"Cənub inciləri"nin izi ilə... - Əsmər HÜSEYNOVA

Azərbaycan təbiətinin, onun coğrafi mövqeyinin əsrarəngizliyi, füsunkarlığı haqqında ədəbi nümunələrdə çox yazılıb, çox tərənnüm olunub. Vətən torpağının hər bir bölgəsinin özünəməxsusluğu, milli təfəkkürü, ədəbi-bədii yaradıcılığı, adət-ənənələri olduğu kimi, cənub bölgəsi də xüsusi mədəniyyətə, keçmişlə müasirliyi bir səviyyədə saxlayan mühitə malikdir. Cənub bölgəsini əhatə edən ədəbi mühit, məkan fərqindən asılı olmayaraq, vahid bir xətt üzrə inkişaf etməkdədır. Bu baxımdan, bölgənin əsas mədəniyyət ocağı hesab olunan Lənkəran şəhəri böyük bir məsuliyyəti öz üzərinə götürməyi bacarmışdır. Lənkəran şəhərinin bu bölgədə mərkəz rolunda olması rayonlararası ədəbi-mədəni əlaqələrin zənginləşməsinə xidmət edir. Tarixin bütün zamanlarında olduğu kimi, müstəqillik illərində də bütün respublikada başlayan inkişaf Lənkəranın ədəbi mühitinə də ənənə şəklində öz təsirini göstərdi. Ədəbi mühitdə canlanma, yeni yaranan imzalar bölgənin real mənzərəsini önə çıxardı. Keçən əsrin əvvəllərindən başlayan bu ənənəni bu gün davam etdirən elm xadimlərinin, ədəbi-bədii yaradıcılıqla tanınan ədəbiyyat fədailərinin əməyi danılmaz faktdır. Onların böyük zəhməti nəticəsində inkişafda olan bölgə ədəbi həyatı bu gün yeni nəsil üçün təqdiredici nümunə sərgiləyir.

Tarixə nəzər etsək, Lənkəran ədəbi mühitinin yaranması XI-XII əsrlərə təsadüf etsə də, onun fəallığı və inkişafı XIX əsrin ortalarına aiddir. Bu dövrdə yaranan ədəbi məclis ("Fövcül-Füsəha", 1860) sayəsində bölgənin bir çox söz adamları, maarifpərvər ziyalıları yetişdi. Bu tərəqqi və sağlam ədəbi mühit daha əhəmiyyətli bir dövrə, XX əsrin ortalarına körpü saldı. Bakıda təsis olunan (13 iyun 1934) Azərbaycan Yazıçılar İttifaqının (Birliyinin - Ə.H.) Lənkəran bölməsi keçən əsrin sonlarında (1978) yaradılıb və ilk öncə Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayonlarını əhatə etdi (sonradan Biləsuvar, Salyan və Neftçala rayonları digər Bölmələrin tərkibinə daxil edildi). Bölmənin ilk məsul katibi yazıçı Məmmədhüseyn Əliyev (1978-1994) olub. Sonralar bu vəzifəni şair Şəkər Aslan (1994-1995), İltifat Saleh (1995-2019) icra etmişlər. Bu gün sələflərinin başladığı işi yüksək məsuliyyət hissi ilə yazıçı, dramaturq, publisist Qafar Cəfərli davam etdirir. Geridə qalan böyük bir zaman müstəvisində bölmə rəhbərləri, ədəbi-bədii yaradıcılığa gələn hər bir söz xiridarının mətbuatda çap olunmasına, bu sahədə mütəmadi fəaliyyət göstərməsinə müəyyən şərait yaratmağa çalışıblar. Onlar yaradıcı insanların istedadından, sözə, sənətə münasibətindən, onun cəmiyyət üçün nə qədər yararlı olacağını müəyyənləşdirib, cilalayıblar. AYB-nin Lənkəran bölməsi yarandığı vaxtdan bir neçə il sonra ədəbiyyatın inkişafına xidmət edən "Şəfəq" adlı əbəbi-bədii jurnalın nəşrinə müvəffəq olmuşdur. Bölgənin ədəbi mühitində böyük əhəmiyyət kəsb edən bu məcmuənin fəaliyyəti bir müddət dayansa da, Q.Cəfərlinin sədr kimi fəaliyyətə başladığı bir neçə aydan sonra yenidən işıq üzü görməyə başlamış və jurnalın nəşri bu günə kimi uğurla davam etdirilir.

Ədəbi mühitin fəaliyyətinə inamla yanaşan bölmə rəhbərləri yazarların səmərəli işlərini qiymətləndirmək baxımından bölgə antologiyasını çap etmək qərarını verir. Onların gərgin əməyi və səyi nəticəsində son 20 il ərzində 3 antologiya ərsəyə gəlmişdir. "Ömürdən yarpaqlar" (2004, 2015) adlanan iki kitabın davamı kimi yaxın günlərdə "Cənub inciləri" (2024) adlı antologiya oxucuların ixtiyarına verildi. Baş redaktor yazıçı, dramaturq, publisist Qafar Cəfərli oxucularına antologiyada bölgənin qabaqcıl ziyalıları, elm adamları, ədəbiyyata yenilik gətirən gənclər haqqında geniş məlumat verərək, onların gördüyü işlərdən bəhs edir: "Hər yeni imza yeni ruh, yeni nəfəs deməkdir. Bu ruhu, bu nəfəsi yaşatmaq və dirçəltmək, söz ümmanında ilk addımlarını atan gəncləri ortaya çıxardaraq ədəbi ictimaiyyətə təqdim etməklə savab iş gördüyümüzü düşünürəm". Qafar Cəfərli AYB Lənkəran Bölməsinin sədri olaraq, ondan öncə bu təşkilata rəhbərlik etmiş Məmmədhüseyn Əliyev, Şəkər Aslan və İltifat Saleh haqqında antologiyada məlumat verməyi özünün vətəndaşlıq borcu kimi qeyd etmişdir. Böyük ehtiram və minnətdarlıq hissi ilə qələmə alınan bu yazı gələcək nəslə yalnız nümunə ola bilər.

"Ədəbiyyatımızın cənub bölgəsi" adlı Ön söz tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifliyə aiddir. Biz alimin bölgə ədəbiyyatı ilə bağlı onlarla məqalə, elmi araşdırmalarına mətbuat səhifələrində vaxtaşırı rast gəlirik. Bölgənin yaradıcı insanları Vaqif Yusiflinin qələminə yaxından bələd olduğu üçün, alimin dəyərli sözlərinə, məsləhətlərinə hər zaman ehtiyac duyduqlarını etiraf edirlər. Bu nöqteyi-nəzərdən, antologiyaya mütəxəssis rəyi vermək haqlı olaraq Vaqif Yusiflinin üzərinə düşür. Tənqidçi bölgənin ədəbi həyatı ilə yaxından tanışlığı barədə fikirlərini belə açıqlayır: "Bu yazıda mən əsasən, Cənub bölgəsində ədəbi həyatın son illərdəki gedişatından söz açacağam. Cənub bölgəsində ədəbi həyatın spesifik, özünəməxsus xüsusiyyətləri barədə müəyyən təsəvvür yaratmalıyam. Əlbəttə, bu bölgədə yaranan əsərləri qətiyyən Azərbaycan ədəbi prosesindən təcrid etmək olmaz, necə deyərlər, hər hansı hissə tamın, bütövün daxilindədir".

Antologiyada toplanan poeziya nümunələri klassik şeir ənənələrinə sadiq qalan, yaranan yeni ədəbi cərəyanlara biganə yanaşmayan imzaların mükəmməl yaradıcılığından xəbər verir. Bu gün qürur mənbəyimiz olan, müasir ədəbiyyatımızı zənginləşdirən tarixi qələbəmiz yaradıcı insanlara yeni mövzular, yeni ideyalar gətirir. Bu baxımdan, Qafar Cəfərlinin "Şəhid bayrağı" dramını, Ağamir Cavadın "Vətənim" qəzəlini, Aydın Rza Baxşiyevin "Azərbaycan əsgərim", Aygün Abbasın "Vətən sağ olsun", Qorxmaz Kadusinin "Azərbaycan əsgəri", Arif Fərzəlinin "Azərbaycan bayrağı", Ədalət Salmanın "Bayrağım", İlqar Manafoğlunun "Dalğalan, bayrağım, ucal, bayrağım", Camal Lələzoənin "Alındı qisas, intiqam...", Müşfiq Məmmədovun "Əsgər düşüncələri", Ülkər Nicatlının "Qələbə ətri" kimi şeirlərini nümunə gətirmək olar.

İndi hamı tərəfindən qəbul olunmuş görkəmli şairlərin cərgəsində söz demək cəsarəti hünər tələb edir. Şairin məharəti qələmə aldığı misraları incə şəkildə, ifrata varmadan, sadəliklə oxucusuna çatdırmaqdır. Ülkər Nicatlının "Qələbə ətri" şeirində olduğu kimi:     

 

Verin Natəvana gözaydınlığı,

Dinləyin Bülbülün şirin səsini.

Xan əmi yenə də qaval götürüb

Oxusun "Qarabağ şikəstəsi"ni.

 

Poeziya hiss, həyəcan, intuisiya, duyma, düşüncədir. Hər yaranan poetik əsər bitkin bir mətn hesab olunur. Birini digərindən fərqləndirən cəhət isə onların bənzərsiz, təkrarolunmazlığıdır. Yazılan şeir ilk misradan qəlb oxşamalı, oxucunu həyəcanlandırmalı, onun ruhunu bəzəməlidir. Şair canlı insandır, nə qədər bayağı sözlərdən az istifadə edərsə, bədii dilin incəliklərinə sahib olarsa, ərsəyə gələn əsər mükəmməl təsir bağışlayacaq. Dil və fikrin gözəllik vəhdəti poeziyanın aktuallığını şərtləndirən amildir. Poeziyanı yaradan şair dövrünün dil-üslub xüsusiyyətlərini mükəmməl mənimsəməli, onu özünə uyğunlaşdırmalıdır.

Şairin xoşbəxtliyi oxucunun simasında təbəssüm yaratmaqdır. Fərq etməz, bu, ya məhəbbət şeiri olsun, ya da ehtiram. Bəllidir ki, bu gün ədəbi gənclik ciddi nöqsanlarla gündəmi bəzəyən "şair"lərdən də xali deyildir. Bu cür şeirlərə irad tutan, onları tənqid edən zaman özlərini "qələm əhli" sayanların insani keyfiyyətləri ilə üzləşirik. Bu dünən də belə olub, sabah da belə olacaq. Məqsəd isə incə zövqlə yazılanı oxumaqdır.

Cənub bölgəsinin əsas ədəbi janrlarından biri qəzəl sayılır. Tarixi mənbələrə nəzər salsaq, ilk qəzəl nümunələrinin yaranması XI əsrə təsadüf edilsə də, onun inkişaf dinamikası XII əsrə aiddir. Qəzəl klassik ədəbiyyatın ən geniş yayılmış şeir janrlarından biri sayılır; ərəb mənşəli olub, "qadına məhəbbət", "qadına qulluq etmək", "qadınla xoş rəftar" mənalarını daşıyır. Azərbaycan klassik ədəbiyyatında qəzəlin ən gözəl nümunələri N.Gəncəvi, İ.Nəsimi, Ə.Xaqani, Ş.Xətai, M.Füzuli, S.Ə.Şirvaninin adı ilə bağlıdır. Azərbaycanda sovet hakimiyyətinin sonlarında qəzəl janrı böyük vüsət almağı bacardı. Bu zaman Bakı və Lənkəran ədəbi mühiti bu janrın inkişafında xidmətlərinə görə öncüllərdən sayılırdı. Müasir qəzəl ustadlarından Ə.Vahid, S.Rüstəm, Hacı Mail, Həkim Qəni, Hacı Ələmdar Mahir, İlqar Fəhmi bu janrın layiqli davamçılarıdır.

Qəzəl janrı hər dövrdə şeir mədəniyyətinin inkişaf dinamikasıdır. Doğrudur, orta azərbaycanlı oxucusuna qəzəl janrı bir qədər mürəkkəb təsiri bağışlayır. Bunu da janrın maya və mahiyyətində ərəb, fars mənşəli sözlərin olması ilə əlaqələndirmək olar. Lakin müasir oxucu ona aydın olan mətni sevir. Forma və məzmun etibarilə klassik nümunələrindən fərqlənməyən müasir qəzəl janrı fikirlərin yenilənməsi ilə də diqqəti çəkir. Bu baxımdan, antologiyada yer alan Ziyafət Yəhya, Xaqani Muğamatoğlu, Fərasət Nuriyev, Əfrahim Abbas, Məmməd Əvəzoğlu, Ramiz Lerikli, Səfər Valeh, Ziya Dilsuz, Samid Rzazadə kimi qəzəl yaradanların dili rəvan, oxunaqlıdır:

Hər dərdinə Allah özü dərman verəcəkdir,

Ancaq ona et dərsini izhar bu cahanda!

 

Öz taxtı Süleymana belə qalmayıb onsuz,

Bilməm nə görüb bunca hökmdar bu cahanda?

 

Müəllif bu nümunədə qəzəl janrının tələblərinə uyğun ölçünü, dilin səlisliyini, rəvanlığını diqqətə alır və bütün dövrlərin real mənzərəsini mövzu aktuallığı ilə tamamlayır. Nəhayətdə, oxucu pafos və bayağılıqdan uzaq, reallıqla səsləşən bir mənzərə ilə üzləşir.

"Cənub inciləri"nə rəng verən, onu gənclik hissləri ilə rövnəqləndirən sevgi şeirləri barədə fikir bildirmədən yazını tamamlamaq bu gözəlliklərdən uzaq olmaq anlamına gəlir. "Dünya özü sevgi ətrafında dövr edir", - desək, səhv etmərik. Sevgisiz həyat odu sönmüş ocaq, yurdundan uzaq düşmüş qəribdir. Sevgi dostluqdur, bölüşmək, paylaşmaq, uzanan əl, səbir, sahiblənməkdir. Bəzən sevgi şeirlərində şair öz xarakterini sərgiləyir, sevdiyi şəxsi bəzən özünün xəyalında canlandırdığı kimi görmək istəyir, bəzən də haqsız olaraq tələb edir. Bəzən də şair xəyalı sevgi aləminin ənginliklərinə uzanır:

 

Mənim bu sevgidən getməyim gəlir,

Göndər gətirdiyin baxışla məni.

Qayıtsam, bilirəm bağışlayarsan,

Əgər qayıtmasam, bağışla, məni.

 

Bəxtiyar Əliyar, Çoban Arif, Elxan Şovulu, Xatirə Xatun, Aytəkin Əziz, Əflatun Dövlət, Müşfiq Cəbi, Tofiq Həsənlinin şeirlərində Yaradana, vətənə, torpağa, valideynə, övlada olan sevgi minnətdarlıq hissi ilə nəzmə çəkilir. Bu şeirləri oxuduqca insanın bədəni deyil, ruhu təzələnir.

Antologiyada epik növün ən kiçik, lakin geniş yayılmış növlərindən biri olan hekayələr oxucuya xoş təsir bağışlayır. Şəddat Cəfərov ("Qovaq ağacı"), Şirəli Əliyar ("Böyük insan"), Eldar İlqaroğlu ("Danışan hekayə"), Etibar Əhədov ("Dağlı gəlin"), Əlizadə Əsədov ("Şuşa qartalı"), Hafiz Mirzə ("Roma papasının sirli təbəssümü"), Hacı Qəni Camalzadə ("Sabah pul günüdür..."), Meyxoş Abdullah ("Varlı adamın pencəyi"), Mükafat Əliqismət Yaqub ("Miras"), Nəzir Şaban ("Sədaqət"), Ruhiyyə Abbaszadə ("Sənsizliyin ölümü"), Salman Məmmədoğlu ("Dayanın Tallin səfəri") və Səyavuş Süleymanlının ("Malakan qızı Nina") təqdimatında yazılan hekayələrin dili oxunaqlı, məzmunu isə real hadisələri əks etdirir. Qeyd etmək lazımdır ki, yazarlar hər bir hekayədə insanı düşünməyə vadar edən süjet xətti yarada bilmişlər.

"Cənub inciləri" adlı antologiyada poeziya bölməsi daha qüvvətlidir. Biz ona diqqəti bir qədər çox yönəltməklə, digər müəlliflərin böyük zəhmətinə, ədəbiyyat tarixində layiqli yer tutmaq məsələsinə əsla xələl gətirmək fikrində deyilik. Əksinə, müəlliflərin doğru olaraq, poeziyanı hər bir azərbaycanlı ziyalısının damarında axan al rənglə müqayisə edərək, ön plana çəkməsi oxucunun maraq dairəsindədir. Antologiyanın yaranmasında bu nüansların nəzərə alınması yaradıcı kollektivin birgə məhsuludur.

Bu çətin və məsuliyyətli yolda sizə uğurlar arzu edirəm, əziz "Cənub inciləri"ni yaradanlar!

 

Bakı

10.09.2024

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!