Nəsiman Yaqublunun xatirəsinə
Orxan ARAS
Nərimanov parkında görüşəcəkdik. Hava isti olsa da, parka bir az tez getmişdim. Şair Nazim Əhmədli ilə gələcəkdilər. Metronun parka çıxışı istiqamətində, ağacın kölgəsi altında dayanıb yola baxırdım. Nə insanların, nə də maşınların keçdiyinin fərqində idim. Fikrim başqa yerdə idi. Burada kimlərlə görüşmüşdüm? - Yaşar, Əjdər Ol, Rüstəm Behrudi, Əkbər Nəcəf, İntiqam Yaşar, Qalib Toğrul... Burada onların hər biri ilə fərqli xatirələrim vardı. Sanki Azərbaycana xatirələr toplamağa gəlirdim. Hər şəhərin, hər qəsəbənin, hər bir insanın yaddaşımda fərqli yeri var idi. Yaddaşımdakı şəxsiyyətləri onlara desəm, bəlkə də özlərini tanıya bilməyəcəklər. Hər bir insan fərqli xasiyyətdə, mizacda idi. Qarışıq fikirlərə dalmışdım ki, birdən Nazim Əhmədlinin səsini eşitdim. Onun özünəməxsus səsi və gülüşü var. Arxasında Nəsiman Yaqublu dayanmışdı. Məni görəndə gözlərinə qədər yayılan təbəssümlə gülümsədi. Yanıma gələndə də məni bərk-bərk qucaqladı. Onunla ikinci görüşümüz idi. Bir neçə il əvvəl Nazim Əhmədli ilə oturub çay içmişdik.
Yaxınlıqdakı çayxanada oturmuşduq. Avqustun qızmar günəşi bir az kölgələnmiş və yüngül külək əsməyə başlamışdı. Sərinliklə birgə park bir az da adamla dolmuşdu. Parkın ortasındakı fəvvarə danışan, gülən gənclərlə çevrələnmişdi.
Nəsiman Yaqublu Məhəmməd Əmin Rəsulzadədən bir daha danışacaqdı və ona görə hazırlıqlı gəlmişdim. Ona Məhəmməd Əmin Rəsulzadənin "Ötüken" nəşriyyatında ard-arda çıxan kitablarından danışacaqdım. Amma mən ağzımı açmadan o, yorğunluğundan danışmağa başladı. Seçki dairəsindən təzəcə gəlmişdi. O, Zəngilan-Qubadlı bölgəsindən deputatlığa namizəd idi. Söhbətin istiqamətini nə qədər dəyişməyə çalışsam da, elə hey deputatlığa namizəd olduğu bölgədən danışır, oradakı insanların ona göstərdiyi maraqdan, görüşlərdəki çıxışlarından, seçkilərdən sonra yaranan qardaşlıqdan, müharibədən sonrakı ab-havadan danışırdı. Siyasətlə maraqlanmasam da, səbrlə ona qulaq asırdım. Arada da Nəsiman bəy Avropadakı seçkilər və oradakı siyasətçilərin Azərbaycan haqqında fikirləri ilə bağlı suallar verməyə başladı. Qəzetlərdən, internetdən oxuduqlarımı onunla bölüşəndə həyəcanla gülümsəyirdi. Ümidli və əzmli görünürdü. Siyasət nədənsə insanlara həddindən artıq ümid və güc verirdi. Düşünürəm ki, bu, bizim Şərq ölkələrinə məxsus bir hiss idi. Qərbdə siyasətçi və ya millət vəkili olmaq çox da hamını maraqlandıran vəzifə deyil. İllərlə qaldığım Kölndə deputatları heç kim tanımır, onlara bizim qədər əhəmiyyət vermirdilər. Hətta israr edirdilər ki, hansısa faydalı iş görən deputatlar öz dairələrində bir müddət yenidən seçilsinlər.
Söhbət əsnasında Nəsiman bəy bir ay əvvəl Ankarada Milli Kitabxanada apardığı araşdırmalardan danışmağa başladı. Məhəmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu haqqında yeni məlumatlar əldə etmişdi. Sonra çantasından qalın bir kitab çıxardı. Kitabın üz qabığında Məhəmməd Əmin Rəsulzadənin gözümün içinə baxıb gülümsəyən şəkli vardı. Nəsiman bəy onun həyat və fəaliyyətini bu kitabda toplamışdı.
"Burada Almaniya fəaliyyəti ilə bağlı məlumatlar var," - dedi.
Maraqla kitabın səhifələrini vərəqlədim. Kitab insanı bir anda başqa diyarlara, başqa insanlara aparırdı. Əlimə aldığım hər kitabla bağlı fərqli duyğular və suallarla doluram.
"Görəsən, Məhəmməd Əmin də bura gəlibmi? Nərimanov adı bu yerə çox sonralar verilsə də, o vaxtlar bura park olubmu?"
Belə yersiz suallarla oradakı parkda, kitabın səhifələrində Məhəmməd Əmin Rəsulzadəni axtardım.
Nazim Əhmədli bizi dinləsə də, ara-sıra araya girib öz poetik dili ilə bu yaxınlarda getdiyi Laçının "Mədə bulağı"ndan, oradakı buludlardan, dumandan, yağışdan danışırdı.
Bulud sökülüb gedib,
Yarpaq bükülüb, gedib;
Sular çəkilib gedib,
Nə çay, nə dəniz qalıb.
Nəsiman Yaqublu gülümsəyərək dostunu dinləyirdi. Bir ara söhbətimizə Prof. Tofiq Məlikli də qoşuldu. Nazim Əhmədli orda olduğumu deyəndə, videogörüntü ilə zəng vurub qısa söhbət etdik. O, illərlə üzərində çalışdığı, böyük şairimiz Fazıl Hüsnü Dağlarca haqqında yazdığı "Dahilərin tənhalığı" kitabından söz açdı. Bu yaşında belə yorulmadan, usanmadan çalışan ustada həsəd aparırdım.
Bir əlimdəki Rəsulzadə kitabına, bir də Nəsiman Yaqubluya baxırdım. Nədənsə narahat görünürdü. "Hər halda çox yorulub", deyə düşündüm. Suallarla onu daha da yormaq istəmirdim. Birnəfəslik həyatda narahatlıq və nigarançılıq heç vaxt bizi tərk etmədi. Bəlkə də buna görədir ki, Şeyx Sədi insanı vəsf edərkən, "İnsan bir neçə sümük parçası, bir neçə damcı qan və əndişə, əndişə, əndişə" deyə yazırdı. Nəcib Fazil də "Sakarya" şeirində Şeyx Sədiyə nəzirə yazmışdı:
"İnsan üç beş damla kan, ırmak üç beş damla su;
Bir hayata çattık ki, hayata kurmuş pusu.
Geldi ölümlü yalan, gitti ölümsüz gerçek;"
Çayımızı içib ayağa qalxdıq. Maşınları əks istiqamətdə dayansa da, parkın çıxışına qədər məni müşayiət etdilər. Nəsiman müəllim digər kitablarından da bir neçəsini göndərəcəyini söylədi. Ertəsi gün o, dörd kitabını pdf olaraq göndərdi: "Azərbaycan legionerləri", "Gizli nəşrlər", "İran yazıları" və 2 cilddə "Rəsulzadə yazıları"...
Göndərdiyi 09.09.2024 tarixli elektron məktubunda isə sadəcə, bir cümlə yazmışdı:
"Bir daha görüşmək üzərə..."
Nərimanov parkındakı görüşümüzün son görüş olduğunu nə o, nə də mən bilirdim.
Halil Cibran nə qədər haqlı imiş:
"Həyatla ömür dənizlə bulağın bir olduğu kimi eyniymiş"...
Ruhun şad olsun, gözəl gülən Adam! Ümid edirəm ki, Rəsulzadə səni orada qarşılamışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!