkliklə daha yaxın olduğu üçün teatr, səhnə təqdirəlayiqdir. Sosial şəbəkələrdə keçirdiyimiz vaxta təəssüflənmirik, amma teatra getmək üçün itirdiyimiz vaxta, biletə verdiyimiz pula təəssüflənirik. Niyə? Nə səbəbə? Doğrudanmı süniliklərin, bayağılıqların əsirinə çevrilmişik?

Bir dəstə gül, əl çalaraq onları alqışlamaq onların sənətinə necə yüksək dəyər verməyimizi sübut etmək üçün təkcə subliminal mesaj deyil, həm də onları yeni tamaşalara həvəsləndirmək üçün əvəzsiz töhfədir. Yuxarıda qeyd etdiyimiz kimi, axı teatr bir məbəddir. Və bu məbəddən hələ bundan sonra da illərlə, qərinələrlə, əsrlərlə öyrənəcək insanlar. Tarixə baxaq: Neçə əsrdir yaranıb teatr? Bu zaman kəsimində bu müqəddəs məkandan gileylənən, bezən oldumu? Nə qədər böyük aktyor və aktrisalar yetirdi teatrlar, nə qədər maarifləndirdi, zövq verdi biz tamaşaçılara?

 

Sadəcə tamaşaçı sevgisi...

Böyük işlə məşğul olan-insanların həyatını, yaşantılarını səhnədə onlara göstərən bu sənəti yaşadanlara biz necə, həqiqi qiymətlərini verə bilirikmi? Onlar biz tamaşaçılar üçün əziyyətə qatlaşırlar. Biz necə əvəzini qaytarmalıyıq bəs? Oynadıqları tamaşalara gedib onları tamaşaçı sevgisindən məhrum etməməklə... Gedə bilirikmi? "Yox" deməyə tələsməyək. Özümüzü getməli olduğumuza inandıraq. Çünki onlar bizə öz həyatımızı göstərirlər. Həyatımıza tutulan güzgünü salıb sındırmayaq!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!